Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-70/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdə təyin edilmiş 1-ci dərəcə əlilliyin ləğv olunduğu tarixdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-298/2024 nömrəli qərarından iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022ci il tarixdən ümumi xəstəliklə əlaqədar təyin edilmiş 2-ci dərəcə əlillik təyinatının dəyişdirilməsi, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi Şəki İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdə təyin edilmiş birinci dərəcə əlilliyin ləğv olunduğu tarixdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-610/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayonunda anadan olmuş və həmin ünvanda qeydiyyatdadir, lakin xəstəliyi ilə əlaqədar Bakı şəhərində kirayədə yaşayır. 1980-ci ildən 2012-ci ilədək dövlət idarə və təşkilatlarında işləmiş, hazırda ağır yataq xəstəsidir, gözləri görmür, hərəkət edə bilmir, ev şəraitində müayinə edilərək əlillik təyin edilməsinə ehtiyac vardır, bu barədə tibb müəssisəsinin göndərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edildi, əvvəllər bır çox vaxtlarda cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə iddiaçıya cavabdeh tərəfindən tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə İ dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. Lakin həmin tarixdən təqribən bir ay sonra elektron altsistemə baxış keçirən zamanı məlum oldu ki, iddiaçının əlillik təyinatına qanunsuz müdaxilə edilərək 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən uzun müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilmədiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, məhkəmə qaydasında müraciətinin həll edilməsini qanuna müvafiq hesab edir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhər sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və köməkçi diaqnostik müayinələrin nəticələri ağırlaşmaları əsaslandırmadığından, xəstəliyin xarakterinə görə müalicə müddəti yetərli olmadığından əlillik təyinatı aparmaq mümkün olmamış və hər iki halda əlilliyin təyinindən imtina qərarları verilmişdir. - Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı 2010-cu ildən özünü xəstə hesab edir, ambulator şəkildə mütəmadi müalicələr alıb, son dövrlərdə vəziyyəti ağırlaşdığına görə stasionar müalicə alıb. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasında “Revmatoid artirit.poliartiritik forma, Aktivlik İİ dərəcə, oynaqların lll-İV mərhələ funksional çatmamazlığı" diaqnozu ilə stasionar müalicə olunub. Daha sonra İddiaçınm əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində qiymətləndirilmiş və hər iki halda göndərişdə olan məlumatlar əsasında əlillik təyinatı aparmaq mümkün olmamış və imtina qərarı verilmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən olundu ki, düzgün bədən quruluşuna malikdir, dəri və görünən selikli qişaları adi rəngdədir. Dəri altı piy qatı normal inkişaf etmişdir. Tənəffüsün dəqiqəlik sayı 18-dir, ağciyərlərin ekskursiyası normaldır. Baxış zamanı hər iki əl barmaqlarında oynaqlar deformasiyalıdır. Şişkinlik müşahidə edilir. Əl barmaqlarında hərəkət kəskin ağrılıdır, bükmə və açma hərəkətləri ləngiyib, oynaqlarda hərəkət məhdudluğu müşahidə edilir. Sağ topuq oynağı şişkindir, deformasiya olunub, oynaqda hərəkət məhdud və ağrılıdır. Hər iki diz oynağında hərəkət ağrılıdır, ağrı hesabına hərəkət məhdudlaşıb. Xəstənin təqdim etdiyi X5 PHŞ-də xx.xx.2023-cü il tarixdə aparılmış oynaqların rentgen müayinəsində “Hər iki mil biləkdə oynağı əmələ gətirən sümüklərdə litik və sklerotik dəyişiklər aşkar olunur, sümüklər diffuz osteoparotikdir. Falanqarası oynaq yanğı qeyri-bərabər daralmışdır, oynağı əmələ gətirən sümüklərdə litik və sklerotik dəyişiklər izlənilir. Hər iki diz sümüklərində travmatik dəyişikliklər aşkar olunmadı, oynaq yarıqları medialda asimmetrik olaraq daralmışdır. Qamış sümüyünün kondiluslararası çıxıntıları hamardır, oynağı əmələ gətirən sümüklərin subxonndral səthləri sklerozlaşıbdır və sümüklər osteoparotikdir. Hər iki aşıq baldır oynağında oynaq yarıqları daralmışdır, sümüklərdə osteoparotik və osteosklerotik dəyişiklər izlənir, sol daban sümüyünün alt hissəsində osteofit izlənir" qeyd edilməklə yekun nəticə olaraq “revmotid artritin gec əlamətləri” nəticəsi müəyyən edilmişdir. Xəstənin hazırkı vəziyyəti Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir, lakin hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 5.3.1.2. bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən iki il müddətinə orqnizmin funksiyalarının iki il müddətinə 80 % pozulması ilə əlilliyin təyini barədə qərar verildi.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir. - İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə əlillik təyin edilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıya iki il müddətinə orqanizm funksiyalarının 80% pozulması ilə əlillik təyin edilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-161/2023 nömrəli qərarının surəti. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2023-cü il tarixli Qərarı. - Cavabdehin xx.xx.2024-cü il tarixli 3-14-4/2-2654/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən elektron qiymətləndirilir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin E00081032BQP nömrəli göndərişi əsasında xx.xx.2023-cü ildə elektron qaydada qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 8.1.2. və 5.3.1.1. bəndlərinə uyğun olaraq “Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs” səbəbi ilə xx.xx.2023-cü il tarixindən 2 il müddətinə orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, Şəki İnzibati Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-161/2023 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2023-cü ildə Agentlikdə ətraflı əyani müayinə olunmuşdur. Müayinə zamanı əl sümüklərində, hər iki mil-bilək, diz və aşıq-baldır oynaqlarında osteosklerotik dəyişikliklər müəyyən edilmişdir. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarının 5.3.1.2. bəndinə uyğun olaraq (D-z: Revmatoid poliartirit, seropozitiv forma) xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbi ilə 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə yeni qərar qəbul edilməklə, vətəndaşa dair öncə verilən xx.xx.2023-cü il tarixli qərar ləğv edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 sentyabr 2024-cü il tarixli 2- 1(116)-298/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə təyin edilmiş əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən iddiaçıya Meyarların 8-ci “Gözün və gözün əlavə aparatının xəstəlikləri” bölməsinə əsasən gözdən əlil diaqnozu qoyulmuşdur. Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli qərar əsasında iddiaçıya iki il müddətinə orqanizm funksiyalarının 80% pozulması ilə əlillik təyin etmişdir. Həmin qərarda “Əlilliyin müəyyən olunması meyarları”nın 5-ci “Qan, qanyaradıcı orqanların xəstəlikləri və immunomexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular” bölməsinin 5.3.1.2-ci bəndinə əsasən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçıya 4 gün əvvəl təyin edilmiş əlilliyi qüvvədən salan yeni qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarla orqanizmin tamamilə fərqli qiymətləndirilməsini həyata keçirmişdir. İkinci qərarda gözdən əlilliklə bağlı məsələ aydınlaşdırılmamış, göndəriş əsasında yeni inzibati akt qəbul edilərək, əyani müayinə nəticəsində qəbul edilmiş akt əsassız olaraq qüvvədən salınmışdır. - İşin hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən onda müxtəlif xəstəliklərin olduğu cavabdeh tərəfindən aşkar edilmişdir. Bu zaman qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz dərəcəsi daha yüksək olanla qiymətləndirilməsi həyata keçirilməlidir. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2-1(116)-298/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Şəki İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1963-cü il tarixdə doğulmuş İddiaçı aid 0050003AAENW nömrəli göndərişə əsasən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirmək öhdəliyi qoyulmuşdur. Sözügedən qərar tərəflərindən xx.xx.2024-cü il tarixində icra edilərək iddiaçı canlı şəkildə müayinə olunmuş və ümumi xəstəlik səbəbindən Seropozitiv revmatoid artritlər, Revmatoid artirit, Poliartirit, Serapozitiv forma, Aktivlik İİ dərəcə Rentgen mərhələ lll-İV dərəcə diaqnozuna əsasən iki il müddətinə orqanizmin funksiyalarının 80% pozulması ilə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Əyani müayinə zamanı iddiaçı hər hansı göz xəstəliyi ilə bağlı şikayəti olmadığını bildirmiş və heç bir instrumental müayinə nəticəsi təqdim etməmişdir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsini gözləmədən, könüllü qaydada xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlilliyinin qiymətləndirilməsi üçün müraciət etmişdir. Adsızlaşdırılaraq altsistemə ötürülmüş göndərişə xx.xx.2023-cü il tarixində elektron qaydada baxılmış və iddiaçıya xx.xx.2023-cü il tarixindən 2 il müddətinə Yapışan leykoma, OD-Buynuz qişa distrofiyası (paraoptik ). VİS OD işıq duyğusu . VİS OS 0,05 k/e diaqnozuna əsasən orqanizm funksiyalarının 90% pozulması ilə əlillik təyin edilmişdir. Lakin daha sonra məhkəmə qərardadının icrası məqsədilə iddiaçı əyani müayinə edilərkən verilmiş qərarın nəticəsi Əlillik altsisteminə yazılan zaman elektron qiymətləndirmənin nəticəsi avtomatik olaraq qüvvədən düşmüşdür. - İşin hallarından göründüyü kimi, iddiaçının sağlamlıq vəziyyəti məhkəmə qərarı əsasında canlı müayinə olunaraq qiymətləndirilərkən onda göz xəstəliklərinin olduğu TSEK tərəfindən aşkar edilməmiş və şəxsdə olan diaqnoz əsasında ona əlillik təyin edilmişdir. Şəxsin adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli göndərişdə praktiki korluq səviyyəsində göz xəstəliyi və ağırlaşma göstərilsə də iddiaçı heç kəsin yardımı olmadan əyani müayinə keçirilən otağa sərbəst şəkildə yaxınlaşmış, gözü ilə bağlı heç bir şikayət bildirməmiş, heç bir təsdiqedici tibbi çıxarışlar və instrumental müayinə nəticələri təqdim edilməmişdir. İddiaçının əyani müayinəsi nəticəsində onda əlillik səviyyəsində olan xəstəlik 187 saylı Əsasnamənin 5.3.1.2.-ci bəndinə əsasən müəyyən edilmişdir. Həmin bənddə qeyd olunanlara əsasən sümük-əzələ sisteminin və birləşdirici toxumanın funksiyalarının iltihabi poliatropatiyaları, daha dəqiq RA ilə şərtləndirilmiş davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsas etibarilə klinik-funksional təzahürün ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Oynaqların funksiyalarının klinik pozuntusu, oynaq dəyişikliklərinin rentgenoloji mərhələsi, iltihabi prosesin aktivliyinin klinik-laborator göstəriciləri, gedişatın xüsusiyyətləri, kəskinləşmə tezliyi və xəstəliyin ağırlığı, daxili orqanlar sisteminin funksiyalarının pozulması nəzərə alınır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verərək göstərmişdir ki, 1980-ci ildən 2012-ci ilədək dövlət idarə və təşkilatlarında işləmişdir. Ağır yataq xəstəsidir. Gözləri görmür, hərəkət edə bilmir, ev şəraitində müayinə edilərək ona əlillik təyin edilməsinə ehtiyac vardır, bu barədə tibb müəssisəsinin göndərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə müraciət edilmiş, əvvəllər bir çox vaxtlarda cavabdeh tərəfindən ona əlillik təyinatından imtina edilmişdir. Sonuncu dəfə ona cavabdeh tərəfindən tibb müəssisəsinin göndərişinə əsasən xx.xx.2023-cü ildə 1-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmiş, lakin həmin tarixdən təqribən bir ay sonra elektron altsistemə baxış keçirən zaman məlum olmuşdur ki, onun əlillik təyinatına qanunsuz müdaxilə edilərək 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, cavabdeh tərəfindən onun əlil və sosial hüquqlarının kobud şəkildə pozulması barədə saxta yollarla tərtib etdiyi inzibati akt ləğv edilərək ona xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsidir. Cavabdeh tərəfindən uzun müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilmədiyi və müraciəti müsbət həllini tapmadığı üçün Şəki İnzibati Məhkəməyə müraciət etmiş, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq ətraflı araşdırma apararaq iddia tələbi Şəki İnzibati Məhkəməsinin 2-1(116)-298/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-298/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə aydınlaşdırılmamış göndəriş əsasında inzibati akt qəbul edilmişdir. Beləliklə cavabdeh bu saxtakarlıqla yol verdiyi qanuna zidd hərəkətlərinə görə onun əlilliyini ləğv etmiş və yeni ziyanına olacaq qərar qəbul etmişdir. Ağır xəstə və əmək qabiliyyətsizdir və bu barədə birinci instansiya məhkəməsinin qərarını qanuna müvafiq hesab edir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-298/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılmasını, cavabdehin əsassız, qanunsuz və formal xarakterli apellyasiya şikayətinin ləğv edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. 23 Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il müddətinə kimi orqanizm funksiyalarının 90% pozulması ilə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən iddiaçıya Meyarların 8-ci “Gözün və gözün əlavə aparatının xəstəlikləri” bölməsinə əsasən gözdən əlil diaqnozu qoyulmuşdur. Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli qərar əsasında iddiaçıya iki il müddətinə orqanizm funksiyalarının 80% pozulması ilə əlillik təyin etmişdir. Həmin qərarda “Əlilliyin müəyyən olunması meyarları”nın 5-ci “Qan, qanyaradıcı orqanların xəstəlikləri və immunomexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular” bölməsinin 5.3.1.2-ci bəndinə əsasən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçıya 4 gün əvvəl təyin edilmiş əlilliyi qüvvədən salan yeni qərar qəbul edilmişdir.
24. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə qərardadının icrası məqsədilə iddiaçı əyani müayinə edilərkən verilmiş qərarın nəticəsi Əlillik altsisteminə yazılan zaman elektron qiymətləndirmənin nəticəsi avtomatik olaraq qüvvədən düşmüş və iddiaçının sağlamlıq vəziyyəti məhkəmə qərarı əsasında canlı müayinə olunaraq qiymətləndirilərkən onda göz xəstəliklərinin olduğu TSEK tərəfindən aşkar edilməmiş və şəxsdə olan diaqnoz əsasında ona əlillik təyin edilmişdir. Şəxsin adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli göndərişdə praktiki korluq səviyyəsində göz xəstəliyi və ağırlaşma göstərilsə də iddiaçı heç kəsin yardımı olmadan əyani müayinə keçirilən otağa sərbəst şəkildə yaxınlaşmış, gözü ilə bağlı heç bir şikayət bildirməmiş, heç bir təsdiqedici tibbi çıxarışlar və instrumental müayinə nəticələri təqdim edilməmişdir.
25. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlarla orqanizmin tamamilə fərqli qiymətləndirilməsini həyata keçirmişdir. İkinci qərarda gözdən əlilliklə bağlı məsələ aydınlaşdırılmamış, göndəriş əsasında yeni inzibati akt qəbul edilərək, əyani müayinə nəticəsində qəbul edilmiş akt əsassız olaraq qüvvədən salınmışdır. İşin hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən onda müxtəlif xəstəliklərin olduğu cavabdeh tərəfindən aşkar edilmişdir. Bu zaman qüvvədə olan meyarlara əsasən orqanizm funksiyalarının pozulmasının faiz dərəcəsi daha yüksək olanla qiymətləndirilməsi həyata keçirilməlidir.
26. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin 25 yanvar 2023-cü il tarixli tibbi rəyindən görünür ki, İddiaçı diaqnozu “H47.2-Görmə sinirinin atrofiyası, H17.0-Yapışkan leykoma, H26.2-Ağırlaşmış katarakta” kimi qeyd edilmişdir. Bunun da nəticəsi olaraq ona 12 mart 2023-cü il tarixdə gözdən əlil kimi 31 mart 2025-ci il tarixədək birinci dərəcəli əlillik təyin edilmişdir. Əsas diaqnoz: H17.0 Yapışkan leykoma, OD-Buynuz qişa distrofiyası (paraoptik). VİS OD işıq duyğusu. VİS OS 0,05 k/e (yüzdə beş).
27. Bundan başqa, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır.
29. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan əlilliyin müəyyən olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və sahəvi normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
30. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır.
31. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir
32. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2023-cü ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir.
33. Belə ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.
34. Göründüyü kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdeh isə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları təqdim etməmişdir.
35. Qeyd olunanları nəzərə almadan cavabdeh orqan xx.xx.2023-cü ildə təyin edilmiş əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
37. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2-1(116)-298/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.