Məhkəmə qərarları › İş №2-1(107)-716/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-716/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-716/2025 15.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli 2-1(116)-1219/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İddiaçıya xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016, xx.xx.2016-xx.xx.2021ci il tarixlərdə ikinci dərəcə əlillik müəyyən edilmişdir

2. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş sonuncu - P00178801GLK nömrəli göndərişdə diaqnoz “(İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli emosional labil (astentik) pozuntu” qeyd edilmişdir.

3. Cavabdeh orqan iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina qərarı vermişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. İddiaçı, cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Əlilliyin müəyyən edilməsindən imtina edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək xəstəlik diaqnozunun dəqiqləşdirilməsi yolu ilə onun əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün təkrar Tibbi-Sosial Ekspert komissiyasının keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması baradə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, xx xxxx 1963-cü il tarixdə Ağdaş rayonunun Qarasuqumlaq kəndində anadan olmuşdur. 1993-cü ilin oktyabr ayının 02-də Mingəçevir şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq döyüş bölgəsinə, Müdafiə Nazirliyinin 190 nömrəli Hərbi hissəsinə göndərilmiş, döyüş əməliyyatlarında iştirak etmişdir. Bundan təxminən 3 ay sonra, 1993-cü ilin ilin 31 dekabr tarixində Ağdam rayonunun Güllücə kəndi ərazisində gedən döyüşlərdə yanında tank mərmisi partlamağı nəticəsində yaralanaraq xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək Bərdə rayon Mərkəzi xəstəxanasında «Barotravma. Asteno-nevrotik reaksiya» diaqnozu ilə və xx.xx.1994-cü ildən 12 02.1994-cü ilə kimi Mingəçevir şəhər mərkəzi xəstəxanasında «Qapalı kəllə-beyin ravmasından sonra astenik sindrom (Baroravma)» diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin” a” bəndinə əsasən onun 31 dekabr 1993-cü ıl tarixində döyüşən ordu sıralarında aldığı zədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın 14 mart 2012-ci il tarixli 170 nömrəli Qərarı (protokol №165) ilə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Ona xx.xx.2012-ci ildən xx.xx.2021-ci ilə kimi 2-ci dərəcə əlillik təyin edilmişdir. 2021-ci ilin mart ayında növbəti müayinədən keçdikdən sonra əlillik təyin edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü ilədək Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunarkən növbəti dəfə ona “Postravmatik xroniki başağrısı, Keçirilmiş Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, kranialgiya ilə prezbiopiya” və "Koqnitiv funksiyalarının itməsi, şəxsiyyət dəyişikliyi" diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli 3-28/3-1- 118/2023 nömrəli "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun olaraq o xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək Respublika Psixatriya Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli müvafiq Qərarı ilə barəsində əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş tibbi sənədlərindəki “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi göstərilmişdır.

7. Cavabdeh orqan, məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli emosional labil (astenik) pozuntu və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. İddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Ağdaş rayon sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 172 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Barotravma. Asteno-nevrotik reaksiya. Qapalı kəllə-beyin travmasından sonra astenik sindrom (Barotravma)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, yaddaşsızlıq, insanlarla yola gedə bilməməsindən, mədəsindəki narahatlıqdan, eşitmə məhdudluğundan şikayətlənmişdir. Vətəndaş gündəlik çoxsaylı medikamentoz preparat qəbul etdiyini bildirsə də, adlarını xatırlamadığını, həmçinin iki övladının, üç nəvəsinin olduğunu bildirərək yaşlarını xatırlamadığını qeyd etmişdir. Müayinə zamanı vətəndaş ~4- 5 metr məsafədən əyləşərək orta tonla danışmış, eşitmə cihazından istifadə etmədiyi müşahidə edilmiş, vətəndaşda ciddi aqrovasiya əlamətləri izlənilmişdir. Psixi statusunda şikayətləri baş ağrıları, ürəkbulanma, yaddaş zəifləməsi, əsəbilikdən ibarət olmuşdur. İntellektual-amnestik funksiyaları təhsilinə və yaşına uyğun olmuş, bir qədər qıcıqlı, psixoproduksiya aşkar olunmamışdır. Vətəndaş baş-beynin instrumental müayinə nəticələrini təqdim etməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024- xx.xx.2024-cü il tarixli 705/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3383 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 db, sol qulaq 55 db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1219/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, Cavabdeh PHŞ-nin üzərinə İddiaçı 28 mart 2024-cü il tarixindən 2 il müddətində İ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 35-60% aralığında) müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə “(İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Üzvi mənşəli emosional labil (astentik) pozuntu diaqnozuna münasibətdə F07.0 koduna istinad edilmişdir. Məhkəmə, orqanizmin funksiyalarının pozulma faizi və müddətini nəzərə alınmaqla hesab edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Sözügedən F07.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə üzvi mənşəli şəxsiyyət pozuntusu olaraq 7.6.2-ci bənddə nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. xx.xx.2024-cü il tarixli müayinə zamanı da İddiaçı həmin diaqnozun qeyd olunduğu qənaətinə gəlmək olar. Qeyd olunan “Üzvi şəxsiyyət pozuntusu” diaqozu “Üzvi mənşəli emosional labil (astenik) pozuntu’’nun əlamətlərini də ehtiva etdiyindən əlavə olaraq diaqnoz kimi göstərilməyə bilər. Təqdim olunmuş sənədlərə əsasən belə nəticəyə gəlmək olar ki, İddiaçı qeyd olunan “Üzvi şəxsiyyət pozuntusu” İ Qarabağ Müharibəsi zamanı alınmış travma nəticəsində yaranmışdır. Əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq), təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. İddiaçı hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyalann enməsi ilə (F07.0) aşkar olunur. İddiaçı 1993-cü ildə travma aldıqdan sonra müxtəlif dövrlərdə psixi vəziyyətinə uyğun olaraq müxtəlif diaqnozlar qoyulmuşdur. Həmin diaqnozlar üzvi zədələnmənin (kəllə-beyin travmasının fəsadları) kimi qiymətləndirilir. Hazırkı məhkəməpsixiatrik ekspertizası zamanı İddiaçı əvvəllər təyin edilmiş bütün diaqnozların düzgün olub-olmadığını təyin etmək mümkün deyil. İddiaçı hazırda təyin edilmiş diaqnoz ona son illər təyin edilmiş diaqnozlara uyğundur. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, "F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu, kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında" diaqnozu qoyulmuşdur. Ekspert rəyinə əsasən də göndərişdə qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır. Cavabdehin imtinası isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir. Məhkəmə iddiaçının sağlamlıq vəziyyətini qüvvədə olan meyarlar baxımından təhlil edərək bildirik ki, hazırkı sağlamlıq vəziyyəti onun əlilliyinin müəyyən edilməsini zəruri edir. Belə ki, cavabdeh faktiki olaraq iddiaçının mövcud diaqnozunu- F07-üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu qəbul edir. Bu diaqnoz məhkəmədə iddia qaldırılanadək təqdim edilmiş P00178801GLK nömrəli forma 88 göndərişində əsas diaqnoz olaraq təsbit edilmişdir. Göndərişdə iddiaçının sağlamlıq vəziyyəti “Zahirən səliqəlidir. Bələdliyi bütün növlər üzrə saxlanıb. Əsəbi və gərgin görünür. Ünsiyyətə həvəssiz qoşulur. Söhbət zamanı tez yorulur, hal əhvalı dəyişir. Narshatlaşdığı hiss olunur. Söz və məlumat ehtiyatı azdır. Maraq dairəsi daralıb. Baş ağrıları, darıxma, yuxu pozğunluqları, fikirlərin olduğunu bildirir. Qarabağ döyüşlərindən danışdıqda həyəcanlanır. Gərgin görünür. Danıışmaq istəmədiyini , tez əsəbiləşdiyini və aqressiv olduğunu bildirir. Təfəkkür rigid, müfəssəldir. İntellektual mnestik enmə var. Emosional labildir. Tənqid tam deyil İQ-72 %” kimi qeyd edilmişdir. İddiaçının mövcud sağlamlıq vəziyyəti, təqdim edilmiş rəyə, Mingəçevir Şəhər PNDnin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna və həmin diaqnoza əsasən iddiaçının sağlamlıq vəziyyəti Meyarların 7.6.2.1-ci bəndində nəzərdə tutulmuş OFP-nin 35-60 dərəcəsi və iki il müddətində əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 7.6.2.1-ci bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 35-60 % aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 35-60 % aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir.

10. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh orqan apellyasiya şikayətini onunla istinad etməklə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Qeyd edirik ki, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnozun Əlilliyin müəyyən olunması meyarlarında qiymətləndirilmələrinə əsasən əlillik təyinatı üçün bələdliliyin pozulması halı baş verməlidir. Lakin iddiaçıya məxsus forma 88 göndərişinin status localis hissəsindən də aydın olur ki, iddiaçının bələdliliyi saxlanılmışdır. X3 Məhkəməsinin istinad edərək iddianı təmin etdiyi Məhkəmə X1 publik hüquqi şəxsinin 1730 saylı xx.xx.2025-ci il tarixli rəyinin Psixi status hissəsində qeyd olunanlardan aydın olur ki, iddiaçıda olan sağlamlıq vəziyyətinin Nazirlər Kabinetinin 187 saylı qərarı ilə təsdiq ediq edilmiş əlilliyin müəyyən edilməsi meyarlarının F07 diaqnozu üçün nəzərdə tutulmuş qiymətləndirmə əlamətləri ilə, həmçinin “Qeyd” hissəsi ilə uyğunluq təşkil etmir. Sadalanan faktlardan görünür ki, Şəki İnzibati Məhkəməsi ekspert rəyində yalnız diaqnozun təsdiq edilməsi ilə kifayətlənərək, iddiaçının maraqlarına uyğunlaşdırmaqla qərar qəbul etmişdir. Lakin, diaqnozun aşkar olması əlilillik üçün yetərli hesab edilmir. Belə ki, əlillik təyinatının aparılması üçün həmin diaqnoz üzrə xəstəlik əlillik səviyyəsində olmalı, qanunvericiliyin tələblərinə uyğun şəkildə müvafiq ağırlaşmalara və əlamətlərə malik olmalıdır. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin sözügedən qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Tərəflər məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

tətbiq edilən hüquq

14. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ...

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 19.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il 2.1. dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il 2.2. azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlinmişdir. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən “İ dərəcəli əlillik” ifadəsini qeyd etdiyindən və “Meyarlar”ın qüvvədə olan redaksiyasına əsasən, 31–60 faiz aralığında funksional pozuntuya yol açan hallarda “xəstəlik, zədə və ya çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin “İ dərəcə məhdudlaşması” meyarı tətbiq edildiyindən, hüquqi müəyyənlik prinsipi baxımından qərar həmin hissədə dəyişdirilməlidir.

24. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən əlilliyin müəyyən edilməsinə yönəlmişdir. Cavabdeh orqan sonuncu dəfə xx.xx.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina cavabı vermişdir.

25. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi yetərincə araşdırmayaraq, yalnız diaqnozun mövcudluğuna əsaslanmış, lakin əlilliyin müəyyən olunması meyarlarına uyğun qiymətləndirmə aparmamışdır. Ekspert rəyində qeyd olunan F07 diaqnozu üzrə bələdliliyin pozulması tələb olunduğu halda, forma 88-in status localis hissəsində bələdliliyin saxlanıldığı göstərilmişdir. Həmçinin Psixi status hissəsində qeyd olunan əlamətlər də, meyarlara uyğun gəlmir. Diaqnozun aşkar olması əlillik üçün yetərli hesab edilmir. Məhkəmə, tibbi qiymətləndirmə tələb edən sahədə mülahizə yürüdərək orqanın diskresion səlahiyyətinə müdaxilə etmişdir.

26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

27. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

28. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

29. Məhkəmə kollegiyası cavabdehin “şəxsdə diaqnozun olması, ona əlillik təyin edilməsinə əsas verməməsi” dəlilinə münasibətdə qeyd edir ki, “diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə diaqnozun mövcudluğunun qəbul olunması, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni, şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin müəyyən edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir.

30. Başqa sözlə, əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsinə olmadığını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır.

31. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması” Meyarlarına əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir (Meyarların 2.1-ci bəndi). Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin müəyyən edilməsinə əsas verir (Meyarların 3.1.1–3.1.3-cü bəndləri).

32. Lakin təcrübədə baxılan işlər üzrə müşahidə olunur ki, cavabdeh orqan tərəfindən qəbul edilən qərarlarda yuxarıda qeyd edilən faiz göstəricilərinin konkret olaraq hansı həyat fəaliyyəti kateqoriyasında, hansı dərəcə məhdudlaşma əsasında formalaşdırıldığı açıq şəkildə göstərilmir. Bir qayda olaraq yalnız tibbi diaqnozlara istinad edilərək funksional pozuntu faizi müəyyən olunur və bu faiz göstəricilərinin hansı metodika ilə hesablandığı məlum olmur. Bu isə “Əlilliyin müəyyən olunması meyarları”nın məqsədinə uyğun deyil. Belə ki, əlillik qiymətləndirilməsi diaqnozla müəyyən edilmiş xəstəlik əsasında yox, həmin xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından aparılmalıdır.

33. Cavabdeh orqan tərəfindən iddiaçıda aşkar edilmiş xəstəliyin onun həyat fəaliyyəti kateqoriyalarında hansı dərəcədə məhdudlaşma yaratması və bu məhdudlaşmanın neçə faiz funksional pozuntu ilə nəticələndiyi göstərilmədiyi halda müvafiq qiymətləndirmənin ümumiyyətlə aparılıb-aparılmaması, aparıldığı halda isə hansı metodika ilə aparılması, yekun qərar qəbul edilənədək cavabdehin hansı qaydada davranması qeyri-müəyyən qalır.

34. Odur ki cavabdeh orqan şəxsin əlillik vəziyyətini qiymətləndirərkən mövcud diaqnozun şəxsin konkret hansı həyat fəaliyyəti sahəsində nə dərəcədə məhdudlaşma yaratmasını və bu məhdudlaşmanın nəticəsində neçə faiz funksional pozuntu formalaşmasını əsaslandırmalı və bu təqdim edilmiş sənədlərdən aydın şəkildə görünməlidir. Sözügedən qaydada aparılan qiymətləndirmə cavabdeh orqanın qiymətləndirmə azadlığına daxil olsa da, məhkəmə hər bir halda aparılan inzibati araşdırmanın tamlığını və əsaslılığını yoxlamaq imkanına malik olmalıdır. Yəni, məhkəmə yekun imtina qərarını yoxlayarkən bu nəticəyə gətirib çıxaran qiymətləndirmə prosesini də yoxlaya bilməlidir.

35. Hazırkı işdə də, cavabdeh orqan əlilliyin müəyyən edilməsi üçün həmin diaqnoz üzrə müvafiq ağırlaşmaların mövcud olmasının zəruriliyini qeyd edir. Lakin, iddiaçının mövcud vəziyyətinin normativ meyarlara uyğunluğunun necə qiymətləndirilməsi və bu diaqnozun şəxsin həyat fəaliyyətinə təsirinin hansı metodika ilə qiymətləndirilməsi barədə heç bir sübut təqdim edə bilmir.

36. İş materiallarında olan, Məhkəmə-X1” PHŞ-nin xx.xx.2025-ci il tarixli 1730 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə iddiaçıda “üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (F07.0)” diaqnozu təsdiq edilmiş və bu xəstəliyin İ Qarabağ Müharibəsi zamanı alınmış travma nəticəsində yaranması qeyd olunmuşdur.

37. İddiaçıya qoyulmuş diaqnoz F07.0 XBT kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. Sözügedən diaqnoz hazırkı qərardadın 19-cu bəndində göstərilmiş qiymətləndirmələr üzrə 2 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin 7.6.2.2-ci bəndində müəyyən edilmiş qiymətləndirmə halları (tez-tez kəskinləşən psixotik epizodlar, dekompensasiyalar və ya aqressiv davranış/intihar cəhdləri) olmadığından, onda müşahidə edilən simptomlara (təfəkkür ləngiməsi, emosional dayanıqsızlıq, aqressivlik, torpidlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, gündəlik fəaliyyətin yerinə yetirilməsində çətinliklər, bəzən kənar köməyə ehtiyacvə bütün bunların iki ildən artıq davam etməsi) münasibətdə “Meyarlar”a Əlavənin 7.6.2.1-ci bəndi nəzərə alınmaqla qiymətləndirmə aparılmalıdır. Həmin bənd isə OFP-nın 2 il müddətinə İ dərəcə məhdudlaşması halını (35-60 faiz) nəzərdə tutur.

39. Məhkəmə tərəfindən cavabdeh orqana aşağıdakı halların aydınlaşdırılması məqsədilə sorğu göndərilmişdir: - İddiaçıya qoyulmuş diaqnozda hansı funksional məhdudiyyətlərin və ya tibbi göstəricilərin mövcud olmaması həmin diaqnozun əlillik əlaməti kimi qiymətləndirilməməsinə əsas vermişdir? Həmçinin bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına — özünə qulluq, hərəkətetmə, ünsiyyət və sairə — təsir etməməsi hansı meyarlarla və necə qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən olunması üçün müvafiq meyarlara uyğun olub-olmaması hansı əsaslarla qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qənaət formalaşdırılarkən, həmin diaqnozun şəxsin gündəlik həyatına təsiri necə qiymətləndirilmişdir?

40. Cavabdeh orqan “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndinə müvafiq olaraq üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı əsas götürülən kriteriyalara istinad edərək qeyd etmişdir ki, həm vətəndaşa dair rəsmiləşdirilmiş P00178801GLK nömrəli göndərişdə, həm də əyani müayinə zamanı əsas xəstəliyi təsdiqləyə biləcək baş beyin instrumental müayinə nəticəsi (KT, MRT) təqdim edilməmişdir. Bununla da, alınmış travmanın ağırlıq dərəcəsi, baş beynin hansı nahiyələrinin zədələnməsi, bu nahiyələrin zədələnməsi zamanı hansı ağırlaşmaların ola biləcəyi haqqında mülahizə aparmaq mümkün deyildir. Əyani müayinə zamanı təqdim olunmuş sənədlərə əsasən vətəndaş travmanın İ Qarabağ müharibəsi dövründə alındığı bildirilsə də, göndərişə əsasən yalnız 2023-cü ildən başlayaraq göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar ixtisaslaşmış müalicəyə müraciət etmişdir. Vətəndaşın əyani müayinə zamanı psixi statusunda ünsiyyətə rahat daxil olmuş, başağrıları, əsəbilik, yaddaşsızlıq, mədəsindəki narahatlıqdan, eşitmə məhdudluğundan şikayətlənmiş, bələdliyi qorunmuş, intellektual mnestik sferası yaşına və təhsilinə uyğun müəyyənləşdirilmiş, yaddaş, qavrama pozuntusu, psixoproduktiv psixosimptomatika, kobud şəxsiyyət dəyişikliyi əlamətləri izlənilməmişdir. Müayinə zamanı xəstənin davranışları daha çox aqrovasiya xarakteri daşımışdır. Bununla göndərişdə qeyd edilmiş klinik məlumatlar təsdiqlənməmiş və ya əlillik təyinatına əsas verməmişdir. Göndərişə əsasən koqnitiv funksiyalar dəyərləndirilərək 72 bal kimi göstərilmiş, qanunvericiliyə müvafiq olaraq əlillik təyinatına əsas verməmişdir. Müayinə zamanı ifadə olunan şikayətlər nəzərə alınaraq, Agentlikdə xx.xx.2024-cü il tarixli audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 40 db, sol qulaq 55 db” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Ümumiyyətlə, xəstəliyin başlanması, dinamikası və aldığı müalicələr göndərişdə və əyani müayinə zamanı ətraflı izah edilməməmişdir. Vətəndaş gündəlik çoxsaylı medikamentoz preparat qəbul etdiyini bildirsə də, adlarını ifadə etməmişdir. Qanunvericiliyə əsasən, əsas və yanaşı xəstəliklərin həyat fəaliyyəti kateqoriyalarına təsir dərəcəsi tibb müəssisəsi tərəfindən müəyyənləşdirilməli və rəsmiləşdirilmiş göndərişdə öz əksini tapmalıdır. Əyani müayinə zamanı ifadə olunan şikayətlər və izlənilən klinika göndərişdə qeyd olunan həyat fəaliyyəti kateqoriyasının məhdudlaşma dərəcəsi ilə uyğunsuzluq təşkil etmişdir.

41. Cavabdeh orqanın mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdeh orqan təqdim edilmiş tibbi göndərişi zəruri məlumatlarla kifayət qədər təmin olunmamış hesab edirdisə, normativ tələblərə uyğun olaraq onu geri qaytararaq tamamlanması üçün tibb müəssisəsinə müraciət etməli və ya öz praktikasına uyğun olaraq iddiaçını əyani müayinəyə cəlb edərək əlavə instrumental müayinəyə (ixtisaslaşmış xəstəxanaya) yönləndirməli idi.

42. Lakin bu tədbirlər görülmədən göndəriş əsasında qiymətləndirmə aparılmış və imtina qərarı verilmişdir. Yəni, təqdim edilmiş tibbi göndəriş iddiaçının əlillik vəziyyətinin müəyyən edilməsi üçün yetərli olmuşdur.

43. İşin hallarından göründüyü kimi cavabdeh orqan iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir. Yuxarıda qeyd edildiyi kimi, faktiki olaraq cavabdeh orqan diaqnozun düzgünlüyü ilə razılaşmış, lakin xəstəliyin həyat fəaliyyətinə təsirinin əlillik səviyyəsinə olmamasından çıxış etmişdir. Əks halda cavabdeh orqan “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə imtina qərarı qəbul edərdi.

44. Məhkəmə kollegiyası üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi üçün tələb olunan şərtlərin ödənilməsinə münasibətdə qeyd edir ki, psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiq edilməsi üçün sadalanan nümunələr (MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.) məcburi şərti kimi yox, üzvi patologiyanın təsdiqinin alternativ üsulları kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçıda psixi pozuntuya səbəb olan üzvi patologiya ixtisaslaşmış psixiatriya müəssisələrinin və məhkəmə-psixiatrik ekspertizanın rəyi ilə obyektiv şəkildə təsdiq edilmişdir.

45. Xəstəliyin başlanğıcı 1993-cü ildə, yəni iddiaçının müharibə zamanı aldığı qapalı kəllə-beyin travması ilə bağlıdır. Xəstəlik uzunmüddət (30 il ərzində) davam etmiş və çoxsaylı stasionar və ambulator müalicələrə baxmayaraq sabit klinik yaxşılaşma müşahidə olunmamışdır ki, bu da prosesin xroniki və davamlı olmasını, xəstəliyin müalicəyə rezistent xarakter daşımasını göstərir.

46. Tibbi göndərişdə və ekspert rəyində “intellektual-mnestik enmə”, “söz ehtiyatının azalması”, “təfəkkürün rigid və torpid olması”, “nitqin ləngiməsi”, “ünsiyyətə həvəssiz qoşulma” kimi əlamətlər qeyd edilmişdir ki, bunlar intellektual və amnestik pozuntuların mövcud olmasını göstərir.

47. Beləliklə, üzvi patologiyanın obyektiv təsdiqi, xəstəliyin erkən başlanması, uzunmüddətli və davamlı gedişi, intellektualmnestik pozuntuların mövcudluğu, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlığı, eləcə də müalicə tədbirlərinin effekt verməməsi birlikdə göstərir ki, üzvi psixi pozuntu üçün meyarlarda nəzərdə tutulmuş bütün əsas şərtlər iddiaçı barəsində faktiki olaraq ödənilmişdir.

48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci yarımbəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçıya 2 il müddətinə OFP-nın 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası,

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli 2-1(116)-1219/2025 nömrəli qərarı dəyişdirilir. İddiaçı 28 mart 2024-cü il tarixindən orqanizm funksiyalarının pozulmasının 35-60% müəyyən edilməsi öhdəliyi Cavabdeh PHŞ-nin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar