Məhkəmə qərarları › İş №2-1(107)-707/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-707/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-707/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Varqa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(116)-1691/2025 nömrəli qərarından cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-2021-ci il tarixlərdə X5 Universitetində stomatoloq ixtisası üzrə təhsil almışdır və ona bu barədə diplom verilmişdir. Həmin diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün elektron qaydada Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəçinin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Qərar üzrə gəlinən bu nəticə ilə razılaşmayaraq bildiririk ki, X4 (ÜST) 11 fevral 2020-ci ildə koronavirus xəstəliyini Covid- 19 adlandırdı. X2 Komitəsi (İCTV) tərəfindən SARS-CoV-2 kimi təsnif edildi. X4 (ÜST) 2020-ci il mart ayının 11-də koronavirusu pandemiya elan etdi. Bu tarixdən sonra bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda distant və ya alternativ təhsil metoduna keçildi. İddiaçının da təhsil müddətinin bir hissəsi o dövrə təsadüf etdiyinə görə o, təhsilini onlayn (distant) formada davam etdirmişdir. Cavabdeh orqanın hamıya məlum olan faktı görməzdən gələrək belə bir imtina verməsi ağlabatan olmamaqla yanaşı, qanunsuzdur.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi məktubunda bildirmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli NA00032042 nömrəli qərarından görünür ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - İddiaçıya məxsus THTU seriyalı 000657 nömrəli diplomun surəti. - Ali təhsil barədə diploma əlavənin surəti. - Dövlət Sərhəd Xidmətinin 24 fevral 2025-ci il tarixli məktubu.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 24 sentyabr 2025-ci il tarixli, 2-1(116)-1691/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinin üzərinə İddiaçı X5 Universiteti tərəfindən verilmiş THTU 000657 nömrəli xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X5 Universitetini bitirmişdir. X5 Universiteti tərəfindən İddiaçı THTU seriyalı 000657 nömrəli Diplom verilmişdir. Cavabdehin imtina əsası iddiaçının təhsil aldığı dövlətdə olduğu müddətin az olması və diplomda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi ilə bağlıdır. - Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı təhsil aldığı 2016-2021-ci illər ərzində mütəmadi olaraq təhsil aldığı dövlətdə olmuşdur. Təhsil müəssisəsinin təqdim etdiyi bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. - Hazırkı işin hallarından göründüyü kimi iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. - İddiaçının təhsili əyani olmaqla bərabər 2016-2020-ci illərdə təhsil aldığı dövlətdə olduğu müddət nəzərdə tutulmuş normaya uyğundur. Belə ki, tələb olunan sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı aşağıdakı tədris illərində göstərilən müddət ərzində təhsil aldığı dövlətdə olmuşdur : 2016-17-ci tədris ili ərzində-175 gün; 2017-18-ci tədris ili ərzində-167 gün; 2018-19-cu tədris ili ərzində-212 gün; 2019-20-ci tədris ili ərzində-126 gün; - İddiaçının 2020-2021-ci il tədris ilində təhsilinin onlayn qaydada davam etdirməsi, yekunda 24 iyun 2021-ci il tarixində yekun imtahan üçün təhsil aldığı dövlətdə olması müəyyən edilir. İddiaçı həmin il təhsil müddəti ərzində pandemiya dövri ilə əlaqədar olaraq təhsilini distant texnologiyaların tətbiqi ilə onlayn formada almış, bu səbəblərdən təhsil dövrü ərzində də Gürcüstan Respublikasına yalnız imtahanda iştirak etmək üçün getmişdir.

7. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(116)- 1691/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması üçün şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olaraq aparılmış, Qaydalara uyğun olaraq iddiaçının tədris ili ərzində müvafiq təhsil səviyyəsi üzrə nəzərdə tutulmuş tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması səbəbindən xx.xx.2024-cü il tarixli qərarla ona tanınma haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - 2. Cavabdeh orqanın imtina qərarının əsasını Qaydaların 4.1.4-cü yarımbəndində əks olunmuş tanınmaya dair tələb təşkil etmişdir. Həmin yarımbəndə əsasən tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin bütün dövrü təhsil aldığı ölkənin ərazisində olması müəyyən olunmuşdur. - 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.6-cı bəndinin ikinci abzasında qeyd olunmuşdur ki, əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir. Araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə Əsas (baza ali) tibb təhsili (əyani) təhsilalma forması üzrə tədris prosesində iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ il - 5 ay 26 gün, İİ il - 5 ay 18 gün, İİİ il – 7 ay, İV il – 4 ay 8 gün, İİ semestr pandemiya dövrü, V il - 3 ay 20 gün pandemiya dövrü. - 4. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olaraq 7 ay 15 gün kimi nəzərdə tutulur. - 5. Məhkəmə qərarının 3-cü səhifəsinin əsaslandırma hissəsində göstərilmişdir ki, iddiaçı 2016–2021-ci illər ərzində təhsil aldığı dövlətdə mütəmadi olaraq olmuş və onun təhsili əyani formada həyata keçirilmişdir. Həmçinin, 2016–2020-ci illər ərzində həmin dövlətdə olduğu müddət təhsil müddəti üçün nəzərdə tutulmuş norma ilə uyğun hesab edilmişdir. Etiraz olaraq apellyasiya instansiya məhkəməsinin diqqətinə çatdırırıq ki, 1-ci instansiya məhkəməsi Dövlət Sərhəd Xidmətinin məktubu əsasında iddiaçının tədris aldığı ölkədə olması müddətlərinə nəzər yetirmiş, ancaq qeyd edilən müddətlərin qüvvədə olan qaydaların və qanunvericiliyin tələblərinə əsasən təhsilin normativ müddətinə açıq şəkildə zidd olduğu halda, bu məqam nəzərə alınmamış və həmin hal üzrə heç bir əsaslandırma verilməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı onun təhsil aldığı ölkədə birinci tədris ili üzrə cəmi 5 ay 26 gün gün, ikinci il 5 ay 18 gün, üçüncü il 7 ay, dördüncü il 4 ay 8 gün İİ semestr pandemiya dövrü, beşinci il üzrə 3 ay 20 gün pandemiya dövrü iştirak etmişdir. Bu isə tədris prosesində real iştirakın əhəmiyyətli dərəcədə az və formal xarakterli olduğunu sübut edir. - 6. Məhkəmə qərarının 3-cü səhifəsinin əsaslandırma hissəsində iddiaçının 2020- 2021-ci il tədris ilində təhsilinin onlayn qaydada davam etdirməsi, yekunda 24 iyun 2021ci il tarixində yekun imtahan üçün təhsil aldığı dövlətdə olmasının müəyyən edildiyini, iddiaçının həmin il təhsil müddəti ərzində pandemiya dövrü ilə əlaqədar olaraq təhsilini distant texnologiyaların tətbiqi ilə onlayn formada aldığını və bu səbəblərdən təhsil dövrü ərzində də Gürcüstan Respublikasına yalnız imtahanda iştirak etmək üçün getdiyini bildirmişdir. Qeyd edilən hallar ilə bağlı məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, inzibati orqan (Agentlik) inzibati icraat aparan zaman qanunvericiliyə uyğun olaraq iddiaçının stomatologiya ixtisası üzrə əyani təhsil alması ilə bağlı olaraq tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması səbəbindən xx.xx.2024-cü il tarixli qərarla ona tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Belə ki, Agentlik pandemiya dövrü ilə əlaqədar olaraq iddiaçının təhsilinin dördüncü və beşinci illəri üzrə müəyyən güzəştlər tətbiq etmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının təhsilinin birinci və ikinci illərində təhsilin normativ müddətinə dair tələblərin yerinə yetirilib-yetirilmədiyini ümumiyyətlə araşdırmamışdır. Nəticədə, bu hal qanunvericiliyin və Qaydaların müvafiq müddəalarının düzgün tətbiq edilməməsinə və maddi hüquq normalarının tələblərinin pozulmasına səbəb olmuşdur. - 7. Məhkəmə qərarının 4-cü səhifəsinin əsaslandırma hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na istinad etmişdir. Lakin ərizəçi xx.xx.2024-cü il tarixində inzibati orqana (Agenitliyə) müraciət etmiş və həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq inzibati icraat aparılmışdır. Məhkəmə isə maddi hüquq normasını düzgün tətbiq etməmiş və qüvvədən düşmüş qanunvericilik normalarına istinad etmişdir. - 8. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. İPMin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh TKTA-nın Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam araşdırmış, tətbiq edilən hüquq normalarına uyğun qiymətləndirmə aparmış və nəticədə tanınmadan imtina barədə xx.xx.2024-cü il tarixli inzibati aktı qanunsuz sayaraq iddianı təmin etmişdir. Aşağıda apellyasiya şikayətində göstərilən dəlillər ayrıca göstərilir və hər birinə dair etirazlarımız təqdim olunur. - 1. Dəlil: İPM-in 73.3.1-ci və 73.3.2-ci maddələri pozulmuş, məhkəmə TKTA-nın diskresion səlahiyyətinə müdaxilə etmişdir. Apellyasiya şikayətinin dəlili: TKTA iddia edir ki, birinci instansiya məhkəməsi cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, o cümlədən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmiş və bununla da İPM-in 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozmuşdur. Etirazımız: Diskresion səlahiyyət məhkəmə nəzarətindən kənar deyil. İPM-in 73-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, məhkəmə inzibati aktın qanuniliyini, əsaslandırılmasını, faktların tam araşdırılıb-araşdırılmamasını və qiymətləndirmənin ağlabatanlıq meyarlarına uyğunluğunu yoxlayır. Birinci instansiya məhkəməsi diskresiyanı “əvəz” etməmiş, TKTA-nın tanınmadan imtina aktının əsaslandırılmasının formallığını göstərmiş və hüquqi nəzarəti həyata keçirmişdir. Üstəlik, “ekspert rəyinin” mövcudluğu özü-özlüyündə imtinanın qanuniliyini sübut etmir; rəyin hansı məlumatlar əsasında verildiyi, pandemiya dövrünün (distant təhsil) nəzərə alınıb-alınmadığı, ali məktəb sənədləri ilə tutuşdurulub-tutuşdurulmadığı və nəticələrin işin hallarına uyğunluğu məhkəmə tərəfindən qiymətləndirilməlidir. - 2. Dəlil: Qaydaların 4.1.4-cü yarımbəndinin tələbi ödənilməmişdir – iddiaçı hər tədris ili üzrə normativ müddətin bütün dövrü təhsil aldığı ölkənin ərazisində olmamışdır. Apellyasiya şikayətinin dəlili: TKTA tanınmadan imtinanı “sərhədkeçmə məlumatları” ilə əsaslandıraraq, iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını iddia edir və bunu Qaydaların 3.10.1-ci və 4.1.4-cü bəndlərində nəzərdə tutulmuş meyarlara uyğun hesab edir. Etirazımız: Birinci instansiya məhkəməsi Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu əsasında iddiaçının 2016–2020-ci illər üzrə tədris illərinə dair ölkədə olma müddətlərini konkret müəyyən etmişdir (2016–2017: 175 gün; 2017–2018: 167 gün; 2018–2019: 212 gün; 2019–2020: 126 gün). Bu göstəricilər TKTA-nın “təhsil ölkəsində ümumiyyətlə olmama” xarakterli ümumiləşdirilmiş yanaşmasını təkzib edir. Daha vacibi, “sərhədkeçmə” məlumatı tədris yükünün icra edilibedilməməsini avtomatik müəyyən etmir: tədris təqvimi, sessiya/tətil dövrləri, imtahanların forması, klinik-praktik təlimlərin təşkili və xüsusən pandemiya dövründə distant/hibrid tədris rejimi nəzərə alınmadan yalnız statistik sərhəd məlumatına istinad etmək yetərli və əsaslı hesab edilə bilməz. - 3. Dəlil: Tibb (stomatologiya) sahəsində əyani təhsilalma formasına görə təhsil alınan ölkədə olma müddəti həlledicidir; Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)- 144/2022 və xx.xx.2024-cü il tarixli 2-1(102)-1592/2024 qərarları buna əsas verir. Apellyasiya şikayətinin dəlili: TKTA göstərir ki, “əyani” təhsilalma formasında təhsil prosesində real iştirakın müəyyən edilməsi ictimai maraqlara xidmət edir; iddiaçının təhsil aldığı ölkədə tələb olunan müddətdə olmaması tədris yükünün yerinə yetirilməsinin qeyrimümkünlüyünü göstərir. Etirazımız: TKTA-nın istinad etdiyi Ali Məhkəmə qərarlarında faktiki hallar bu işdən fərqlidir. xx.xx.2022-ci il tarixli 2-1(102)-144/2022 saylı qərarda sərhədkeçmə məlumatları iddiaçının birinci və ikinci il ümumiyyətlə ölkədə olmamasını, üçüncü ildə cəmi 13 gün olmasını göstərmişdir; həmin faktiki vəziyyətlə bu iş üzrə DSX məlumatları eyniləşdirilə bilməz. xx.xx.2024-cü il tarixli 2-1(102)-1592/2024 saylı qərar isə başqa ixtisas və başqa faktlar kontekstində formalaşmış hüquqi mövqedir. Bu işdə isə iddiaçı illər üzrə ölkədə olmuş, əlavə olaraq 2020–2021 tədris ilində pandemiya səbəbi ilə distant təhsil aldığını əsaslandırmış, Gürcüstana yekun imtahan üçün getmişdir. Bu səbəbdən TKTA-nın “ölkədə olma müddəti azdır, beləliklə tədris yükü icra olunmayıb” kimi avtomatik nəticə çıxarması proporsional və əsaslandırılmış yanaşma deyil. - 4. Dəlil: Pandemiya dövrü istisna sayılsa belə, əvvəlki illər üzrə yenə də tələb ödənməyib; TKTA-nın hesablamaları (40 həftə, 20% buraxma və s.) əsaslıdır. Apellyasiya şikayətinin dəlili: TKTA tədris ilini 40 həftə kimi götürərək, 20% buraxma həddi əsasında minimum müddət hesablayır və iddiaçının illər üzrə ölkədə olma müddətlərinin bu həddən az olduğunu bildirir. Etirazımız: Qaydalarda “40 həftə + 20%” formasında mexaniki hesablamanın məcburi metodologiya kimi tətbiqi nəzərdə tutulmur; bu, TKTA-nın daxili yanaşmasıdır. Birinci instansiya məhkəməsi pandemiya dövründə distant təhsili faktiki hal kimi qəbul etmiş və həmin dövrdə sərhədkeçmə məlumatının tədris yükünün icrası barədə qəti nəticə çıxarmağa imkan vermədiyini göstərmişdir. Digər illər üzrə isə DSX məlumatları mövcuddur və məhkəmə həmin məlumatlara əsasən TKTA-nın nəticələrini əsaslı hesab etməmişdir. - 5. Dəlil: Məhkəmə düzgün hüquq normasını tətbiq etməmiş, qüvvədən düşmüş normativ aktlara istinad etmişdir (Nazirlər Kabinetinin 34 nömrəli qərarı və s.). Apellyasiya şikayətinin dəlili: TKTA bildirir ki, iddiaçı xx.xx.2024-cü ildə müraciət etdiyindən icraat Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun aparılmalı idi; məhkəmənin başqa normativ akta istinadı maddi hüququn düzgün tətbiq edilməməsidir. Etirazımız: Mübahisə mahiyyət etibarilə TKTA-nın xx.xx.2024-cü il tarixli imtina aktının əsaslandırılıbəsaslandırılmamasına, sərhədkeçmə məlumatının düzgün hüquqi qiymətləndirilməsinə və pandemiya dövründə distant təhsilin nəzərə alınıb-alınmamasına aiddir. TKTA-nın öz inzibati aktında da imtina əsası kimi məhz Prezidentin 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 3.10.1-ci və 4.1.4-cü bəndləri göstərilmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin nəticəsi yanlış normaya söykənən nəticə deyil; qərarın motivləri faktiki halların qiymətləndirilməsi üzərində qurulmuşdur. - 6. Ali Məhkəmə təcrübəsi: xx.xx.2023-cü il tarixli 2-1(102)-770/2023 saylı qərar: Birinci instansiya məhkəməsi haqlı olaraq Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2- 1(102)- 770/2023 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir: tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aiddir. Bu hüquqi mövqe bu işdə xüsusilə əhəmiyyətlidir, çünki iddiaçı ali məktəbi bitirmiş və diplom almışdır; TKTA isə ali məktəbin akademik qiymətləndirməsini formal sərhəd statistikası ilə əvəz etmişdir. - 7. İnzibati icraatın qanunilik tələbi: “İnzibati icraat haqqında” Qanunun 11.1 və 11.2- ci maddələri: “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə, yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə etməyə borcludurlar (maddə 11.1 və 11.2). TKTA-nın imtina aktı isə təhsilin real icrası ilə bağlı mühüm hallar (pandemiya və distant təhsil, ali məktəb sənədləri, tədris təşkilinin forması) araşdırılmadan qəbul edildiyindən qanunilik və əsaslandırma tələblərinə cavab vermir. Göstərilənlərə görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Qərar həm faktiki, həm də hüquqi baxımdan əsaslandırılmışdır; TKTA-nın tanınmadan imtina aktı isə formallıq üzərində qurulduğundan qanunsuz sayılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci və 87-ci maddələrini rəhbər tutaraq cavabdeh TKTA PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə Varqa oğlu izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(116)-1691/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

14. Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8. Ali təhsil proqramları 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriatr (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Bənd 1.6 (üçüncü abzas). Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

18. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır: 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək; 3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”

4. Tanınmaya dair tələblər: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi olmuşdur.

23. İşdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən 09 sentyabr 2024-cü il tarixli, NA00032042 nömrəli qərarla iddiaçının ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyindən iddiaçının xarici ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina əsaslıdır.

25. Belə ki, iş materiallarında olan iddiaçının tələbindən görünür ki, o, 2016-2021-ci il tarixlərdə X5 Universitetində stomatoloq ixtisası üzrə təhsil almışdır. Həmin Universitet tərəfindən ona 24 iyul 2021-ci il tarixli, THTU seriyalı 000657 nömrəli diplom verilmişdir.

26. Məhkəmə kollegiyası tərəfindən iş üzrə icraatın aparıldığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndində qeyd olunmuş tanınmaya dair tələblər üzrə qiymətləndirilmə aparılmış, cavabdeh orqanın apardığı icraat zamanı hər hansı uyğunsuzluq aşkarlanmamışdır.

27. Belə ki, hazırkı iş üzrə İddiaçı kvalifikasiyasının tanınmasından imtina olunmasına səbəb olmuş, Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblərə aid edilmişdir.

28. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır).

29. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olaraq 7 ay 15 gün kimi nəzərdə tutulur.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.6-cı bəndinin ikinci abzasında qeyd olunmuşdur ki, əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.

32. Araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə Əsas (baza ali) tibb təhsili (əyani) təhsilalma forması üzrə tədris prosesində iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: İ il - 5 ay 26 gün, İİ il - 5 ay 18 gün, İİİ il – 7 ay, İV il – 4 ay 8 gün, V il - 3 ay 20 gün.

33. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə iddiaçının sərhədkeçmə məlumatlarının qanunvericilikdə müəyyən olunmuş normativlərə uyğunluğunun qarşılanmadığı müəyyən olunur.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

35. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

36. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

37. Göründüyü kimi, istinad olunan normativ aktlarda təhsil müddəti ərzində faktiki təhsil alınan dövlətin ərazisində olmanın müddəti ilə bağlı birbaşa imperativ tələb nəzərdə tutulmamışdır. Qaydalara əsasən tibb təhsilinə münasibətdə dolayı və əsas imperativ tələb, yalnız təhsilin əyani formada alınmalı olması ilə bağlıdır.

38. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bununla yanaşı qeyd edilməlidir ki, əyani təhsil forması ilə qiyabi və digər (məsələn, distant/onlayn) təhsil formaları arasında əsas fərqlər onların tədris üsulu, tədrisə ayırılan vaxt, praktiki imkanlar və təhsil prosesinə tələbənin aktivliyi baxımından ortaya çıxır.

39. Məhkəmə kollegiyası həm də qeyd edir ki, məhkəmə təcrübəsində bəzi ixtisaslar üzrə əyani formada təhsil alma zamanı dərslərin bir hissəsində faktiki iştirak etməmə həmin ixtisas üzrə biliklərin xüsusiyyətləri, bəzi ixtisaslar üzrə effektiv təhsildə praktiki bacarıqların rolunun az olması, yaxud texnologiya ilə simulyasiya edilə bilməsi imkanı nəzərə alınmaqla, təhsil sənədinin (diplomun) tanınmasından imtina üçün əsas təşkil etməmişdir.

40. Lakin bu sadalanan hallar tibb təhsili ilə bağlı nəzərə alına bilməz. Belə ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən, tibb sahəsində əldə edilən təhsilin effektivliyi təkcə onun hansı təhsil müəsisəsi tərəfindən verildiyinə bağlı deyil, həm də həmin təhsilin necə alındığına yəni tələbənin dərslərdə əyani şəkildə iştirak edib-etmədiyinə sıx şəkildə bağlıdır. Xüsusilə xarici ölkədə tibb təhsili almış bir şəxsin diplomu formal olaraq mövcud olsa da, əgər həmin şəxs faktiki olaraq dərslərin böyük əksəriyyətində iştirak etməyibsə, bu halda həmin sənədin praktik və elmi dəyəri ciddi şəkildə şübhə altına alınmalıdır. Tibb elə bir sahədir ki, burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da mükəmməl şəkildə formalaşması əsas şərtdir. Əyani təhsildə natamam iştirak edən tələbənin isə bu bacarıqları əldə etmək imkanı olmur. Əyani təhsil tibb sahəsində bir sıra mühüm imkanlar təmin edir, məsələn, simulyasiya və klinik təcrübələr vasitəsilə bacarıqların inkişafı, xəstə ilə birbaşa ünsiyyət və diaqnostik qərarvermə təcrübəsi, müəllim və təcrübəli həkimlərlə birbaşa əməkdaşlıq və mentorluq, klinik rotasiyalarla real xəstəxana mühitində təcrübə qazanmaq və s.

41. Bu imkanlardan məhrum olan tələbə yalnız nəzəriyyə ilə kifayətlənmiş olur. Halbuki, tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərbə vurur. Nəticə etibarilə, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz.

42. Bu səbəbdən, belə diplomların tanınması məsələsində təhsil prosesində iştirakın real olub-olmamasını müəyyən etmək ictimai maraqlara xidmət edir.

43. Nəzərə alınmalıdır ki, həkim olmaq yalnız bir diplomla deyil, həm də uzunmüddətli əyani təhsil, təcrübə və insani məsuliyyət hissi ilə qazanılan bir peşədir. Buna görə də tibb təhsilinin əyani şəkildə və məsuliyyətlə keçirilməsi cəmiyyətin sağlamlığı və gələcəyi baxımından əvəzsiz dəyərə malikdir.

44. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

45. Məhkəmə kollegiyası iş materiallarının ətraflı araşdırılması nəticəsində qeyd edir ki, inzibati orqanın imtina qərarında istinad etdiyi hal iddiaçının təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş müddətdən az, təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olması olmuşdur.

46. Kollegiya qeyd edir ki, işdə iddiaçının xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

47. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövrlərdə hər il həmin ölkədə qalma müddəti aşağıdakı kimi qeyd edilmişdir: - 2016-2017-ci illərdə 5 ay 26 gün, - 2017-2018-ci illərdə 5 ay 18 gün, - 2018-2019-cu illərdə 7 ay, - 2019-2020-ci illərdə 4 ay 8 gün, İİ semestr pandemiya dövrü, - 2020-2021-ci illərdə 3 ay 20 gün, pandemiya dövrü

48. Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçı 2016-2021-ci illərdə X5 Universitetində stomatoloq ixtisası üzrə əyani təhsil alsa da, həmin dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət tibb təhsilinə dair əyani təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az təşkil etmişdir. İddiaçının əyani formada təhsil aldığı ölkənin təhsil müəssisəsində (Gürcüstan Respublikasında) olduğu müddət tədris normativinin yerinə yetirilməsi baxımından yetərli olmamışdır. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.

49. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir.

50. Kollegiya hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.

51. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət əyani təhsilalma formasında 5 il tədris ilində, cəmi 2 il 03 ay müddətdən az həmin ölkədə olması və pandemiya dövrü nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.

54. Göründüyü kimi, iddiaçının hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə kvalifikasiyanın tanınmasını zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.

55. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

56. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, 2-1(116)-1691/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar