Məhkəmə qərarları › İş №2-1(107)-702/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-702/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-702/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-1954/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2024-cü il tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini isə dəqiqləşdirərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - O, Birinci Qarabağ müharibəsində iştirak edərək ağır xəsarət almış, sol aşağı ətrafın qəlpə yarası, sol bel sağrısı və bud nahiyəsinin qəlpə yaraları diaqnozu ilə hərbi travma almaqla Azərbaycan Respubliksının müdafiəsi zamanı bu xəsarətləri alaraq yaralanmışdır. Bu xəsarətlərin nəticəsində vətəndaşda sol budun orta-yuxarı 1/3 hissəsinin, sol sağrının, sol bud-çanaq oynağının və cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyəti, sol bud-çanaq oynağının sınığı, sol bud-çanaq oynağının obduksion kontrakturası (10-12 dərəcə), İİ dərəcəli koksoartroz, yayılmış osteoporoz, dayaq-hərəkət funksiyasının pozulması, çoxsaylı yad cisimlər (qəlpələr), soltərəfli neyropatiya, soltərəfli monoparez, ataktik yeriş, bel tipli osteoxondroz və daimi ağrı sindromu kimi ciddi tibbi fəsadlar müşahidə olunmaqdadır. O, 2019-cu ildən əlildir. Lakin iyun 2024-cü il tarixindən etibarən onun əlilliyi dayandırılmış, 1 avqust 2024-cü il tarixində isə əlilliyin bərpasından imtina edilmişdir. İmtinanın səbəbi kimi "əlillik əlamətinin təyin edilməməsi" göstərilmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni : Sol budun orta yuxarı 1/3-nin, sol sağrının, sol bud-çanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol bud-çanaq oynağının sınığı. Sol bud-çanaq oynağının obduksion kontrakturası (10-12 dər.). İİ dərəcəli koksoartroz. Yayılmış osteoporoz. Dayaq hərəkət funkusiyasının pozulması. Çoxsaylı yad cisim (qəlpələr). Soltərəfli neyropatiya. Soltərəfli monoparez. Ataktik yeriş. Bel tipli osteoxondroz. Daimi ağrı sindromu və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Yevlax rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1083 nömrəli Qərar verilmişdir. Həmin Qərarda “Sol aşağı ətrafın qəlpə yarası. Sol bel, sağrı və bud nahiyyəsinin qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, belində yırtıq, yuxarı ətraflarında güzsüzlükdən şikayətlənmiş, bədənində gözlə görülə biləcək heç bir çapıq izi olmadığını bildirmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, koordinator sınaqları düzgün icra etmiş, yerişi sərbəst olmuş, sərbəst çöməlmişdir (əyləşib-qalxmış) ki, bu da tibbi sənədlərdə qeyd olunan “sol aşağı ətrafın monoparezi” diaqnozunu inkar etmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 5098 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş sol aşağı ətrafın qəlpə yarası. Sol sarğı və bud nahiyyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət. Sol bud sinirinin neyropatiyası, sol aşağı ətrafın monoparezi, yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Onurğa sütunu bel və oma disk aralığı (üç disk aralığı) KT müayinəsinin nəticəsi “L4L5 və L5-S1 fəqərəarası disklərin ekstruziyası” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. X1 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ budun, orta yuxarı 1/3-nin, sol sarğının, sol bud-çanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət. Çoxsaylı yad cisim (qəlpələr). Yaralanmadan sonrakı çoxsaylı çapıq toxuması. Sol bud-çanaq oynağının İİ dərəcəli koksartrozu. Sol bud-çanaq oynağının abduksion kontrakturası (hərəkət 10-12 dərəcə). Soltərəfli monoparez. Bel tipli osteoxondroz. Yayılmış osteoparoz. Daimi ağrı sindromu. Dayaqhərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Baş-beyin yarımkürələrinin alın və təpə paylarının zəif atrofiyası” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim X4) 7 oktyabr 2025-ci il tarixli 2-1(116)- 1954/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı sağlamlıq vəziyyətinin araşdırılması məqsədi ilə keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 592 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Yevlax rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, B00207706UMM saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol budun orta yuxarı 1/3-nin, sol sağrının, sol bud-çanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sol bud-çanaq oynağının obduksion kontrakturası (10-12 dərəcə), M79.5-yumşaq toxumalarda qalmış yad cisim, çoxsaylı yad cisimlər (qəlpələr), G83.1-aşağı ətrafların monoplegiyası, sol tərəfli monoparez, R26.8hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət funksiyasının pozulması, M16.1-digər birincili koksartroz, İİ dərəcəli koksartrozu, R26.0-ataktik yeriş, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, L91.0-hipertrofık çapıq yaralanmadan sonrakı çoxsaylı çapıq toxuması, M81.0-menopauzadan sonra osteoporoz, yayılmış osteoporoz, G37- mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri, sol tərəfli bud sümüyünün neyropatiyası, S72.3-bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud-çanaq oynağının sınığı, M62-əzələnin digər zədələnmələri, əzələ zədələnməsi, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, bel tipli osteoxondroz” diaqnoz ona stasionarda müayinə və müalicələri əsasında təyin edilsə də, hazırda şəxsin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər-hansı bəndini şamil etmək mümkün olmamışdır. Sadalanan faktlardan aydın olur ki, məhkəmənin iddianın təmin edilməsi barədə qəbul etdiyi qərar əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-1954/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)- 1954/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticələri; Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2017-ci il tarixli 1083 nömrəli qərarı; “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-82/21012/2025 nömrəli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

22. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nin 40 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2024-cü il tarixdən 1 il müddətinə əlillik müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının pozulmasının 40 faizinin “birinci dərəcə əlillik” kimi ifadə olunması tətbiq edilən maddi hüquq normaları ilə uyğunluq təşkil etmir.

26. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

27. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 40 faiz pozulması halının qoyulması əvəzinə, İ dərəcə əlillik kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq OFP-in İ dərəcə əlilliyin müəyyən olunması hissəsində dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 40 faizi müəyyən edilməlidir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndində ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular halları üzrə qiymətləndirmə meyarları konkret müəyyən edilmişdir. Həmin meyarlara əsasən, bu hallarda orqanizmin funksiyalarının pozulması faizi 40 %, müddəti isə 1 il olaraq nəzərdə tutulmuşdur.

29. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda şəxsin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər-hansı bəndini şamil etmək mümkün olmamışdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müayinə olunmuş, “Sol budun orta yuxarı 1/3-nin dəlib, sol sağrı nahiyyəsinin, belin sol yarısının cinsiyyət üzvlərinin odlu silah yaralanmasından sonrakı çapıq toxumaları. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları.Aşağı ətrafın sinirinin travmasının nəticələri.Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Sol oturaq sinirinin zədələnməsi.Sol bud-çanaq oynağının 1- ədəd, cinsiyyət üzvlərinin 3-ədəd metal (qəlpəli yad cismi).Aşağı ətrafın mononevropatiyaları. Bədənin bir neçə nahiyəsini əhatə edən travmaların nəticələri.Aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması. Aşağı ətrafların monoparezi.” diaqnozu ilə beş il müddətinə (səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2024cü il qeyd edilmişdir.

31. Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2017-ci il tarixli 1083 nömrəli qərarından görünür ki, Yevlax RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Əmrah oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Beyləqan rayon mərkəzi xəstəxanasında müayinə olunduğu yaralanma- diaqnoz; “Sol aşağı ətrafın qəlpə yarası” xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı ş. 5 nömrəli Klinik Xəstəxanada müayinə və müalicə olunduğu yaralanma- diaqnoz: "Sol bel, sağrı və bud nahiyyələrinin qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2017-cİ il tarixli 291 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 211 nömrəli arayışı, MN Mərkəzi Arxivindən verilmiş xx.xx.2017-ci il tarixli 9/2-4076 nömrəli arayışı, Beyləqan rayon mərkəzi xəstəxanasından verilmiş stasionara qəbul jurnalından çıxarış, Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkiminin imzası və gerbli möhürü ilə təsdiqlənmiş xx.xx.2017-ci il tarixli 154 nömrəli məktubu, Bakı ş. 5 nömrəli Klinik Xəstəxanadan verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR".

32. “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1- 82/21012/2025 nömrəli məktubundan görünür ki, Yevlax rayonu, Quşçu kənd sakini İddiaçı barəsində tərtib edilmiş 88 nömrəli formada qeyd edilmiş xəstəlik diaqnozlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müvafiq bəndlərinə uyğunluğu aşağıdakı kimi qeyd edilmişdir:- “Yumşaq toxumalarda qalmış yad cism, çoxsaylı yad cismin (qəlpələr)” (M79.5), - 6.1.7 (80% müddətsiz), “Aşağı ətrafların monoplegiyası, sol tərəfli monoparez” (G83.1)- 6.5.1.1 (40% 1 il), “Digər birincili koksartroz, İİ dərəcəli koksoartrozu” (M16.1)- 13.4.40 (50% müddətsiz), “Hipertrofik çapıq, yaralanmadan sonrakı çoxsayılı çapıq toxuması” (L91.0)- 13.6.2 (40% müddətsiz), “Mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri, sol tərəfli bud sinirinin neyropatiyası” (G37)- 6.2.1.1 (35%-60% müddətsiz). Müayinələr zamanı vətəndaşda aşkar edilmiş, həmçinin 88 nömrəli formada qeyd edilən digər xəstəlik diaqnozları (“Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol budun orta yuxarı 1/3nin sol sarğının, sol bud-çanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət” (Y36.4), “Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması”(R26.8), “Ataktik yeriş” (R26.0), “Digər daimi ağrı, daimi ağrı sindromu” (R52.2), “Menopauzadan sonra osteoporoz, yayılmış osteoporoz” (M81.0), “Bud sümüyü cisminin, (diafizinin) sınığı, Sol bud-çanaq oynağının sınığı” (S72.3), “Əzələnin digər zədələnmələri, Əzələ zədələnməsi” (M62), “Yaşlılarda onurğanın osteoxondrozu, Bel tipli osteoxondroz” (M42.1), “Oynaqların kontrakturası, sol bud-çanaq oynağının onduksion kontrakturası (10-12 dərəcə)” (M24.5)) isə “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilməmişdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

34. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

35. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

36. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

37. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

38. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.

39. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

41. Lakin cavabdeh inzbati orqan isə apellyasiya şikayətini “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əsaslandırmışdır.

42. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sol budun orta yuxarı 1/3-nin sol sarğının, sol bud çanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət, M24.5- Oynaqların kontrakturası, Sol bud çanaq oynağının onduksion kontrakturası (10-12 dərəcə), M79.5- Yumşaq toxumalarda qalmış yad cisim, çoxsaylı yad cismin (qəlpələr), G83.1- Aşağı ətrafların monoplegiyası, sol tərəfli monoparez, R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması, M16.1- digər birincili koksartroz, İİ dərəcəli koksoartrozu, R26.0- Ataktik yeriş, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, L91.0Hipertrofik çapıq, Yaralanmadan sonrakı çoxsaylı çapıq toxuması, M81.0- Menopauzadan sonra osteoporoz, yayılmış osteoporoz, G37- mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri, sol tərəfli bud sümüyünün neyropatiyası, S72.3- bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud çanaq oynağının sınığı, M62- əzələnin digər zədələnmələri, əzələ zədələnməsi, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, bel tipli osteoxondroz” olmuşdur.

43. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1954/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2”-nin ekspertlərinə həvalə edilmişdir.

44. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş T592/2025 nömrəli ekspert rəyindən görünür ki, 1. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Yevlax rayon mərkəzi xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, B00207706UMM saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol budun orta yuxarı ’/ə-nin, sol sağrının, sol budçanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət. Ağırlaşmalar: M24.5oynaqların kontrakturası, sol bud-çanaq oynağının obduksion kontrakturası (10-12 dərəcə), M79.5-yumşaq toxumalarda qalmış yad cisim, çoxsaylı yad cisimlər (qəlpələr), G83.1-aşağı ətrafların monoplegiyası, sol tərəfli monoparez, R26.8hərəkətİn və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət funksiyasının pozulması, M16.1digər birincili koksartroz, İİ dərəcəli koksartrozu, R26.0-ataktik yeriş, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, L91.0-hipertrofık çapıq, yaralanmadan sonrakı çoxsaylı çapıq toxuması, M81.0-menopauzadan sonra osteoporoz, yayılmış osteoporoz, G37- mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri, sol tərəfli bud sümüyünün neyropatiyası, S72.3-bud sümüyü cisminin (diafizinin) sınığı, sol bud- çanaq oynağının sınığı, M62əzələnin digər zədələnmələri, əzələ zədələnməsi, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, bel tipli osteoxondroz” diaqnoz ona stasionarda müayinə və müalicələri əsasında təyin edilsə də, hazırda şəxsin əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf'nın hər-hansı bəndini şamil etmək mümkün olmamışdır. Vətəndaş İddiaçı adma Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 1083 nömrəli qərarında olan “Sol aşağı ətrafın qəlpə yarası, sol bel, sağrı və bud nahiyələrinin qəlpə yaraları” diaqnozuna “Yevlax rayon mərkəzi xəstəxanasının tərtib etdiyi xx.xx.2024-cü il tarixli, B00207706UMM saylı göndərişində qeyd edilmiş “Sol budun orta yuxarı '/3-nin, sol sağrının, sol bud-çanaq oynağının, cinsiyyət üzvünün odlu silah yaralanmasından sonrakı vəziyyət” diaqnozu kimi rast gəlinir və diaqnozların bir- biri ilə səbəb əlaqəsi vardır.

45. İddiaçı barəsində göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozlardan yumşaq toxumalarda qalmış yad cism, çoxsaylı yad cismin (qəlpələr) 6.1.7, Aşağı ətrafların monoplegiyası, sol tərəfli monoparez- 6.5.1.1, Digər birincili koksartroz, İİ dərəcəli koksoartrozu 13.4.40, “Hipertrofik çapıq, yaralanmadan sonrakı çoxsayılı çapıq toxuması - 13.6.2, Mərkəzi sinir sisteminin digər mielinsizləşmə xəstəlikləri, sol tərəfli bud sinirinin neyropatiyası- 6.2.1.1 bəndinə uyğun olduğunu qeyd etmişdir.

46. Həmçinin, G83.0 və G83.2 XBT kodu ilə iddiaçıya xx.xx.2019-cu ildə (5 il müddətinə) əlillik təyin edilmişdir.

47. Səhiyyə müəssisəsi tərəfindən uyğunluğun olması bildirilən “Meyarlara” Əlavənin müvafiq bəndləri - iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları və iş materiallarında olan digər tibbi sənədlərlə birgə təhlil edilmişdir.

48. Belə ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” tərəfindən verilmiş ekspert rəyi iddiaçıya qoyulmuş bir sıra xəstəlik diaqnozlarının anamnestik, kliniki və instrumental müayinələr əsasında müəyyən edildiyini təsdiqləyir. Ən əsası, iddiaçının göndərişini tərtib etmiş səhiyyə müəssisəsinin məktubu iddiaçıya qoyulmuş G83 XBT kodlu xəstəliyin qüvvədə olan "Əlilliyin müəyyən olunması meyarları"nın Əlavəsinin 6.5.1.1-ci bəndinə (ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə) cüzi statodinamik pozuntular OFP-nın 40 faizi) uyğun gəldiyini açıqlamışdır.

49. Nəzərə alınmalıdır ki, inzibati orqan ilkin tibbi göstəricilərin doğruluğunu yoxlamaqda müəyyən sərbəstliyə malik olsa da, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəsmi məktubu ilə təsdiqlənən G83.0 XBT kodlu diaqnozun "Əlilliyin müəyyən olunması meyarları"nın 6.5.1.1-ci bəndinə birbaşa uyğun gəlməsi sübut olunduğu halda, cavabdehin bu məcburi meyarları nəzərə almayaraq iddiaçının müraciətindən imtina etməsi onun düzgün nəticəyə gəlmədiyini göstərir.

50. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

51. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əlilliyin təyin olunması şərtləri qanunvericiliklə (müvafiq meyarlar əsasında) müəyyən edildiyi halda, cavabdeh orqanın bu şərtlərin mövcudluğunu göstərən obyektiv tibbi məlumatlara baxmayaraq imtina etməsi, onun diskresion səlahiyyətinin hüdudlarını aşması deməkdir. Əgər diaqnoz qanunla müəyyən edilmiş meyarlara uyğundursa, əlilliyin təyin edilməsi artıq inzibati orqanın mütləq (məcburi) öhdəliyidir. İddiaçıya əvvəlki dövrlərdə də məhz eyni diaqnozla əlilliyin təyin edilmiş olması faktı da cavabdehin sonrakı imtinasının qanunauyğunluğuna ciddi şübhələr yaradır. Bütün bu faktiki və hüquqi hallar nəzərə alınaraq, cavabdeh orqanın imtina qərarı əsassız olması müəyyən olunur.

52. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 1 il müddətinə OFP-nın 40 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

54. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələri və Yevlax Rayon Mərkəzi Xəstəxanasının rəsmi məktubu ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnoz əlilliyin müəyyən olunması üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

55. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona xx.xx.2024-cü il tarixdən 1 il müddətinə əlilliyin müəyyən edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

57. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nın 40 faizinin müəyyən olunması öhdəliyi qoyulmalıdır.

58. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-1954/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar