Məhkəmə qərarları › İş №2-1(107)-696/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-696/2025

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-696/2025 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İsmayılova Xaccey Hacı qızının və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İsmayılova Xaccey Hacı qızının cavabdeh Cavabdeh qarşı “hüququnun yarandığı tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının əri məhrum İsmayılov Əhməd Abdurəhim oğlunun hərbi xidmətdə olduğu ##.##.1978- ##.##.1980 və işlədiyi ##.##.1980-##.##.1996-cı illərini də sığorta stajı kimi nəzərə alaraq iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, hüququnun yarandığı tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Məhkəmənin iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri, İsmayılov Əhməd Abdurəhim oğlu ## ###### 2023-cü il tarixdə vəfat etmiş, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Tələb olunan sənədlərlə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdehə təqdim etdiyi sənədlər əsasında mərhum ərinin 18 il ildən çox ümumi sığorta stajı vardır. Belə ki, mərhum əri ## ### 1978-ci ildən ## #### 1980-cı il tarixədək Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, ## ###### 1980-cı ildən 1996-cı ilin dekabr ayınadək Zaqatala şəhər İctimai İaşə birliyində işləmişdir. Onun iş stajı arxivdən verilmiş arayışlarla təsdiq olunur. Lakin, cavabdeh təşkilat iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh pensiya təyin etməkdən imtinanın səbəbini mərhum ərinin stajının qanunla tələb olunan 16 il 4 aydan az olması ilə izah etmiş, ərinin stajını 13 il 7 ay 11 gün hesablamışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən iddiaçının mərhum həyat yoldaşı Ə.İsmayılovun sığorta stajı qanunvericiliklə tələb olunan (16 il 04 ay) stajdan az olduğundan (13 il 7 ay 11 gün) iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilir ki, iddiaçı X.İsmayılova tərəfindən təqdim edilən sənədlərə, eyni zamanda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışı və X6 ##.##.2023-cü il tarixli 3-48-47RA/2/İ-42/1496/2023 nömrəli əmək haqqı arayışına əsasən iddiaçının mərhum əri Ə.İsmayılovun Zaqatala rayon İctimai-İaşə Birliyindəki əmək fəaliyyəti dövründə əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla ümumi 13 il 7 ay 11 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir ki, bu da qanunvericiliklə tələb olunan müddətdən (16 il 4 ay) azdır. ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmət dövrü; ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək əmək fəaliyyəti dövrü; ##.##.1984-cü il tarixdən ##.##.1984-cü il tarixədək əmək fəaliyyəti dövrü; ##.##.1988-ci il tarixdən ##.##.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü; ##.##.1989-cu il tarixdən ##.##.1994-cü il tarixədək əmək fəaliyyəti dövrü; ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü; ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü; ##.##.1996-cı il tarixdən ##.##.1996cı il tarixədək əmək fəaliyyəti dövrü. Əlavə olaraq bildirilir ki, sözügedən arxiv arayışına əsasən 1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci il üzrə əmək haqqı kitabları Zaqatala rayon Dövlət Arxivində saxlanılmadığından həmin illərin mübahisələndirilən dövr kimi sosial sığorta stajna daxil edilməsi mümkün olmamışdır.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - X-İK 545310 ölüm haqqında Şəhadətnamə; - AZ-İ 894688 nikah haqqında şəhadətnamə; - AZE 0936372, AZE 17716690 seriya nömrəli şəxsiyyət vəsiqələri; - AR SHXÇDX Zaqatala rayon şöbəsinin ##.##.2024-cü il tarixli *** nömrəli Arayışı; - Zaqatala Rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli Arxiv arayışları; - Cavabdehin etiraz məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ######## 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İsmayılova Xaccey Hacı qızının hüququnun yarandığı tarixdən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. - İddiaçının mərhum əri İsmayılov Əhməd Abdurəhim oğlu ##.##.1959-cu ildə doğulmuş, ##.##.2023-cü ildə ölmüşdür. Onun öləndə 64 yaşı tamam olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 16 il 4 ay stajının olması kifayət edir. (64-15=49, 49*4/12=16 il 4 ay). - İddiaçı ##.##.1960-ci il tarixdə doğulduğundan onun ##.##.2024-cü il tarixində 63 yaş 6 ayı tamam olmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası deyil, yaşa görə sosial müavinət təyin edildiyindən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ ##.##.2024-cü il tarixində yaranmışdır. - Cavabdeh inzibati orqan iddiaçının mərhum ərinə münasibətdə 1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci il üzrə əmək haqqı kitablarının Zaqatala rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən həmin illəri sosial sığorta stajına daxil etməmişdir. - Məhkəmə cavabdehin imtinasının dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, İsmayılov Əhməd Abdurəhim oğlu ## ###### 1980-ci il tarixli əmrlə Zaqatala İctimai İaşə Birliyində aşpaz vəzifəsinə təyin edilmiş, 1996-cı ilin dekabr ayınadək həmin müəssisədə işləmişdir. Mübahisələndirilən dövrdə, yəni 1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci illərdə Ə.İsmayılovun həmin müəssisədə əmək fəaliyyətinin dayandırılması, işdən azad olunması ilə bağlı hər hansı əmr mövcud deyildir. Qeyd olunan dövrə aid əmək haqqı kitablarının Zaqatala rayon Dövlət Arxivində mövcud olub-olmamasının şəxsin əmək fəaliyyətinə şübhə ilə yanaşılması əsassızdır. - Belə ki, təqdim edilən arxiv sənədlərindən görünür ki, Zaqatala İctimai İaşə Birliyinə aid 1981-ci ildən 1996-cı ilin sonunadək olan müxtəlif illərə aid əmək haqqı cədvəllərində Ə.İsmayılovun əmək haqqı alması barədə məlumat mövcuddur. Hazırkı mübahisələndirilən dövrə aid sənədlər isə ümumiyyətlə arxivdə mövcud deyildir. Bu isə iddiaçının mərhum ərinin vəzifəsi olmadığından iddiaçının ziyanına şərh edilməməlidir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Ə.İsmayılovun tələb olunan 16 il 4 aydan artıq sosial sığorta stajı mövcuddur.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqanın apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Arxiv arayışına əsasən 1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci il üzrə əmək haqqı kitabları Zaqatala rayon Dövlət Arxivində saxlanılmadığından həmin illərin mübahisələndirilən dövr kimi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, mərhum Ə.İsmayılovun işlədiyi dövrlərə münasibətdə Zaqatala rayon İctimai-İaşə Birliyi tərəfindən əməkhaqqı verilmədiyi halda, həmin dövrlərin iş stajına daxil edilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının işlədiyi dövrlər üzrə əməkhaqqı aldığını təsdiq edən sənəd olmadığından onun xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi müəyyən edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılova Xaccey Hacı qızı izahat verərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 4.1. bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4. ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 14.1. vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Maddə 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 32.3. ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının Zaqatala rayon İctimai-İaşə Birliyində aşpaz işlədiyi 1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci il üzrə əmək haqqı kitabları Zaqatala rayon Dövlət Arxivində saxlanılmadığından həmin illərin mübahisələndirilən dövr kimi sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Əlavə olaraq Kollegiya, cavabdehin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə arxiv arayışında və Zaqatala şəhər İctimai İaşə birliyinin əmrdən çıxarışında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı göstərilən qeydlər mötəbər hesab olunur.

26. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Zaqatala şəhər İctimai İaşə birliyinin ## ###### 1980-cı il tarixli *** nömrəli əmrindən görünür ki, iddiaçı ## ###### 1980-cı il tarixdən park yeməkxanasına IV dərəcə aşpaz-bufetçi vəzifəsinə təyin edilmişdir, onun işdən çıxma əmri əmr kitablarında aşkar edilməmiş, lakin həmin idarənin fəhlə və qulluqçularına əmək haqqının hesablanması kitablarında 1996-cı ilin dekabr ayı da daxil olmaqla əmək haqqı barədə qeydiyyat vardır. Odur ki, qeyd edilən tarixlərdə əmək fəaliyyətinin olması sübuta yetirilir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ## ###### 1980-cı il tarixdən dekabr 1996-cı il tarixinədək Zaqatala şəhər İctimai İaşə birliyində aşpaz-bufetçi işlədiyini təsdiq edən sənədlər mövcuddur. Bu sənədlər iddiaçının rəsmi işlə təmin edildiyini sübut edir.

28. Məhkəmə kollegiyası tərəfindən də şikayətin dəlillərinin araşdırılması məqsədi ilə Zaqatala rayon Dövlət Arxivinə sorğu verilərək Zaqatala rayon Dövlət Arxiv İdarəsinin təqdim etdiyi arxiv arayışının tərtib edilməsinə əsas olan iddiaçının mərhum ərinə münasibətdə əmək haqqının hesablanması kitablarından çıxarışlar tələb edilərək öyrənilmişdir.

29. Müəyyən edilmişdir ki, iddiaçının ərinin cavabdeh orqan tərəfindən mübahisələndirilməyən işlədiyi dövrlər üzrə ilin ilk günündən son gününədək əmək haqqı hesablanması qeyd edilmiş, lakin mübahisələndirilən dövrlər üzrə (1983-cü il, 1985-ci il, 1986cı il və 1987-ci il) Zaqatala şəhər İctimai İaşə birliyinin ümumiyyətlə əmək haqqı kitabları aşkar edilməmişdir. Bu isə iddiaçının mərhum ərinin vəzifəsi olmadığından iddiaçının ziyanına şərh edilməməlidir.

30. Həmçinin, Kollegiya tərəfindən bütöv il üzrə əmək haqqının hesablanması barədə İdarənin əmək haqqı kitablarının arxivdə olmaması iddiaçıya qarşı şübhələri aradan qaldıran hal kimi qiymətləndirilir.

31. Göründüyü ki, iddiaçının əri ilə yanaşı həmin Birlikdə işləmiş digər şəxslərə münasibətdə də mübahisələndirilən illərə dair əmək haqqının hesablanması barədə kitablar aşkar edilməmişdir.(Mübahisələndirilməyən illərə münasibətdə iddiaçının mərhum əri ilə yanaşı həmin Birlikdə işləyən digər şəxslərin də əmək haqqı almaları öz təsdiqini tapır). Əgər mübahisələndirilən illərdə digər şəxslərə münasibətdə əmək haqqı hesablanmış olsa idi, iddiaçının mərhum ərinin adı həmin siyahıda olmamış olsaydı, onda Kollegiya tərəfindən qeyd olunan xüsusat əsas götürülə bilərdi. Lakin həmin dövrlər üzrə (1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci il) İdarənin ümumiyyətlə əmək haqqının hesablanması barədə kitablarının aşkar edilməməsi iddiaçının hüququnun məhdudlaşdırılması üçün əsas deyil. İddiaçının, əmək haqqının hesablanması barədə kitabların Arxivə verilməsini təmin etmək kimi öhdəliyi olmamışdır. Odur ki, hər hansı bir işçinin dövlət müəssisəsində çalışarkən əmək haqqı almadan işləməsi ağlabatan hesab edilə bilməz.

32. O da qeyd olunmalıdır ki, iddiaçının mərhum ərinin mübahisələndirilən dövrdə əməkhaqqı alıb-almamasının müəyyənləşdirilməsinin mümkün olmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

33. Bunun əksinə dair, yəni iddiaçının mərhum ərinin qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinə, həmçinin iddiaçının təqdim etdiyi arayışdakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

34. Göründüyü kimi, İsmayılov Əhməd Abdurəhim oğlu ## ###### 1980-ci il tarixli əmrlə Zaqatala İctimai İaşə Birliyində aşpaz vəzifəsinə təyin edilmiş, 1996-cı ilin dekabr ayınadək həmin müəssisədə işləmişdir. Mübahisələndirilən dövrdə, yəni 1983-cü il, 1985-ci il, 1986-cı il və 1987-ci illərdə Ə.İsmayılovun həmin müəssisədə əmək fəaliyyətinin dayandırılması, işdən azad olunması ilə bağlı hər hansı əmr mövcud deyildir. Qeyd olunan dövrə aid əmək haqqı kitablarının Zaqatala rayon Dövlət Arxivində mövcud olub-olmamasının şəxsin əmək fəaliyyətinə şübhə ilə yanaşılması əsassızdır.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

36. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

37. Göründüyü kimi, iş materialları iddiaçının mərhum ərinin qeyd olunan işdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçıya həqiqətən hüququnun yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.

38. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17ci maddələri).

40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar