Məhkəmə qərarları › İş №2-1(107)-700/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-700/2025

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-700/2025 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “Şəki şəhər IHBnın Baş Zəyzid kənd IƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin ##.##.1963-cü ildən ##.##.1960-cı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Şəki şəhər IHB-nın Baş Zəyzid kənd IƏD-si üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ##.##.1963-cü il tarixli, *** nömrəli doğum haqqında akt qeydində iddiaçının doğum tarixi ##.##.1963-cü il qeyd edilmişdir.

2. Iddiaçı cavabdeh orqana müraciət edərək doğum akt qeydində doğum tarixinə dəyişiklik edilərək ##.##.1960-cı il qeyd edilməsini xahiş etmiş, cavabdeh orqan dəyişiklik üçün kifayətə qədər əsasın olmamasını bildirərək imtina cavabı vermişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər IHB-nın Baş Zəyzid kənd IƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin ##.##.1963-cü ildən ##.##.1960-cı ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia ərizəsinin əsaslarına görə, “iddiaçı 1960-ci ildə anadan olmuşdur. Uşaqikən xəstə olduğu üçün doğum haqqında şəhadətnaməni gec almış və doğum haqqında şəhadətnaməsində anadan olduğu tarix ##.##.1963-cü ilə qeyd edilmişdir. 1967-ci ildə Şəki rayonu, Orta Zəyzid kənd məktəbinin birinci sinifinə getmişdir. Bu doğum şəhadətnaməsi ilə 4 yaş olur. Bu da mümkün olmayan bir işdir. Iddiaçıya Zəyzid Ambulatoriyası tərəfindən açılan fərdi vəsiqədə doğum tarixi düzgün olaraq ## ###### 1960 il göstərilmişdir. Vəsiqədə həmin ildən peyvəndləri, müalicələri aparılmışdır.

5. Cavabdeh orqanın mövqeyinə görə Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan doğum haqqında akt qeydində doğum tarixi “##.##.1963-cü il” kimi qeyd edilmişdir. Akt qeydindən görünür ki, doğum həkim məntəqəsinin ##.##.1963-cü il tarixli yoxlamasına əsasən qeydə alınmışdır. Vətəndaşın şəxsiyyət vəsiqəsində, hərbi biletində, ##.##.1963-cü il tarixdə verilən AZ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnaməsində doğum tarixi “##.##.1963-cü il” yazılmışdır. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan nikah haqqında akt qeydində də doğum tarixi "##.##.1963-cü il” yazılmışdır. Doğum və nikah haqqında akt qeydində doğum tarixinin “##.##.1963-cü il”dən “##.##.1960-cı il”ə dəyişiklik edilməsi üçün hər-hansı bir hüquqi əhəmiyyətli sənəd təqdim edə bilmədiyindən həmin akt qeydində müvafiq dəyişikliyin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin müddəaların 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir. Qeyd edilənlərə əsasən doğum və nikah haqqında akt qeydində doğum tarixinin “##.##.1963-cü il”dən “##.##.1960-cı il”ə dəyişiklik edilməsi mümkün olmamışdır.

6. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı tələbdə iddiaçının hüquqi marağı səhv hesab etdiyi Şəki şəhər IHB-nın Baş Zəyzid kənd IƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin ##.##.1963-cü ildən ##.##.1960-cı ilə dəyişdirilməsindən ibarətdir. Məhkəmə aşağıdakılara görə iddianı əsaslı hesab etmir. Ilk növbədə qeyd edilməlidir ki, sözügən doğum haqqında akt qeydi tərtib edilən zaman qüvvədə olan “Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi”nin 184-cü maddəsinə əsasən doğumun qeydiyyatı, uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud da onlardan birinin yaşadığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Doğum haqqında yazılı və ya şifahi formada məlumat valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar valideynlərin razılığı olduqda, doğumun təntənəli şəraitdə qeyd olunmasını təmin edirlər. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci üç ay ərzində, uşaq ölü doğulduqda isə doğum vaxtından ən geci üç gün müddətində verilməlidir. Göründüyü kimi mübahisəli akt qeydi tərtib edilən dövrdə mövcud qanunvericiliyə əsasən doğumun qeydiyyatını aparan müvafiq orqana məlumat uşaqların doğulduğu yerdə və ya valideynlərin, bu mümkün olmadıqda isə uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilməsi müəyyən edilmişdir. Iş materiallarından göründüyü kimi iddiaçının ##.##.1963-cü il tarixli doğum haqqında akt qeydində doğumun qeydiyyatı həkim məntəqəsinin ##.##.1963-cü il tarixli yoxlamasına əsasən qeydə alınmışdır. Bu halın mövcudluğunu istisna edən hər hansı bir dəlil iş üzrə təqdim edilməmişdir. Bununla yanaşı iddiaçının iddiasında doğum haqqında şəhadətnaməninin alınması ilə bağlı gec müraciət olunması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrüdə “Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi”nin 185-ci maddəsinin tələbinə görə bu doğum haqqında məlumatı verməli olan şəxslərin məsuliyyət sferasına aid olan məsələ olduğundan burada qeydiyyatı aparan orqanın hərəkətlərinin qanunsuz olmasına istinad edilə bilməz. Bununla yanaşı işdən belə müəyyən edilir ki, iddiaçının şəxsiyyət vəsiqəsində, hərbi biletində, “nikah haqqında akt qeydi”ndə, ##.##.1963-cü il tarixdə verilən AZ seriyalı ****** nömrəli “doğum haqqında şəhadətnamə”sində doğum tarixi “##.##.1963-cü il” kimi qeyd edilmişdir. Məhkəmə tərəfindən əldə edilən “Orta Zəyzid təsərrüfatbaşı kitabı”nda (770-814) İddiaçı doğulduğu il ##.##.1963-cü il göstərilmişdir. Göründüyü kimi iddiaçıya aid bütün sənədlərdə onun doğum tarixinin eyni ##.##.1963-cü il tarix göstərildiyi halda, yalnız 1967-ci ildə Şəki rayonu, Orta Zəyzid kənd məktəbinin birinci sinifinə getməsi və Zəyzid Ambulatoriyası tərəfindən açılan fərdi vəsiqədə doğum tarixinin ## ###### 1960 il olmasına əsaslanaraq doğum tarixnin qeydiyyat orqanı tərəfindən yanlış olaraq qeyd edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin qurumların iddiaçının doğum tarixinin ## ###### 1960 kimi qəbul olunmasının əsaslı olmasına dair heç bir mötəbər sübut təqdim edilməməklə yanaşı bu halın təkzibolunmazlığı məhkəmə araşdırılması ilə də müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

8. Iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. Iddiaçının nümayəndəsi və vəkili, apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, X2 Filialının ##.##.2025-ci il tarixdə verilmiş arxiv arayışından görünür ki, 1976-1977-ci illərdə orta məltəbi qurtaran şagirdlərə şəhadətnamə və atestat verilməsinə dair uçot kitabında 1976- 1977-ci dərs illərində Şəki rayon Orta Zəyzid kənd orta məktəbini bitirən şagirdlərin siyahısında iddiaçının doğum tarixi düzgün olaraq 1960-cı il qeyd edilmişdir. Belə olan halda, iddiaçının hər hansı şəxsin səhvi ucbatından hüquqlarının pozulması qanunauyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı izahatında qeyd etmişdir ki, 1960-cı ildə doğulduğunu atası ona bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, atası 1990-cı ildə vəfat etmişdir. O, məlumatlı olmasına baxmayaraq, 30 ildən artıq müddətə həmin səhvin aradan qaldırılmasına cəhd etməmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə onun hüquqi marağı yaşa görə əmək pensiyası almaqdan ibarətdir. Əlavə olaraq apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi ilkin iddia ərizəsininin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun Qərardadı ilə cavabdeh “Şəki Rayon Qeydiyyat Şöbəsi” hüquqi varisi olan “Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi” ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: HYPERLINK "https://e-qanun.az/framework/46956" \l "_edn82" \o "" [82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Iddiaçının nümayəndəsi və vəkili, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı səhv hesab etdiyi Şəki şəhər IHB-nın Baş Zəyzid kənd IƏD üzrə nümayəndliyinin tərtib etdiyi doğum haqqında akt qeydində doğum tarixinin ##.##.1963-cü ildən ##.##.1960-cı ilə dəyişdirilməsinə nail olmaqdır.

20. Iddia tələbi və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, ##.##.1960-cı ildə anadan olmuş, lakin uşaq ikən xəstə olduğuna görə doğum haqqında şəhadətnamə gec alınmış və doğum tarixi səhvən ##.##.1963-cü il kimi qeyd edilmişdir. Iddiaçı, 1976–1977-ci dərs ilində Şəki rayon Orta Zəyzid kənd orta məktəbini bitirən şagirdlərə dair uçot kitabında doğum ilinin 1960, həmin məktəbə qəbul olunduğu ilin isə 1967-ci il kimi göstərilməsinə istinad etmişdir. Iddiaçının mövqeyinə görə əgər rəsmi qeyd olunan kimi 1963-cü ildə doğulmuş olsaydı, 1967-ci ildə cəmi 4 yaşında olduğundan birinci sinfə getməsi real olmazdı. Bundan başqa, Zəyzid ambulatoriyası tərəfindən açıldığı iddia edilən tibbi vəsiqədə də, doğum tarixi 1960-cı il qeyd edilmişdir.

21. Iş materiallarından görünür ki, iddiaçıya aid ##.##.1963-cü il tarixli, *** nömrəli doğum akt qeydində onun ##.##.1963-cü ildə doğulması, həmin vaxt ailənin sayca ikinci uşağı olması qeyd edilmişdir.

22. Iddiaçının bacısı X4 aid ##.##.1959-cu il tarixli, *** nömrəli doğum akt qeydində onun ##.##.1958-ci ildə doğulması və ailənin birinci uşağı olması, iddiaçının digər bacısı X5 aid ##.##.1967-ci il tarixli, ** nömrəli doğum akt qeydində isə onun ##.##.1967-ci ildə doğulması və ailənin 5-ci uşağı olması qeyd edilmişdir.

23. Iş materiallarında olan ##.##.1990-cı il tarixli ** nömrəli nikah akt qeydində və iddiaçının övladlarına aid ##.##.1991-ci il və ##.##.1992-ci il tarixli doğum akt qeydlərində də, iddiaçının doğum tarixi ##.##.1963-cü il kimi göstərilmişdir. Habelə, ******* nömrəli əmək kitabçasında, Şəki şəhər-rayon polis şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında, SHXÇÜDX-nin ##.##.2024-cü il tarixli məktubunda istinad edilən hərbi qeydiyyat kartasında həmin tarix əks olunmuşdur.

24. X2 filialının ##.##.2024-cü il tarixli məktubuna əlavə olunmuş Nuxa rayonu Orta Zəyzid kənd ZDS-nin IK-nin 1960–1962 və 1963–1965-ci illərə aid təsərrüfatbaşına kitablarının surətlərindən görünür ki, 1960–1962-ci illərə aid kitabda iddiaçı barədə hər hansı qeyd yoxdur, 1963–1965-ci illərə aid kitabda isə onun ##.##.1963-cü ildə doğulması barədə qeyd aparılmışdır.

25. X2 Filialı tərəfindən təqdim edilmiş Şəki şəhər Xalq Maarif şöbəsinin 1976–1977ci il dərs ilində orta məktəbi qurtaran şagirdlərə şəhadətnamə və attestat verilməsinə dair uçot kitabında Şəki rayon Orta Zəyzid kənd orta məktəbini həmin dərs ilində bitirən şagirdlərin siyahısında iddiaçının doğum ili 1960, həmin məktəbə daxil olduğu il isə 1967ci il qeyd edilmişdir.

26. Hazırkı qərarın 13-cü bəndində istinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar olmalı və aidiyyəti şəxslər arasında mübahisə olmamalıdır. Baxılan iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir.

27. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə kollegiya ilk növbədə qeyd edir ki, doğum haqqında akt qeydində dəyişiklik sadəcə ehtimal, məntiqi nəticə çıxartmaqla yox, bu dəyişikliyə əsas verən mötəbər və inandırıcı sübutlarla əsaslandırılmalıdır. Başqa sözlə, mövcud akt qeydinin səhv olması şübhədən kənar və aydın şəkildə sübut edilmədikcə həmin qeydə dəyişiklik edilə bilməz.

28. Iddiaçının doğumuna dair ##.##.1963-cü il tarixli akt qeydində doğumun Zəyzid həkim məntəqəsinin ##.##.1963-cü il tarixli yoxlaması əsasında qeydə alındığı göstərilsə də, həmin “yoxlama” qeydinin yeni doğulmuş uşağın doğumundan dərhal sonra tibbi qeydiyyata alınmasını, yaxud ərazidə yeni doğulmuşların olub-olmamasını müəyyən etmək məqsədilə həyata keçirilən dövrü nəzarət xarakterli yoxlamanı ifadə etməsi müəyyən edilmir. Odur ki, “həkim məntəqəsi yoxlaması” qeydinin özü də, birmənalı olaraq ilkin tibbi mənbə kimi qiymətləndirilə bilməz.

29. Iddiaçının əsaslandığı əsas dəlil təhsil sənədidir. Həmin sənəddə doğum ilinin 1960, məktəbə qəbul ilinin isə 1967-ci il kimi göstərilməsi, akt qeydindəki 1963-cü il doğum tarixi ilə ziddiyyət yaradır. Belə ki, əgər iddiaçı 1963-cü ildə doğulmuş olsaydı, 1967-ci ildə 4 yaşında birinci sinfə qəbul edilmiş sayılmalı idi ki, bu da reallığa uyğun deyil.

30. Lakin kollegiya hesab edir ki, təhsil sənədinə istinadla doğum akt qeydinə şübhə ilə yanaşıldıqda, o zaman eyni məntiqlə sual yaranır ki, əgər iddiaçı 1960-cı ildə doğulmuşdursa, nəyə görə 1960–1962-ci illərə aid təsərrüfatbaşına kitabda onun haqqında hər hansı məlumat yoxdur. Nəzərə alınmalıdır ki, 1960-cı ildə anadan olmuş, həmin ailədə yaşayan uşaq 1961-1962-ci illərdə təsərrüfatbaşına uçot kitabında ailə tərkibində göstərilməli idi. Lakin arxiv sənədlərinə görə iddiaçı barədə qeydlər yalnız 1963cü ildən sonra başlanır.

31. Beləliklə, iş üzrə toplanmış sənədlərdə iddiaçının doğum tarixi ilə bağlı məlumatlar bir-birinə qarşılıqlı şəkildə uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, akt qeydində düzəliş edilməsi yalnız bir sənədin digərindən daha məntiqli görünməsi əsasında həyata keçirilə bilməz. Doğum tarixi kimi əhəmiyyətli məlumatın dəyişdirilməsi üçün kifayət qədər əsas, yəni aydın, mötəbər və şübhədən kənar sübutlar təqdim olunmalıdır.

32. Iddiaçının təqdim etdiyi Zəyzid ambulatoriyasına aid tibbi sənəddə isə doğum tarixinin bəzi yerlərdə ##.##.1960, bəzi yerlərdə isə düzəliş edilmiş qaydada qeyd olunması, sənədin səhifələrinin zaman ardıcıllığına uyğun olmaması, 1960–1962-ci illərə aid qeydlərin sonradan yapışdırılması, ilk ardıcıl qeydiyyatın isə ##.##.1963-cü ildən başlaması müəyyən olunur. Səhiyyə müəssisəsi tərəfindən həmin sənədin mötəbərliyini təsdiq edən ilkin sənədlərin mövcud olmaması bildirilmişdir. Odur ki, həmin tibbi sənəd də, mötəbər sübut kimi qəbul edilə bilməz.

33. Kollegiya həmçinin iddiaçının ötən müddət üzrə davranışına diqqət çəkərək qeyd edir ki, iddiaçının fərdi marağı pensiya hüququnun əldə olunmasına yönəlmişdir. Belə ki, hazırda bu məsələnin qaldırılması onun pensiya yaşına çatması ilə üst-üstə düşür. Iddiaçı, onilliklər boyu ##.##.1963-cü ildə doğulmasından irəli gələn statusla yaşayaraq həmin statusun nəticələrindən yararlanmış, şəxsiyyət vəsiqəsi alarkən, hərbi xidmət keçərkən, əmək fəaliyyəti göstərərkən, nikah bağlayarkən, övladlarına dair rəsmi sənədlər tərtib olunarkən həmin tarixlə hüquqi dövriyyədə iştirak etmişdir. O, bu tarixə qarşı əvvəlki dövrlərdə mübahisə açmamış, bu məlumatla razılaşaraq hərəkət etmişdir.

34. Kollegiya nəzərə alır ki, doğum tarixi şəxsin identifikasiya məlumatlarının əsas elementidir. Onun dəyişdirilməsi təkcə bir sənədin düzəldilməsi deyil, uzun illər formalaşmış qeydiyyat, hərbi uçot, əmək, sosial sığorta və digər hüquqi münasibətlər sisteminə təsir göstərən müdaxilədir. Əhalinin qeydiyyatının dəqiq aparılması, hüquqi müəyyənliyin qorunması və dövlət reyestrlərinin sabitliyi ictimai maraq kəsb edir.

35. Iddiaçının fərdi marağı uzun illər formalaşmış hüquqi vəziyyətin dəyişdirilməsinə yönəldiyindən, bu dəyişiklik yalnız aydın, mötəbər və kifayət qədər əsaslı sübutlar əsasında mümkün ola bilər. Təqdim olunmuş sübutlar isə belə müdaxilə üçün yetərli olmadığından, hazırkı halda ictimai maraqlar iddiaçının fərdi maraqlarından üstün tutulmalıdır.

36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən akt qeydinə dəyişiklik üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası:

QƏRARA ALDI:

Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar