Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-705/2025 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2- 1(116)-1941/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı, Şəki İnzibati Məhkəməsinin iclasında iddia tələbini dəqiqləşdirərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1970-ci il tarixdə Qubadlı rayonunun Qarakişi kəndində anadan olmuşdur. Uzun illərdir Mingəçevir şəhərində yaşayır. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 01 sentyabr 1988-ci ildə hərbi xidmətə çağırılmış və 15 dekabr 1990-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən sonra əmək fəaliyyətini davam etdirmiş, 1994-cü ilin iyul ayının sonunadək müxtəlif işlərdə çalışmışdır. 30 iyul 1994-cü il tarixdən etibarən Azərbaycan Respublikasının X3 xidmətə başlamış və 05 oktyabr 2006-cı ilədək qüsursuz xidmət etmişdir. Xidmət dövrü təqvimlə 12 il 2 ay 1 gün, imtiyazlı hesabla isə 14 il 11 ay 2 gün təşkil etmişdir. Xidmətdə olarkən qazandığı xəstəlik səbəbilə 05 oktyabr 2006-cı ildə xidmətdən təxris edilmişdir. O, xidmətdə qazandığı xəstəliklə əlaqədar olaraq 15 il ərzində ikinci dərəcəli əlilliyə görə pensiya almış, lakin 01 mart 2021-ci il tarixdən etibarən onun pensiya ödənişi dayandırılmışdır. Daha sonra, 12 avqust 2022-ci il tarixdə pensiya ödənişi yenidən bərpa edilmiş, lakin bu dəfə “ümumi xəstəlik” əsasında və əsassız şəkildə aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının məlumatına əsasən, İddiaçı “Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod”, “İntihar cəhdləri ilə qayıdan depressiv pozuntu”, “Somatoform pozuntular” diaqnozları qoyulmuş və 12 avqust 2024-cü il tarixinədək üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Lakin 12 sentyabr 2024-cü il tarixdə keçirilmiş son tibbi-sosial ekspertiza nəticəsində ona imtina qərarı verilmişdir. Halbuki, onun xidmət dövründə qazandığı xəstəliklərlə bağlı tibbi sənədlərdə göstərilən diaqnozlar eynidir və bu xəstəliklər birbaşa xidmət fəaliyyəti ilə bağlı yaranmışdır. Buna baxmayaraq, ona əvvəlcə “ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli əlillik”, daha sonra isə “ümumi xəstəliklə əlaqədar üçüncü dərəcəli əlillik” müəyyən edilmiş və sonda pensiyası kəsilmişdir. O, bu qərarla razılaşmayaraq, cavabdeh orqana müraciət etmiş, əlilliyinin xidmətlə əlaqədar qiymətləndirilməsini xahiş etmişdir. Lakin Agentliyin 14 aprel 2023-cü il tarixli, 25 aprel 2023-cü ildə təqdim edilmiş imtina məktubunda qeyd olunmuşdur ki, 28 iyun 2022-ci il tarixdə Agentlikdə qəbul zamanı təqdim edilmiş tibbi sənədlər və müayinə nəticələrinə əsasən, həmin diaqnozlar əlilliyin təyin olunması meyarlarına uyğun gəlmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. O, hesab edir ki, bu qərar əsassızdır, çünki o, X3 xidmət etdiyi dövrdə qazandığı xəstəliyə görə təxris olunmuş və uzun müddət məhz həmin xidmətlə əlaqədar ikinci dərəcəli əlilliyə əsasən pensiya almışdır.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND tərəfindən xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan ağır dərəcəli növbəti epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, Anamnezində intihar fikirləri ilə.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Müşahidə məqsədi ilə əlavə müalicə məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Bildiririk ki, iddiaçıya ən sonuncu dəfə xx.xx.2022-ci il tarixində 2 il müddətinə ümumi səbəblərlə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti xx.xx.2024-cü ildə başa çatmışdır. Yəni ki, iddiaçının qüvvədə olan əlilliyi olmadığından bu məhkəmə mübahisəsində “əlilliyin bərpa edilməsindən” söhbət gedə bilməz. Ən sonuncu göndəriş üzrə tərəfimizdən verilmiş “əlavə müalicəyə ehtiyacın olması” cavabı isə imtina kimi qiymətləndirilməməlidir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalında göndərişlərin tənzimlənməsi ilə bağlı 18-22-ci bəndlərində qeyd edilmişdir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) 07 oktyabr 2025-ci il tarixli 2-1(116)-1941/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. - Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1941/2025 nömrəli qərardadı ilə məhkəməpsixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. - “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 4060 nömrəli məktubu və ona əlavə olunmuş 2294 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı “Qayıdan depressiv pozuntu, orta dərəcəli epizod, anamnezində intihar fikirləri ilə (F33.1)” aşkar olunur. Aldığı müalicə nəticəsində onda qeyd olunan diaqnozu korreksiya olunub, hal-hazırda vəziyyəti nisbətən yaxşılaşaraq qeyd edilən diaqnoza uyğun gəlir. Lakin buna baxmayaraq onda hərəkətlərinin yavaşıması, spontanlığın azalması, intihar fikirlərinin olması, əhvalruhiyyəsinin enik olması, koqnitiv funksiyalarının zəifləməsi qeyd olunur və onun sosial adaptasiya və əmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, gündəlik həyat fəaliyyətinə mənfi təsir edir. Xəstəlik qismən müalicə olunsa belə qayıtma ehtimalı çox yüksəkdir. - İş materiallarında olan tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsinin məktubundan görünür ki, iddiaçıda müşahidə edilən: “tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depressiv epizodlar əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə enməsinə səbəb olur, ətrafdakılarla tez-tez problemlər yaradır, gündəlik fəaliyyətə neqativ təsir edir. Sərbəst yaşamaq bacarığı vardır, lakin bəzi hallarda kənar şəxsin ehtiyacı olur” əlamətlər insan orqanizminin funskiyalarının itirilmə faizi 31-60 % (2 il müddətinə) uyğun olması qeyd edilmişdir. Həmin məktubda 7.4.2.2 bəndinə istinad edilmişdir, lakin məzmununda təsvir olunan hallar və təqdim olunan ekspert rəyi ilə müəyyən olunmuş əlamətlər faktiki olaraq 7.4.2.1 bəndində nəzərdə tutulan meyarlara uyğun gəlir. - Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçıya müxtəlif illərdə – 2007, 2014, 2015 və 2016-cı illərdə ikinci dərəcəli əlillik təyin edilmiş, 2022-ci ildə isə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulması əsasında iki il müddətinə əlillik müəyyən edilmişdir. Həmçinin, 2006, 2021 və 2022-ci illərdə iddiaçıya əlavə müalicəyə ehtiyacın olması əsas gətirilərək əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Göstərilən hallar məhkəmə tərəfindən belə qiymətləndirilir ki, iddiaçının sağlamlıq vəziyyəti uzunmüddətli və davamlı xarakter daşıyır, yəni o, müxtəlif illərdə təkrarlanan müraciətlərinə baxmayaraq, əlavə müalicə tədbirləri alsa belə, sağlamlıq vəziyyətində tam bərpa və ya reabilitasiya mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş tibbi sənədlər və ekspert rəyi də təsdiq edilir ki, iddiaçıya qoyulmuş diaqnozda qeyd edilən xəstəliklər əlavə müalicə nəticəsində tam reabilitasiya olunması mümkün deyildir. Bu baxımdan, müxtəlif illərdə iddiaçıya əlillik təyin olunması faktı onun xəstəliyinin davamlı və sağalması mümkün olmayan xarakter daşıdığını göstərir. - Müəyyən edilir ki, “Qayıdan depressiv pozuntu, psixotik əlamətlər olmadan ağır dərəcəli növbəti epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, anamnezində intihar fikirləri ilə” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.4.2.1-ci bənddə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 31–60% həddində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir. - Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. - Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında İddiaçı əlillik vəziyyətinin Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. - Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (əlavə müalicəyə ehtiyacın olması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.4-ci maddəsinin (bənd 7.4.2.1) F-33 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 31 – 60 % pozulması ilə) müəyyən edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
8. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(116)- 1941/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edir ki, iddiaçı barədə göndərişlərin rəsmiləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ambulator və stasionar müayinələr yetərli olmalıdır. - Belə müayinələr yetərli olmadığı təqdirdə göndərişdə qeyd olunan diaqnozun yarımçıq olduğu qənaətinə gəlinərək əlavə müalicələrin aparılması və yalnız bu müalicələr aparıldıqdan sonra qiymətləndirmənin aparılması lazım olduğu bildirilir. Belə ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında onun barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməlidir. - “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının” təsdiqlənməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 saylı Qərarının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. - Yuxarıda qeyd edilənləri nəzərə almayan birinci instansiya məhkəməsi isə işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxarmışdır. - Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil buraxılmış prossesual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək iddia tələbinin qaldırılmasına dair ötürülmüş prossesual müddətin bərpa edilməsini xahiş etdi. Əlavə olaraq apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(116)-1941/2025 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2026-cı il tarixli, 2- 1(107)-705/2025 nömrəli iclas protokolunun qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş prossesual müddətin bərpa edilməsi barədə ərizəsi icraata qəbul edilərək iddia tələbinin qaldırılmasına dair ötürülmüş prossesual müddət bərpa edilmişdir.
13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
7. Psixi və davranış pozuntuları - 7.4. Əhval pozuntuları (affektiv pozuntular) - 7.4.2. rekurrent depresiv pozuntu F33 - (7.4.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; orqanizmin funksiyalarının pozulması müddəti – 2 il.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya xx.xx.2024cü il tarixdən 2 il müddətinə əlillik müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının 35–60 faiz pozulmasının “birinci dərəcə məhdudlaşma” kimi göstərilməsi tətbiq edilən maddi hüquq normaları ilə tam uyğunluq təşkil etmir.
25. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə OFP-nın 35-60 faiz pozulması halının qoyulması əvəzinə, İ dərəcə məhdudlaşma kimi qeyd etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi Meyarların 3.2-ci bəndinə və Meyarlara Əlavənin tələblərinə uyğun olaraq OFP-in İ dərəcə məhdudlaşdırılması hissəsində dəyişdirilməklə, iddiaçının orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi müəyyən edilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
28. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, qeyd olunan diaqnozun yarımçıq olduğu qənaətinə gəlinərək əlavə müalicələrin aparılması və yalnız bu müalicələr aparıldıqdan sonra qiymətləndirmənin aparılması lazım olduğu bildirilir. Belə ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında onun barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməlidir.
29. Kollegiya hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətində irəli sürdüyü arqumentlər-yəni iddiaçının göndərişlərinin rəsmiləşdirilməsi üçün ambulator və stasionar müayinələrin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə tam olması və əlavə müalicələr aparılmadan qiymətləndirmənin həyata keçirilməməsi – işin faktiki halları və qanunvericilik tələbləri ilə uyğun gəlmir.
30. Göründüyü kimi, cavabdeh orqanın apellyasiya şikayətinin dəlili imtinanın dəlili ilə eynilik təşkil edərək iddiaçının əlavə müayinəyə ehiyacının olması qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
32. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə müayinə olunmuş, “Depressiv nevroz uzun gediş ilə və suisiolioel fikirələ NSD kardial tipl” diaqnozu ilə bir il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2008-ci il qeyd edilmişdir.
33. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Depressiv nevroz uzun gediş ilə və suisiolioel fikirələ NSD kardial tipl” diaqnozu ilə bir il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir.
34. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Depresiv epizod _psixopatik sidromlarsız müşahidə olunan ağır dərəcəli depresiv epizod teztez veqativ damar krizləri Somotoform pozğunluqu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə bir il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir.
35. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Depresiv epizod _psixopatik sidromlarsız müşahidə olunan ağır dərəcəli depresiv epizod teztez veqativ damar krizləri Somotoform pozğunluqu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə beş il müddətinə (səbəb: hərbi xidmət dövrü ilə əlaqədar) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-cı il qeyd edilmişdir.
36. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür) əlilliyin təyin edilməsindən imtina edilmişdir.
37. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
38. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
39. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (Əsas diaqnoz və onun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstənin, Bakı şəhəri 1 saylı RPX-da müayinə olunmasına ehtiyac var) əlilliyin təyin edilməsindən imtina edilmişdir.
40. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
41. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, “Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, Psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod, İntihar cəhdləri ilə. Qayıdan depressiv pozuntu, Ağır depressiv epizod , rekkurent depressiya çərçivəsində, İntihar cəhdləri ilə. Somatoform pozuntular, Somatoform pozuntular” diaqnozu ilə iki il müddətinə (səbəb: ümumi xəstəlik) orqanizmin funksiyalarının 40% pozulması müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il qeyd edilmişdir.
42. İş materillarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir
43. Həmçinin, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1941/2025 nömrəli qərarı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmiş və həmin mərkəzin xx.xx.2025-ci il tarixli 4060 nömrəli məktubu və ona əlavə olunmuş 2294 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı “Qayıdan depressiv pozuntu, orta dərəcəli epizod, anamnezində intihar fikirləri ilə (F33.1)” aşkar olunur. Aldığı müalicə nəticəsində onda qeyd olunan diaqnozu korreksiya olunub, hal-hazırda vəziyyəti nisbətən yaxşılaşaraq qeyd edilən diaqnoza uyğun gəlir. Lakin buna baxmayaraq onda hərəkətlərinin yavaşıması, spontanlığın azalması, intihar fikirlərinin olması, əhvalruhiyyəsinin enik olması, koqnitiv funksiyalarının zəifləməsi qeyd olunur və onun sosial adaptasiya və əmək qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır, gündəlik həyat fəaliyyətinə mənfi təsir edir. Xəstəlik qismən müalicə olunsa belə qayıtma ehtimalı çox yüksəkdir.
44. İş materiallarında olan tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsinin məktubundan görünür ki, iddiaçıda müşahidə edilən: “tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depressiv epizodlar əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə enməsinə səbəb olur, ətrafdakılarla tez-tez problemlər yaradır, gündəlik fəaliyyətə neqativ təsir edir. Sərbəst yaşamaq bacarığı vardır, lakin bəzi hallarda kənar şəxsin ehtiyacı olur” əlamətlər insan orqanizminin funskiyalarının itirilmə faizi 31-60 % (2 il müddətinə) uyğun olması qeyd edilmişdir. Həmin məktubda 7.4.2.2 bəndinə istinad edilmişdir, lakin məzmununda təsvir olunan hallar və təqdim olunan ekspert rəyi ilə müəyyən olunmuş əlamətlər faktiki olaraq 7.4.2.1 bəndində nəzərdə tutulan meyarlara uyğun gəlir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz, barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları, ekspert rəyi və iş materiallarında olan digər tibbi sənədlər nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.4.2.1-ci bəndi əsasında qiymətləndirilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.4.2.1-ci bəndində rekurrent depresiv pozuntu F33, yəni (7.4.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması halları üzrə qiymətləndirmə meyarları konkret müəyyən edilmişdir. Həmin meyarlara əsasən, bu hallarda orqanizmin funksiyalarının pozulması faizi 35–60%, müddəti isə 2 il olaraq nəzərdə tutulur.
47. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçının diaqnozunun orqanizmin funksiyalarının pozulmasının 35 faizdən aşağı olmasına dair hər hansı mötəbər sübutlar da təqdim etməmişdir.
48. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir.
49. Belə ki, cavabdeh orqan özü də, iddiaçıya qoyulmuş diaqnozların düzgünlüyünü mübahisələndirmir, lakin müalicə günlərinin sayının yetərli olmaması, xəstənin əlavə müalicəyə ehtiyacının olmasını bildirir. Bununla belə imtina əsası qeyri-müəyyən olmaqla müalicə günlərinin sayının, o cümlədən əlavə müalicəyə ehtiyacının nə qədər olması ilə bağlı cavabdeh orqanın mövqeyi qeyri-müəyyəndir. Nəzərə alınmalıdır ki, əlillik müəyyən olunarkən faktiki vəziyyət, yəni davamlı funksional pozuntu əsas götürülməlidir. İddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş tibb müəssisəsi əlavə müayinə və müalicə aparılacağı təqdirdə belə, diaqnozda göstərilən xəstəliklərin tamamilə aradan qalxmasının mümkün olmadığını bildirir. Həmçinin ekspert rəyi ilə də iddiaçının müalicəni davam etdirsə də xəstəliklərinin aradan qalxması, tam reablitasiya olunmasının mümkün olmadığı öz təsdiqini tapmışdır.
50. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aradan qalxması mümkün olmayan diaqnoza münasibətdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə verilmiş imtina cavabı tamamilə əsassız olmuşdur.
51. Bundan başqa, məhkəmə kollegiyasının iclasında cavabdeh orqanın nümayəndəsi şifahi vəsatət verərək 17 sentyabr 2024-cü il tarixdə “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən imtina barədə 12 sentyabr 2024-cü il tarixli qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms iddiaçının mobil telefon nömrəsinə göndərildiyindən, iddiaçı isə həmin qərardan bir ay müddətində şikayət verməli olduğu halda müddəti ötürməklə şikayət verdiyindən iddia müddəti tətbiq edilməklə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf ərizə ilə müraciət edərək iddiaçının səhhəti və xəstəliyinin ağırlaşmaları ilə əlaqədar iddia tələbini qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verə bilmədiklərindən iddia tələbinin qaldırılmasına dair ötürülmüş prossesual müddətin bərpa edilməsini xahiş etmişlər.
53. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2026-cı il tarixli, 2- 1(107)-705/2025 nömrəli iclas protokolunun qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş prossesual müddətin bərpa edilməsi barədə ərizəsi icraata qəbul edilərək iddia tələbinin qaldırılmasına dair ötürülmüş prossesual müddət bərpa edilmişdir.
54. Odur ki, cavabdeh orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində təqdim etmək imkanı olduğu halda təqdim etmədiyi, hazırda isə məhkəmə kollegiyasına yalnız şifahi qaydada verdiyi vəsatəti təmin edilməmişdir.
55. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
56. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
58. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
59. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
60. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
61. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
62. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya 2 il müddətinə OFP-nın 35-60 faiz pozulmasının müəyyən olunmasından imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
63. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.
65. Göründüyü kimi, İddiaçı bugünə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, müvafiq xəstəliklərdən bugün də əziyyət çəkməsi iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnoz əlilliyin müəyyən olunması üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
66. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona 12 sentyabr 2024-cü il tarixdən 2 il müddətinə əlilliyin müəyyən edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
68. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFPnın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulmalıdır.
69. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2-1(116)-1941/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın 35-60 faizinin müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.