Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-689/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhər bazar ərazisində yerləşən 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə bacısı X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2- 1(116)-350/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Zaqatala şəhər bazar ərazisində yerləşən 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə bacısı X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-350/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala şəhər bazar ərazisində yerləşən 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə bacısı X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-350/2025 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiası üzrə kifayət qədər araşdırmalar aparılaraq müvafiq sənədlərin və sübutların toplanmasına baxmayaraq məhkəmə və cavabdeh orqanın nümayəndəsi, eyni zamanda üçüncü şəxsin nümayəndəsi onun vəkili olmamasından, hüquqi savadı olmamasından istifadə edərək onu əmin etdilər ki, iddiada yazdığı tələbin Prezidentin imzaladığı Fərmanla qısa bir müddətdə həll olunması mümkündür. O da onların vəzifəli şəxslər olduğunu, ali savadlı dövlət orqanlarını təmsil etdiyini nəzərə alaraq hesab etdi ki, onlar onu aldatmazlar və onlara inanaraq onların təkidi əsasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Həmin ərizəni imzalayaraq məhkəməyə təqdim edənə qədər nə məhkəmə, nə də adını çəkdiyi şəxslər ona izah etmədilər ki, ərizəni məhkəməyə təqdim etdikdən sonra işin icraatına xitam veriləcək və hazırki işə xitam verdikdən sonra onun nəticələri nə olacaq. - Bundan başqa yuxarıda adı çəkilən qanunsuz zəbt olunmuş torpaq sahələrinin sənədləşdirmə prosesini həyata keçirmək üçün isə 5000 manatdan 10000 manatadək rüsumlar və müxtəlif xidmət təşkilatlarına xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Belə bir vəsaitlərin ödənilməsi nəzərdə tutulduğunu və qanunsuz zəbt olunmuş torpaqlara aid olan prosesin olduğunu məhkəmə və yaxud da tərəflər ona izah etmiş olsaydılar, o iddia ərizəsinin geri götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyəcəkdi. - Bundan başqa məhkəmə qərardadında qeyd edir ki, onun yenidən eyni iddianı qaldırmaq imkanı istisna edilmir. Lakin, o, eyni iddianı yenidən qaldırmaq fikrində deyildir, ona görə ki, hazırkı iddianı o məhkəmədə xx.xx.2024-cü il tarixdə qaldırmışdır. 1 il 8 aydır ki, məhkəmədə onun iddiası üzrə araşdırma aparılır. Lakin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə sənədlərin daxil olma tarixlərinin ardıcıllığına baxdıqda görmək olur ki, 18 dekabr 2024-cü il tarixdə mütəxəssis rəyi daxil edildikdən sonra ardıcıl olaraq həmin iş üzrə 8 ay heç bir prosessual hərəkət aparılmamış, hərəkətsiz saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə işin elekton kabinetinə mütəxəssis rəyinin daxil edildiyi yazılsa da rəyin özü işin elektron kabinetinə qoyulmamışdır. Göründüyü kimi işin araşdırılmasında kifayət qədər uzun müddət keçmiş və o yenidən iddia qaldırarsa yenə də məhkəmə 2-3 il ərzində araşdırma aparmaq adı ilə işin baxılmasını uzada bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
7. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-350/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-350/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
15. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
16. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
17. Belə ki, İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
18. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
19. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır.
20. İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir.
21. Birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının tələblərinə riayət olunmamış, qərardadın nəticəvi hissəsində iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi əks olunsa da, onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmamışdır.
22. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli iclasının videogörüntüsünə baxış keçirilmiş, məhkəmə iclası sonadək çəkilmədiyindən iddiaçının iddia ərizəsinin geri götürülməsinə dair ərizəsinin verdiyi görüntüləri aşkar etmək mümkün olmamışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırda tələbinə baxılmaqda israrlı olması nəzərə alınmalı, həmçinin iddiaçının iradəsinin tam formalaşmaması, ərizənin nəticələri barədə ona dolğun məlumat verilməməsi və məhkəmənin prosessual yardım öhdəliyini yetərincə icra etməməsi qəbul olunmuş qərardadın hüquqi qüvvəsinə və legitimliyinə təsir edən əhəmiyyətli prosessual çatışmazlıq hesab edilməli və bu hal qərardadın ləğv olunmasına hüquqi əsas kimi qiymətləndirilməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
25. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
26. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
27. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz. Yəni, iddiaçının tələb etdiyi qaydada “iddia tələbinin təmin edilməsi” üçün ilk növbədə məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmalıdır.
28. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
29. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-350/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti “iddianın təmin edilməsi” hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.