Məhkəmə qərarları › İş №2-1(107)-694/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-694/2025

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 2-1(107)-694/2025 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə satılmış 0.50 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın Tərəf olmayan şəxs məxsusluğu barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə satılmış 0.50 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın Tərəf olmayan şəxs mülkiyyətinə verilməsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin ##.##.2023-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Qəbələ Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Tərəf olmayan şəxs Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı iclas protokolunun qərarı ilə 0.50 ha torpaq sahəsi ayılmışdır. İddiaçı vərəsə kimi müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

4. Cavabdeh orqan iddia tələbinə etirazını Qəbələ Bələdiyyəsinin Tərəf olmayan şəxs 0.50 ha torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli ** saylı qərarının qanunvericilik aktlarının tələblərinə cavab verməməsi ilə əsaslandırmışdır.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qəbələ Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** nömrəli arayışı; - Qəbələ Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubu; - cavabdehin ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli məktubları və ona əlavə olunmuş mütəxəssis rəyləri.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ####### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı iclas protokolunun qərarına əsasən Tərəf olmayan şəxs ayrılmış 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum Tərəf olmayan şəxs məxsus olması baradə daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı iclas protokolunun qərarı əsasında iddiaçının ərinə 0.50 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun və ailəsinin faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən bələdiyyənin arayışı ilə də təsdiq edilir. - Cavabdehin iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, Qəbələ Bələdiyyəsinin 0.50 ha torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli ** saylı qərarı qanunvericilik aktlarının tələblərinə cavab vermir. Cavabdeh bələdiyyənin 0,50 ha torpaq sahəsinin ayrılmasına dair səlahiyyətli olmadığı qənaətinə gəlmişdir. - Lakin, məhkəmə həmin dəlili qismən əsassız hesab etmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə və həmin dövrün inzibati praktikasına əsasən iddiaçının ərinə satılmışdır. - Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı iclas protokolunun qərarına əsasən Tərəf olmayan şəxs 0,50 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Məhkəmə hesab etmişdir ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması zamanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: - 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; - 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; - Hazırda iddia olunan torpaq sahəsi Qəbələ şəhərində yerləşdiyindən torpaq sahəsinin ayrılma həddi qanunla 0,08 ha həddində məhdudlaşdırılmışdır. Yəni, bələdiyyə 0,50 ha torpaq sahəsini ayırmaq səlahiyyəti olmamışdır. Lakin, mövcud məhkəmə təcrübəsi və inzibati praktikaya əsasən 0,12 ha həddində torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınması təmin edilir. - Qanunverici bu məhdudiyyəti tətbiq etməklə torpaq sahəsinin ayrılmasının səmərəli təşkil edilməsi, bələdiyyə orqanları tərəfindən torpaq ehtiyatından istifadənin insan faktorunu nəzərə almaqla tənzimlənməsinin zəruriliyini nəzərə almışdır. Digər tərəfdən konkret ərazilər üzrə fərqli ölçü məhdudiyyətinin tətbiqi həmin ərazi üzrə ehtiyat torpaq fondu və əhalinin say, eləcə də artım nisbəti fonunda həyata keçirilmişdir. Bu zaman fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsünün ayrılma məqsədinə uyğunluğu qiymətləndirilmişdir. - Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı iclas protokolunun qərarına əsasən iddiaçıya ayrılmış mülkiyyət hüququnun Tərəf olmayan şəxs məxsus olması baradə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi qoyulmalıdır.

8. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil İlham oğlu həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(***)-***/**** nömrəli iş üzrə cavabdeh Cavabdeh PHŞ-nin * saylı Qəbələ Ərazi İdarəsi – prossesual hüquq varisi Cavabdeh PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə əsaslıdır və bu səbəbdən də təmin olunmalıdır. İddiaçı torpaq sahəsini 17 ildir ki maneəsiz, şəksiz istifadə edir və bu müddət ərzində hər hansı hüquq mühafizə, icra, dövlət orqanı tərəfindən fəaliyyətin qanunsuz olması barədə xəbərdar edilməmişdir. Belə ki, həmin əmlakı dövlət orqanının, yəni DT və XK-nin Qəbələ Rayon Şöbəsi və Qəbələ Bələdiyyəsinin razılığı və qərarı nəticəsində, müvafiq qaydada pul ödəyərək, ciddi maliyyəmühasibatlıq sənədi olan kassa mədaxil orderi almaqla alğı-satqı yolu ilə əldə etmişdir. Bu zaman bir vətəndaş olaraq dövlət orqanının verdiyi sənədə inanmış, güvənmiş və etimad göstərmişdir. Həmçinin DT və XK-nin Qəbələ Rayon Şöbəsi tərəfindən ##.##.2008-ci il tarixli, A №****** nömrəli torpaq sahəsinin plan və ölçüsü (Kadastr) tərtib edilərək rəsmi qaydada təsdiq edilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi çıxış etməklə, onun tərəfindən həmin torpaq sahəsinin ayrılmasının məqəsədmüvafiq hesab edilməsi barədə rəy qəbul edilmiş və həmin rəy hazırda qüvvədə olmaqla, ləğv edilməmiş, dəyişdirilməmişdir - Nəticə etibarı ilə bələdiyyənin hansı ölçüdə və həcmdə torpaq sahəsi ayırmaq səlahiyyətinin olması vətəndaşa məlum olmamış, şəxs hər hansı səlahiyyətli dövlət orqanı və ya inzibati orqan tərfindən torpaq sahəsinin ayrılma həddi ilə bağlı ümumiyyətlə məlumatlandırılmamışdır. Həmçinin torpaq sahəsinə görə ödənilən məbləğdən də göründüyü kimi, vətəndaş 0,12 ha deyil, məhz 0,50 ha torpaq sahəsinin dəyərini ödəmiş və uzun müddətdir ki, vahid (bir) əmlak kimi əqd bağlayaraq torpaq sahəsinə sahiblik etmişdir. Bu mənada şəxsdə bələdiyyə qərarının legitimizsizliyi ilə bağlı hər hansı şübhə ola bilməzdi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 55. torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Maddə 66. 1-ci hissə. bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Maddə 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

21. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25- 1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

23. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

24. Birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın “iddia tələbinin rədd olunması” hissəsi üzrə nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. İş materiallarından görünür ki, iddiaçının hazırkı mübahisə üzrə hüquqi marağı Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə satılmış 0.50 ha torpaq sahəsindən ibarət olan daşınmaz əmlakın Tərəf olmayan şəxs məxsusluğu barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçı İddiaçı verilməsinə nail olmaqdan ibarətdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edildiyindən apellyasiya icraatında iddiaçı tərəfin hüquqi marağı Qəbələ Bələdiyyəsinin ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə satılmış 0.50 ha torpaq sahəsinin qərarla təmin olunmayan 0.38 ha hissəsinə dair də daşınmaz əmlakın dövlət reyestrindən arayışın iddiaçı İddiaçı verilməsindən ibarətdir.

29. İddiaçı apellyasiya şikayətinin ilk dəlili olaraq qeyd etmişdir ki, iddiaçı torpaq sahəsini 17 ildir ki maneəsiz, şəksiz istifadə edir və bu müddət ərzində hər hansı hüquq mühafizə, icra, dövlət orqanı tərəfindən fəaliyyətin qanunsuz olması barədə xəbərdar edilməmişdir. Belə ki, həmin əmlakı dövlət orqanının, yəni DT və XK-nin Qəbələ Rayon Şöbəsi və Qəbələ Bələdiyyəsinin razılığı və qərarı nəticəsində, müvafiq qaydada pul ödəyərək, ciddi maliyyəmühasibatlıq sənədi olan kassa mədaxil orderi almaqla alğı-satqı yolu ilə əldə etmişdir. Bu zaman bir vətəndaş olaraq dövlət orqanının verdiyi sənədə inanmış, güvənmiş və etimad göstərmişdir.

30. Həmçinin torpaq sahəsinə görə ödənilən məbləğdən də göründüyü kimi, iddiaçının mərhum əri 0,12 ha deyil, məhz 0,50 ha torpaq sahəsinin dəyərini ödəmiş və uzun müddətdir ki, vahid (bir) əmlak kimi əqd bağlayaraq torpaq sahəsinə sahiblik etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

32. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25- 1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

33. Göründüyü kimi bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

34. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpağın ayrılması üçün isə hərrac və ya müsabiqə keçirilməsi tələb olunmur. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən bilavasitə satıla bilər.

35. İş materiallarından müəyyən edilir ki, Qəbələ Bələdiyyəsinin ## ###### 2008-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya Qəbələ şəhəri ərazisindən 0.50 ha torpaq sahəsinin satılması qərara alınmış, bu satış isə hər hansı hərrac və ya müsabiqə olmadan həyata keçirilmişdir. (## ###### 2007-ci il tarixinədək hərrac və ya müsabiqə olmadan satıla bilərdi).

36. Qeyd olunan qərarda göstərilmişdir ki, Qəbələ rayonu Qəbələ şəhər Bələdiyyəsinin Perspektiv İnkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Bakı şəhər sakini Tərəf olmayan şəxs şəhər ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.50 hektar həyətyanı torpaq sahəsinin satılması barədə sənədlər nəzərə alınsın, Bakı şəhər sakini Tərəf olmayan şəxs Qəbələ Bələdiyyəsinin ərazisində bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.50 hektar həyətyanı torpaq sahəsi satılsın.

37. Həmçinin, Qəbələ Bələdiyyəsi iddiaçıya mübahisəli torpaq sahəsinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi yaşayış evinin tikintisi üçün satıldığını qeyd etsə də, bu qənaətə hansı əsasla gəldiyi bələdiyyə tərəfindən qərarda əsaslandırılmamışdır.

38. İş materiallarından mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı dövrdə iddiaçının müvafiq bələdiyyənin ərazisində daimi yaşaması və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması müəyyən edilmir.

39. Belə ki, iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan da göründüyü kimi, Tərəf olmayan şəxs ##.##.1957-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, ##.##.2005-ci il tarixdə və ##.##.2010-cu il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış, Qəbələ Bələdiyyəsinin ## ###### 2008-ci il tarixli, ** saylı qərarı ilə ona ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmadığı halda bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 0,50 ha torpaq sahəsi satılmış və bununla da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələbləri pozulmuşdur.

40. Göründüyü kimi Tərəf olmayan şəxs Qəbələ Bələdiyyəsinin ## ###### 2008-ci il tarixli, ** saylı qərarı ilə ona bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 0,50 ha torpaq sahəsi satılanadək həmin bələdiyyənin ərazisində ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması öz təsdiqini tapmır.

41. İş materiallarına əlavə edilmiş torpaqların alqı-satqısına dair aktdan da görünür ki, qeyd olunan akt DT və XK-nin Qəbələ Rayon Şöbəsi və Qəbələ Bələdiyyəsinin nümayəndələri tərəfindən imzalansa da, Tərəf olmayan şəxs tərəfindən imzalanmamışdır.

42. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqısı Qaydalarının 8-ci bəndinə əsasən torpaq sahələrinin alqı-satqısı aşağıdakı qaydada həyata keçirilir: ... - Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddia tərəfinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar (etibarlı hüquqmüəyyənedici sənəd) mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

44. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

45. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair ##.##.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

46. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mərhum ərinə məxsus olması barədə arayış verilməklə mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

47. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın tam təmin edilməsinin əsası kimi qəbul etmir.

48. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən hissədə iddiaçının tələbindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar