Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-68/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-310/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. 04 iyun 1980-cı ildə V.İ.Lenin adına Şəki istehsal ipək birliyinin 3 nömrəli filialının 18 saylı əmrinin 2-ci paraqrafına əsasən həmin tarixdən ipək açan şagirdi peşəsinə qəbul olunmuşdur. Həmin müəssisənin 02 dekabr 1980-cı il tarixli, 49 saylı əmrinin 7-ci paraqrafına əsasən 01 dekabr 1980-cı il tarixdən 3-cü dərəcəli ipək açan peşəsinə keçirilmiş, 02 dekabr 1996-cı il tarixli 19k saylı əmrə əsasən həmin tarixdən öz ərizəsi əsasında işdən azad olunmuşdur. Daha sonra 03 mart 2008-ci ildə 06 nömrəli əmrin 5-ci paraqrafına əsasən Milli Bankın Şəki ərazi idarəsinə xəzinədar vəzifəsinə qəbul edilmişdir. X4 filialının 05 may 2014-cü il tarixli İRŞ № 48 olan əmrinə əsasən 06 may 2014-cü ildən bu günədək X4 filialının şəhər 3 saylı poçt şöbəsinin əməliyyatçısı vəzifəsidə işləyir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ona 60 yaşdan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının 04 aprel 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi ipək açan şagirdi və ipək açan vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) burma və dartma avadanlığının operatorları vəzifələrinə uyğun olmadığı üçün güzəştli iş stajı müəyyən edilməmişdir. Həmçinin iddiaçının ümumi iş stajının 25 ildən az (23 il 27 gün) olduğu və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Buna görə də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş AZE******** seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1962-cı il təvəllüdlüdür, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin arayışında onun xx.xx.1980-ci il tarixdən xx.xx.1996cı il tarixədək "xxxx" ASC-də ipək açan şagirdi və ipək açan vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan burma və dartma avadanlığının operatorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "Şəki ipək” ASC-nin arayışında İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək analıq məzuniyyətində olmağı ilə əlaqədar ona əmək haqqı ödənilmədiyi qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün yuxarıda qeyd edilən iddiaçının analıq məzuniyyətində olduğu müddəti onun iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 27 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və 2006-2022-ci illər üzrə 11 il 6 ay)) təşkil etmişdir. Əlavə olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinə ona münasibətdə 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30793,06 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq bildirmək istərdik ki, 2006- 2022-ci illər üzrə iddiaçının adına sadəcə məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi iş stajının 25 ildən az (23 il 27 gün), güzəştli iş stajının olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - X4 filialının xx.xx.2023-cü il tarixli arayışı. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962ci il təvəllüdlüdür. - Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı - Şəki-İpek ASC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışı. - ИТ seriyalı ******* nömrəli Əmək kitabçası.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-310/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 01 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. iddiaçı müvafiq yaşa çatmalıdır. Hazırkı vəziyyətdə (01 iyul 2022-ci ildə) iddiaçının normal şərtlərdə pensiya yaşı 63 yaş olduğundan 5 il azaldılmaqla 58 yaşda güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən qəbul edilən ümumi iş stajı 23 il 27 gün olmaqla, mübahisələndirilən dövr xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasında olan müddətdir. - İş materiallarında olan "xxxx" ASC-nin arayışından da göründüyü kimi xx.xx.1993xx.xx.1996-cı illər arasında olan dövrdə iddiaçı qismən ödənişli (yeni doğulmuş uşağı olduğuna görə) məzuniyyətdə olmuşdur. Cavabdehin həmin müddətin sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddəsinin 1-ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur. Yuxarıda qeyd olunan xx.xx.1993-xx.xx.1996-cı illər arasında olan qismən ödənişli məzuniyyət dövrünü (2 il 10 ay 4 gün) iddiaçının ümumi iş stajına daxil etdikdə iddiaçının ümumi sosial sığorta stajı 25 il 11 ay 1 gün müddət olduğundan tələb olunan minumum dövrü əhatə edir. - Cavabdeh tərəfindən qəbul edilməyən güzəştli dövrə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, "xxxx" ASC-nin arayışında iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" ASC-də ipək açan şagirdi və ipək açan vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda “burma və dartma avadanlığının operatorları” peşəsi nəzərdə tutulmuşdur. İş yerinin təqdim etdiyi arayışdan da görünür ki, iddiaçının əmək fəaliyyətinin xüsusiyyətləri həmin peşəyə uyğundur. İddiaçı xx.xx.1980-xx.xx.1996-ci il tarixləri arasındakı dövrdə V.İ.Lenin adına Şəki istehsal ipək birliyində ipək açan vəzifəsində işləmişdir. Bununla da iddiaçının 16 il 5 ay 28 gün güzəştli stajı vardır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının 01 iyul 2022-ci ildən (pensiya kapitalı tələbi mövcud olmadığı) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub).
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-310/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, qərar ləğv edilməli və iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17- 1/2-L-94138/2023 nömrəli məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az olması və güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək haqqı almadan analıq məzuniyyətində olduğundan həmin dövrlər mübahisələndirilərək iddiaçının ümumi sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin arayışına əsasən iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" ASC-də ipək açan şagirdi və ipək açan vəzifələrində işləmişdir. Həmçinin iddiaçıya xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək analıq məzuniyyətində olduğundan əmək haqqı ödənilməmişdir. Nəticədə iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 27 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və 2006-2022-ci illər üzrə 11 il 6 ay)) təşkil etmişdir. İddiaçının ümumi iş stajına münasibətdə qeyd edirik ki, qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrlər üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajına daxil etmək mümkün deyildir. Ödənişsiz məzuniyyətlərin sığorta stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma müəyyən olunmamış, bunun əksinə ödənişsiz məzuniyyət hüququndan istifadə zamanı əmək fəaliyyəti ilə məşğul olunmadığından və həmin dövrlərdə əmək haqqı saxlanılmadığından qeyd edilən dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlı həm qanunvericilik normaları, həm də formalaşmış məhkəmə təcrübəsi mövcud olmuşdur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdən altı ayı onun ümumi iş stajına daxil edilsə belə onun 25 il ümumi stajı mövcud olmayacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) burma və dartma avadanlığının operatorları vəzifələri nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin iddiaçıya dair arayışında iddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.1996-cı il tarixədək ipək açan şagirdi və ipək açan vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi ipək açan şagirdi və ipək açan vəzifələri ilə sözügedən Siyahının istinad olunan yarımbəndində (32) nəzərdə tutulan burma və dartma avadanlığının operatorları vəzifəsi uyğunluq təşkil etmir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı 25 ildən az və güzəştli iş stajı 12 il 6 aydan az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunauyğun deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-310/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 310/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
15. “Əmək pensiyaları haqqında” Qanun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Maddə 69. iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1 -ci bənd) göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
18. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 32. Toxuculuq istehsalatı Burma və dartma avadanlığının operatorları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı Burma və dartma avadanlığının operatorları
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
32. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
33. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi ipək açan şagirdi və ipək açan vəzifələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının istinad olunan yarımbəndində (32) nəzərdə tutulan burma və dartma avadanlığının operatorları vəzifəsi uyğunluq təşkil etmir.
34. Məhkəmə kollegiyası toxuculuq istehsalatı sahəsində ipəkaçan peşəsində çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Toxuculuq istehsalatı özü-özlüyündə zərərli sahə olduğundan, Toxuculuq istehsalatı sexlərində xidmət edən Burma və dartma avadanlığının operatorları ilə ipəkaçanın əməyinin eyniliyi və həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. İddiaçı da toxuculuq istehsalatı sexlərində xidmət edən ipəkaçan kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
35. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən toxuculuq istehsalatını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.
36. Bundan əlavə olaraq apellyasiya məhkəməsi araşdırması zamanı sorğu əsasında iş materiallarına əlavə edilmiş Şəki İpək ASC-dən daxil olmuş 09 yanvar 2025-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, ipək açan peşəsində işləyənlər burma və dartma avadanlığında çalışan operatorla eyni dəzgahda işləyir. Belə ki, ipək isladan peşəsində çalışanlar tərəfindən xam ipək didildikdən sonra ipək açan peşəsində işləyənlər tərəfindən ipək açan dəzgahlarda mağaraya sarınır. Sonradan həmin mağaraya sarınmış xam ipək burma və dartma avadanlığında toxunacaq parçanın növünə görə üç, beş və sair miqdarda saplar burularaq bir sap əldə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 32. Toxuculuq istehsalatı, burma və dartma avadanlığının operatorları qeyd olunan peşədə çalışan işçi ilə Lətifova (Mustafayeva) Svetlana Şakir qızının çalışdığı dövrdə ipək açan peşəsi ilə eyni əmək funksiyasını icra etmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, həmin dövrdə ştat cədvəlində ümumiyyətlə burma və dartma avadanlığının operatoru ştatı olmamışdır. Sonradan peşə və vəzifə adlarında aparılan dəyişiklər əsasında yeni ştatların adları əlavə olunmuşdur.
37. Göründüyü kimi, Lətifova (Mustafayeva) Svetlana Şakir qızı çalışdığı dövrdə burma və dartma avadanlığının operatorları peşəsi ilə eyni əmək funksiyasını icra etmişdir.
38. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı almadan analıq məzuniyyətində olduğundan həmin dövrlər mübahisələndirilərək iddiaçının ümumi sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək analıq məzuniyyətində olduğundan əməkhaqqı ödənilməmişdir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti sığorta stajına daxil etmək mümkün deyildir.
39. İş materialları ilə də müəyyən edilir ki, cavabdeh tərəfindən qəbul edilən ümumi iş stajı 23 il 27 gün olmaqla, mübahisələndirilən dövr xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasında olan müddətdir.
40. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin arayışından da göründüyü kimi xx.xx.1993-xx.xx.1996-cı illər arasında olan dövrdə iddiaçı qismən ödənişli (yeni doğulmuş uşağı olduğuna görə) məzuniyyətdə olmuşdur. Cavabdehin həmin müddətin sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddəsinin 1-ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur.
41. Bundan əlavə olaraq apellyasiya məhkəməsi araşdırması zamanı sorğu əsasında iş materiallarına əlavə edilmiş Şəki İpək ASC-dən daxil olmuş 18 fevral 2025-ci il tarixli, 04 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin 3 №-li filialı (1992-ci ildən "'Aynur” icarə müəssisə adlanmış özəlləşdiriləndən sonra Şəki "Sənaye” ASC) tərəfindən təqdim edilmiş əmək haqqı, güzəştli şərtlərlə əmək pensiyası hüquqi verən işdə çalışmasına dair, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi Respublika üzrə minimum əmək haqqının 60% miqdarında hər ay müavinət verilməklə haqqı qismən ödənilən məzuniyyətin verilməsinə dair Lətifova (Mustafayeva) Svetlana Şakir qızına ödənilmiş müavinət pullarının ödəmə cədvəlləri Şəki "Sənaye” ASC-dən tapılmamışdır. Əmək haqqı arayışları əvvəlki illərdə alınmışdır. Şəki "Sənaye” ASC hüquqi şəxs olaraq özəlləşəndən sonra və 1992-ci ildən "Aynur” icarə müəssisəsi kimi fəaliyyət göstərən zaman mühasibatlıq sənədləri müəssisədə saxlanılmışdır. Bundan başqa təqdim edilmiş arayışda 1993-cü ildə hesablanmış xəstəlik pulu qrafasında göstərilən ödənişlər Lətifova (Mustafayeva) Svetlana Şakir qızının analıq məzuniyyətidir.
42. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ümumi iş stajının yetərli olmaması barədə cavabdeh orqanın apellyasiya şikayətinin dəlili əsassızdır.
43. Bundan əlavə əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
44. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi analıq məzuniyyətində olmaqla müəssisə tərəfindən verilmiş əmək haqqının hesablanmasına dair arayışda 3 ilin ödənişlərinin cəm şəklində ancaq 1993-cü ildə hesablanmış xəstəlik pulu qrafasında göstərilməsi Lətifova (Mustafayeva) Svetlana Şakir qızının təqsiri ilə bağlı olan hal deyil. O, həqiqətən ödənişli analıq məzuniyyətində olmuşdur.
45. İşdən də göründüyü kimi, İddiaçı xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı 5 ay 28 gün ipək açan şagirdi, xx.xx.1980-xx.xx.1996-cı il tarixləri arasındakı 16 il ərzində Şəki istehsal ipək birliyinin 3 nömrəli filialında ipək açan vəzifəsində işləmişdir (xx.xx.1993cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi analıq məzuniyyətində olub). Həmin peşənin əmək funksiyası burma və dartma avadanlığının operatorları ilə eyni olduğundan qeyd olunan peşə yuxarıda göstərilən bəndin təsir dairəsinə düşür. Bununla da iddiaçının 15 ildən çox güzəştli iş stajı var, həmçinin iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.
46. Beləliklə, iddiaçının qanunvericilikdə nəzərdə tutulandan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir.
47. Məhkəmə kollegiyası əlavə olaraq iddiaçının xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində ipək açan şagirdi işləməsinin güzəştli iş stajına aid edilibedilməməsinin araşdırılmasına zərurət olmadığı qənaətindədir. Ona görə ki, cavabdeh orqanın mübahisələndirmədiyi dövr və iddiaçının ipək açan vəzifəsində işlədiyi dövr qanunvericilikdə tələb olunan müddətdən artıqdır. Həmçinin, həmin müddət cavabdeh orqan tərəfindən də mübahisələndirilməmişdir.
48. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
49. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
51. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
52. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2-1(116)-310/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.