Məhkəmə qərarları › İş №2-1(107)-683/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-683/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-683/2023 20.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “istifadəsində olan 30 ha torpaq sahəsinin Şəki rayonu Çeşməli kənd sakini X2 icarəyə verilməsi barədə şəhər icra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 62 nömrəli sərəncamının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-3161/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “istifadəsində olan 30 ha torpaq sahəsinin Şəki rayonu Çeşməli kənd sakini X2 icarəyə verilməsi barədə şəhər icra hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 62 nömrəli sərəncamının ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 noyabr 2023-cü il tarixli 2- 1(116)-3161/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

4. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-3161/2023 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-3161/2023 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. - 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. - 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. - 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. - 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

8. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

11. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli sərəncamı inzibati aktdır və hazırkı inzibati iş üzrə mübahisə “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

12. Mübahisələndirilən sərəncam xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, əvvəllər Şəki İnzibati Məhkəməsinin icraatında olmuş, 2-1(116)-462/2023 saylı inzibati iş üzrə iddia ərizəsinə əlavə edilən sənədlərdən biri Cavabdeh başçısının aparatının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/R-41/9091/5 nömrəli məktubu olmuşdur.

13. Həmin məktubun 6-cı abzasında aşağda qeyd edilmiş məlumatlar öz əksini tapmışdır: - Sizin 30 hektar əkin torpağının əlinizdən alınıb X2 verilməsi məsələsi ilə bağlı iddianıza cavab olaraq bildiririk ki, sizə və ya atanıza Cavabdeh başçısının sərəncamı ilə icarə qaydasında dövlət fondu əkin torpağı verilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq siz istifadənizdə olan 300 hektar qış otlağının ancaq 3%- də (yəni 9 hektarında) xəsillik arpa əkə bilərsiniz. İddia olunan 30 hektar əkin torpağı “Dal Qozlu” adlı qış otlağının deyil, həmsərhəd olan “Quru Dərə” adlı qış otlağının ərazisinə aiddir. “Quru Dərə" adlı qış otlağının sərhəddi daxilində yerləşən həmin 30 hektar əkin torpağı Şəki rayonu Çeşməli kənd sakini X1 ərizəsi, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 iyul 2017-ci il tarixli, **********18 nömrəli rəyi və yer quruluşu planı əsasında Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 62 saylı sərəncamı ilə A.M.Əsədova torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq 5 il müddətinə icarəyə verilmişdir. Odur ki, sizin əkin torpağı iddianızın da heç bir qanuni əsası yoxdur.

14. İstinad olunan məktubdan göründüyü kimi iddiaçı 30 hektar əkin torpağının əlindən alınıb X2 verilməsi məsələsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və qaldırdığı məsələyə cavab olaraq cavabdeh orqan hazırda mübahisələndirilən sərəncamın məzmunu ilə bağlı iddiaçıya ətraflı məlumat vermişdir.

15. Sözügedən 2-1(116)-462/2023 saylı inzibati iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə təqdim etmişdir. (məhkəməyə daxil olma: xx.xx.2022). Belə olan halda mübahisələndirilən - Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 62 saylı sərəncamından xx.xx.2022-ci il tarixdən iddiaçının məlumatlı olması işin mübahisəsiz halıdır.

16. Həmin inzibati işlə bağlı xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq icraatı çərçivəsində keçirilən iclasda, o cümlədən xx.xx.2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında işin halları müzakirə edilərkən cavabdehin nümayəndəsi iddia olunan torpaq sahəsinin 30 ha hissəsinin Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 62 saylı sərəncamı ilə A.M.Əsədova torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq 5 il müddətinə icarəyə verilməsini bildirmişdir (məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu ilə sözügedən sənədlər cavabdeh orqandan alınaraq icraat materiallarına əlavə edilmişdir). Sözügedən məhkəmə iclaslarında iddiaçının özü birbaşa iştirak etmiş və hazırda mübahisələndirilən sərəncamla bağlı bir daha məlumatlandırılmışdır.

17. Eyni zamanda 2-1(116)-462/2023 saylı inzibati iş üzrə verilmiş qərardan apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixdə məhkəmə iclasında baxılarkən cavabdeh orqanın nümayəndəsinin izahatında mübahisələndirilən sərəncamın qəbul olunma tarixi, nömrəsi və məzmunu ilə bağlı ətraflı məlumat vermişdir.

18. Hazırkı iddia ərizəsində iddiaçı mübahisələndirilən sərəncamın ona təqdim edilmədiyini və həmin sərəncam barəsində ümumiyyətlə hər hansı məlumatın verilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən sərəncamla bağlı bütün məlumatlar ətraflı şəkildə cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, 4/R41/9-091/5 nömrəli məktubla bildirilmişdir. Həmin məktubu isə iddiaçı özü 2-1(116)- 462/2023 saylı inzibati iş üzrə ilkin iddia ərizəsinə qoşma olaraq əlavə etməklə xx.xx.2022ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir.

19. İddia ərizəsində iddiaçı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(107)-428/2023-cü il tarixli qərardadında göstərilənlərlə tanış olduqdan sonra dərhal Cavabdehnə müraciət etməsini bildirir. Bununla belə mübahisələndirilən sərəncamın məzmunu ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın 2-1(107)-428/2023 nömrəli qərardadında qeyd edilən məlumatlarla, iddiaçının özünün xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi, cavabdehin xx.xx.2022-ci il tarixli, 4/R-41/9-091/5 nömrəli məktubunda qeyd edilmiş məlumatlar eynidir.

20. Göründüyü kimi işin halları ilə iddiaçının mübahisələndirilən sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olması aşkar görünür və iddia ərizəsinin məzmunu həmin hissədə iş materialları ilə tamamilə ziddiyyət təşkil edir.

21. Mübahisələndirilən qərarın qəbul edilməsindən iddiaçının xx.xx.2022-ci il tarixdə məlumatının olması nəzərə alınmaqla hazırkı iddia ərizəsi 1 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2023-cü il tarixdə) verildiyindən, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli, 4/R-41/9-091/5 nömrəli məktubunu aldıqdan 1 il keçdikdən sonra həmin sərəncamın mübahisələndirilməməsi səbəblərini əsaslandırmalı, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim edilməlidir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür.

22. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir.

23. İzah olunur ki, qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Bu isə müddətin bərpasına dair ərizənin və cavabdehin “xx.xx.2022-ci il tarixli, 62 saylı sərəncamının ləğvi” barədə iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır.

24. İddia tələbinin “həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” hissəsi qeyri-müəyyən formada ifadə olunsa da, məhkəmə izah edir ki, hər bir halda mübahisələndirilən sərəncamın verilməsindən sonra cavabdeh orqanın həmin sərəncamın icrası ilə bağlı həyata keçirdiyi fəaliyyətinin mübahisələndirilməsi üçün ilkin olaraq, sözügedən sərəncam ləğv edilməlidir. Odur ki, qeyri-müəyyən formada ifadə olunmasına baxmayaraq, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, mübahisələndirilən sərəncamın qüvvəyə minməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin mübahisələndirilməsi tələbi ilkin tələbdən asılı tələb olduğundan və ilkin tələb mümkünlük şərtlərinə cavab vermədiyindən tələbin həmin hissəsi də qeyri-mümkün olacaqdır.

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar.

26. Yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirilməyi və buraxılmış prosessual müddətin İPM-in 24.2-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların 10 gün müddətində məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunmuşdur.

27. İddiaçı xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsində müddəti ötürmədiyini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır.

28. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

29. İPM-in yuxarıda istinad olunan normalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

30. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

31. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

32. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)- 3161/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-3161/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar