Məhkəmə qərarları › İş №2-1(107)-695/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-695/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-695/2025 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ya qarşı “0,05 ha həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(116)-600/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. İddiaçı cavabdehə ərizəsi ilə müraciət edərək, İddiaçı vərəsəsi olduğu X6 məxsus olmuş ünvan 1i ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə “hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış”ın verilməsini xahiş etmişdir.

2. Cavabdeh orqan 12 yanvar 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinanı naturada göstərilmiş torpaq sahəsinin DWG xəritələrində JN-1254 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə əsasən başqa şəxsə mənsub olması ilə əsaslandırmışdırlar.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə əsasən iddiaçının atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş, ondan qalan mirasın qəbulu ila bağlı X15 Xidmət Mərkəzinə müraciət etmişdir. Həmin torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi barədə müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. İmtina məktubunda iddia olunan torpaq sahəsinin DWG xəritələrində JN-1254 nömrəli Şəhadətnaməyə əsasən başqa şəxsə məxsus olduğu bildirilmişdir.

5. Cavabdeh imtinasını iddia olunan torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə əsaslandırmışdır.

6. Şəki İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli 2-1(116)-600/2025 nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyi tələb edilmişdir. Təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, X2 xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçının nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi iddiaçı tərəfindən faktiki olaraq istifadə olunmur və iddiaçının nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. İddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.10 ha olmaqla ünvan 1inin inzibati ərazi dairəsinin hüdudları daxilində X8 və onun ailə üzvlərinin hüquqları dövlət reyestrində qeydiyyata alınaraq **********17 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi və faktiki istifadəçisi X7 və onun ailə üzvləridir. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi ünvan 1inin inzibati ərazi dairəsinin hüdudları daxilində X8 və onun ailə üzvlərinin hüquqları dövlət reyestrində qeydiyyata alınmış **********17 reyestr nömrəli çıxarışda göstərilən 0.0971 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində fərdi yaşayış evi inşa olunmamışdır. Təqdim olunan mütəxəssis rəyinə əlavəyə əsasən müəyyən edilmişdir ki, X5 iddia olunan torpaq sahəsinə reyestrdən Çıxarışı var. X6 verilmiş torpaq sahəsinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin təqdim etdiyi sənədlərdə koordinatların olmadığından müəyyən etmək mümkün deyil. Göründüyü kimi iddiaçının hüquqi marağı Balakən rayonu Qullar kəndi H.Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsindən ibarətdir. Həmin torpaq sahəsi X8 və qeyrilərinin adına dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********17 olan çıxarışın koordinatları ilə üst-üstdə düşür. Həmin Çıxarış isə Balakən RAİK-in xx.xx.1998-ci il tarixli qərarına əsasən verilmiş JN1254 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir. İddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım qaydasında izah edilmişdir ki, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı arzulanan nəticəyə nail olmaq üçün ilk növbədə **********17 qeydiyyat nömrəli çıxarış və onun ilkin hüquqmüəyyənedici sənədi mübahisələndirilə bilər. X3 Nəsibov adına Kolxozun xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə ayrılmış 0.05 ha torpaq sahəsinin koordinatları müəyyən edilməsə də, hazırda iddia olunan torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcuddur.

8. İddiaçının nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış və şikayətdə maddi hüquq normaları sadalanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(107)-695/2025 nömrəli qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquqi varisi “Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq:

12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

19. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. İş materiallarında olan X16 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Balakən rayonu Qullar kənd H.Nəsibov adına kolxozun xx.xx.1980-ci il tarixli, 04 nömrəli ümumi iclas protokoluna əsasən X6 0,05 ha torpaq sahəsi verilmişdir.

21. İş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, X2 xx.xx.1980-cı il tarixli 4№-li iclasının qərarı ilə verilmiş 0.05 ha torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətində olan **********17 reyestr nömrəli çıxarışda göstərilən 0.0971 ha torpaq sahəsi ilə üst-üstə düşür.

22. Məhkəmə kollegiyasının sorğusuna əsasən DƏDKR PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş iddia olunan torpaq sahəsinin, JN-1254 saylı Dövlət Aktının 1254K planşetində göstərilmiş 971.30 kv.m torpaq sahəsinin DWJ və TEKUİS-də yerləşmə vəziyyəti, o cümlədən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın elektron bazada yerləşmə vəziyyətinə dair ortofoto xəritəsindən çıxarışdan görünür ki, **********17 reyestr nömrəli Çıxarışa əsasən X8 və qeyrilərinin adına dövlət reyestrində qeydiyyata alınmış 0,0971 ha torpaq sahəsi, JN-1254 saylı Dövlət Aktının 1254K cizgisində göstərilmiş 971.30 kv.m torpaq sahəsi və iddiaçının iddia etdiyi 0,05 ha torpaq sahələri faktiki olaraq üst-üstə düşür. Eyni zamanda TEKUİS məlumat bazasına əsasən JN-1254 saylı Dövlət Aktının 1254K planşetində göstərilmiş 971.30 kv.m torpaq sahəsi iddia olunan torpaq sahəsinə bitişik başqa ərazidə yerləşir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia olunan 0,05 ha torpaq sahəsinin üst-üstə düşdüyü **********17 reyestr nömrəli çıxarış Balakən RAİK-in xx.xx.1998-ci il tarixli qərarına əsasən verilmiş JN1254 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmişdir. TEKUİS məlumat bazasına əsasən JN-1254 saylı Dövlət Aktının 1254K planşetində göstərilmiş 971.30 kv.m torpaq sahəsi iddia olunan torpaq sahəsinə bitişik başqa ərazidə yerləşsə də, faktiki olaraq iddia olunan torpaq sahəsi ilə üst-üstə düşən **********17 reyestr nömrəli çıxarış JN-1254 saylı Dövlət Aktının 1254K planşetinin TEKUİS-dəki yerinə uyğunlaşdırılmamışdır və məhz iddia olunan torpaq sahəsinə aiddir.

24. Odur ki, hazırkı mərhələdə iddia olunan torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınmış hüquq mövcud olduğundan mübahisəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymətin verilməsi mümkün deyildir.

25. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı, tələbini - “mərhum X4 mülkiyyətinə verilmiş 0.05 ha həyatyanı torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə etsə də, nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

26. Odur ki, tələbin “mərhum X1 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı hissəsi hər bir halda mümkünsüzdür. Faktiki olaraq iddiaçı, cavabdeh orqandan qanunvericiliklə onun səlahiyyətinə aid edilməyən məsələnin həllini tələb edir.

27. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 08 oktyabr 2025-ci il tarixli, 2-1(116)-600/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar