Məhkəmə qərarları › İş №2-1(107)-692/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-692/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-692/2025 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X10 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “iddiaçıya məxsus evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə üçüncü şəxs X4 adına hazırlanmış plan-ölçü sənədinin ləğv edilməsi və Oğuz rayonu Kərimli kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0.71 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2- 1(116)-245/2025 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “iddiaçıya məxsus evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə üçüncü şəxs X4 adına hazırlanmış plan-ölçü sənədinin ləğv edilməsi və Oğuz rayonu Kərimli kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0.71 ha həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq Dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1435/2025 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-245/2025 nömrəli qərardadı ilə iddia tələbi “0.12 ha həyətyanı torpaq sahəsinə X4 adına hazırlanmış Torpaq sahəsinin plan-ölçüsü sənədinin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının Oğuz rayonu Kərimli kəndində fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi, həmin həyətyanı torpaq sahəsinə bitişik 0.59 ha bağı var.

5. İslahat zamanı onun və ailə üzvlərinin adına yazılmış torpaq sahəsindən həmin 0.59 ha bağ torpaq sahəsi çıxılmaqla cəmi 0.90 ha pay torpağına JN-455 KOD 40504018 saylı Dövlət Aktı hazırlanmışdır.

6. Lakin, fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə, həmin həyətyanı torpaq sahəsinə bitişik 0.59 hektar bağ torpağına onun və ailə üzvlərinin adına sənəd hazırlanmamışdır.

7. Məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsinə Oğuz rayonu Kərimli kənd sakini X4 adına sənəd hazırlanmışdır. X4 özünün yaşadığı evin torpaq sahələrinə isə mərhum atalarının adına sənəd var.

8. Xidmətdən göndərilmiş 8 oktyabr 2021-ci il tarixli **********30 nömrəli məktubda islahat zamanı adına 0.12 ha həyətyanı, 0.54 ha artıq torpaq sahəsinin qeyd edildiyi göstərilir. Hazırki iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

9. Cavabdeh etirazını iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedicı sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdimişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-245/2025 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Oğuz rayonu Kərimli kəndində yerləşən fərdi yaşayış evi üzərində X1, həmin evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi üzərində X2, X7 və X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

13. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi 0.59 ha torpaq sahəsinin (həyətyanı və ya çoxillik əkmələr, bağ sahəsi koteqoriyasından asılı olmayaraq) hüquqmüəyyənedici sənədinin olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddianın təmin olunan hissəsində 0.12 ha həyətyanı torpaq sahəsinin hüquqmüəyyənedici sənədi Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı olduğu kimi, 0.59 ha torpaq sahəsinə də mülkiyyət hüququnun qeydiyyata alınması üçün Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı əsasdır. Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanının 2.3 bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən Statistika Komitəsinin 28 avqust 2000-ci il tarixli Qərarına istinad edilərək çoxillik əkmələrin fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmadığı, faktiki olaraq zəbt torpaqlara aid edildiyi göstərilmişdir. Bundan başqa, onun mülkiyyətinə təsərrüfatında qeyd edilmiş həmin 0.59 ha torpaq sahəsi çıxılmaqla mülkiyyətinə 0.90 ha torpaq sahəsinə dövlət aktı verilmişdir. Torpaq islahatı zamanı Oğuz rayonu Kərimli kəndində adam başına düşən orta pay torpaq normasının 0.50 ha olduğunu və subyektlər siyahısında həmin 0.59 ha torpaq sahəsini onun adına yazıldığını nəzərə alaraq göstərilən torpaq sahəsinin də onun mülkiyyətinə verildiyi və qeydiyyata alınması üçün kifayət qədər əsas olduğu öz təsdiqini tapır. Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunmuş dəlil və sübutların heç birinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi 0.59 ha torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməməsi barədə səhv qənaətə gəlmişdir. Bu torpağa hüquqmüəyyənedici sənəd hazırlanmadığını və zəbt ərazi olmaqla bələdiyyə mülkiyyətinə saxlanıldığını qeyd etmişdir. Əslində isə bu həqiqətə uyğun deyil. Belə ki, islahat zamanı torpaq payı alacaq subyektlər siyahısında həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin adına qeyd edilməklə Aqrar İslahat Komissiyasının qərarı ilə onların mülkiyyətinə verilmişdir. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız cavabdehin formal mülahizələri ilə əsaslandırılır. Eyni zamanda məhkəmə iddianın təmin olunan hissəsi ilə təmin olunmayan hissəsi arasında əsaslı fərq olmadığına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi etirazın dəlilləri ilə kifayətlənmiş, onun əlavə dəlil və sübutlarını təqdim etməsi üçün şərait yaratmamışdır. Bundan başqa məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, iddiaçıya yardım göstərməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-245/2025 nömrəli qərarının qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-245/2025 nömrəli qərarının qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 130 nömrəli arxiv arayışı və ona əlavə edilmiş Oğuz rayonunun Kərimli kəndində torpaq sahəsi ayrılan subyektlərin siyahısından iddiaçının ad qeyd edilən hissədən çıxarış;

3. A 085230 nömrəli torpaq sahəsinin plan-ölçü sənədinin təsdiq edilmiş surəti;

4. Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 68 saylı qərarının təsdiq edilmiş surəti.

5. "xxxx" MMC-nin xx.xx.2024-ci il tarixli məktubu və ona əlavə edilmiş Oğuz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 68 saylı qərarından çıxarışların təsdiq olunmuş surətləri;

6. Oğuz rayon Dövlət Arxivinin xx.xx.2024-ci il tarixli məktubuna əlavə edilmiş Oğuz rayonunun Kərimli kənd İcra Nümayəndəliyinin 1995-2010-cu illərə dair Təsərrüfatbaşına kitablarından X1 və X4 şəxsi təsərrüfatından ksero surət;

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-2622/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.3-cü bəndinə əsasən, 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar qeydiyyat üçün əsas hesab edilir.

22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

24. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, habelə iddia olunan torpaq sahəsinə dair “təsərrüfatbaşına kitablardan çıxarış” iddia olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ yaratmadığından cavabdeh orqan iddiaçının müraciətinin həmin hissədə təmin edilməsindən imtina etməkdə əsaslı olmuşdur. Oğuz Rayon Dövlət Arxivinin təqdim etdiyi təsərrüfatbaşına kitabdan çıxarışlardan iddiaçının və təsərrüfatının istifadəsində 0,90 ha torpaq sahəsi olduğu görünür. Bunun 0,59 ha çoxillik əkmələrə aid edilmişdir. İddia tələbinin ikinci hissəsinin əsassız olduğu hissə məhz 0,59 hektara münasibətdədir. Çünki Statistika Komitəsinin 28 avqust 2000-ci il tarixli qərarı ilə çoxillik əkmələr fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan faktiki olaraq zəbt torpaqlara aid edilir. Ona görə də fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə 0,59 ha torpaq sahəsi də, yəni ümumilikdə 0,71 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi qeydiyyata alınması qanunvericiliyin tələbinə ziddir.

31. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, islahat zamanı torpaq payı alacaq subyektlər siyahısında həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinin adına qeyd edilməklə Aqrar İslahat Komissiyasının qərarı ilə onların mülkiyyətinə verilmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin iddia tələbinin 0.59 ha torpaq sahəsinə dair təmin edilməyən hissəsində hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İş materiallarına əlavə edilmiş Oğuz rayonu Kərimli kənd İcra Nümayəndəliyinin 1995-2010-cu illərə dair Təsərrüfatbaşına kitablarından X1 şəxsi təsərrüfatına aid hissədən görünür ki, iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin ümumi ölçüsü 0,90 ha olmuş, onun 0,59 ha hissəsi çoxillik əkmələr üçün nəzərdə tutulmuşdur.

34. Bununla yanaşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli 3-21-3-42/2-2622/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,99 hektar torpaq sahəsi, Oğuz rayonu Kərimli kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. X6 X8 (TEKUİS) əsasən isə sözügedən torpaq sahəsi, Oğuz rayon Kərimli kəndi ərazisində kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı olmaqla bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir.

35. Göründüyü kimi iş materialları ilə də təsdiq olunur ki, mübahisə predmeti olan 0.59 ha torpaq sahəsi Oğuz rayonu Kərimli kənd İcra Nümayəndəliyinin 1995-2010-cu illərə dair Təsərrüfatbaşına kitablardan çıxarışa əsasən iddiaçıya verilmiş 0.12 ha torpaq sahəsi ilə vahid torpaq sahəsini təşkil edir. Həmin torpaq sahəsində fındıq ağacları əkilmişdir. Baxmayaraq ki Oğuz rayonu Kərimli kənd İcra Nümayəndəliyinin 1995-2010-cu illərə dair Təsərrüfatbaşına kitablarından çıxarışda qeyd olunan torpaq sahəsi çoxillik əkmələr kimi göstərilsə də cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə həmin torpaq sahəsinin kateqoriyasının həyətyanı topraq sahəsi olması öz təsdiqini tapmışdır.

36. Bununla bağlı qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanına əsasən, daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar da aid olduğundan, təsərrüfatbaşına kitablardan çıxarışlar həmin əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edildiyindən, Oğuz rayonu Kərimli kənd İcra Nümayəndəliyinin 1995-2010-cu illərə dair Təsərrüfatbaşına kitablarından çıxarış da mübahisə predmeti olan 0.59 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.

37. Belə olan halda iddiaçının 0,59 ha torpaq sahəsinə aid hissədə tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

38. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən Oğuz rayonu Kərimli kənd İcra Nümayəndəliyinin 1995-2010-cu illərə dair Təsərrüfatbaşına kitablarında iddiaçının adına torpağın verilməsi barədə məlumatın olub-olmaması barədə lazımi qaydada araşdırılma aparılmadan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, bununla da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə əsasən, mübahisəli 0.59 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə əsas olan hallar mövcud olduğundan cavabdehin iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər barədə tam və hərtərəfli araşdırma aparılmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci, 48-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən qismən, iddia tələbinin 0.59 ha torpaq sahəsinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, Oğuz rayonu Kərimli kəndində yerləşən 0.59 ha həyətyanı torpaq sahəsi üzərində X2, X7 və X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-245/2025 nömrəli qərarı qismən, iddia tələbinin 0.59 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə Oğuz rayonu Kərimli kəndində yerləşən 0.59 ha həyətyanı torpaq sahəsi üzərində X2, X7 və X3 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulsun. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli 2-1(116)-245/2025 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar