Məhkəmə qərarları › İş №2-1(107)-7/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-7/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-7/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı X3 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri Qəzli kənd ərazisində yerləşən, faktiki istifadəsində olan 0,12 torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2- 1(116)-473/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X9 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı şəhəri Qəzli kənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın reyestrində X3 adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında, tələbini dəqiqləşdirərək “İsmayıllı şəhəri Qəzli kənd ərazisində yerləşən, faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün İsmayıllı rayon Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi satılmış və iddiaçı tərəfindən satılan torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Həmçinin satılan torpaq sahəsinə dair torpağın alqı-satqısına dair akt tərtib edilmiş, torpaq sahəsinin planı və ölçüsü DT və XK tərəfindən dövlət torpaq kadastrı kitabında xx.xx.2004-cü il tarixdə 503 nömrə ilə uçota alınmışdır. İddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 0,12 ha torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron DWJ baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin bir hissəsi (0,0826 ha) yaşayış məntəqələri torpaqlarından kənarda yerləşir. Faktiki torpaq sahəsi həm sənəd üzrə, həm də baza xəritəsi üzrə başqa vətəndaşın mülkiyyəti ilə üst-üstə düşür. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 23 saylı iclas protokolunun qərarından çıxarışdan, xx.xx.2004-cü il tarixli Torpaqların alqı-satqısına dair aktdan və xx.xx.2006-cı il tarixli ödəniş qəbzindən görünür ki, bələdiyyə mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, iddiaçı tərəfindən satılan torpağın dəyəri Mican Bələdiyyəsinin hesabına ödənilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx.xx.2004-cü il tarixli rəyindən görünür ki, İsmayıllı rayonu Mincan kənd sakini İddiaçı Mican bələdiyyəsinin 0,12 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, sözügedən sənədin iddiaçının adına hazırlanmasına əsas İsmayıllı rayonu Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 23 saylı qərarı olmuş, torpağın sahəsi 0,12 ha göstərilmişdir. - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İsmayıllı rayon Mican bələdiyyəsinin və DT və XKnin İsmayıllı rayon şöbəsinin təsdiq etdiyi yerquruluşu planında göstərilən 0,12 ha torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənədlər (plan-ölçü və.s) təqdim olunmadığı üçün sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. X3 istifadəsində olan faktiki naturada ölçülmüş 0,1448 ha torpaq sahəsinin az hissəsi yaşayış məntəqəsi torpaqlarına, yerdə qalan hissəsi isə İsmayıllı rayonu İsmayıllı Şəhər İnzibati Ərazi vahidinin sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan əraziyə düşür. Faktiki naturada ölçülmüş torpaq sahəsinin 0,1159 ha hissəsi əvvəllər qeydiyyata alınmış elektron bazada qeydiyyat nömrəsi olmayan parsellər ilə (torpaq sahələri ilə) üst-üstə düşür. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planı elektron baza məlumatlarına əsasən İsmayıllı rayonu Mican kənd inzibati ərazi sərhəddi daxilində (indiki İsmayıllı şəhər) yaşayış məntəqəsinin torpaqlarına aid uqodiyasi həyətyanı sahə olan torpaq sahəsidir. **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi faktiki olaraq başqa vətəndaşların (digər subyektlərin) istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Eyni zamanda **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi ilə **********14 saylı çıxarışla Hüquqların Dövlət Reyestrində qeydiyyata alınmış 0,06 hektar torpaq sahəsi 0,0408 hektar hissədə üst-üstə düşür. **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi iddiaçı X3 faktiki naturada istifadəsində olan 0,1448 hektar torpaq sahəsindən 106,5 metr məsafədə yerləşir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən hüquqları dövlət qeydiyyatına alınan əmlaklara aid çıxarışlardan görünür ki, - **********17 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ qeydə alınmışdır. - **********28 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,06 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ qeydə alınmışdır. - **********31-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,0282 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ qeydə alınmışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktublara əlavə edilmiş yerquruluşu sxemlərində qeyd edilmiş koordinatlar əsasında elektron bazaya yerli baxış zamanı müəyyən edildi ki, iddia olunan torpaq sahəsinə dair TEKUİS məlumatlarında “kateqoriya - yaşayış məntəqələri torpaqları, uqodiya - şərti yarasız, islahat uqodiyası – tikinti altında olan torpaqlar, alt kateqoriya – ümumi istifadədə olan torpaqlar” qeydləri mövcuddur. Mütəxəssis tərəfindən torpaq sahəsinin alt kateqoriyasının “ümumi istifadədə olan torpaqlar” qeyd edilməsinin səbəbi - sözügedən torpaq sahəsinin yaxınlığından yolun keçməsi və yol yeri ilə torpaq sahəsinin fərqləndirilməməsi ilə izah edildi. Belə ki, mütəxəssis, “ümumi istifadədə olan torpaqlar” qeydinin bütövlükdə torpaq sahəsinə deyil, torpaq sahəsinin hasarından kənarda yerləşən yol yerinə aid olduğu bildirildi. Müvafiq qeydlərin əks olunduğu səhifənin fotoşəkili və iddia olunan torpaq sahəsinə dair ərazinin ortofoto xəritəsindən çıxarış götürüldü. - İsmayıllı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 537 nömrəli məktubunda qeyd edilmişdir ki, Mican bələdiyyəsi 2012-ci ildən ləğv edilərək İsmayıllı rayonu İsmayıllı bələdiyyəsinin hüdudları daxilinə aid edilmişdir. İsmayıllı rayonu Mican kəndində yerləşən ərazilər hal-hazırda İsmayıllı şəhərinin əraziləridir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 noyabr 2023-cü il tarixli 2-1(116)-473/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı şəhəri ərazisində yerləşən, iddiaçı X3 faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 23 nömrəli qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, İsmayıllı şəhər bələdiyyəsi və DTXK-nin İsmayıllı rayon şöbəsi tərəfindən təsdiq edilmiş, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı ilə də təsdiq edilir. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlili - faktiki torpaq sahəsinin bir hissəsinin (0,0826 ha) yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməsi, torpaq sahəsinin həm sənəd üzrə, həm də baza xəritəsi üzrə başqa vətəndaşın mülkiyyəti ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. - Belə ki, məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş rəydə iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,1448 ha torpaq sahəsinin az hissəsinin yaşayış məntəqəsi torpaqlarına, yerdə qalan hissəsinin isə İsmayıllı rayonu İsmayıllı Şəhər İnzibati Ərazi vahidinin sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan əraziyə düşməsi, faktiki naturada ölçülmüş torpaq sahəsinin 0,1159 ha hissəsinin əvvəllər qeydiyyata alınmış elektron bazada qeydiyyat nömrəsi olmayan parsellər ilə (torpaq sahələri ilə) üstüstə düşməsi bildirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddia olunan 0,12 hektar torpaq sahəsinə dair tərtib edilmiş **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlar əsasında torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, mütəxəssis tərəfindən verilmiş rəydə Kadastr planında göstərilən torpaq sahəsinin digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi və iddia olunan torpaq sahəsindən 106,5 metr məsafədə yerləşməsi bildirilmişdir. Oxşar mübahisələr üzrə məhkəmə tərəfindən inzibati orqanın praktikası və kadastr planında göstərilən koordinatların düzgünlüyü yoxlanılarkən bir qayda olaraq koordinatlarda sürüşmələrin olması, plan-ölçü sənədlərinin cizgisində qeyd edilmiş torpaq sahələri ilə həmin torpaq sahələrinin koordinatlarının uyğun gəlməməsi dəfələrlə aşkar edilmişdir. - Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№li Fərmanının tələbləri baxımından **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Buna görə də, **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara yox, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəricilərinə uyğun iddia tələbinə hüquqi qiymət verilməlidir. - Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olan kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan əraziyə düşdüyünü bildirdiyindən, məhkəmə tərəfindən qonşu torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər alınaraq torpaq sahəsinin təyinatı araşdırılmışdır. Belə ki, örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün təbii yem mənbəyi olmaqla, adətən, geniş ərazini əhatə edir. Hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü isə 0.12 ha təşkil edir ki, qeyd edilən torpaq sahəsinin ayrılıqda örüş sahəsi olması məntiqə uyğun görünmür. Müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin heç biri kənd təsərrüfatı təyinatlı torpaqlara aid deyil və yaşayış məntəqələri torpaqlarına aid olmaqla həmin torpaq sahələrinə müvafiq çıxarışlar verilmişdir. İsmayıllı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 537 nömrəli məktubunda da, İsmayıllı rayonu Mican kəndində yerləşən ərazilərin hal-hazırda İsmayıllı şəhərinin əraziləri olduğu bildirilir. Həmçinin, ərazinin ortofoto planından da görünür ki, qonşuluqda yerləşən torpaq sahələri üzərində yaşayış evləri tikilmişdir. Məhkəmə tərəfindən elektron bazaya yerli baxış keçirilərkən sözügedən torpaq sahəsinin kateqoriyasının - yaşayış məntəqələri torpaqlarına aid olması, şərti yarasız, tikinti altında olan torpaqlar, alt kateqoriya – ümumi istifadədə olan torpaqlar qeydlərinin mövcud olması aşkar edilmişdir. Bununla da torpaq sahəsinin ilkin mütəxəssis rəyində qeyd edildiyi kimi kənd təsərrüfatına yararlı, uqodiyası örüş olan ərazi olmaması və cavabdeh orqanın səriştəsiz mütəxəssisi tərəfindən məhkəməyə düzgün olmayan məlumatların təqdim edilməsi aşkar edilmişdir. - Elektron baza məlumatlarında torpaq sahəsinin alt kateqoriyasının “ümumi istifadədə olan torpaqlar” qeyd edilməsinin səbəbinin isə sözügedən torpaq sahəsinin yaxınlığından yolun keçməsi və “ümumi istifadədə olan torpaqlar” qeydinin bütövlükdə torpaq sahəsinə deyil, torpaq sahəsinin hasarından kənarda yerləşən yol yerinə aid olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Mican Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 23 saylı iclas protokolunun qərarı iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(116)-473/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlər tərəflərindən araşdırılan zaman məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpaq satılarkən “Torpaq bazarı haqda və Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinin satılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. “Torpaq sahəsinin plan və ölçüsü" sənədi təqdim edilməmişdir. İddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 0.12 ha torpaq sahəsində Ərazi idarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən kənarda yerləşməklə həm sənəd üzrə, həm də baza xəritəsi üzrə başqa vətəndaşın mülkiyyəti ilə üst-üstə düşür.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(116)-473/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(116)-473/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bələdiyyə sədri məhkəməyə məktub göndərərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Maddə 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

21. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

22. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

23. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: .

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ...

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

20. Yerquruluşu işləri (planlama) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

25. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

26. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

27. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.

28. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

29. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

Apellyasiya şikayətinin mümkünlüyü

30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

35. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə, yəni İsmayıllı şəhəri ərazisində yerləşən, iddiaçı X3 faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması ilə qismən razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

36. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə qismən razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

37. Belə ki, apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə torpaq sahəsindən kənarda yerləşməklə həm sənəd üzrə, həm də baza xəritəsi üzrə başqa vətəndaşın mülkiyyəti ilə üst-üstə düşür.

38. Kollegiyanın iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair qərardadı əsasında verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertza Mərkəzinin 10/4372 nömrəli, 4 fevral 2025-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: - tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş, iş üzrə iddiaçı tərəfin naturada təqdim etdiyi (faktiki istifadə etdiyi) torpaq sahəsinin faktiki koordinatları ilə mülki iş materiallarında olan (səh.13) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0000004 №-li “Torpaq sahəsinin Kadastr planı”nda qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman iddiaçının baxış zamanı naturada təqdim etdiyi (faktiki istifadə etdiyi) torpaq sahəsinin mülki iş materiallarında olan **********0000004 №-li “Torpaq sahəsinin Kadastr planı”nda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Mülki iş materiallarında olan (səh. 12) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon Şöbəsi tərəfindən təsdiq edilmiş, yerquruluşu layihəsindən Çıxarışda torpaq sahəsinin məkan göstəriciləri (döngə nöqtələrinin koordinatları, istinad nöqtələri, istinad nöqtələrindən torpaq sahəsinə qədər olan məsafələr, torpaq sahəsinin ölçüləri və s.) qeyd olunmadığından naturada iddiaçı tərəfindən təqdim edilən (faktiki istifadə edilən) torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon şöbəsi tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsindən Çıxarışda qeyd olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. - Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: X3 istifadəsində olan faktiki naturada ölçülmüş 0.1448 hektar torpaq sahəsinin az hissəsi yaşayış məntəqəsi torpaqlarına, yerdə qalan hissəsi isə İsmayıllı rayonu İsmayıllı Şəhər İnzibati Ərazi vahidinin sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı torpaqlara düşür. Faktiki naturada ölçülmüş torpaq sahəsinin 0.1159 hektar hissəsi əvvəllər qeydiyyat alınmış elektron bazada qeydiyyat nömrəsi olmayan parsellər ilə (torpaq sahələri ilə) üst-üstə düşür. - Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planı elektron baza məlumatlarına əsasən İsmayıllı rayonu Mican kənd inzibati ərazi sərhəddi daxilində (indiki İsmayıllı şəhər) yaşayış məntəqəsinin torpaqlarına aid uqodiyası həyətyanı sahə olan torpaq sahəsidir. **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0.12 hektar torpaq sahəsi faktiki olaraq başqa vətəndaşların (digər subyektlərin) istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Eyni zamanda **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0.12 hektar torpaq sahəsi ilə **********14 saylı çıxarışla Hüquqların Dövlət Reyestrində qeydiyyata alınmış 0.06 hektar torpaq sahəsi 0.0408 hektar hissədə üst-üstə düşür. **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara əsasən 0,12 hektar torpaq sahəsi iddiaçı X3 faktiki naturada istifadəsində olan 0,1448 hektar torpaq sahəsindən 106,5 metr məsafədə yerləşir.

39. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində qeyd edilən Fərmanın tələblərinə görə **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir Belə olan halda **********0000004 nömrəli Torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlara yox, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəricilərinə uyğun iddia tələbinə hüquqi qiymət verilməlidir.

40. Apellyasiya şikayətinin digər dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, bələdiyyə tərəfindən torpaq satılarkən “Torpaq bazarı haqda və Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinin satılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. “Torpaq sahəsinin plan və ölçüsü" sənədi təqdim edilməmişdir.

41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Mican bələdiyyəsinin 27 dekabr 2004-cü il tarixli, 23 saylı qərarı ilə X8 həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi satılmış (torpağın alqı-satqısına dair xx.xx.2004-cü il tarixli akt işə əlavə edilmişdir), sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon şöbəsi tərəfindən 0,12 ha torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədilə satılmasına etiraz edilməməsinə dair rəy verilmiş, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsinin yerquruluşu planı tərtib edilməklə təsdiq edilmişdir.

42. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə bələdiyyə qərarı, bələdiyyə sədrinin sərəncamı, torpaqların alqı-satqısına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon şöbəsinin də təsdiq etdiyi və 53 nömrə ilə qeydiyyata alınmış akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı Rayon şöbəsinin rəyi və 4 nömrəli ödəniş qəbzi ilə təsdiq edilir.

43. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur.

44. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.

45. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, eyni zamanda məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.

46. Məhkəmə kollegiyasının qənaətinə görə aşağıda göstərilənlər isə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsasdır. Bu qiymətləndirmə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

47. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına görə iddiaçıya yuxarıda qeyd edilən bələdiyyə qərarı əsasında 0,12 ha. torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində 0,1448 ha torpaq sahəsi olduğu qeyd edilir. Bu baxımdan da, Kollegiya tərəfindən iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,1448 ha torpaq sahəsinin məhz hansı hissəsinə düşməsi ilə bağlı zəruri araşdırma aparılmışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, əgər birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “Mican bələdiyyəsinin 27 dekabr 2004-cü il tarixli, 23 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə” nəticəyə gəlirsə, deməli iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0,1448 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə isə bu, baş verməmişdir.

49. Kollegiyanın sorğusu əsasında tərtib edilmiş “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 2 iyun 2025-ci il tarixli rəyində X3 naturada göstərdiyi və faktiki istifadə etdiyi 0,1448 ha torpaq sahəsinin sərhədləri daxilində yerquruluşu qaydasına əsasən ayrılmış iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 257236.0107, 257260.3672, 257227.1306, 257211.487, 257203.2832 və 4518719.3873, 4518699.4781, 4518676.4431, 4518688.8315, 4518694.7841 kimi qeyd edilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, Mican bələdiyyəsinin 27 dekabr 2004-cü il tarixli, 23 saylı qərarı ilə satılmış 0,12 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlara uyğun olaraq X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

51. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

52. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

54. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

55. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

56. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.

57. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıya torpaq sahəsinin ayrılması (satılması) barədə Mican bələdiyyəsinin 27 dekabr 2004-cü il tarixli, 23 saylı qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

58. Məhkəmə kollegiyasının qənaətinə görə Mican bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 27 dekabr 2004-cü il tarixli, 23 saylı qərarı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar mülkiyyətinə verilən torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

59. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

60. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

61. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

62. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mican bələdiyyəsinin 27 dekabr 2004cü il tarixli, 23 saylı qərarı ilə iddiaçıya satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarış verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı, Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 2 iyun 2025-ci il tarixli rəyinə əlavə edilmiş Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlara uyğun olaraq çıxarışın verilməsi cümləsi əlavə edilməklə dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir.

63. Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri inzibati iş üzrə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir.

64. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı

Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(116)-473/2023 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə “İsmayıllı şəhəri ərazisində yerləşən iddiaçı X3 faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 02 iyun 2025-ci il tarixli rəyinə əlavə edilmiş Yerquruluşu Planında göstərilən döngə nöqtələrinin koordinatlarına uyğun olaraq X3 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” öhdəliyi qoyulsun. Ekspertiza xərci cavabdehə aid edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu -, X7 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar