Məhkəmə qərarları › İş №2-1(107)-715/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-715/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-715/2024 23.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “Rusiya Federasiyasının Cənubi X2 tərəfindən “Psixologiya” ixtisası üzrə təqdim olunan ДВС ******* nömrəli 27 iyun 2003-cü il tarixli diplomun (kvalifikasiyanın) tanınması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, 2- 1(116)-2647/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Rusiya Federasiyasının Cənubi X2 tərəfindən “Psixologiya” ixtisası üzrə təqdim olunan ДВС ******* nömrəli 27 iyun 2003-cü il tarixli diplomun (kvalifikasiyanın) tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qəsa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xarici dövlət ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina haqqında qərar qəbul etmişdir. İddiaçı, cavabdeh orqanın həmin qərarını mübahisələndirmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 7 noyabr 2024-cü il tarixli, 2- 1(116)-2647/2024 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.

4. İddiaçı nümayəndəsi Nümayəndə həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, 2-1(116)-2647/2024 nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, 2-1(116)-2647/2024 nömrəli qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etdi.

.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları (İddiaçıya müvafiq imtina qərarı verilərkən qüvvədə olmuşdur): 2.2. Tanınmaya dair müraciətlər elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 2.3. Ərizəçinin ərizəsində tanınmanın məqsədi qeyd edilir. Ərizəçi TMİS-ə müraciət edərkən aşağıdakıları təsdiq edir: 2.3.1. təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu; 2.3.2. onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını. 2.4. Ərizəçinin elektron müraciətinə aşağıdakı sənədlərin surətləri əlavə edilir: 2.4.1. ərizəçinin şəxsiyyət vəsiqəsi, pasportu və ya şəxsiyyətini təsdiq edən digər sənədlər; 2.4.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası və onun əlavəsi; 2.4.3. tanınma üçün müraciət olunan təhsil səviyyəsinə (pilləsinə) qəbul olunmaq üçün istifadə olunan təhsil sənədi; 2.4.4. ərizəçi tədris müddətində bir təhsil müəssisəsindən digərinə və ya təhsil müəssisəsi daxilində bir ixtisasdan digərinə köçürüldüyü halda, onun təhsil aldığı müddətdə digər təhsil müəssisəsində və ya digər təhsil proqramında tədris olunmuş fənlərə (toplanılmış kreditlərə) dair arayış; 2.4.5. akademik transkript və ya akademik arayış (qismən tanınma üçün müraciət olunduqda); 2.4.6. tanınmaya görə xidmət haqqının ödənilməsini təsdiq edən sənəd. 3.1. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

13. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

14. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

15. Diplomun (kvalifikasiyanın) tanınması ilə bağlı iddia tələbi “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

16. Cavabdeh orqan birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı, elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2023-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2023 -cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur.

17. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” qanunun 3.0.12-ci maddəsinə əsasasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir.

18. Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.

19. Azərbaycan Respublikasının "Elektron İmza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir.

20. Həmin qanunun 28.1-ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir".

21. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

22. İnzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının İnzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir.

23. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2023-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Odur ki, iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

24. İddiaçı tərəfindən məhkəməyə cavabdehin xx.xx.2024-cü il tarixli məktubu təqdim edilmiş və bildirilmişdir ki, onun müraciətini cavabdeh orqan yenidən şablon üzrə cavablandırmış və faktiki olaraq ərizəsi üzrə icraatı təzələyərək əvvəllər qəbul olunmuş qərarını qüvvədə saxlamışdır. İddiaçının qənaətinə görə cavabdeh orqan İİHQ-nun 35.2-ci maddəsinə əsasən təkrar ərizəsini yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borclu olduğu halda şablon cavab verməklə onun hüquqlarının təmin edilməsindən imtina etməyə çalışmışdır.

25. Məhkəmə kollegiyası tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli məktubunun məzmunu tədqiq edilmişdir. Həmin məktubdan görünür ki, faktiki olaraq iddiaçıya onun xarici ali təhsil ixtisasının tanınması ilə bağlı elektron müraciətinin nəticəsi barədə xx.xx.2023-cü il tarixli, NAOO013599 nömrəli inzibati aktın təqdim olunması, müraciətinə dair yekun qərar haqqında elektron inzibati aktı əldə etmək üçün şəxsi kabinetinin elektron sənədlər bölməsinə daxil olması barədə məlumat verilmişdir. Həmçinin “İnzibatı icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati aktın göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılması barədə iddiaçıya məlumat verilmiş və imtina qərarından inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnun olması izah edilmişdir.

26. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah edilmişdir ki, istinad etdiyi cavabdehin xx.xx.2024-cü il tarixli məktubu onun müraciətinə verilmiş imtina cavabı və ya əvvəlki imtina qərarına şikayət instansiyasında baxılaraq ilkin qərarın qüvvədə saxlanılması barədə qərar kimi qiymətləndirilə bilməz.

27. Cavabdeh orqan iddiaçının qeyd etdiyi kimi ərizə üzrə icraatı təzələməmiş, o cümlədən əvvəllər qəbul olunmuş qərarın qüvvədə saxlanılması ilə bağlı hər hansı yeni inzibati akt qəbul etməmişdir. Cavabdeh orqanın həmin məktubunun mahiyyəti elektron kabineti açaraq verilmiş imtina qərarının əldə etməsi ilə bağlı iddiaçıya istiqamətin verilməsindən ibarətdir.

28. Məhkəmənin kollegiyasınn qənaətinə görə iddiaçı, hazırkı iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin buraxılmasından yan keçmək məqsədilə cavabdehə müraciət etmiş və cavabdeh orqanın müraciətə mahiyyəti üzrə baxaraq yeni imtina cavabını verəcəyini, bununla da iddia tələbinin irəli sürülməsi üçün prossesaul müddətin axımının sonuncu cavab məktubundan hesablanacağını güman etmişdir.

29. Bununla belə cavabdeh orqan iddiaçının müraciətinə mahiyyəti üzrə yenidən baxmamış, əvvəlki cavaba istinad edərək, verilmiş imtina cavabının iddiaçının elektron kabinetində olmasını və şəxsi kabinetinin elektron sənədlər bölməsindən əldə etməsini tövsiyə etmişdir. 30 . Odur ki, məhkəmə kollegiyası hazırkı iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş prossesual müddətin buraxılması qənaətinə gəlmiş və iddiaçının nümayəndəsinə İPM-nin 24.1-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə vermək vermək hüququnun olması izah edilmişdir.

31. İddiaçının nümayəndəsi “prossesual müddətin bərpası haqqında” ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli verilən imtina qərarını elektron şəxsi kabineti işlədə bilməmə səbəbindən öyrənə bilməmişdir.

32. Növbəti dəfə ərizə ilə müraciət edəndə artıq üstündən 1 il keçdiyinə görə əvvəlki tarixə yönləndirilmiş cavabı almışdır. Ona yenə imtinanın səbəbləri aydın deyil və 2024-cü il tarixli Ali Məhkəmənin diplomların tanınması ilə bağlı verdiyi qərarlardan sonra məhkəməyə müraciət etməli olmuşdur.

33. Odur ki müddətin buraxılması səbəblərinin üzrlü hesab edilərək bərpa edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının (İddiaçıya müvafiq imtina qərarı verilərkən qüvvədə olmuşdur) yuxarıda sadalanan bəndlərindən görünür ki, tanınmaya dair müraciətin edilməsi və həmin müraciətlərə dair qəbul edilmiş qərarların müraciət edənə çatdırılması tamamilə elektronlaşdırılmış qaydada həyata keçirilir.

35. Faktiki olaraq iddiaçı, tanınmaya dair müraciətini elektron qaydada edir və bu müraciətin nəticəsi olaraq onun sistemdə şəxsi kabinet yaradılaraq müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçiyə qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə etmək və müraciətinin statusunu izləmək imkanı yaradılır.

36. Ərizəçi TMİS-ə müraciət edərkən təqdim edilmiş sənədlərin və məlumatların doğruluğunu, onun barəsində məlumatların alınması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına, aidiyyəti orqanlara (qurumlara) və ya təhsil müəssisəsinə sorğuların göndərilməsinə razılığını təsdiq etməklə tələb olunan sənədlərin surətlərini elektron müraciətinə əlavə edir.

37. Odur ki, ilkin müraciəti zamanı yuxarıda qeyd edilən prosedurları ardıcıllıqla yerinə yetirmiş iddiaçının elektron şəxsi kabineti işlədə bilməməsi səbəbi ilə imtina cavabından məlumatsız olmasını məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Buna görə də, hazırkı iddia tələbi üzrə müddətin axımı mübahisələndirilən qərarın elektron kabinetə yerləşdirilməsi nəzərə alınmaqla xx.xx.2023 -cü il tarixdən hesablanmalıdır.

38. Bundan baçqa iddiaçı, İPM-nin 24.2-ci maddəsinə əsasən həm də, müddətə əməl olunmasına mane olan halların 15 gün ərzində aradan qalxdığını da sübuta yetirməlidir ki, hazırkı işdə ümumiyyətlə nə müddətə əməl olunmasına mane olan halların mövcudluğu, nə də həmin halların 15 gün ərzində aradan qalxmasını təsdiq edən sübutlar yoxdur.

39. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti üzürsüz səbəblərdən ötürüldüyündən prossesual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır.

40. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

41. Birinci instansiya məhkəməsi və məhkəmə kollegiyası tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilmişdir.

42. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

43. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, 2-1(116)- 2647/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, 2-1(116)-2647/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar