Məhkəmə qərarları › İş №2-1(107)-70/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-70/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-70/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "X1 və X6 Şəki şəhəri Bağbanlar küçəsi 35 nömrəli evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(116)- 84/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı "X1, X6, X2 Şəki şəhəri Bağbanlar küçəsi 35 nömrəli evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia belə əsaslandırılmışdır ki, sözügedən ev hazırda onun mülkiyyətindədir. Buna görə də X1, X6, X2 həmin ünvanda qeydiyyatda qalması üçün əsas yoxdur. Üçüncü şəxslər X4 və X10 08.04.2020-ci ildə məhkəməyə göndərdikləri etiraz ərizəsində iddianın tamamilə əsassız olduğunu, həmin evin onların istifadə və sahibliyində olduğu üçün evə istifadə hüquqlarının yarandığını bildirmişlər. İddiaçı onların istifadə hüquqları olduğunu bilə-bilə əsassız iddia qaldırmışdır. Halbuki onların istifadə hüquqlarına ancaq kompensasiya verilməklə xitam verilə bilər. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X2 adının iddia ərizəsindən çıxarılmasını və X1, X6 Şəki şəhəri Bağbanlar küçəsi 35 nömrəli evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 15.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Eyni zamanda, İddiaçı X3 və X8 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, sonuncuların ona məxsus mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 14.09.2020-ci il tarixli 2(075)-791/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.03.2021-ci il tarixli 2(107)-219/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən, Şəki Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(075)- 791/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməsi və X1 və X6 iddiaçıya məxsus evdən əşyaları ilə birlikdə çıxarılması qərara alınmışdır. Bundan sonra həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(102)-4436/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(107)-219/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Şəki İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(116)-84/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanından üçüncü şəxslər X1 və X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X4 həmin qərardan apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X1 apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(116)-84/2021 nömrəli qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra üzrə icraat tamamlanmamış, İddiaçı 4400 ABŞ dolları məbləğində pul alınaraq X12ma verilməmiş, bir sözlə icra üzrə icraata xitam verilməmişdir. Belə olduğu təqdirdə üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanunsuzdur. Qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(116)-84/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Üçüncü şəxs X1 apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və kollegiyanın iclasında tədqiq edilən: "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ üzrə X13 (3/4 hissədə) və X5 (1/4 hissədə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 03.03.2009-cu ildə qeydiyyata alınmışdır. 14.08.2018-ci il tarixli A seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X15 həmin evin öz payına düşən 3/4 hissəsini İddiaçı satmışdır. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 3/4 hissədə mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(107)-219/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən, Şəki Rayon Məhkəməsinin 14.09.2020- ci il tarixli 2(075)-791/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməsi və X1 və X6 iddiaçıya məxsus evdən əşyaları ilə birlikdə çıxarılması qərara alınmışdır. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Kollegiya hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə ki, İddiaçı məxsus olan evdən üçüncü şəxslər X1 və X6 çıxarılmaları barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu isə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə uyğun olaraq, X1 və X6 həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına əsas verir. Cavabdeh iddiaçının bu barədə müraciətini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Üçüncü şəxs X1 apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26.10.2021-ci il tarixli, 2-1(116)-84/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar