Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-71/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 19.04.2021-ci il tarixli 47 nömrəli sərəncamın ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 19.04.2021-ci il tarixli 47 nömrəli sərəncamın ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 27.07.1988-ci il tarixdən 14.05.1990-cı il tarixədək İsmayıllı rayon Təsərrüfatlararası konserv zavodunda tabelçi, 13.04.1992-ci ildən 25.06.1998-ci il tarixədək İsmayıllı rayonu üzrə Maliyyə İdarəsində büdcə inspektoru, 25.06.1998-ci ildən 25.03.2005-ci ilədək İsmayıllı rayonu üzrə Malliyyə Şöbəsində xəzinə əməliyyatları şöbəsinin rəisi, 25.03.2005-ci ildən 22.11.2006-cı il tarixədək İsmayıllı rayonu üzrə Maliyyə İdarəsinin rəisi, 03.11.2006-cı ildən 06.08.2012-ci il tarixədək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının sosial-iqtisadi məsələlər üzrə müavini-şöbə müdiri, 06.08.2012-ci ildən 23.04.2013-cü ilədək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 23.04.2013-cü il tarixdən barəsində hazırda mübahisələndirdiyi 19.04.2021-ci il tarixli sərəncam verilənədək isə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyib. Azərbaycan Respublikasının Prezidentinin 22.06.2016-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 19.04.2021-ci il tarixli 47 №-li sərəncamı ilə vəzifəsindən azad edilməklə, dövlət qulluğuna xitam verilmişdir. İddiaçı hesab edir ki, İsmayıllı RİH başçısının barəsində qəbul etdiyi 19.04.2021-ci il tarixli 47 №-li sərəncam qanunsuz və əsassızdır. Belə ki, 19.04.2021 -ci il tarixli, 47 №-li sərəncamın əsaslandırıcı hissəsindən görünür ki, iddiaçının işdən azad edilməsinin əsası olaraq vəzifə salahiyyətlərini həyata keçirərkən guya yol verdiyi nöqsanlar göstərilmişdir. Bu zaman barəsində daxil olmuş çoxsaylı müraciətlərə və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə müvafiq komissiyanın arayışına, həmin məsələnin Şuranın iclasında və İsmayıllı RİH Həmkarlar Komitəsinin ilk təşkilatında müzakirə edilməsinə, RİH başçısı yanında Şura iclasında iddiaçıya vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə intizam tənbehinin verilməsi haqqında qərara, Həmkarlar Komitəsinin ilk təşkilatı tərəfindən iddiaçının vəzifəsindən azad edilməyi barədə RİH başçısının təqdimatına müsbət rəy verilməsinə istinad olunmuşdur. İsmayıllı RİH başçısı vəzifəsini müvəqqəti icra edən RİH başçısının müavini Mahmud Süleymanovun 25.01.2021-ci il tarixli 08 saylı sərəncamı ilə iddiaçının fəaliyyətinin araşdırılması qərara alınmışdır. Sözügedən sərəncamın surəti iddiaçıya təqdim edilməməklə həmin sərəncamla tanış edilməmiş, xidməti fəaliyyətinin araşdırılmasına səbəb olan hallar barədə məlumatlandırılmamışdır. Qeyd edilən sərəncamın icrası ilə əlaqədar tərtib edilmiş arayışda göstərilmişdir ki, fəaliyyətində yol verdiyi nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlərə və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbindən araşdırmada adıçəkilən sənədlərə vizual baxış keçirilmişdir. İddiaçının fəaliyyətini araşdıran komissiya fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda heç bir hüquqi əsas olmadan bildirmişdir ki, son iki il ərzində vətəndaş müraciətlərinə seçmə üsulu ilə baxış keçirilərkən guya müraciətlərin böyük əksəriyyətində iddiaçının məmur kimi özbaşınalıq etməsi, vətəndaşlarla kobud rəftarı, RİH başçısını aldatması, məsələyə qərəzli yanaşması, problemlərin həlli ilə bağlı heç bir əməli iş görməməsi, müraciətlərə düzgün şəkildə baxmadığı müəyyən edilmişdir. Halbuki, iddiaçı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdirinin ənənəvi olaraq '“Xalq" qəzetində və digər rəsmi mətbuatda dərc olunan hesabat xarakterli məqalələrində 2018-2019-cu illər üçün İsmayıllı rayonunda vətəndaşların müraciətlərinə baxılması işinə dair iradların olmadığı xüsusi olaraq vurğulanmışdır. Daha sonra konkret müraciətlərə əsaslanan komissiya, arayışında X11 ərizəsinə istinad edərək göstərmişdir ki, K.Ç.Kərimovun ərizəsi araşdırılmadan cavablandırlımışdır ki, bu da vətəndaşın iddiaçının hərəkəti barədə müxtəlif dövlət orqanlarına təkrar müraciətlərinin artmasına səbəb olmuşdur. Halbuki K.Ç.Kərimovun müraciəti ilə əlaqədar iddiaçı qeyd edir ki, K.Kərimov müraciətində məhkəmə qaydasında əmlakının ondan alındığına istinad etdiyindən ona göndərilən cavab məktubunda məsələyə mülki məhkəmə icraatı qaydasında baxıldığı və mübahisə ilə əlaqədar məhkəmə qətnaməsinin olması nəzərə alınaraq mübahisə ilə bağlı məsələnin İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. RİH-də baxılan müraciətlərlə əlaqədar cavab məktublarına bir qayda olaraq RİH hüquq şöbəsində baxılır və müvafiq viza verilir. Bundan sonra həmin cavab məktubuna RİH başçısı tərəfindən dərkənar qoyularaq cavab məktubu vətəndaşa göndərilir. İddiaçı hesab edir ki, К.Ç.Kərimovun müraciətinin yuxarıda sözügedən qaydada cavablandırılması zamanı iddiaçı tərəfindən işdən azad edilməsinə əsas olan hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Digər tərəfdən nəzərə alınnmalıdır ki, müraciətin cavablandırılmasının hüquqi cəhətdən əsaslandırılmasına bilavasitə cavabdehin hüquqşünası cavabdehdir. Həmçinin, sözügedən arayışda qeyd olunan Elay Əliyevlə əlaqədar məsələ ilə bağlı iddiaçı məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab etmişdir ki, İsmayıllı RİH-in sabiq başçısı növbəti əmək məzuniyyətində olduğu zaman iddiaçının İsmayıllı RİH başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra etdiyi müddətdə İsmayıllı Rayon Prokurorluğundan daxil olmuş 16.02.2019-cu il tarixli ********* nömrəli məktubda Kürdmaşı kəndində ölümlə nəticələnən cinayət hadisəsinin istintaqı zamanı İsmayıllı RİH başçısının Kürdmaşı İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi vəzifəsində işləyən E.Əliyevin yol verdiyi pozğun hərəkətlər nəticəsində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.7-ci maddələrinin tələblərinin pozulduğu bildirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyası müvafiq qaydada məlumatlandırıldıqdan sonra E.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə İsmayıllı Rayon Prokurorluğunun yuxarıda sözügedən məktubuna RİH başçısı yanında Etika komissiyasında baxılaraq E.Əliyevin yol verdiyi hərəkətləri ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.7-ci maddələrinin və "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4cü maddəsinin tələblərinin pozulduğuna istinad edilərək E.Əliyev dövlət qulluğundan azad edilmişdir. E.Əliyevin atası, əmisi və digər ailə üzvlərinin E.Əliyevin işə bərpa olunması ilə bağlı müraciətinə cavab olaraq iddiaçı tərəfindən onlara məhkəməyə müraciət etmələri izah edilmişdir. İddiaçı hesab edir ki, yuxarıda göstərilən qanunsuz əməllərə yol vermiş E.Əliyevin dövlət qulluğundan azad edilməsi qanuni və ədalətli, iddiaçının onun barəsində verdiyi sərəncamın sonradan ləğv edilərək E.Əliyevin əvvəlki vəzifəsinə bərpa edilməsi isə qanunsuz və əsassız olmuşdur. Eyni zamanda bu hal iddiaçının işdən azad edilməsi üçün yetərli əsas hesab edilə bilməz. İddiaçı barəsində verilən 19.04.2021-ci il tarixli, 47 №li sərəncamın əsaslandırıcı hissəsində göstərilən İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasının bölgüsü ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 27.05.2018-ci il tarixli, 428 nömrəli sərəncamına əsasən ayrılmış vəsait hesabına İsmayıllı şəhərində yaşayış normalarına cavab verməyən binaların sakinlərinin köçürülməsi məqsədi ilə yuxarıda sözügedən binanın tikintisi başa çatdırılıb, həmin bina istismara qəbul edildikdən sonra qeyd olunan yaşayış binasının bölgüsünün və sakinlərinin köçürülməsinin tənzimlənməsi ilə əlaqədar İsmayıllı RİH Başçısının 09.12.2019-cu il tarixli, 09 №-li sərəncamı və RİH başçısının birinci müavini olaraq iddiaçının sədrliyi, RİH və digər aidiyyatı orqanların vəzifəli şəxslərinin iştirakı ilə komissiya yaradılmışdır. 2020-ci ilin yanvar ayında bina istismara qəbul edildikdən sonra Azərbaycan Respublikası Mənzil X13 bu sahədə normativ sənədlərin olmamasına görə ixtisaslaşmış qurum kimi yaşayış binasındakı mənzillərin bölgüsünün aparılmasına müvafiq köməklik göstərməsi məqsədilə məktub ünvanlamış, cavabında Agentlik tərəfindən köməklik göstərilməsinin imkan xaricində olduğu bildirilmişdir. Sözügedən binada bölgünün obyektiv və şəffaf təmin edilməsi məqsədi ilə inşa edilmiş 48 mənzilli binadakı otaqların sayı, faktiki sahəsi, köçürülməli olan sakinlərin ailə üzvlərinin sayı və s. xüsusatlar əsas meyar kimi götürülmüş və komissiya tərəfindən müvafiq ilkin təkliflər hazırlanmışdır. Birinc instansiya məhkəməsində iddiaçı qeyd etmişdir ki, bütün sakinlərin tam yaşayış sahəsi ilə normal təmin olunmaları üçün 3.152 kv.metr yaşayış sahəsi tələb olunduğu halda, ayrılan vəsaitə uyğun olaraq binada 2.560 kv.metr yaşayış sahəsi inşa edilmişdir. Sözügedən binanın sakinlər arasında bölgü ilə əlaqədar məsələ komissiyanın 11.12.2019-cu il tarixli iclasında komissiya üzvləri tərəfindən müzakirə olunmuş və mənzillərin bölgüsü üçün cədvəl üzrə təqdim edilmiş təkliflər komissiya üzvlərinin yekdil qərarı ilə məqbul hesab edilməklə, komissiyanın qərarının sakinlərin ümumi yığıncağında elan edilməsi, mənzil istismar sahəsi tərəfindən mübahisəli mənzil sahibləri ilə bir daha söhbətlərin aparılaraq, mülkiyyətə dair sənədlərin təqdim edilməsi, eləcə də bölgüdən və köçürülmədən razı qalmayan sakinlərin yazılı müraciətlərinin alınması qərara alınmışdır. Sözügedən iclas komissiyanın 11.12.2019-cu il tarixli, 2019/04 №-li protokolu ilə rəsmiləşdirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilən 2019/05 №-li, 19.12.2019-cu il tarixli protokoldan görünür ki, 48 mənzilli binanın sakinləri arasında mənzil bölgüsü ilə əlaqədar təkliflərdən narazı qalan və ya mənzildən imtina edən sakinlər komissiyanın iclasında dinlənildikdən sonra, komissiya sakinlərdən daxil olan sənədlərə əsaslanaraq gələcəkdə xoşagəlməz halların, bununla bağlı vətəndaşların şikayətlərinin qarşısının alınması üçün müstəqil ekspertlərin cəlb edilməsi və müvafiq qərarın qəbul edilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına təqdimat verilməsi qərara almışdır. Bölgü ilə əlaqədar sakinlər arasında fikir ayrılıqları yarandığından RİH sabiq başçısının təşəbbüsü ilə 13.02.2020-ci il tarixində X20 rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirakı ilə sakinlərlə görüş keçirilmiş, komissiyanın təklif etdiyi bölgü barədə sakinlərə ətraflı, müfəssəl məlumatlar verilmiş və təklif edilən bölgü sakinlərin diqqətinə çatdırılmışdır. Bir neçə sakin istisna olmaqla, digər sakinlər bölgü ilə razılaşmışlar. Göstərilənlərlə yanaşı, yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə bağlı ölkə ərazisində tətbiq edilən məhdudlaşdırma tədbirlərlə əlaqədar sakinlərlə sonradan görüşlərin keçirilməsi mümkünsüz olmuşdur. İddiaçı qeyd etmişdir ki, 48 mənzilli binanın sakinləri arasında bölgü onun tərəfindən təkbaşına deyil, başçının yuxarıda sözügedən sərəncamı ilə kollegial şəkildə komissiya tərəfindən baxılmış və komissiya tərəfindən yekun qərar qəbul olunmamışdır. Komissiya yalnız təkliflər irəli sürmüşdür ki, bu da hər hansı bir hüquqi məsuliyyət yaratmır. Həmçinin iddiaçı barəsində çıxarılan qərara səbəb kimi, İsmayıllı RİH başçısının 17.09.2020-ci il tarixli 109 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların yerinə yetirilməməsi qeyd edilmişdir. Halbuki iddiaçı 07 sentyabr-13 oktyabr 2020-ci il tarixlərdə növbəti əmək məzuniyyətində olmuşdur. Bu da öz növbəsində bu səbəbin də əsassız və mötəbər olmadığına sübutdur. Eyni zamanda iddiaçı idarə daxilində təcrid vəziyyətində olduğundan, İsmayıllı RİH binasında keçirilən tədbirlərə, o cümlədən, Mənzil komissiyasının iclaslarına dəvət olunmadığı üçün hər hansı tədbir də görə bilməzdi. Bu səbəbdən hesab edir ki, işdən azad edilməsi qərəzli xarakter daşımış, vəzifə səlahiyyətləri həyata keçirilərkən işdən azad edilməsinə əsas verən hər hansı qanun və intizam pozuntusuna yol verilməmişdir. Cavabdeh 08.06.2021-ci il tarixli 01/321 nömrəli etirazında qeyd etmişdir ki, iddia ərizəsi əsassız və qanunsuzdur. Ona görə ki, İddiaçı iddia ərizəsində göstərir ki, xidməti fəaliyyətinin araşdırılmasına səbəb olan hallar barədə məlumatlandırılmamışdır. İddiaçı 25.01.2021-ci il tarixli 08 saylı sərəncamla fəaliyyətinin yoxlanılması barədə şifahi məlumatlandırılmış, sədri olduğu komissiyaların sədrinin əvəz edilməsi haqqında 27.01.2021-ci il tarixli 11 saylı Sərəncamla komissiyaların işləri ondan təhvil alınmış və sərəncamda göstərilən aidiyyəti məsul işçilərə təhvil verilmişdir. Eyni zamanda fəaliyyəti yoxlanılarkən ona suallar təqdim edilmiş və İddiaçı 29.01.2021-ci il tarixdə yazılı izahat verərək sualları cavablandırmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, komissiyanın arayışında heç bir hüquqi əsas olmadan son iki il ərzində vətəndaş müraciətlərinə seçmə üsulu ilə baxış keçirilərkən guya müraciətlərin böyük əksəriyyətində onun məmur kimi özbaşnalıq etməsi, vətəndaşlarla kobud rəftarı, RİH başçısını aldatması, məsələyə qərəzli yanaşması, problemlərin həlli ilə bağlı heç bir əməli iş görməməsi, müraciətlərə düzgün şəkildə baxmadığı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi komissiyanın arayışında isə vətəndaş müraciətlərinin böyük əksəriyyətində yuxarıda qeyd edilən nöqsanlardan bəhs edildiyi göstərilir. İddia ərizəsinin X11 müraciətinin araşdırılmadan cavablandırılması nəticəsində müxtəlif dövlət orqanlarına təkrar müraciətlərin artması hissəsi ilə bağlı bildirilmişdir ki, İddiaçı vətəndaşın müraciətini araşdırmadan cavablandırması həqiqətən də ərizəçinin müxtəlif dövlət orqanlarına təkrar müraciətlərinin artmasına səbəb olmuşdur. Müraciətin cavablandırılmasına hüquqi cəhətdən bilavasitə RİH hüquqşünasının cavabdeh olması hissəsinə etiraz edəilrək bildirilir ki, "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat"ın 16-cı bəndinin tələblərinə əsasən tapşırıq bir neçə icraçıya verildikdə bu işin icrasını dərkənarda adı birinci çəkilən şəxs təşkil edir və nəticəsi barəsində məlumat verir. Mövcud qanunvericiliyə uyğun olaraq dərkənarda adı birinci çəkilən şəxs sənədlərin vaxtında və düzgün icra edilməsinə cavabdehdir. İddiaçı İsmayıllı RİH başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.4-cü maddələrinə əsaslanaraq Kürdmaşı inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi X17 vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verilməsi barədə 12.03.2019-cu il tarixli 31 nömrəli Sərəncam imzalamışdır. İddiaçı səlahiyyətinə aid olmayan sərəncam imzalamış, həmin sərəncam RİH başçısı məzuniyyətdən qayıtdıqdan sonra ləğv edilmişdir. Beləliklə, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.7-cı maddəsinin tələblərini pozmuş, qanunvericiliyə əməl etməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməlidir. İddia ərizəsinin 48 mənzilli binanın sakinləri arasında bölgünün təkbaşına deyil, RİH başçısının sərəncamı ilə yaradılmış komissiya tərəfindən baxılması, komissiya tərəfindən yekun qərar qəbul olunmaması, komissiyanın yalnız təkliflər irəli sürməsi, bunun da hərhansı hüquqi məsuliyyət yaratmaması hissəsi ilə bağlı göstərilmişdir ki, RİH başçısının 11.12.2019-cu il tarixli 185 saylı Sərəncamı ilə İsmayıllı şəhərində tikilmiş 48 mənzilli yaşayış binasından mənzillərin bölgüsü və sakinlərin köçürülməsi ilə bağlı komissiya yaradılmışdır. İddiaçı sədri olduğu komissiya 11 dekabr və 19 dekabr 2019-cu il tarixlərdə komissiyanın iclaslarını keçirmiş, komissiya üzvlərinə münasibət bildirilməsi üçün bölgü cədvəllərini paylamış, komissiya üzvlərinin etiraz edib-etməməsindən asılı olmayaraq bölgünü sakinlərin ümümi yığıncağında elan edilmişdir. İddiaçı imzası ilə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinə yazılan arayışda göstərilir ki, Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasında otaq saylarına, sahəsinə görə mülkiyyətçilər arasında mənzillərin bölgüsü aparılaraq mülkiyyətçilərin ümumi yığıncağında elan olunmuşdur. Mənzilin açarlarının sakinlərdən X7 olması Mənzillərin bölgüsünün aparıldığını və hətta bəzi sakinlərə paylanıldığını sübut edən faktdır. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, Komissiya mərtəbələr üzrə püşkatmanı və köçürülməni həyata keçirməli olduğu halda İddiaçı 48 mənzilli binadakı otaqların sayını, faktiki sahəni, köçürülməli olan sakinlərin ailə üzvlərinin sayını və s. xüsusatları əsas meyar kimi götürmüş, yenidən bölgü aparmış, köçürülməni çətin bir vəziyyətə salmış 19 ailə barəsində qanunsuz bölgü aparmışdır. Halbuki 48 mənzilli bina layihələndirilərkən və inşa edilərkən sakinlərin yaşadıqları mənzil sahəsinin ölçüsü əsas götürülmüş, hər bir sakinə yaşadıqları mənzil sahəsindən daha çox mənzil sahəsi nəzərdə tutulmuşdur. İddiaçının İsmayıllı RİH başçısının 17.09.2020-ci il tarixli 109 saylı sərəncamı ilə verilmiş tapşırıqların növbəti əmək məzuniyyətində olduğu üçün icra edə bilməməsi hissəsinə etiraz edərək bildirilir ki, məzuniyyətdə olduğu dövrdə köçürülmə ilə bağlı sakinlər kollektiv şəkildə RİH-ə müraciət etdikləri üçün, bu işin təcili olaraq öz həllini tapması zərurəti yaranmışdır. Odur ki, mənzil alacaq bir neçə sakinin narazı olması səbəbini araşdırmaq və yekun qərarın RİH başçısına təqdim edilməsi üçün 17.09.2020-ci il tarixdə 109 saylı Sərəncam imzalanmış, İddiaçı etimad göstərilərək komissiyanın sədri təyin edilmişdir. İddiaçı Sərəncamla tanış olmuş, surətini almış, lakin sərəncamla bağlı görüləcək işlər barədə komissiya üzvlərinə heç bir tapşırıq verməmiş, məzuniyyətdən geri qayıtmamışdır. Odur ki, sakinlərin narazılığının səbəblərini araşdırmaq məqsədilə 25.09.2020-ci il tarixdə 94/1 saylı əmrlə araşdırma komissiyası yaradılmış, RİH başçısının Hüquq şöbəsinin müdiri P.Abbasova komissiyanın sədri təyin edilmişdir. Araşdırma komissiyasının üzvləri yerlərdə sakinlərlə görüşmüş, narazılığın səbəblərini araşdırmış, həqiqətən də bir neçə sakinin mənzil hüquqlarının pozulduğu, onlara mülkiyyətlərində olduğundan az sahəsi olan mənzil bölündüyü, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 85-ci və 88-ci maddələrinin tələblərinin pozulduğu aşkar edilmiş və bu barədə təkliflər bildirilməklə arayış təqdim edilmişdir. İddiaçı məzunuyyətdən qayıtdıqdan sonra ona komissiyanın arayışına münasibət bildirməsi və köçülmənin həyata keçirilməsi üçün müvafiq tədbirlər görməsi tapşırılmışdır. İddiaçı keçən müddət ərzində heç bir iş görməmiş, komissiyanın iclasını çağırmamış, məsələni müzakirə etməmişdir. İddiaçı İsmayıllı şəhərində tikilmiş 48 mənzilli yaşayış binasından mənzillərin bölgüsü və sakinlərin köçürülməsi ilə bağlı yaradılmış komissiyanın sədri olmasına baxmayaraq köçürülmə ilə bağlı müraciət edən şikayətçiləri belə qəbul etməmiş, onları araşdırma komissiyasının sədri P.Abbasovaya yönəltmişdir. İddiaçı hərəkətsizlik göstərərək, RİH başçısının öz səlahiyyətləri daxilində verdiyi göstərişləri yerinə yetirməməklə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərini pozmuşdur. Xüsusi karantin rejimi dövründə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətində preventiv tədbirlərin görülməsi, sanitariya-epidemioloji, profilaktik tələblərə və işin təşkilinə nəzarəti həyata keçirmək üçün 22.07.2020-ci il tarixli, 57 saylı əmrlə RİH başçısının birinci müavini İddiaçı məsul şəxs təyin edilmiş, iddiaçının işi səmərəli təşkil edə bilməməsi rayon üzrə ölüm və yoluxma hallarının artmasına, rayonda xüsusi karantin rejiminin tətbiq edilməsinə səbəb olmuşdur. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. İddiaçı eyni zamanda başqa dövlət qulluqçularının işini çətinləşdirən, qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, vətəndaşların dövlətdən narazı qalmasına şərait yaratmışdır. İddiaçı idarə daxilində təcrid vəziyyətində olması, Mənzil Komissiyasının iclaslarına dəvət olunmaması, ona görə də heç bir tədbir görə bilməməsi, bu səbəbdən işdən azad edilməsinin qərəzli olması barədə fikirləri tam əsassızdır. Ona görə ki, 13.10.2020-ci il tarixdə məzuniyyətdən qayıdıb işə başladığı dövrdə, RİH başçısının dərkənarı ilə icra olunması üçün İddiaçı 14 ədəd vətəndaş müraciəti, 5 ədəd xidməti sənəd, noyabr ayında 11 ədəd vətəndaş müraciəti, 9 ədəd xidməti sənəd, dekabr ayında 22 ədəd vətəndaş müraciəti, 19 ədəd xidməti sənəd, yanvar ayında 6 ədəd vətəndaş müraciəti, 5 ədəd xidməti sənəd yönləndirilmişdir. Etirazda İddiaçı “Mənzil Komissiyası”nın iclaslarına dəvət olunmaması ilə bağlı bildiririlmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq komissiyanın sədri iclasın vaxtını, yerini və dəvət olunanları müəyyənləşdirməlidir. Komissiyaların iclaslarının keçirilməsinə, onun iclaslarının qanunamüvafiq protokollaşdırılmasına, qərarlarının icrasına komissiyanın sədri məsuldur ki, iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra fəaliyyəti yoxlanılanadək bütün tədbirlərdə iştirak etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, cavabdehin etirazının əsassız olduğunu, fəaliyyətinin araşdırılması, araşdırma ilə əlaqədar sədri olduğu komissiyaların sədrlərinin əvəz edilməsi və işdən çıxarılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müvafiq məlumat verdiyini bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin 30.08.2021-ci il tarixli 01/456 nömrəli məktubunda iş üzrə 01.09.2021-ci il tarixə saat 15:00-a təyin edilmiş məhkəmə iclasının şifahi məhkəmə baxışı qaydasında keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsi iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd etmişdir. İş materiallarında olan cavabdehin 19.04.2021-ci il tarixli 47 nömrəli sərəncamına əsasən, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İddiaçı fəaliyyətində yol verilmiş nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlər və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında Mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə müvafiq komissiyanın arayışı Şura iclasında və İsmayıllı Rayon icra Hakimiyyəti Həmkarlar Komitəsi ilk təşkilatında müzakirə edilmiş, RİH başçısı yanında Şura iclasında R Ağayevə vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə intizam tənbehinin verilməsi haqqında qərar, İsmayıllı Rayon İcra Hakimiyyəti Həmkarlar Komitəsi ilk təşkilatının iclasında isə İddiaçı vəzifəsindən azad edilməsi barədə RİH başçısının təqdimatına müsbət rəy verilmiş, müvafiq sənədlər münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbərinə təqdim edilmiş, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.4-cü bəndinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə əsasən, iddiaçının 19.04.2021-ci il tarixdən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş cavabdehin 25.01.2021-ci il tarixli 08 nömrəli sərəncamının təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçının fəaliyyətində yol verilmiş nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlər və İsmayıllı rayonu Xurşudbanu Natavan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə müvafiq komissiyanın arayışı nəzərə alınaraq iddiaçının fəaliyyətinin araşdırılması ilə bağlı komissiya yaradılmışdır. İddiaçının fəaliyyətinin araşdırılması haqqında 25.01.2021-ci il tarixli 08 saylı sərəncamın icrası ilə bağlı arayış tərtib edilmişdir. Arayışda göstərilmişdir ki, iddiaçının fəaliyyətində yol verdiyi nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlər və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 Mənzilli yaşayış binasında Mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə RİH başçısının 25.01.2021-ci il tarixli 08 saylı sərəncamına əsasən sənədlərə vizual baxış keçirilmişdir. Komissiya bildirir ki, son iki il ərzində vətəndaş müraciətlərinə seçmə üsulu ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, müraciətlərin böyük əksəriyyətində İddiaçı məmur özbaşınalığından, vətəndaşlarla kobud rəftarından, RİH başçısını aldatmağından, məsələyə qərəzli yanaşmasından, problemlərin həlli ilə bağlı heç bir iş görməməsindən, müraciətlərə düzgün baxmamasından bəhs edilir. İcraatda olan X11 ərizəsi ilə bağlı bildirilir ki, vətəndaşın müraciətində göstərilən məsələ araşdırılmadan İddiaçı tərəfindən cavablandırılmış, bu da vətəndaşın İddiaçı hərəkətləri barədə müxtəlif dövlət orqanlarına təkrar müraciətlərinin artmasına səbəb olmuşdur. Kürdmaşı kənd sakini X3 oğlu Elayın hüquqlarının pozulması barədə yuxarı dövlət orqanlarına müraciəti araşdırılarkən məlum olmuşdur ki, İddiaçı 2019-cu ildə RİH başçısının səlahiyyətlərini müvəqqəti icra edərkən səlahiyyətinə aid olmayan sərəncam imzalamış, həmin sərəncam RİH başçısı məzuniyyətdən qayıtdıqdan sonra ləğv edilmişdir. Beləliklə İddiaçı “Dövət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 25.7-ci maddəsinin tələblərini pozmuş, qanunvericiliyə əməl etməmişdir. Şəhərin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasının bölgüsü zamanı narazı qalan sakinlərin müraciətlərini nəzərə alaraq RİH başçısının əmrinə əsasən araşdırma komissiyası yaradılmış və komissiyaya sakinlərin narazılıqlarının səbəbim araşdırmaq və RİH başçısına arayış təqdim etmək Tapşırılmışdır. 48 mənzilli yaşayış binasının bölgüsü zamanı narazı qalan və köçməkdən imtina edən bütün sakinlərlə görüşüb söhbət aparılmışdır. X1, X14, X18 mülkiyyət hüquqlarının pozulduğuna və onlara mülkiyyətlərində olduğundan az ölçülü mənzil sahəsi verildiyinə görə köçməkdən qəti imtina etdiklərini bildirmişlər. Bölgü aparılarkən qanunvericiliyin tələblərinin pozulması vətəndaşların haqlı narazılıqlarına səbəb olmuş və 2019-cu il tarixdə istismara qəbul olunmuş binaya vətəndaşların köçürülməsi baş tutmamışdır. Keçən müddət ərzində bölgünün dəqiqləşdirilməsi və nöqsanların aradan qaldırılması ilə bağlı İddiaçı heç bir iş görməmiş və RİH başçısının bununla bağlı imzaladığı 17.09.2020-ci il tarixli 109 saylı Sərəncamının İİİ bəndini icra etməmişdir. Bu da rəhbərin öz səlahiyyətləri daxilində verdiyi sərəncamın yerinə yetirilməməsi, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18.0.2-ci maddəsinin pozulmasıdır. Sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, komissiyanın iclası zamanı köçürülməsi nəzərdə tutulan mənzil mülkiyyətçiləri haqqında məlumat” cədvəli qeydlər aparılması məqsədilə komissiya üzvlərinə paylanmışdır. Komissiya üzvləri öz izahatlarında göstərmişlər ki, onlara təqdim edilmiş məlumat cədvəllərində bölgüyə münasibət bildirmiş, öz irad və etirazlarım qeyd etmişlər. Lakin bunun protokolda qeyd edilib-edilməməsindən məlumatları yoxdur. Yoxlama zamanı aparılmış qeydlərin porotokolda düzgün əks olunmadığı aşkar olunmuşdur. Bölgü zamanı 2 formatda tərtib edilmiş “Köçürülməsi nəzərdə tutulan və Mənzil mülkiyyətçiləri haqqında məlumat” cədvəlləri biri digərinə ziddiyyət təşkil edir və mülkiyyət sahiblərinin adlarında onların mülkiyyətlərində olan otaq saylarında və sahə ölçülərində fərqlər vardır. Belə ki, məlumat cədvəlinin birində 14 nəfər vətəndaşın 1 otaqlı mənzilə malik olduğu, digər məlumat cədvəlində isə 12 nəfər vətəndaşın 1 otaqlı mənzilə malik olduğu göstərilir. Bir məlumatda 1 otaqlı mənzili olan vətəndaşın, digər məlumatda 2 otaqlı mənzilə sahib olduğu göstərilir. Bu fərq digər ikiotaqlı, üç otaqlı mənzillərə də aiddir. Vətəndaşların malik olduqları mənzil sahəsinin ölçülərində də cədvəllər üzrə fərqlər mövcuddur. Bir məlumat cədvəlində adı olan X5 adı digər məlumat cədvəlində yoxdur. Halbuki, 30 ildən yuxarı ailəsi ilə birlikdə Mübariz Orucov küçəsi mənzil 117/2 ünvanında yaşamış və 2019-cu ildə vəfat etmişdir. N.Əmirəliyev vəfat etdikdən sonra həmin ünvanda bölgü siyahısında adı olmayan X9 adı qeyd edilmişdir. Bu və ya digər qanun pozuntusunun araşdırılması hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Komissiya qeyd edir ki, 48 mənzilli binanın bölgüsü ilə bağlı RİH başçısının birinci müavini İddiaçı 5000 manat pulun verilməsi barədə İsmayıllı şəhəri, M.Orucov küçəsi 115, mənzil 1-də yaşayan X12 ərizəsi RİH başçısı aparatı tərəfindən cavablandırılmış, müraciətin bu hissəsinin araşdırılması hüquq mühafizə orqanlarının səlahiyyətinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə edilmişdir. Mənzil Komissiyasının 11.12.2019-cu il tarixli 04 saylı protokolunda göstərilir ki, X6 mülkiyyətində 0,11 ha torpaq sahəsi vardır. Mənzil Komissiyasının sədri İddiaçı C.Hacıyevə mülkiyyətində olan sahəyə uyğun olaraq 2 otaqlı mənzil əvəzinə 3 otaqlı mənzil ayırmağı təklif etmişdir. Bölgü zamanı C.Hacıyevə torpaq sahəsinin əvəzinə üçotaqlı mənzil bölünmüşdür. Sənədlərə baxış zamanı adıçəkilən torpaq sahəsinin bağışlanması barədə müqavilə aşkar edilməmişdir. Gələcəkdə mənzillərin yenidən bölgüsü zamanı bu məsələnin qanunauyğun həll olunması çox vacibdir. Komissiyanın düzgün rəyə gəlməsi üçün 48 mənzilli binanın bölgüsü ilə bağlı bütün sənədləri təqdim etməsi İddiaçı təklif edilmiş və ona bildirilmişdir ki, Komissiya işini başa çatdırdıqdan sonra təqdim ediləcək sənədin heç bir hüquqi əsası olmayacaqdır. Eyni zamanda İddiaçı araşdırmanın gedişində ortaya çıxan suallara münasibət bildirməsi və araşdırma zamanı Komissiyaya məlum olmayan sənəd və sübutlarını təqdim etməsi təklif edilmişdir. O, öz izahatında etirazını bildirsə də, qeyd ədilən nöqsanlar haqqında heç bir sənəd təqdim etməmişdir. RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsində saxlanılan layihə-smeta sənədlərindən aydın görünür ki, İsmayıllı şəhərinin Natəvan küçəsində Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2018-ci il tarixli 428 nömrəli Sərəncamı ilə inşa edilmiş 48 mənzilli yaşayış binasının layihə smeta sənədləri hazırılanarkən vətəndaşların hazırda yaşadıqları mənzil sahəsinin ölçüsü əsas meyar kimi götürülmüşdür. Layihə İsmayıllı Mənzil İstismar Sahəsinin RİH başçısı yanında fəaliyyət göstərən Mənzil komissiyasına köçürüləcək evlərə dair təqdim edilmiş cədvəl və siyahılar əsasında formalaşdırılmışdır. İddiaçı fəaliyyəti araşdırılarkən onun sədri olduğu komissiyaların işinə vizual baxış keçirilmişdir. Komissiyaya təqdim edilmiş arayışlara əsasən məlum olmuşdur ki, sədri olduğu “Aztəminatlı ailələrə, təqaüdçülərə, təbii fəlakət, yanğın və digər səbəblərdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlər" Komissiyasının fəaliyyət göstərməsinə baxmayaraq, onun iclaslarının heç biri Keçirilməmiş, protokolu hazırlanmamış və sənədlər qovluğuna əlavə olunmamışdır. Maddi yardım siyahılarına baxdıqda isə məlum olmuşdur ki, bəzi vətəndaşlara bir il ərzində 2 dəfə maddi yardım köçürülmüş, bəzi vətəndaşlara 500 manat məbləğində bəzilərinə isə 50 manat məbləğində yardım edilmişdir. Ərizələrə ailənin vəziyyəti haqqında sənədlər əlavə edilməmiş, vətəndaşa edilmiş maddi yardımın səbəbləri (aztəminatlı, təqaüdçü, təbii fəlakət, yanğın və digər səbəblərdən ziyan çəkən) müəyyənləşdirilməmişdir. Eləcə də ehtiyac meyarı, ailənin gəlirləri müəyyənləşməmiş, vəzifəli şəxslərə maddi yardımlar edilmiş və sosial ədalət prinsipi pozulmuşdur. İddiaçının sədri olduğu digər komissiyaların "Dini işlər üzrə Komissiya”nın, RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası”nın, “İsmayıllı rayonu üzrə Fövqəladə Hallar Komissiyası”nın, “İnventarizasiya Komissiyası”nın işində nöqsanların olduğu aşkar edilmişdir. Qeyd edilənlərə əsasən Komissiya belə rəyə gəlmişdir ki, RİH başçısının birinci müavini İddiaçı vəzifəsinin icrası zamanı kobud pozuntulara yol vermişdir. İddiaçı eyni zamanda "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci, 18.0.4-cü maddələrinin tələblərini pozmuşdur. İddiaçı qanunvericiliyin və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktların tələblərini həyata keçirmədiyinə görə, rəhbərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmədiyinə görə, qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyinə görə onun intizam məsuliyyətinə cəlb edilməsi və ona intizam tənbehi verilməsi məqsədəmüvafiqdir. İddiaçı işdə olan 29.01.2021-ci il tarixli izahatında göstərmişdir ki, fəaliyyətinin araşdırılması ilə əlaqədar komissiya yaradılmasından məlumatı yoxdur və imzalanmış sərəncamın mətni ilə tanış edilməmişdir. X19 özü müraciətində məhkəmə yolu ilə mənzillərinin əllərindən alındığını bildirmiş, məhkəmə yolu ilə alınan əmlakın məhkəmə yolu ilə də qaytarılmasının mümkünlüyü ona izah olunmuşdur. 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsü ilə bağlı verilən suallar komissiyanın apardığı müzakirələr zamanı təkliflər və mülkiyyətçilər tərəfindən səsləndirilmiş fikirlərə aiddir ki, həmin şəxslər bütün komissiya üzvlərinin iştirakı ilə dinlənilmiş, sənədlərini təqdim etmək tövsiyə olunmuşdur. Mənzillərin bölgüsünün layihəsi komissiya üzvlərinə təqdim olunmuş, hər bir komissiya üzvü öz qeydlərini apararaq layihəyə imza etməklə geri qaytarmışdır. İclas protokoluna yalnız sədr və katib imza edir. Mənzillərin bölgüsü komissiyanın rəyi və RİH başçısının sərəncamı ilə başa çatdırılır ki, narazı vətəndaşlar və mülki mübahisələr olduğu üçün komissiya tərəfindən heç bir qərar qəbul edilməmiş, mənzillər bölünməmişdir. Odur ki, bölgü olmadığı halda 48 mənzilli binada mənzillərin bölgüsü ilə əlaqədar nöqsanlara yol verdiyi barədə fikirlər əsassızdır. Komissiyanın müzakirə sənədlərinin İsmayıllı RİH başçısının 27.02.2021-ci il tarixli sərəncamının hazırlanması üçün əsas götürülməsini qərəzli hesab edir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 30.03.2021-ci il tarixli 2 nömrəli iclas protokolunun qərarından Çıxarışa əsasən RİH başçısı yanında Şura iclası İsmayıllı RİH başçısının birinci müavini İddiaçı fəaliyyətinin araşdırılması haqqında 25.01.2021-ci il tarixli 08 saylı sərəncamla yaradılmış Komissiyanın arayışına baxılması barədə məsələni müzakirə edərək Komissiyasının arayışının nəzərə alınmasını, komissiyanın arayışına əsasən vəzifəsinin icrası zamanı RİH başçısının birinci müavini İddiaçı işində ciddi nöqsanların olduğu, kobud pozuntulara yol verdiyi, qanunvericiliyə əməl etmədiyi, RİH başçısının öz səlahiyyəti hududunda verdiyi əmrləri, sərəncamları və göstərışiəri yerinə yetirmədiyi, başqa dövlət qulluqçularının işini çətinləşdirən hərəkətlərə yol verdiyinin, İddiaçı vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntularla İsmayıllı Rayon İcra Hakimiyyətinin nüfuzunu aşağı saldığı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci və 18.0.4-cü maddələrinin tələblərim pozduğunun qeyd edilməsini və RİH başçısına “Dövlət qulluğu haqqında” AR Qanununun tələblərini ciddi şəkildə pozduğuna görə RİH başçısının birinci müavini İddiaçı qanunvericiliyə uyğun olaraq intizam məsuliyyətinə cəlb edilməsinin tövsiyə edilməsini qərara almışdır. İşdə olan Rayon İcra Hakimiyyəti Həmkarlar Komitəsi ilk təşkilatının 02.04.2021-ci il tarixli 2 nömrəli iclas protokolunun qərarı barədə rəyə əsasən İddiaçı vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə onun dövlət qulluğundan azad edilməsinin tövsiyə olunduğu müəyyən edilmişdir. İşə əlavə olunmuş İsmayıllı Rayon İcra Hakimiyyəti Həmkarlar Komitəsi ilk təşkilatının 02.04.2021-ci il tarixli 2 nömrəli iclas protokolunun qərarından Çıxarışa əsasən müəyyən edilmişdir ki, RİH başçısının birinci müavini İddiaçı fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı Şura iclasında qəbul edilmiş qərara dair RİH başçısının təklifi müzakirə edilərək, RİH başçısının birinci müavini İddiaçı fəaliyyətinin araşdırılması haqqında Şura iclasının qərarı nəzərə alınmış, Şura iclasınının qərarına əsasən vəzifəsinin icrası zamanı RİH başçısının birinci müavini İddiaçı işində ciddi nöqsanların olduğu, kobud puzuntulara yol verdiyi, qanunvericiliyə əməl etmədiyi, RİH başçısının öz səlahiyyəti hüdudunda verdiyi əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmədiyi, başqa dövlət qulluqçularının işini çətinləşdirən hərəkətlərə yol verdiyi qeyd edilmiş, İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verdiyi həm komissiyanın arayışında, həm də Şura iclasında faktlarla sübut olunmuşdur. Ona görə də, qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri digər normativ hüquqi aktları həyata keçirmədiyinə, RİH başçısının öz səlahiyyətləri hüdudunda verdiyi əmrləri, sərəncamları və göstərişləri yerinə yetirmədiyinə, qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı salan hərəkətlərə yol verdiyinə görə İddiaçı dövlət qulluğundan azad edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə müvafiq olaraq cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə 02.04.2021-ci il tarixli 01/183 nömrəli İsmayıllı RİH başçısının birinci müavini İddiaçı vəzifədən azad olunmasına münasibət bildirilməsi barədə təqdimat göndərilmiş və İsmayıllı RİH başçısının 19.04.2021-ci il tarixli 47 nömrəli sərəncamı ilə iddiaçı vəzifəsindən azad edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh İsmayıllı Rayonİcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 19.04.2021-ci il tarixli 47 nömrəli sərəncamın ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsini qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 19.04.2021 -ci il tarixli 47 nömrəli sərəncamının ləğv edilməsini, əvvəlki vəzifənə bərpa edilməsini, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Qeyd edir ki, 02 sentyabr 2021-ci il tarixdən İsmayıllı şəhəri H.Əliyev prospekti 77 ünvandakı evindən ünvan 1məyilə əlaqədar hazırkı iş üzrə olan birinci instansiya məhkəməsinin qərarını ala bilmədiyindən tərəfindən 19 oktyabr 2021-ci il tarixli ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət olunmuş və həmin müraciət əsasında yuxarıda sözügedən qərar 29 oktyabr 2021-ci il tarixində ünvanına göndərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, hazırkı iş üzrə olan birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan həmin qərar apellyasiya icraatı qaydasında apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli və iş üzrə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Belə ki, o, 27.07.1988-ci il tarixdən 14.05.1990-cı il tarixədək İsmayıllı rayon Təsərrüfatlararası konserv zavodunda tabelçi, 13.04.1992-ci ildən 25.06.1998-ci il tarixədək İsmayıllı rayonu üzrə Maliyyə İdarəsində büdcə inspektoru, 25.06.1998-ci ildən 25.03.2005-ci ilədək İsmayıllı rayonu üzrə Malliyyə Şöbəsində xəzinə əməliyyatları şöbəsinin rəisi, 25.03.2005-ci ildən 22.11.2006-cı il tarixədək İsmayıllı rayonu üzrə Maliyyə İdarəsinin rəisi, 03.11.2006-cı ildən 06.08.2012-ci il tarixədək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının sosial-iqtisadi məsələlər üzrə müavini-şöbə müdiri, 06.08.2012-ci ildən 23.04.2013-cü ilədək İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 23.04.2013-cü il tarixdən barəsində hazırda mübahisələndirdiyi 19.04.2021 -ci il tarixli sərəncam verilənədək isə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin 22.06.2016-cı il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medal ilə təltif edilmişəm. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının 19.04.2021 -ci il tarixli 47 №-li sərəncamı ilə vəzifəmdən azad edilməklə, dövlət qulluğuma xitam verilmişdir. İsmayıllı RİH başçısının barəmdə qəbul etdiyi 19.04.2021 -ci il tarixli 47 №-li sərəncam qanunsuz və əsassızdır. Belə ki, 19.04.2021 -ci il tarixli, 47 №-li sərəncamın əsaslandırıcı hissəsindən görünür ki, onun işdən azad edilməyinin əsası olaraq vəzifə salahiyyətlərini həyata keçirərkən guya yol verdiyi nöqsanlar göstərilmişdir. Bu zaman barəsində daxil olmuş çoxsaylı müraciətlərə və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbinin araşdırılması barədə müvafiq-komissiyanın arayışına, həmin məsələnin Şuranın iclasında və İsmayıllı RİH Həmkarlar Komitəsinin ilk təşkilatında müzakirə edilməsinə, RİH başçısı yanında Şura iclasında onun vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə intizam tənbehinin verilməsi haqqında qərara, Həmkarlar Komitəsinin ilk təşkilatı tərəfindən vəzifəmdən azad edilməyi barədə RİH başçısının təqdimatına müsbət rəy verilməsinə istinad olunmuşdur. İsmayıllı RİH başçısı vəzifəsini müvəqqəti icra edən RİH başçısının müavini Mahmud Süleymanovun 25.01.2021-ci il tarixli 08 saylı sərəncamı ilə fəaliyyətinin araşdırılması qərara alınmışdır. Sözügedən sərəncamın surəti ona təqdim edilməməklə həmin sərəncamla tanış edilməmiş, xidməti fəaliyyətimin araşdırılmasına səbəb olan hallar barədə məlumatlandırılmamışdır. Qeyd edilən sərəncamın icrası ilə əlaqədar tərtib edilmiş arayışda göstərilmişdir ki, fəaliyyətində yol verdiyi nöqsanlar barədə daxil olmuş çoxsaylı müraciətlərə və İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasında mənzillərin bölgüsündən sakinlərin narazı olması səbəbindən araşdırmada adıçəkilən sənədlərə vizual baxış keçirilmişdir. Onun fəaliyyətini araşdıran komissiya fəaliyyətim ilə əlaqədar tərtib etdiyi arayışda heç bir hüquqi əsas olmadan bildirmişdir ki, son iki il ərzində vətəndaş müraciətlərinə seçmə üsulu ilə baxış keçirilərkən guya müraciətlərin böyük əksəriyyətində onun məmur kimi özbaşınalıq etməyi, vətəndaşlarla kobud rəftarı, RİH başçısını aldatmağı, məsələyə qərəzli yanaşmağı, problemlərin həlli ilə bağlı heç bir əməli iş görməməyi, müraciətlərə düzgün şəkildə baxmadığı müəyyən edilmişdir. Daha sonra konkret müraciətlərə əsaslanan komissiya, arayışında X11 ərizəsinə istinad edərək göstərmişdir ki, K.Ç.Kərimovun ərizəsi araşdırılmadan cavablandırılmışdır ki, bu da vətəndaşın onun hərəkəti barədə müxtəlif dövlət orqanlarına təkrar müraciətlərinin artmasına səbəb olmuşdur. Halbuki K.Ç.Kərimovun müraciəti ilə əlaqədar qeyd edir ki, K.Kərimov müraciətində məhkəmə qaydasında əmlakının ondan alındığına istinad etdiyindən ona göndərilən cavab məktubunda məsələyə mülki məhkəmə icraatı qaydasında baxıldığı və mübahisə ilə əlaqədar məhkəmə qətnaməsinin olması nəzərə alınaraq mübahisə ilə bağlı məsələnin İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. RİH-də baxılan müraciətlərlə əlaqədar cavab məktublarına bir qayda olaraq RİH hüquq şöbəsində baxılır və müvafiq viza verilir. Bundan sonra həmin cavab məktubuna RİH başçısı tərəfindən dərkənar qoyularaq cavab məktubu vətəndaşa göndərilir. Odur ki, K.Ç.Kərimovun müraciətinin yuxarıda sözügedən qaydada cavablandırılması zamanı tərəfindən işdən azad edilməyinə əsas olan hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Digər tərəfdən nəzərə alnınmalıdır ki, müraciətin cavablandırılmasının hüquqi cəhətdən əsaslandırılmasına bilavasitə cavabdehin hüquqşünası cavabdehdir. Həmçinin, sözügedən arayışda qeyd olunan Elay Əliyevlə əlaqədar məsələ ilə bağlı məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab etmiş ki, İsmayıllı RİH-nin sabiq başçısı növbəti əmək məzuniyyətində olduğu zaman onun İsmayıllı RİH başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra etdiyi müddətdə İsmayıllı Rayon Prokurorluğundan daxil olmuş 16.02.2019-cu il tarixli ********* nömrəli məktubda Kürdmaşı kəndində ölümlə nəticələnən cinayət hadisəsinin istintaqı zamanı İsmayıllı RİH başçısının Kürdmaşı İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi vəzifəsində işləyən E.Əliyevin yol verdiyi pozğun hərəkətlər nəticəsində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.7-ci maddələrinin tələblərinin pozulduğu bildirilmişdir. Bununla əlaqədar olaraq tərəfimdən Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyası müvafiq qaydada məlumatlandırıldıqdan sonra E.Əliyevin hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə İsmayıllı Rayon Prokurorluğunun yuxarıda sözügedən məktubuna RİH başçısı yanında Etika komissiyasında baxılaraq E.Əliyevin yol verdiyi hərəkətləri ilə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.6.7-ci maddələrinin və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18.0.4- cü maddəsinin tələblərinin pozulduğuna istinad edilərək E.Əliyev dövlət qulluğundan azad edilmişdir. E.Əliyevin atası, əmisi və digər ailə üzvlərinin E.Əliyevin işə bərpa olunması ilə bağlı müraciətinə cavab olaraq tərəfimdən onlara məhkəməyə müraciət etmələri izah edilmişdir. Yuxarıda göstərilən qanunsuz əməllərə yol vermiş E.Əliyevin dövlət qulluğundan azad edilməsi qanuni və ədalətli, barəsində verdiyi sərəncamın sonradan ləğv edilərək E.Əliyevin əvvəlki vəzifəsinə bərpa edilməsi isə qanunsuz və əsassız olmuşdur. Eyni zamanda bu hal onun işdən azad edilməyi üçün yetərli əsas hesab edilə bilməz. Barəsində verilən 19.04.2021-ci il tarixli, 47 №li sərəncamın əsaslandırın hissəsində göstərilən İsmayıllı şəhərinin Xurşudbanu Natəvan küçəsində inşa edilmiş 48 mənzilli yaşayış binasının bölgüsü ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 27.05.2018-ci il tarixli, 428 nömrəli sərəncamına əsasən ayrılmış vəsait hesabına İsmayıllı şəhərində yaşayış normalarına cavab verməyən binaların sakinlərinin köçürülməsi məqsədi ilə yuxarıda sözügedən binanın tikintisi başa çatdırılıb, həmin bina istismara qəbul edildikdən sonra qeyd olunan yaşayış binasının bölgüsünün və sakinlərinin köçürülməsinin tənzimlənməsi ilə əlaqədar İsmayıllı RİH Başçısının 09.12.2019-cu il tarixli, 09 №-li sərəncamı və RİH başçısının birinci müavini olaraq onun sədrliyi, RİH və digər aidiyyatı orqanların vəzifəli şəxslərinin iştirakı ilə komissiya yaradılmışdır. 2020-ci ilin yanvar ayında bina istismara qəbul edildikdən sonra Azərbaycan Respublikası Mənzil X13 bu sahədə normativ sənədlərin olmamasına görə ixtisaslaşmış qurum kimi yaşayış binasındakı mənzillərin bölgüsünün aparılmasına müvafiq köməklik göstərməsi məqsədilə məktub ünvanlamış, cavabında Agentlik tərəfindən köməklik göstərilməsinin imkan xaricində olduğu bildirilmişdir. Sözügedən binada bölgünün obyektiv və şəffaf təmin edilməsi məqsədi ilə inşa edilmiş 48 mənzilli binadakı otaqların sayı, faktiki sahəsi, köçürülməli olan sakinlərin ailə üzvlərinin sayı və s. xüsusatlar əsas meyar kimi götürülmüş və komissiya tərəfindən müvafiq ilkin təkliflər hazırlanmışdır. Qeyd edir ki, bütün sakinlərin tam yaşayış sahəsi ilə normal təmin olunmaları üçün 3.152 kv.metr yaşayış sahəsi tələb olunduğu halda, ayrılan vəsaitə uyğun olaraq binada 2.560 kv.metr yaşayış sahəsi inşa edilmişdir. Sözügedən binanın sakinlər arasında bölgü ilə əlaqədar məsələ komissiyanın 11.12.2019cu il tarixli iclasında komissiya üzvləri tərəfindən müzakirə olunmuş və mənzillərin bölgüsü üçün cədvəl üzrə təqdim edilmiş təkliflər komissiya üzvlərinin yekdil qərarı ilə məqbul hesab edilməklə, komissiyanın qərarının sakinlərin ümumi yığıncağında elan edilməsi, mənzil istismar sahəsi tərəfindən mübahisəli mənzil sahibləri ilə bir daha söhbətlərin aparılaraq, mülkiyyətə dair sənədlərin təqdim edilməsi, eləcə də bölgüdən və köçürülmədən razı qalmayan sakinlərin yazılı müraciətlərinin alınması qərara alınmışdır. Sözügedən iclas komissiyanın 11.12.2019-cu il tarixli, 2019/04 №-li protokolu ilə rəsmiləşdirilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilən 2019/05 №-li, 19.12.2019-cu il tarixli protokoldan görünür ki, 48 mənzilli binanın sakinləri arasında mənzil bölgüsü ilə əlaqədar təkliflərdən narazı qalan və ya mənzildən imtina edən sakinlər komissiyanın iclasında dinlənildikdən sonra, komissiya sakinlərdən daxil olan sənədlərə əsaslanaraq gələcəkdə xoşagəlməz halların, bununla bağlı vətəndaşların şikayətlərinin qarşısının alınması üçün müstəqil ekspertlərin cəlb edilməsi və müvafiq qərarın qəbul edilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına təqdimat verilməsi qərara almışdır. Hesab edir ki, hazırkı apellyasiya şikayətində göstərilən yuxarıda sadalanan dəlillərim, eləcə də iş materiallarında olan 15 iyul 2021-ci il tarixdə keçirilən hazırlıq iclasından sonra yaranan suallara dair geniş izahatımda göstərdiyim dəlillərim nəzərə alınmaqla hazırkı mübahisəyə hüquqi qiymət verilməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı məhkəməyə məktub göndərərək məhkəmə iclasında səhhəti ilə əlaqdər iclasda iştirak edə bilməyəcəyini və məhkəmə iclası təkrar təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21.07.2000-ci il tarixli 926İQ nömrəli Qanununun 33-cü maddəsi dövlət qulluğuna xitam verilməsi əsaslarını təsbit etməkdədir ki, həmin maddənin 33.1.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun: 25.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur; 25.2-ci maddəsinə görə, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Cavabdehin sərəncamından da göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vəzifədən azad edilməsi zamanı Qanunun 25.2.6-cı və 33.1.6-cı maddələrinə istinad olunmuşdur. Məhz dövlət qulluğundan azad edilmə qismində intizam tənbeh tədbiri tətbiq olunması əsası ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Qanunun 25.7-ci maddəsinin tələbinə görə bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması ilə şərtləndirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0-cı maddəsinə əsasən dövlət qulluqçuları vəzifə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Qanunun 20-ci maddəsi dövlət qulluğu ilə əlaqədar məhdudiyyətləri, 25.11-ci maddəsi isə dövlət qulluqçusunun “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunduğunu təsbit etmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, məcburetmə, öhdəliyin icrası və müəəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:
1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin mübahisəli sərəncamı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən "Dövlət qulluğu haqqında” AR Qanununun 25.2.6, 33.1.6 və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.4-cü bəndinin tələblərinə müvafiq olmuş, yuxarıda şərh olunan normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Cavabdeh iddiaçının fəaliyyətinin araşdırılması haqqında 25.01.2021-ci il tarixli 08 saylı sərəncamın icrası ilə bağlı tərtib etdiyi arayışda iddiaçı tərəfindən Qanunun 18.0.1-ci, 18.0.2-ci, 18.0.4-cü maddələrinin tələblərini pozduğuna istinad etmiş, 02.04.2021-ci il tarixli təqdimatını iddiaçının "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması ilə əsaslandırmışdır. Belə ki, cavabdeh tərəfindən aparılmış araşdırma və iş materiallarına əlavə olunmuş vətəndaş şikayətlərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli olduğu halda bunu etməmiş, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməmiş, həmçinin başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Məhz bunun nəticəsi olaraq iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 25.2.6-cı maddəsinə müvafiq olaraq dövlət qulluğundan azad edilməsi növündə intizam tənbehi tətbiq edilmiş və Qanunun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Göstərilən hallar iş materialları ilə də öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya münasibətdə mübahisəli sərəncamı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə müvafiq olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.4-cü bəndinə görə yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir. Məhz bu məqsədlə cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinə 02.04.2021-ci il tarixli 01/183 nömrəli təqdimat göndərilmiş və Əsasnamənin tələblərinə riayət olunmaqla 19.04.2021-ci il tarixli 47 nömrəli sərəncamla iddiaçı vəzifəsindən azad edilmişdir. Bu mənada birinci instansiya məhkəməsi iddia ərizəsinin dəlilləri ilə razılaşmamış və onları əsassız saymışdır. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl iddiaçının yazılı izahatı alınmış, izahatında göstərdiyi məlumatların yoxlanılması həyata keçirilmiş, vətəndaş müraciət və şikayətlərinin çoxsaylı nüsxələri məhkəməyə təqdim olunmuş, iddiaçının hərəkətləri dövlət qulluqçusunun əsas vəzifələrinin və qanunla dövlət qulluqçusuna münasibətdə müəyyən edilmiş məhdudiyyətlərin pozulması kimi qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi iddiaçıya münasibətdə 2017-ci ildə 4,57 (əla), 2018-ci ildə 4,56 (əla), 2019-cu ildə 4,11 (yaxşı) olduğu halda azalan xətt üzrə davam edərək 01 yanvar 31 dekabr 2020-ci il tarixi üzrə 2,38 (qeyri-qənaətbəxş), “Dövlət qulluğu haqqında” AR Qanununun 30-1.8.4-cü maddəsinin tələblərinə görə qeyri-kafi olmuşdur. İddianın ilk tələbi (cavabdehin sərəncamının ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ikinci (işə bərpa) və üçüncü (məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi) tələblər də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), sərəncam cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
qərаrа аldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2-1(116)-914/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.