Məhkəmə qərarları › İş №2-1(107)-70/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-70/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-70/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(116)-1794/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayonu 619 saylı apteki vaxtı ilə iddiaçı işlətmişdir. Lakin 2015-ci ildə bütün respublika ərazisi üzrə apteklərin fəaliyyəti dayandırılmış və ona görə də iddiaçı da həmin aptekin fəaliyyətini dayandırmış və bir müddət sonra bütün həmin apteklər Zeytun firmasının istifadəsinə verilmişdir. Lakin iddiaçı apteklər fəaliyyətini dayandırdıqdan sonra əczaçılıq fəaliyyəti ilə məşğul olmamış, həmin aptekdə digər şəxs əczaçılıq lisenziyası əldə edərək fəaliyyət göstərmişdir. Bir müddət sonra iddiaçı işsiz qaldığına görə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bu yaxınlarda Azərbaycana qayıtdıqda ona İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsindən xəbərdarlıq gəlmiş və həmin xəbərdarlıqda göstərilmişdir ki, Zaqatala rayonu 619 saylı aptekin (VÖEN **********) xx.xx.2022-ci il tarixə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq fonda ümumilikdə 3809,31 manat borcu vardır. İddiaçı hesab edir ki, borc qanunsuz və əsassız hesablanmış və bu səbəblə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********476700 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Zaqatala rayon 619 saylı Aptekə hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının qanunsuz və əsassız hesablandığını və halhazırda həmin hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqları üzrə ümumiyyətlə borcunun olmadığını qeyd etmişdir.

4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə 30 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir və qeyd edilən funksiyanın icrası 2019-cu il yanvar ayının 1-dən Vergilər Nazirliyinə (Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir.

5. Araşdırma zamanı iddiaçının mübahisələndirdiyi və hal-hazırda onun şəxsi hesab vərəqəsində mövcud olan 3809,31 manat borc məbləğinin əvvəlki dövr üzrə “SALDO” şəklində (yəni 1 yanvar 2019-cu il tarixdən əvvəlki dövr üzrə) əks etdirilən borc olduğu müəyyən edilmişdir.

6. Məhz buna görə də qeyd olunan borc məbləğinə, onun tərkibinə və hesablanmasına aydınlıq gətirilməsi üçün 13 sentyabr 2022-ci il tarixli xidməti məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin müvafiq filialına rəsmi sorğu ilə müraciət edilmişdir.

7. Alınmış 30 sentyabr 2022-ci il tarixli, **********1 saylı cavab məktubuna əsasən müvafiq qurum tərəfindən yuxarıda qeyd olunan, iddiaçının iddia ərizəsində mübahisələndirdiyi və silinməsini tələb etdiyi 3809,31 manat borc məbləğinin tərkibinə ətraflı şəkildə, hesablanmanın əsası tam göstərilməklə aydınlıq gətirilmişdir. Cavab məktubu və həmin məktuba əlavə olunmuş cədvəldən açıq-aydın görünür ki, İddiaçı bugünkü günə, onun şəxsi hesab vərəqəsi üzrə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş qalan 3809,31 manat sosial sığorta haqları üzrə borcu vardır (Müvafiq təsdiqedici sənədlər etiraza əlavə olunur).

8. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

9. 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 16 noyabr 2022-ci il tarixli 2-1(116)-1794/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir.

15. Məhkəmə Ekspertizаsı Mərkəzindən ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu 619 saylı apteki vaxtı ilə o işlətmişdir. Lakin 2015-ci ildə bütün respublika ərazisi üzrə nömrəli apteklərin fəaliyyəti dayandırılmış və ona görə də o da həmin aptekin fəaliyyətini dayandırmışdır. Bir müddət sonra bütün həmin apteklər Zeytun firmasının istifadəsinə verilmişdir. Lakin o nömrəli apteklər fəaliyyətini dayandırdıqdan sonra əczaçılıq fəaliyyəti ilə məşğul olmamış, həmin aptekdə digər şəxs əczaçılıq lisenziyası əldə edərək fəaliyyət göstərmişdir. Bir müddət sonra o işsiz qaldığına görə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bu yaxınlarda Azərbaycana qayıtdıqda ona İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsindən xəbərdarlıq gəlmiş və həmin xəbərdarlıqda göstərilmişdir ki, Zaqatala rayonu 619 saylı aptekin xx.xx.2022-ci il tarixə Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq fonda ümumilikdə 3809,31 manat borcu vardır. Lakin 2015-ci ildən həmin aptekin fəaliyyəti dayandırılmış və buna görə də aptekin sosial borcunun yaranması absurddur. Bu illər ərzində həmin aptekin yerində başqa bir şəxs əczaçılıq fəaliyyəti ilə məşğul olur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2- 1(116)-1794/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(116)- 1794/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(116)-1794/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2006-xx.xx.2019-cu il tarixlərdə İddiaçı Zaqatala rayonu 619 saylı aptekdə işləməsi ilə bağlı hansı illər üzrə vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat verilməsi ilə bağlı sorğu verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq və X5 xx.xx.2011-ci il tarixli 09 nömrəli əmrinə əsasən Zaqatala rayonu 619 saylı Aptekin müdiri vəzifəsinə təyin olunmuşdur. Zamanov X4 rayonu 619 saylı Aptekin müdiri vəzifəsinə təyin olunduqdan sonra xx.xx.2011-ci il tarixdə Zaqatala rayonu 619 saylı Aptekin qeydiyyat məlumatlarında müvafiq dəyişikliyin qeydə alınması üçün hüquqi şəxsin adından “Hüquqi şəxsin məlumat dəyişikliyi ərizəsi”ni müvafiq sənədlərlə birgə 13 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmiş və dəyişiklik qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, X1 rayonu 619 saylı Aptek Dərman və X6-Ticarət Birliyinin xx.xx.1994-cü il tarixli qərarı ilə yaradılmış və xx.xx.1994-cü il Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2015-ci ilədək fəaliyyəti aktiv olmuşdur. Vergi Xidmətinin AVİS məlumat bazasında Aptekin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ilədn xx.xx.2015-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək, xx.xx.2015-ci ildən xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2023-cü ildən xx.xx.2099-cu ilədək dayandırılması barədə məlumat vardır. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2015-ci ilədək Zaqatala rayonu 619 saylı aptekə hesablanmış borc məbləğinin (əsas və faiz borcu) nə qədər olması barədə məlumatın təqdim edilməsi ilə bağlı sorğu edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, müraciətdə qeyd olunan məsələyə (borc məbləğinə) aydınlıq gətirilməsi üçün vergi orqanı tərəfindən rəsmi şəkildə Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu ünvanlanmışdır. Sorğu nəticəsində alınmış və eləcə də zərurətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəlinə əsasən vergi ödəyicisi Zaqatala rayonu 619 saylı Aptekin xx.xx.2015-ci tarixə ümumi borcu 4459,05 (əsas borc 3287,22 və hesablanmış penya 1171,83 manat) manat olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2015-ci il 1 yanvar tarixinə olan penya məbləğlərinin silinməsi həyata keçirilmişdir. Həmin silinmələr zamanı vergi ödəyicisinin də penya məbləğindən 717,40 manat məbləğ silinmiş və nəticədə onun son olaraq qeyd edilən tarixə sosial sığorta haqları üzrə ödənilməmiş 3741,65 manat borcu qalmışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinə hesablanmış 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəl məlumatlarında 2006-cı il tarixdən xx.xx.2015-ci ilədək olan dövr üzrə 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablanması iş materiallarında mövcud deyil. Təqdim edilmiş iş materiallarında olan vergi orqanının sorğusu nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən vergi ödəyicisinə aid “Borclar və ödənişlər barədə məlumat” cədvəl məlumatlarında qeyd edilənlər əsas götürüldüyü halda ekspert qarşısında qoyulmuş sual üzrə Zaqatala rayonu 619 saylı Aptekin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2015-ci ilədək olan borcunun 3741,65 manat (o cümlədən əsas borc 3287,22 manat, penya üzrə 1171,83 - 717,40 silinmiş penya) olduğu müəyyən edilir. - Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəl məlumatlarında 2006-cı il tarixdən xx.xx.2015-ci ilədək olan dövr üzrə 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması barədə sənədlərin təqdim edilməsi barədə sorğu edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, vergi ödəyicisi Zaqatala rayonu 619 saylı Aptekin şəxsi hesab vərəqəsində göründüyü kimi xx.xx.2029-cu il tarixə saldo qalıq formasında ümumi borcu 3809,31 (əsas borc 3287,22 və hesablanmış penya 522,09 manat) manat olmuşdur. Müraciətdə qeyd olunan borc məbləğinə aydınlıq gətirilməsi üçün vergi orqanı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu ünvanlanmış, sorğunun nəticəsində alınmış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəlinə əsasən, vergi ödəyicisinin 23 iyun 2015-ci il tarixə ümumi borcu 4459,05 (əsas borc 3287,22 və hesablanmış penya 1171,83 manat – 717,40 silinmiş penya) manat olduğu bildirilmişdir. Qeyd edilmiş borcun yaranması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən sorğuya cavab olaraq əlavə hər hansı digər mühasibat sənədləri təqdim edilmədiyindən həmin sənədlər vergi orqanında da mövcud deyildir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə 30 noyabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir və qeyd edilən funksiyanın icrası 2019-cu il yanvar ayının 1-dən Vergilər Nazirliyinə (hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə edilmişdir.

24. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. 24.1.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. 72.1-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir; 85.4-cü maddəsinə görə, Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir; 85.5-1-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən heç bir yoxlama həyata keçirilməmiş, göstərilən məbləğdə sosial sığorta haqları üzrə borc xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqqı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna olan borcları və ödənişlərindən ibarətdir. Göründüyü kimi borc xx.xx.2019-cu il tarixədək hesablanmış borcdan ibarətdir. DSMF cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda göstərilmişdir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa əsasən sığortaedənin 2015-ci ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası (hesablanmış penya) üzrə 717 manat 40 qəpik borcu 2018-ci ilin avqust tarixinə silinmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından inzibati iş üzrə tam araşdırma aparılmış, iş üzrə sorğular verilmiş və hesablamaların düzgün aparılıb-aparılmaması ilə bağlı ekspert rəyi alınmışdır.

33. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, təqdim edilmiş iş materiallarında vergi ödəyicisinə hesablanmış 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən ilkin mühasibat sənədləri öz əksini tapmamışdır. Yəni, təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəlində 2006-cı il tarixdən xx.xx.2015-ci ilədək olan dövr üzrə 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması öz əksini tapsa da həmin hesablamaların hansı mühasibat sənədlərinə əsasən hesablanması iş materiallarında mövcud deyil. Təqdim edilmiş iş materiallarında olan vergi orqanının sorğusu nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən vergi ödəyicisinə aid “Borclar və ödənişlər barədə məlumat” cədvəlində qeyd edilənlər əsas götürüldüyü halda ekspert qarşısında qoyulmuş sual üzrə Zaqatala rayonu 619 saylı Aptekin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2015-ci ilədək olan borcunun 3741,65 manat (o cümlədən əsas borc 3287,22 manat, penya üzrə 1171,83 - 717,40 silinmiş penya) olduğu müəyyən edilir.

34. Ekspert rəyinə münasibətdə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəlində 2006-cı il tarixdən xx.xx.2015-ci ilədək olan dövr üzrə 3741,65 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanması barədə sənədlərin təqdim edilməsi barədə sorğu edilmişdir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, vergi ödəyicisi Zaqatala rayonu 619 saylı Aptekin şəxsi hesab vərəqəsindən göründüyü kimi xx.xx.2029-cu il tarixə saldo qalıq formasında ümumi borcu 3809,31 (əsas borc 3287,22 və hesablanmış penya 522,09 manat) manat olmuşdur. Müraciətdə qeyd olunan borc məbləğinə aydınlıq gətirilməsi üçün vergi orqanı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu məktubu ünvanlanmış, sorğunun nəticəsində alınmış və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmiş “Borclar və ödənişlər barədə məlumat” cədvəlinə əsasən, vergi ödəyicisinin 23 iyun 2015-ci il tarixə ümumi borcu 4459,05 (əsas borc 3287,22 və hesablanmış penya 1171,83 manat – 717,40 silinmiş penya) manat olduğu bildirilmişdir. Qeyd edilmiş borcun yaranması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən sorğuya cavab olaraq əlavə hər hansı digər mühasibat sənədləri təqdim edilmədiyindən həmin sənədlər vergi orqanında da mövcud deyildir.

36. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, iş üzrə lazımi sorğular etmədən, hesablamaların düzgün aparılıbaparılmaması ilə bağlı ekspert rəyi almadan qərar qəbul etməklə İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələblərini pozmuşdur.

37. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur , iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

38. Məhkəmə kollegiyasının araşdırması nəticəsində əldə edilmiş sübutlardan da müəyyən edildiyi kimi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən vergi ödəyicisinə aid “Borclar və ödənişlər barədə məlumat” cədvəlində qeyd edilənlər əsas götürüldüyü halda hesablamaların düzgün aparılıb-aparılmaması barədə ekspert qarşısında qoyulmuş sual üzrə Zaqatala rayonu 619 saylı Aptekin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2015-ci ilədək olan borcunun 3741,65 manat (o cümlədən əsas borc 3287,22 manat, penya üzrə 1171,83 - 717,40 silinmiş penya) olduğu müəyyən edilmişdir. Buna baxmayaraq qeyd edilmiş 3741,65 manat borcun yaranması ilə əlaqədar vergi orqanı tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən sorğuya cavab olaraq əlavə hər hansı digər mühasibat sənədləri təqdim edilmədiyindən həmin sənədlər vergi orqanında da mövcud deyildir.

39. Bununla yanaşı, iddiaçıya Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış məcburi dövlət sosial sığorta haqqı 3809,31 manat olsa da, ekspert rəyi ilə Zaqatala rayonu 619 saylı Aptekin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2015-ci ilədək olan borcunun 3741,65 manat (o cümlədən əsas borc 3287,22 manat, penya üzrə 1171,83 - 717,40 silinmiş penya) olduğu müəyyən edilmişdir.

40. Göründüyü kimi, kollegiyanın qənaətinə görə iddiaçının Zaqatala rayonu 619 saylı aptekə hesablanmış məcburi dövlət sosial sığorta haqqının mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübut edilməmiş, eyni zamanda həmin məbləğ ekspert tərəfindən Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış məbləğdən az hesablanmış və bu da qeyd edilən borcun həqiqətən mövcud olmasını və olsa belə düzgün hesablanmasını şübhə altına alır.

41. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir.

42. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya hesablanmış məcburi dövlət sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablansa da həmin məbləğin hansı sənədlər əsasında hesablanması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu edildiyindən və həmin sənədlərin mövcud olmamasına dair Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavab verildiyindən məhkəmə kollegiyası tərəfindən Dövlət Sosial Müdafiə Fonduna bununla bağlı sorğu edilməsinə zərurət qalmamışdır. Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməli, ekspertiza xərci cavabdehdən tutulmalıdır.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2-1(116)-1794/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə Zaqatala rayonu 619 saylı aptekə qanunsuz və əsassız hesablanmış 3809,31 manat məcburi dövlət sosial sığorta haqqının silinməsi öhdəliyi qoyulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar