Məhkəmə qərarları › İş №2-1(107)-690/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-690/2025

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-690/2025 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsgərov Anar Əlifağa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) yerləşən 0,22 ha torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətindədir. Onun həmin əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində # #### 2023-cü il tarixdə qeydiyyata alınmış və bu barədə ona reyestrdən çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqlarına aiddir.

2. Balakən RİH-in Memarlıq və Tikinti Şöbəsinin ##.##.2023-cü il tarixli, ** nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus olan 0,22 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan və məlumatlandırma icraatı tətbiq olunan fərdi yaşayış evinin tikinti niyyətinə dair məlumatlar AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Təqdim edilmiş memarlıq-planlaşdırma bölməsi qanunauyğundur. Yaşayış evinin təqdim edilmiş layihə əsasında tikilməsini tövsiyə edilmişdir.

3. İddiaçı həmin torpaq sahəsində onun sifarişi ilə “xxxx” MMC tərəfindən hazırlanmış, inşa olunması nəzərdə tutulan 3 mərtəbəli, hündürlüyü 10,7 m, hər mərtəbəsinin sahəsi 438,4 kv.m olan fərdi yaşayış evinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsini Balakən Rayon İcra Hakimiyyətinə təqdim edərək, tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə məlumat vermişdir. Balakən RİH-in iddiaçıya ünvanlanmış cavab məktubunda layihəyə dair irad bildirilməmişdir.

4. İddiaçı fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir.

5. Cavabdeh DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsi iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, fərdi yaşayış evi eskiz layihəyə uyğun inşa edilməmiş, daxili quraşdırma işləri başa çatdırılmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

6. İddiaçı İddiaçı cavabdeh DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsinin imtinasını mübahisələndirərək, ona qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbini irəli sürməklə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir.

7. İddia ərizəsinin əsaslarına görə cavabdeh inzibati orqan müraciəti obyektiv araşdırmamaqla və qanunla üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin imtina üçün gətirdiyi dəlillər işin araşdırılan halları və mövcud qanunvericilik normaları ilə təkzib edilir. İmtina üçün istinad olunan hallar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını nəzərdə tutan 15-ci maddəsindən də irəli gəlmir. Ümumiyyətlə imtina əsası kimi göstərilən hallar mövcud deyil. Məhkəmə tərəfindən baxış keçirilərsə, imtinanın tamamilə əsassız olduğu müəyyən ediləcəkdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 13, 18, 19-cu maddələrinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət verilməsi haqqında» Qanunun 6-cı maddəsinə əsaslanaraq, cavabdehin üzərinə fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması məhkəmədən xahiş olunur.

8. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması ilə bağlı Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evi eskiz layihəyə uyğun inşa edilməmişdir. Bundan əlavə fərdi yaşayış evində daxili tikinti quraşdırma işləri başa çatdırılmamışdır. Buna görə də ərizənin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamış və bu barədə ərizəçiyə müvafiq məktub ünvanlanmışdır. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.

9. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) ona məxsus 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə icraatının gedişində məhkəmə tərəfndən DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsinə aşağıdakı məzmunda # ######## 2024-cü il tarixli sorğu məktubu ünvanlanmışdır: - Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş yazılı etirazında fərdi yaşayış evinin eskiz layihəyə uyğun inşa edilmədiyi qeyd edilmiş, lakin uyğunsuzluğun nədə ibarət olduğu aydın göstərilməmişdir. Odur ki, təqdim edilmiş etirazın məzmununun aydınlaşdırılması və hüquqların dövlət qeydiyyatına alınmasını mümkünsüz edən uyğunsuzluqlar barədə ətraflı məlumat verilməsi tələb olıunur. Cavabdeh inzibati orqan DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış ## ######## 2025-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilmişdir: - Layihədə sözügedən binanın ön divarının inşası düz xətt üzrə nəzərdə tutulsa da, faktiki olaraq giriş sahəsinin divarı hər 3 mərtəbədə 0,09 m içəridən inşa edilmişdir. Bundan başqa, ərizənin icrası ilə bağlı təqdim olunan fərdi yaşayış evinin layihəsinə (memarlıq planlaşdırma bölməsinə) baxılan zaman və eyni zamanda texniki inventarlaşdırma işləri aparmaq məqsədilə daşınmaz əmlaka baxış keçirərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulan tikilinin aşkar şəkildə çoxmənzilli (apartman tipli) yaşayış binası olduğu məlum olmuşdur. Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının ## ###### 2023-cü il tarixli *-**/*-*-*/**** nömrəli qərarı ilə təsdiq olunmuş AZDTN 2.7-3 “Fərdi yaşayış evlərinin layihələndirmə normaları”nın tələblərinə əsasən yerüstü mərtəbələrinin saylı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi fərdi yaşayış evi hesab olunur. Həmin qərarla təsdiq olunmuş AZDTN 2.7.2 “Yaşayış binalarının layihələndirmə normaları”nın tələblərinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası çoxmənzilli yaşayış binası hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalar, qeyri-yaşayış binaları və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinin dövlət qeydiyyatı üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır. DƏDKR tərəfindən çoxmənzilli (apartman tipli) yaşayış binalarının dövlət qeydiyyatına alınması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub ünvanlanmışdır. Komitənin cavab məktubunda çoxmənzilli (apartman tipli) yaşayış binalarının məlumatlandırma icraatı predmeti olmadığı bildirilmişdir. İş materiallarında olan Balakən RİH-in hazırkı iddiaçı İddiaçı ünvanlanmış ** saylı ## #### 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Balakən şəhəri, Salatın Əsgərova küçəsində (əvvəlki ünvan Qasbinə kəndində) ona məxsus olan 0,22 ha torpaq sahəsində tikintisi nəzərdə tutulan və məlumatlandırma icraatı tətbiq olunan fərdi yaşayış evinin tikinti niyyətinə dair məlumatlar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Təqdim edilən memarlıq-planlaşdırma bölməsi qanunauyğundur. Yaşayış evinin təqdim edilən layihə əsasında tikilməsi tövsiyə olunur. Məhkəmənin iş üzrə ## ######## 2024-vü il tarixli qərardadı ilə məhkəmə tikintiekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur: - Balakən şəhəri, Salatın Əsgərova küçəsində 0,22 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iş materiallarında olan, həmin evə dair memarlıq-planlaşdırma bölməsinə uyğundurmu (uyğunsuzluq olduğu halda, bunun nədə ifadə olunması göstərilməklə)? Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinn *-**-**/*-**/****/**** saylı ## ##### 2025-ci il tarixli məktubu ilə Mərkəzin Şəki İnzibati Məhkəməsinə təqdim olunmuş müvafiq ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Balakən şəhəri, Salatın Əsgərova küçəsində 0,22 ha torpaq sahəsində inşa edilmiş mübahisə predmeti olan tikilinin texniki göstəricilərinin iş materiallarında olan həmin tikiliyə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş memarlıq planlaşdırma həllində qeyd olunan texniki göstərilər ilə uyğunluğu müəyyən olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı mülkiyyətində olan və təyinatı buna imkan verən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi niyyəti barədə qabaqcadan müvafiq səlahiyyətli orqan kimi yerli icra hakimiyyətinə (Balakən RİH-ə) məlumat vermiş, həmin qurum isə layihəyə nəinki irad bildirməmiş, hətta onun memarlıq-planlaşdırma bölməsinin qanunauyğun olduğunu və məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edildiyini bəyan etmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin iddiaçının sifarişi ilə aparılmış tikintisinin təqdim olunmuş layihəyə uyğunluğu isə hazırkı iş üzrə aidiyyəti təşkilatdan alınmış və tədqiq olunmuş ekspert rəyi ilə təsdiqlənir. Məhkəmə icraatında həmin rəydə qeyd olunanların təkzib olunması ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, məhkəmə rəylə razılaşır və onu mötəbər sübut qismində qiymətləndirir. Belə olan halda, iddiaçı İddiaçı mülkiyyətində olan, Balakən şəhəri, S.Əsgərova küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarına aid 0,22 ha torpaq sahəsində 3 mərtəbəli, hündürlüyü 10,7 m, hər mərtəbəsinin sahəsi 438,4 kv.m olan fərdi yaşayış evi onun sifarişi ilə məlumatlandırma icraatına əməl edilməklə inşa olunmuş sayılır. Tikinti başa çatdırılıqdan sonra da iddiaçı bu barədə yerli icra hakimiyyəti orqanına məlumat vermişdir. Məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə və Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən sözügedən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə vurğulayır ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların reyestrdə qeydiyyatı üzrə inzibati icraatda hazırkı iş üzrə cavabdeh DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətlərinə müvafiq ərizənin və ona əlavə edilmiş sənədlərin (o cümlədən dövlət rüsumunun ödənilməsinə dair sənədin) qəbul edilməsi, sənədlərdəki məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (mövcud olduğu halda), bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi kimi hərəkətlər daxildir. Odur ki, iddiaçı qanunda nəzərdə tutulan sənədləri, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikintini başa çatdırdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana məlumatın göndərilməsini təsdiq edən sənəd təqdim etdiyi halda, ondan reyestrdə qeydiyyat aparılmasını təmin edən orqan kimi hazırkı cavabdeh əlavə sənəd tələb edə, həmçinin mövcud olan tikili ilə bağlı başqa qurumların səlahiyyətlərinə aid məsələləri araşdıra bilməz. Buna görə də cavabdehin imtinası üzrə gətirdiyi arqument və dəlilləri əsassızdır. Sadalananların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Əsgərova küçəsində yerləşən 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir və onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli *** nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd olunan normaya və formalaşmış inzibati praktikaya əsasən fərdi yaşayış evinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, evə dair texniki pasportun tərtib edilməsi və hüququn qeydiyyatı haqqında reyestrdən çıxarışın verilməsi birmənalı şəkildə nəzərdə tutulur. Bununla da belə nəticə əldə olunur ki, iddiaçı İddiaçı Balakən şəhəri, S.Əsgərova küçəsində (əvvəlki Qasbinə kəndində) yerləşən, ona məxsus olan 0,22 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsi iddiaçının müraciəti üzrə həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Cavabdehin imtinası qanuni sayıla bilməz.

11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlillərinə görə, ərizənin icrası ilə bağlı təqdim olunan fərdi yaşayış evinin layihəsinə (memarlıq planlaşdırma bölməsinə) baxılan zaman və eyni zamanda texniki inventarlaşdırma işləri aparmaq məqsədilə daşınmaz əmlaka yerində baxış keçirərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulan tikilinin aşkar şəkildə çoxmənzilli (Apartman tipli) yaşayış binası olduğu məlum olmuşdur. Layihədə sözügedən binanın ön divarının inşası düz xətt üzrə nəzərdə tutulsa da, faktiki olaraq giriş sahəsinin divarı hər 3 mərtəbədə 0,9 metr içəridən inşa edilmişdir. Hər mərtəbə pilləkən sahəsi və hər birinin ayrıca girişi olmaqla 4 mənzildən ibarət formadadır;. Müvafiq vəsətətlə – iddiaçı İddiaçı məhkəmədə qaldırmış olduğu iddianın predmeti olan “fərdi yaşayış evi”nin (faktiki olaraq, – çoxmənzilli (apartman tipli) yaşayış binasının) şəhərsalma və tikinti normalarına cavab verib-verməməsi, həmçinin həmin binanın saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozubpozmaması və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradıbyaratmaması, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunub-qorunmaması, yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsiz olub-olmaması məsələsinə münasibət bildirilməsi üçün AzərbaycanRespublikasının İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanının maraq və mənafelərinə toxunduğu, habelə iddia ərizəsində qaldırılan məsələ onların funksiyaları ilə bağlı olduğundan iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına həmin qurumların zəruri cəlb olunması barədə qərardadın qəbul edilməsini göstərilmişdir. Lakin, məhkəmə həmin qurumları işə cəlb etməmiş və vəsatətin baxılmasının nəticəsi olaraq qərardad qəbul etməmişdir. Halbuki, prosesual qanunvericilikdə məhkəmələr tərəfindən işə cəlb olunmayla bağlı vəsatətin baxılmasının nəticəsi olaraq şikayət verilməsi nəzərdə tutulan qərardadın qəbul edilməsi göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki, “Fərdi yaşayış evlərinin layihələndirilmə normaları”nın tələblərinə əsasən yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi fərdi yaşayış evi hesab olunur. “Yaşayış binalarının layihələndirmə normaları”nın tələblərinə əsasən iki və daha çox mənzildən ibarət, mənzillərinin ümumi istifadə sahələri və mühəndis sistemləri olan yaşayış binası çoxmənzilli yaşayış binası hesab olunur. “xxxx” publik hüquqi şəxsi tərəfindən çoxmənzilli (apartman tipli) yaşayış binalarının dövlət qeydiyyatına alınması ilə bağlıAzərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə16.04.2024-cü il tarixli, 3- **-*-**/*-****/**** nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ##.##.2024-cü il tarixli, *-**/*-****/**** nömrəli cavab məktubunda çoxmənzilli (apartman tipli) yaşayış binalarının məlumatlandırma icraatı predimeti olmadığı bildirilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə *-*(***)-***/**** nömrəli iş üzrə cavabdeh Cavabdeh PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi Cavabdeh PHŞ ilə əvəz edilmişdir.

15. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməmiş, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Balakən RİH-in üçüncü şəxs qismində inzibati məhkəmə zəruri qaydada cəlb edilməsindən imtina edilmişdir.

16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 13. Yaşayış sahələrinin növləri 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

21. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

26. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən şəhəri, S.Əsgərova küçəsində ona məxsus torpaq sahəsində inşa edilmiş tikili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. İddiaçı mübahisəli tikilinin fərdi yaşayış evi olduğunu iddia edir.

27. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının dövlət qeydiyyatına alınmasını tələb etdiyi tikilinin təyinatı onun layihəsi və konstruktiv xüsusiyyətləri baxımından qiymətləndirilməli, bundan asılı olaraq həmin tikiliyə məlumatlandırma icraatının, yaxud tikintiyə icazə icraatının tətbiq edilməli olması müəyyən edilməlidir.

28. İş materiallarından görünür ki, Balakən şəhəri, S.Əsgərova küçəsində yerləşən 0,22 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. DƏDKR PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda da mübahisəli tikilinin iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və bununla bağlı hər hansı mübahisənin olmaması bildirilmişdir.

29. İddiaçı torpaq sahəsində tikinti aparmazdan əvvəl Balakən Rayon İcra Hakimiyyətinə məlumat vermiş, təqdim etdiyi layihə fərdi yaşayış evinin layihəsi kimi məlumatlandırma icraatı çərçivəsində qəbul edilmiş və tikinti niyyətinə dair məlumat ##.##.2023-cü il tarixdə Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Balakən RİH-in ##.##.2023-cü il tarixli məktubunda təqdim edilmiş memarlıq-planlaşdırma bölməsinin qanunauyğun olması bildirilmiş və yaşayış evinin həmin layihə əsasında tikilməsi tövsiyə olunmuşdur.

30. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində məlumatlandırma icraatının tətbiqi yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinə münasibətdə nəzərdə tutulmuşdur. Buna görə tikilinin həmin parametrlərə uyğunluğu ilə yanaşı, onun fərdi yaşayış evinə xas xüsusiyyətlərə malik olub-olmaması da müəyyən edilməlidir.

31. Kollegiya nəzərə alır ki, AzDTN 2.7-3 “Fərdi yaşayış evləri. Layihələndirmə normaları” iddiaçının tikinti niyyətinə dair müraciətindən sonra – ##.##.2023-cü il tarixdə qüvvəyə minmişdir. Bununla belə çoxmənzilli yaşayış binalarının layihələndirilməsini tənzimləyən AzDTN 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları” ##.##.2021-ci ildən qüvvədə olduğundan iddiaçının müraciəti zamanı nəzərə alınmalı idi.

32. “Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən çoxmənzilli bina iki və ya daha çox mənzildən ibarət olub, mənzillərin ümumi istifadə sahələri (dəhlizlər, pilləkən qəfəsləri və liftlər) və mühəndis-kommunikasiya sistemləri ilə təmin olunduğu binadır və müstəqil mənzilləri əhatə edir.

33. Apellyasiya icraatında Balakən RİH tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məlumatdan müəyyən olunur ki, tikilinin təsdiq edilmiş layihəsinin özündə hər mərtəbədə eyni planlaşdırmaya malik iki müstəqil mənzil, bütövlükdə isə üç mərtəbə üzrə 6 mənzil nəzərdə tutulmuşdur.

34. Balakən RİH-in əməkdaşları tərəfindən tikiliyə keçirilmiş baxış zamanı ümumi istifadəli pilləkən qəfəsinin mövcud olması, həmin pilləkən qəfəsinin hər üç mərtəbədə təkrarlanan sxem üzrə dörd ayrı geniş sahəyə çıxış verməsi və bu sahələr arasında keçidin yalnız ümumi pilləkən meydançası vasitəsilə mümkün olması müəyyən edilmişdir. Balakən RİH tikilinin faktiki quruluşunu hər mərtəbədə dörd olmaqla, ümumilikdə 12 natamam mənzili xatırladan ayrıca sahələrin mövcudluğu kimi qiymətləndirmişdir.

35. Həmçinin qeyd edilmişdir ki, tikilidə təmir-tamamlama işləri başa çatdırılmamış, həmin sahələrin daxilində mətbəx, sanitar qovşağı və yaşayış otaqlarını müəyyən edən hörgü işləri tam yerinə yetirilməmişdir. Tikilinin faktiki vəziyyətinin onun təsdiq edilmiş layihəsindən fərqlənməsi (layihədə binaya girişin 2-3 oxları arasında nəzərdə tutulduğu halda, faktiki girişin 3-4 oxları arasında yerləşməsi), eləcə də daxili məkanın planlaşdırılmasının təsdiq edilmiş layihədəki quruluşdan fərqli şəkildə yerinə yetirilməsi aşkar edilmişdir.

36. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2026-cı il tarixli məktubunda da tikiliyə keçirilmiş baxış zamanı layihədən kənarlaşmaların mövcud olması, o cümlədən binaya girişin və daxili arakəsmələrin layihədən fərqli yerinə yetirilməsi, layihədə nəzərdə tutulmuş yerləşgələrin tam yerinə yetirilməməsi və tikilidə tamamlama işlərinin başa çatdırılmaması göstərilmişdir.

37. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı əldə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində tikilinin texniki göstəricilərinin “xxxx” MMC tərəfindən hazırlanmış memarlıq-planlaşdırma həllində qeyd olunan texniki göstəricilərə uyğun olması göstərilmişdir.

38. Kollegiya qeyd edir ki, ekspert rəyində göstərilən uyğunluq tikilinin təyinatının fərdi yaşayış evi kimi qiymətləndirilməsinə və ona məlumatlandırma icraatının tətbiq edilməsinə əsas vermir.

39. Kollegiya tərəfindən ##.##.2026-cı il tarixdə tədqiqat obyektinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikilinin mərtəbələri arasında əlaqə ümumi pilləkən qəfəsi vasitəsilə təmin olunur, hər mərtəbədə həmin pilləkən meydançasından ən azı iki ayrıca giriş vasitəsilə bir-birindən ayrılmış sahələrə keçid mövcuddur. Ayrı-ayrı girişlərdən daxil olunan həmin sahələr arasında tikilinin daxilində birbaşa keçid müəyyən edilməmişdir. Sahələrin daxilində arakəsmə və tamamlama işləri başa çatdırılmadığından onların konkret otaqlar və yardımçı sahələr üzrə bölünməsi müəyyən edilməsə də, geniş daxili məkanların müstəqil girişlər üzrə bir-birindən ayrılması müşahidə edilmişdir. Həmçinin hər mərtəbədə eyni xətt üzrə yerləşən həmin sahələrdə kanalizasiya xəttinə aid boru çıxışlarının mövcud olması müəyyən edilmişdir.

40. Kollegiya Mənzil Məcəlləsinin 13.2 və 13.3-cü maddələrinin müddəalarını nəzərə alaraq qeyd edir ki, həmin normalara görə yaşayış evi fərdi müəyyən edilmiş ev, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa çıxışı olan strukturca ayrıca sahəsi kimi müəyyən edilmişdir. Yerli baxış zamanı müəyyən edilən xüsusatlar tikilinin daxili planlaşdırılmasının Mənzil Məcəlləsinin 13.3-cü maddəsində nəzərdə tutulan mənzil quruluşuna uyğun olduğunu göstərir.

41. Beləliklə, layihə sənədlərində hər mərtəbədə iki müstəqil mənzil olmaqla ümumilikdə 6 mənzilin nəzərdə tutulması, habelə tikilidə ümumi pilləkən qəfəsindən daxildə bir-biri ilə əlaqəsi olmayan ayrıca sahələrə müstəqil girişlərin mövcudluğu onun bir ailənin istifadəsi üçün nəzərdə tutulmuş fərdi yaşayış evi olmadığını göstərir. Hazırkı tikilinin layihə və faktiki planlaşdırma xüsusiyyətləri, yəni, tikilinin hər mərtəbəsində müstəqil yaşayış sahələrinin nəzərdə tutulması və həmin sahələrin ümumi pilləkən qəfəsi vasitəsilə əlaqələndirilməsi onun çoxmənzilli yaşayış binasına aid edilməsinə əsas verir.

42. Məlumatlandırma icraatı Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş parametrlərə uyğun fərdi yaşayış evlərinə tətbiq edilir. Mübahisəli tikili çoxmənzilli yaşayış binası olduğundan həmin maddədə fərdi yaşayış evləri üçün nəzərdə tutulmuş məlumatlandırma icraatının əhatəsinə düşmür. Buna görə də Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən həmin tikilinin tikintisinə icazə tələb olunur.

43. Mübahisəli tikili 2013-cü il ######ın #-dən sonra inşa edilmiş və tikintisinə icazə tələb olunan tikinti obyekti olduğundan, həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Mülki Məcəllənin 139-1.1.10.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddələrində nəzərdə tutulmuş sənədlər mövcud olmalıdır. Həmin normalara görə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənədlə yanaşı, tikintiyə icazə, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə dövlət qeydiyyatının aparılması üçün əsas təşkil edir.

44. Hazırkı işdə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi mövcuddur. Tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədləri isə iş materiallarında yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər məlumatlandırma icraatının tətbiq edildiyi fərdi yaşayış evinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş sənədlər olduğundan, çoxmənzilli yaşayış binasının xüsusiyyətlərini daşıyan tikilinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş sənədləri əvəz etmir.

45. Balakən RİH tərəfindən 2023-cü ildə tikinti niyyətinin fərdi yaşayış evi kimi Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi və həmin mərhələdə layihəyə irad bildirilməməsinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya icraatında həmin orqanın təqdim etdiyi məlumatlarla təsdiq edilmiş layihənin özündə hər mərtəbədə iki müstəqil mənzilin nəzərdə tutulması, tikilinin faktiki daxili quruluşunun isə layihədən fərqli şəkildə yerinə yetirilməsi müəyyən edilmişdir. Kollegiyanın ##.##.2026-cı il tarixdə keçirdiyi yerli baxış zamanı da tikilinin çoxmənzilli bina kimi xarakterizə edən əlamətlər müəyyən edilmişdir. Odur ki tikinti niyyətinin ilkin mərhələdə fərdi yaşayış evi kimi Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi mübahisəli tikilinin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması üçün hüquqi əsas yaratmır.

46. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının məlumatlandırma icraatına əməl etməklə fərdi yaşayış evi inşa etməsi və həmin tikili üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsi əsasında dövlət qeydiyyatına alınması ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

47. Buna görə məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar