Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-69/2024 22.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 İskəndər qızının və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X7 Filialına qarşı “xx.xx.1982-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək çilingər, xx.xx.1989-cu il tarixindən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin iddiaçının güzəştli şərtlərlə iş stajına daxil edilməklə, ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçının vəkili X1 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı xx.xx.1961-ci ildə Ağdaş rayonu Ərəb kəndində anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə kimi Bakı Politexnik Texnikumunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra xx.xx.1980-cı ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1982-ci idlə isə hərbi xidmətdən qayıtmışdır. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə "xxxx" Kimya sexinin “Əməliyyat heyyətində” Sənaye tullantılarının kompleks təmizlənməsi sahəsində 4- cü qrup çilingər vəzifəsinə başlamışdır. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kimya sexinin Əməliyyat heyyətində” 4cü dərəcəli elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər vəzifəsində,xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə “Əməliyyat heyyətində” elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə 4-cü qrup aparatçı vəzifəsində işləmişdir. Bütün bunları nəzərə alaraq bildirilmişdir ki, xx.xx.1982-ci il tarixdən hal-hazıradək işlədiyi vəzifələt güzəştli şərtlərlə iddiaçıya pensiya verilməsinə əsas verir.İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir.
4. Cavabdeh etirazında bildirmişdir ki, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının Mərkəzi Filialla təqdim etdiyi "xxxx" ASC "xxxx" MMC-nin ona dair 07-122 və 07-123 nömrəli arayışlarında isə sözügedən müəssisədə işlədiyi sahə və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda işlədiyi sahəyə və vəzifəyə uyğun olması barədə məlumat göstərilməyib. Eyni zamanda iddiaçının təqdim etdiyi xx.xx.2004cü il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1982-ci il tarixindən bügunədək işlədiyi "xxxx"in Kimya sexində Sənaye tullantılarının kompleks təmizlənməsi sahəsində çilingər, elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər, kimyəvi su təmizləmə üzrə aparatçı və Kimya sexinin növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların , peşələrin vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddiasının mümkün olmaması bildirilmişdir. 5 Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 18 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1906/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 İskəndər qızı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Mingəçevir regional “Asan xidmət mərkəzi”nin arayışı; - İddiaçıya məxsus БТ-606741 saylı diplom; - Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Bölməsinin arayışı; - Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış; - “İşin xarakteri haqqında” xx.xx.2022-ci il tarixli arayış; - İddiaçıya məxsus №0052315 saylı Əmək kitabçası. - Məhkəmə kollegiyasının sorğusu əsasında verilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 13-9/100-01-07-21 nömrəli məktubu.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
24. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır.
26. “Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: 1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
28. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanır.
29. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-cı ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.
30. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin xx.xx.1982-ci il tarixdən hazırkı tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışır.İddiaçının əmək fəaliyyəti müddəti tələb olunan – ümumi və xüsusi müddətdən çoxdur.
31. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər iki tələbə cavab verməsi öz təsdiqini tapmışdır.
32. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili – iddiaçının güzəştli iş stajının müəyyən edilməməsi ilə bağlıdır.
33. Cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1982-ci ildən "xxxx"-nin ("xxxx" MMC) Kimya sexində işlədiyi müxtəlif peşələr güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin altqrupunda, 2140200b—24043 kodu altında “növbə rəisləri” peşəsi qeyd olunmuşdur.
34. İddiaçının əmək fəaliyyəti qazan turbin sexinin işini təmin edən kimya sexi ilə əlaqədar olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur.
35. İddiaçının xx.xx.1989-cu ildən hazırkı tarixədək “növbə rəisi” vəzifəsində işlədiyi müddət ona güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən staj sayılmalıdır.
36. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İşin xarakteri” haqqında arayışda göstərilmişdir ki, 8 saatlıq iş günü ərzində 1-2-3-4-cü sinif təhlükəli,səsküylü,havanın hərəkət surəti,iş yerində havanın temperaturu, CO2, karbon qazı,titrəmə,lokal,ümumi əməyin yeknəsəkliyi,əsəb,emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. Buna görə də İddiaçı işlədiyi müddət ərzində xx.xx.1982-ci il tarixdən xx.xx.1990-ci ilədək “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona 16% və xx.xx.1990-ci ildən hazırkı vaxtadək 12% miqdarında əlavə əmək haqqı ödənilir.
37. Sözügedən arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin istinad olunan siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışda şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilməli, ümumi ifadələrdən istifadə edilməməli, sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməlidir.
38. Tədqiq olunan arayışda iddiaçının işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğun olmasının qeyd edilməsi ilə bərabər onun gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətləri də öz əksini tapmışdır.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uyğunluğun müəyyən edilməsi zamanı nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
41. Həmçinin məhkəmə kollegiyasının sorğusu əsasında verilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 13-9/100-01-07-21 nömrəli məktubundan müəyyən olunur ki, "xxxx" MMC-nin Kimya sexində növbə rəisi işləyən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdə Azərbaycan Dövlət Rayon X5 sexinin, “Əməliyyat heyəti”nə, Sənaye tullantıların, kompleks təmizlənməsi üzrə 4-cü qrup çilingər vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 432 ,xx.xx.1982).
42. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kimya sexinin, “Əməliyyat heyəti”ndə 4-cü dərəcəli elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər vəzifəsində işləmişdir (Əmr 530, xx.xx.1987). xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexin “Əməliyyat heyəti”ndə elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə 4-cü qrup aparatçı vəzifəsində işləmişdir. (Əmr 45.xx.xx.1988). xx.xx.1989-cu il tarixdən həmin sexdə TT,TİQ və YTQ-dan imtahan verdiyinə və əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə 4 qrup elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı vəzifəsində müstəqil işə buraxılmışdır (Əmr 58/Ş, xx.xx.1988).
43. xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Kimya sexinin “Əməliyyat heyəti” ndə (öyrənən) növbə rəisi vəzifəsində işləmişdir. (Əmr 205/k,xx.xx.1989). xx.xx.1990-cı il tarixdən əvəzetmə müddətini müvəffəqiyyətlə keçdiyinə görə sexin növbə rəisi vəzifəsində müstəqil işə buraxılmışdır.(Əmr 100/k, xx.xx.1990).
44. xx.xx.1989-cu il tarixdən hal-hazıradək Kimya sexinin “Əməliyyat heyətin”də sexin növbə rəisi vəzifəsində işləyir.
45. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ-091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar 'Azərbaycan DRES"- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.
46. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ-002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır.
47. İddiaçı "xxxx" MMC-nin Kimya sexində işlədiyi Sənaye tullantıların, kompleks təmizlənməsi sahəsi üzrə çilingər , elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı və növbə rəisi vəzifələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş siyahısının 13-cü bölmənin “a” və “V” bəndlərində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24 cü bölməsinin “a” və “b” bəndlərində uyğun xüsusiyyətə malik vəzifələr nəzərə alınmamışdır.
48. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2022-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır.
50. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X7 Filialına qarşı “xx.xx.1982-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək çilingər, xx.xx.1989-cu il tarixindən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin iddiaçının güzəştli şərtlərlə iş stajına daxil edilməklə, ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə X7 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.