Məhkəmə qərarları › İş №2-1(107)-71/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-71/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-71/2025 11.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X8 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “X4 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı “Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyası”nın 10 avqust 2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X4 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə X13 inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə inzibati orqanın müəyyən hərəkətləri icra etməsi üçün vaxt verilməsi ilə bağlı qərardad qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il tarixdən etibarən böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. O, 2021-ci ilin noyabr ayından etibarən xəstəliyinin proqres etməsi nəticəsində hemodializ almağa başlamışdır. Xəstəliyinin aradan qaldırılması məqsədilə böyrək trasplantasiya etmək üçün müvafiq sənədləri toplayaraq cavabdeh orqana müraciət etmişdir. İddiaçı donor olmaq istəyən şəxs - X4 onun dostu olduğunu qeyd etmişdir. Lakin, cavabdeh orqan iddiaçının müraciətinə baxaraq trasplantasiya edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən Şəki rayonu Şin kəndində yaşayan 1993-cü il təvəllüdlü İddiaçı xəstəxananın hemodializ şöbəsində “Xroniki qlomerulonefrit, xroniki böyrək çatışmazlığı, V mərhələ proqramlı dializ” diaqnozu ilə xx.xx.2021-ci il tarixindən hemodializ seansları qəbul edir. - İddiaçı ilə qohumluq əlaqəsi olmayan X9 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə yazaraq, İddiaçı böyrək köçürülməsi üçün özündən orqan götürülməsinə etiraz etmədiyini bildirmişdir. - X4 arvadı X5 da xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində ərinin donor olmasına etiraz etmədiyini bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası, əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında 10 avqust 2023-cü il tarixdə X4 donor olub-ola bilməməsi barədə məsələyə baxmış və onun donor ola bilməməsi barədə qərar qəbul etmişdir. Qərar belə əsaslandırılmışdır ki, donor və resipient arasında dostluq münasibəti öz təsdiqini tapmamış, resipient özünü implusiv aparmış, transplantasiyanın əvəzli olmasına dair əsaslı şübhələr yaranmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi iddiaçıya xx.xx.2023-cü il tarixli məktub göndərərək, ilkin müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, Şəki rayonu Şin kəndində yaşayan 1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində müayinə olunmuş, “Başqa rubrikalarda təsnif olunan xəstəliklər zamanı demensiya”, “Xroniki nefritlik sindrom” diaqnozu ilə xəstədir və xəstə hazırda psixoloji sarsıntılar keçirdiyi üçün ünsiyyətə qoşula bilmir

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 yanvar 2024-cü il tarixli 2- 1(116)-469/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X4 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya böyrək transplantasiyasının zəruriliyi qoyulmuş diaqnoz və işin halları ilə sübuta yetirilmiş, cavabdeh tərəfindən bu hal mübahisələndirilməmiş, öz faktiki hərəkəti ilə (müvafiq komissiyaya təqdimat verilməsi) belə zərurəti təsdiq etmişdir. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2- 1(107)-184/2024 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi, əsl cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əvəz edilmişdir.

12. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının eyni tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi iş üzrə inzibati məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarı İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X4 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə qoyulması hissəsində dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X4 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmuşdur.

14. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti vermişdir.

15. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(102)- 2126/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

16. Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, inzibati iş üzrə cavabdeh qismində işə cəlb edilmiş Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əsl olmayan tərəfdir. İnsan Orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında 20 oktyabr 2020-ci tarixli Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən, Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 288 nömrəli qərarı ilə təsdiq edilmiş Orqan Donorluğu və Transplantasiyası üzrə X1 1.1-ci bəndinə əsasən, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir. İnsan Orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında 20 oktyabr 2020-ci tarixli Azərbaycan Respublikasının qanununun 29-cu maddəsinə əsasən isə yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılmışdır. İstinad edilən qanunvericilik aktlarından da göründüyü kimi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ayrı-ayrı qurumlardır. Bütün bunları nəzərə alaraq, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Şəki İnzibati Məhkəməsinə və Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasına cavabdehin yanlış qurum olaraq müəyyən edildiyi rəsmi formada bildirilmişdir.

17. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)- 469/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2-1(107)-614/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyası iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi cəlb edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2-1(107)-71/2025 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2- 1(104)- 614/2024 nömrəli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzdində Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyası üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməmiş sayılmışdır.

22. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 41. Sağlamlığın qorunması hüququ Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. ...

24. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun Peambula Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Maddə 1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi. Maddə 10. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım yalmaq hüququ vardır. Maddə 40. İnsan orqanlarının və toxumalarının donorluğu və transplantasiyası İnsan orqanlarının və toxumalarının donorluğu və onların transplantasiyası sahəsində münasibətlər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

25. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Qanun Maddə 1. Əsas anlayışlar. ... 1.1.4. İnsan orqanlarının transplantasiyası – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi; 1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət; 1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit; ... Maddə 4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Maddə 9. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi 9.1. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. 9.2. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirir, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin edir, vahid dövlət informasiya bazasını aparır, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin edir, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya edir. 9.3. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz. Maddə 11. Transplantasiya üzrə coordinator 11.1. Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçirilir. 11.2. Transplantasiya üzrə koordinator ali və ya orta ixtisas tibb təhsilli mütəxəssisdir. 11.3. Transplantasiya üzrə koordinator: ... 11.3.3. canlı donordan bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq məlumatlandırılmış razılıq alır və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edir; Maddə 14. Transplantasiyanın zəruriliyi haqqında qərar 14.1. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkimtransplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir. 14.2. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin forması, tibb müəssisəsinin həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Maddə 16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, əkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsininzəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Maddə 17. Canlı donorun məlumatlandırılmış razılığı 17.1. Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 17.2. Canlı donor və onun məlumatlandırılmış razılığına dair məlumatlar canlı donorların reyestrinə daxil edilir. Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası. 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır.

26. “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası”

2. Donor orqanların götürülməsi 2.1. Donor orqanların götürülməsi orqan və ya toxumaların transplantasiyası məqsədilə çıxarılması üçün aparılan cərrahi əməliyyatdır. 2.2. Canlı donordan donor orqanların götürülməsi Qanunun 16-cı və 18-ci maddələrinin, meyit donordan donor orqanların götürülməsi isə Qanunun 21-ci və 25-ci maddələrinin tələblərinə əməl etməklə cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

28. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

29. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı X4 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsibdən ibarətdir.

32. İşin hallarından görünür ki, iddiaçı uzun müddətdir xroniki böyrək çatışmazlığından əziyyət çəkir və hazırda hemodializ olunmaqdadır. Təqdim olunmuş həkim diaqnozuna əsasən ona böyrək transplantasiyasının aparılması zəruridir. İddiaçının və donor Vüqar Mustafazadənin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən orqan donorluğu və transplantasiya üzrə Etika komissiyasına təqdimat verilmiş, Komissiya tərəfindən 10 avqust 2023-cü il tarixdə V.Mustafazadənin donor ola bilməməsi barədə qərar çıxarılmışdır. Komissiya təqdim olunmuş sənədləri araşdırıb, inzibati icraat çərçivəsində donoru və resipienti dinləyib belə nəticəyə gəlib ki, transplantasiyanın əvəzli olmasına dair əsaslı şübhələr möcvuddur. Komissiya tərəfindən qərar qəbul edilərkən donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edərək şəxsin donor olub-olmamasına qiymət vermişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(102)- 2126/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-184/2024 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün göndərilməsi qərara alınmışdır.

34. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

35. Ali Məhkəmə hazırki iş üzrə 22 avqust 2024-cü il tarixli, 2-1(102)-2126/2024 nömrəli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Etika komissiyasının xx.xx.2023-cü il tarixli qərarına hüquqi qiymət verərək, iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsi nəticəsinə gəlməklə iddia tələbini təmin etmişdir. - Göründüyü kimi istər birinci instansiya məhkəməsi, istər apellyasiya məhkəməsi işə baxarkən Etika komissiyasının iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun həyata keçirdiyi səlahiyyətlərin diskresion yaxud qapalı səlahiyyətlər olmasına qiymət vermədən donor və resipient arasında dostluq münasibətinin öz təsdiqini tapmaması və transplantasiyanın əvəzli olmasına dair yaranmış əsaslı şübhələrin təsdiq edilməməsi nəticəsinə gəlmişdir. - Nəzərə alınmalıdır ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. - Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. - Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. - Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmunundan aydın olur ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri sayır ki, Etika komissiyasının həll etməli olduğu məsələ və qəbul etməli qərar, iddiaçının konstitusion hüququ olan sağlamlığı qorumaq və tibbi yardım almaq hüququna birbaşa təsir etdiyinə görə, Komissiyanın qərarı tam qanuni olmalıdır. - Etika komissiyasının qərarı hər bir halda qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməli, ictimai marağa uyğun olmalı və iddiaçının hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıq təmin edilməlidir. - Kollegiya qeyd edir ki, Etika komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq. - Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama Etika komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Etika komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır. - Etika komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət verərkən isə ilk növbədə, inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərdə saxlanılmalıdır. Bundan başqa, baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar “əsaslı şübhələrin” mövcudluğuna da əsaslana bilər. Bu nöqteyi nəzərdən, inzibati orqanın diskresion səlahiyyətlərə əsaslanan fəaliyyəti zamanı “əsaslı şübhə” meyarından istifadə etməklə qəbul etdiyi qərarın qanuniliyinin yoxlanması zamanı bir qədər fərqli standart və yanaşma tələb edilir. “Əsaslı şübhə” qənaətinin açıq-aşkar əsaslandırılmadığı təqdirdə, diskresion səlahiyyət əsasında qəbul edilmiş qərarın qüvvədə saxlanması, məhkəmə icraatının pozulmuş hüquqların səmərəli müdafiəsi məqsədlərinə uyğun ola bilməz. Məhkəmələr, Etika komissiyasının qərarında “əsaslı şübhə”nin mövcudluğu nəticəsinə gəlinərkən real faktiki hallardan çıxış edilibedilmədiyini yoxlamalıdırlar. Başqa sözlə, əsaslı şübhə tərəflərə aid edilə biləcək real faktiki hallara söykənməli, həmin halların əldə edildiyi mənbələr bəlli olmalı və icraatın gedişində araşdırmanın predmetini təşkil etməlidir. Qeyd edilən tələblərə riayət edilməklə gəlinmiş “əsaslı şübhə” hazırkı məsələyə münasibətdə inzibati orqanının qərarının əsaslandırıldığı nəticəsinə gəlmək üçün yetərlidir. - Belə ki, donorun təmənnasızlığı barədə “əsaslı şübhə” olduğuna dair Komissiyanın gəldiyi nəticə donorla resipientin dostluq münasibətinin sübut olunmamasına əsaslanmışdır. Qeyd olunmalıdır ki, sağlamlıq, orqanizmin bütövlüyü hər bir şəxsdə olduğu kimi donor üçün də həyati əhəmiyyətə malikdir. İnsanın öz sağlam orqanını bağışlamaq barədə qərarı, sağlamlığına risk törətməklə müşayiət olunur. Buna görə də, insanın öz sağlam orqanının bağışlamaq barədə gəldiyi qərar, həyatda qəbul edilən adi qərarlardan fərqli olaraq, çox ciddi (eyni zamanda sağlam düşüncəyə, cəmiyyətdə rəğbətlə qarşılanan şəfqətə əsaslanan motivlərlə qəbul edilən) bir əsasa söykənmiş olmalıdır. Təsadüfi deyildir ki, qanunverici yaxın qohum olmayan canlı donorun niyyətinin məhz etik əsaslarının yoxlanması üçün xüsusi bir qayda müəyyən etmişdir. Buna görə Komissiya donorun iddiaçı ilə emosional bağlılığını, özlərinin əsaslandırdıqları dostluq münasibətlərinin olubolmamasını araşdırmış və bu münasibətlərin olmaması nəticəsinə gəlmişdir.

36. İşdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası, əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında 10 avqust 2023-cü il tarixdə X4 donor olub-ola bilməməsi barədə məsələyə baxmış və onun donor ola bilməməsi barədə qərar qəbul etmişdir. Komissiya haqlı olaraq qeyd etmişdir ki, donor və resipient arasında dostluq münasibəti öz təsdiqini tapmamış, resipient özünü implusiv aparmış, transplantasiyanın əvəzli olmasına dair əsaslı şübhələr yaranmışdır.

37. Məhkəmə kollegiyası tərəfindən də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmış və müəyyən edilmişdir ki, Etika komissiyasının qərarı prosessual təminatlara riayət edilməklə qəbul olunmuşdur. Donor və resipient-iddiaçı arasında dostluq münasibəti öz təsdiqini tapmamış, iddiaçı donorla təsadüfən tanış olduğunu bildirmiş, daha sonra onunla aralarında dostluq münasibəti yarandığını bildirmişdir, transplantasiyanın əvəzli olmasına dair əsaslı şübhələr yaranmışdır.

38. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan İddiaçı müraciəti üzrə böyrək transplantasiyasının mümkünlüyü ilə bağlı inzibati icraat apararkən resipiyent kimi ərizəçinin (iddiaçının), eləcə də qaldırılan məsələ üzrə qəbul olunacaq qərarın hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyinə güman olunan donorun icraatda iştirakını və dinlənilməsini, eləcə də işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılmasını təmin etmişdir. Cavabdeh inzibati orqanın iddiaçının müraciəti üzrə apardığı inzibati icraat çərçivəsində hərəkətlərində qeyriobyektivlik və ya qərəzlilik əlaməti müəyyən edilməmişdir. İddiaçı da hazırkı məhkəmə icraatında bu xüsusda dəlil və arqument təqdim etməmişdir.

39. Bundan əlavə cavabdeh inzibati orqanın iddiaçının qaldırdığı məsələyə inzibati icraat çərçivəsində baxarkən donor və resipiyent arasında orqan köçürülməsində könüllülük və təmənnasızlıqla bağlı şübhələri əsaslı olmuşdur. Belə ki, resipiyent və donor inzibati icraatda onlar arasındakı tanışlığın uzun müddətli möhkəm qollarla bağlılığı, orqan donorluğunda təmənnasızlığın kökü və təsdiqi barədə heç bir tutarlı sübut təqdim etməmişlər.

40. Belə ki, «İnsan orqan və toxumalarının transplantasiyası haqqında» Qanunun 4.1-ci maddəsinə görə orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. 32-ci maddəsinə görə Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır.

41. Bundan başqa, məhkəmə kollegiyası, iddiaçının məhkəmə iclasında donorun həbs olunması ilə bağlı qeyd etdiklərini nəzərə alaraq X10 sorğu ünvanlayaraq X4 X6 saxlanılıb-saxlanılmaması, orada saxlanıldığı təqdirdə saxlanılmasına əsas olan məhkəmə qərarının məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

42. X7 xx.xx.2025-ci il tarixli 3-16-17/37/2-55/2025 nömrəli məktubundan görünür ki, məktubda adı qeyd edilən həbs edilmiş X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarına əsasən xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nın əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2024-cü il tarixdə X10 gətirilmiş və hal-hazırki vaxtadək Şəki PM-nin İstintaq təcridxanasında saxlanılır.

43. X7 xx.xx.2025-ci il tarixli 3-16-17/37/2-55/2025 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(075)-61/2024 nömrəli qərarından görünür ki, xx.xx.1998-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X4 barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan tədbiri» dəyişdirilmiş, onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs X9 barəsində axtarış elan edilmiş, təqsirləndirilən şəxs X4 olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar Xidmətinə etap olunması qərara alınmışdır.

44. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İddiaçı X4 böyrək transplantasiyası üzrə donorluğunun mümkünsüzlüyü barədə qərarını «İnzibati icraat haqqında» Qanununun 11.1, 16.1, 24, 58-ci maddələrinin, eləcə də «İnsan orqan və toxumalarının transplantasiyası haqqında» Qanunun 4.1 və 29.2-ci maddələrinin tələbləri gözlənilməklə qəbul etmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 avqust 2023-cü il tarixli imtina qərarı qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan akt kimi qiymətləndirilməməlidir.

45. Odur ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

46. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar «İnzibati icraat haqqında» Qanununun, eləcə də «İnsan orqan və toxumalarının transplantasiyası haqqında» Qanunun tələblərinə uyğun olduğundan, iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.

47. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “X4 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

48. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-469/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “X4 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar