Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-717/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2-1(116)-2163/2025 nömrəli qərarından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. İddiaçı, 12 avqust 2005-ci il tarixdən 24 mart 2018-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin 24 mart 2018-ci il tarixli 0198 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.
2. Azərbaycan Respublikasında "qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının müdafiə nazirinin 29 oktyabr 2020-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzivəsinə təyin edilmiş və "Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası müdafiə nazirinin 9 avqust 2021-ci il tarixli, 01090 nömrəli əmrilə səfərbərlikdən tərxis edilmişdir.
3. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmrə düzəliş edilərək tərxis edilmə əsası kimi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "v” bəndinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1564/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (Qərardad qanuni qüvvəyə minmişdir).
4. İddiaçı xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmış və 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikasında "qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli, 2280 nömrəli Sərəncamına əsasən səfərbərlik əsasında yenidən hərbi xidmətə çağrılmışdır. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılamsı barədə əmr ləğv olunmamışdır. Bu səbəbdən də iddiaçının 2020-ci ildə hərbi xidmətə çağrılması hərbi xidmətə bərpa hesab edilmir. Belə ki, iddiaçının 24.0320218-ci il tarixdın xx.xx.2020-ci il tarixədək olan dövr məcburi iş braxma kimi hesab edilmədiyindən, həmin müddət üçün pul təminatının ödənişi mümkün deyildir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3557/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-172/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, qərardad ləğv edilmiş, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
9. İddia ərizəsinə əsasən, İddiaçı 2005-ci ildə C.Naxçıvanski adına hərbi liseyi, 2009-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Azərbaycan Ordusunun zabiti olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində ixtisasına uyğun olaraq kəşfiyyat bölməsinin komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2016-cı il tarixdə kapitan hərbi rütbəsinə yiyələnmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artiq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş X1 barəsində Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı zamanı 13 may 2017-ci li tarxidə iddiaçıya Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ittiham elan olunmuş,Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.15 dekabr 2017-ci li tarixdə iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmiş. Məhkəmənin 30 yanvar 2018-ci il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kəşfiyyat bölüyünün komandiri vəzifəsində kapitan hərbi rütbəsində xidmətdə olarkən şərti olaraq "Tərtər işi" adlandırılan hadisələr zamanı hərbi vəzifəli şəxslər tərəfindən qanunsuz sorğu-suala və işgəncələrə məruz qalmışdır. "Tərtər işi" üzrə 2021-ci ilin dekabr ayında icraat təzələndikdən sonra iddiaçının Azərbaycan Respublikası CM-in 228.1-ci maddisi ilı məhkum edilməsinə dair cinayət işi üzrə CPM-in 303.1. 303.3. 303.3.1. 303.3.6. 391.8 va 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 04 yanvar 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin Məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdirmaya prosessual rəhbərliyi həyala keçirən Tərtər hərbi prokuroruna qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hümbətova həvalə edilmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla iddiaçının Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən (bəraətverici əsaslarla) xitam verilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Hərbi Məhkəməsinin hökmü Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1( 103)-17/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, bununla da hökm preyudisial xarakter almışdır. İddiaçıya qarşı yol verilmiş əsassız və qanunsuz hərəkətlər nəticəsində o. xx.xx.2018-ci il tarixli 0198 nömrəli əmrlə həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçıya qarşı yol verilmiş əsassız və qanunsuz hərəkətlər araşdırılıb hüquqi qiymətini alana qədər isə o, xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsində ştirak üçün hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2021-ci il tarixli 01090 nömrəli əmrlə ehtiyata buraxılmışdır. Vətən Müharibəsində iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə". "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. İddiaçı qanunsuz və əsassız olaraq guya xidmətə uyğunsuz olduğuna görə xx.xx.2018-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, xx.xx.2020-ci il tarixdə yenidən həqiqi hərbi xidmətə bərpa olunmuş və xx.xx.2021-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə'"nin 197-ci maddəsinə (səfərbərlikdən təxrisetmə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmr 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə bərpa olunmasına dair əmrlə faktiki ləğv edilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh inzibati orqana xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək hazırkı iddia tələbində irəli sürülən tələblərinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh orqan etirazında qeyd etmişdir ki, iddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 12 avqust 2005-ci il tarixdən 24 mart 2018-ci il tarixədək və 29 oktyabr 2020-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi xidmət xidmət keçmiş, o Azərbaycan Respublikası müdafiə nazirinin 24 mart 2018-ci il tarxli müvafiq əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasında "qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən göndərilmiş kapitan İddiaçı Azərbaycan Respublikasının müdafiə nazirinin 29 oktyabr 2020-ci il tarixli müvafiq əmri ilə N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzivəsinə təyin edilmiş və "Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamına və "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası müdafiə nazirinin 9 avqust 2021-ci il tarixli müvafiq əmrilə kapitan İddiaçı səfərbərlikdən tərxis edilərək qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddia tam əsassızdır. Çünki iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 24 mart 2018-ci il tarxli müvafiq əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb, Azərbaycan Respublikasında "qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq səfərbərlikə cəlb olunaraq 29 oktyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzivəsinə təyin edilmiş və 9 avqust 2021-ci il tarixdə kapitan İddiaçı səfərbərlikdən tərxis edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025 il tarixli, 2-1(116)-2163/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə əsasən iddiaçı üç fərqli tələb irəli sürmüşdür. Həmin tələblərdən iddiaçının “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2018- ci il tarixli əmrin ləğv edildiyinin tanınması” tələbi əsas tələb, digərləri isə həmin tələbdən asılıdır. Bu baxımdan da iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsində inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddiadır. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı inzibati aktın etibarsızlığının deyil, ləğv edilmiş olduğunun tanınmasını cavabdehdən tələb etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslər həqiqi hərbi xidmətə bərpa olunursa, onun ehtiyata buraxılması üçün əsas olmuş əmr ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva etdiyini qeyd etmişdir. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmr ləğv edilməmiş və hazırda da qüvvədədir. İddiaçının səfərbərlik qaydasında yenidən hərbi xidmətə çağırılması onun barəsində Əmrin mövcudluğundan asılı olmayaraq həyata keçirilir və hüquqi baxımdan hər hansı əlaqə mövcud deyildir. Əks halda bütün ehtiyata buraxılan və səfərbərlik əsasında hərbi xidmətə cəlb edilən hərbi qulluqçulara münasibətdə müvafiq dövrün staja daxil edilməsi əsası yaranardı. Belə ki, xx.xx.2018-ci il tarixli əmr qəbul edilənə qədər iddiaçının hərbi xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.5-ci maddəsində təsbit olunmuş zabitlərin həqiqi hərbi xidməti olmuşdur. Sözügedən əmr əsasında isə iddiaçı həmin Qanunun 41.0.6 və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikasında “qismən səfərbərlik elan edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il Sərəncamı əsasında 2020ci ilin 23 oktyabr tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü fəslinin “Müharibə dövründə hərbi xidmət keçmənin xüsusiyyətləri” müddəaları baxımından xidmətə cəlb edilmiş və MN-nin xx.xx.2021-ci il tarixli Əmri ilə səfərbərlikdən tərxisetmə qaydasında ehtiyata buraxılmışdır. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirirək qeyd edir ki, iddia tələbinin “iddiaçının ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması” hissəsi əsassız olduğundan digər tələblərdə ondan asılı olmaqla əsassız hesab edilir.
10. İddiaçının vəkili həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul ediməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmənin belə bir mövqedən çıxış etməsi onun işə qeyri-obyektiv yanaşmasını göstərir. Belə ki, iddiaçının ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edilmədiyi və qüvvədə olduğu iş materialları ilə müəyyən olunmur. Məhkəmə hansı sübutlar əsasında bu nəticəyə gəldiyini əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin həqiqi hərbi xidmətə bərpası ehtiyata buraxılması üçün əsas olmuş əmrin ləğv edilməklə, həmin vəzifəyə və ya ona bərabər vəzifəyə təyin edilməsini özündə ehtiva edir. Əlverişsiz inzibati aktın (əmrin) ləğv edilməsi isə yalnız inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyi halda mümkündür. Göründüyü kimi cavabdeh inzibati orqan da təsdiq edir ki, həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış şəxslərin sonradan xidmətə çağırılaraq xidmət etməsi yalnız xidməti uyğunsuzluğa görə əmrin ləğv edilməsi nəticəsində mümkündür. Şəxsin səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmasının onun barəsində xidmətə uyğunsuzluğa görə əmrin mövcud olduğu halda belə mümkün olması ilə bağlı birinci instansiya məhkəməsi heç bir normaya istinad etməmişdir və qanunvericiliklə belə bir hal nəzərdə tutulmadığından istinad etməsi də mümkün deyildir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktuba ümumiyyətlə qərarda istinad etmədən ona münasibət bildirməmişdir. Məhkəmənin səfərbərliklə hərbi xidmətə çağırılan bütün hərbi qulluqçulara münasibətdə müvafiq dövrün staja əlavə edilməsi üçün əsaslar yaranardı dəlili əsassız olmaqla yanaşı həm də iş üzrə müəyyən edilən hallarla manipulyasiya etməsi cəhdidir. Belə ki, iddiaçı səfərbərliklə çağırılan digər hərbi qulluqçulardan fərqi olaraq ehtiyata məhz xidməti uyğunsuzluğa görə buraxılmışdır. Məhkəmə də hərbi xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmış hərbi qulluqçu olan iddiaçının sonradan onun ehtiyata buraxılmasına əsas olmuş əmrin ləğv edilmədən həqiqi hərbi xidmət keçə bilməsinin mümkünlüyünü və ya mümkün olmadığını müəyyən etməli idi ki, məhkəmə bu vəzifəsini yerinə yetirməmişdir. Digər tərəfdən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin “Müharibə dövründə hərbi xidmət keçmənin xüsusiyyətləri” adlanan Xİİİ fəsilindəhəqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış hərbi qulluqçuların xidmətə çağırılarkən onun barəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma əmrinin ləğv edilməməsi və qüvvədə qalması ilə bağlı hər hansı bir müddəa mövcud deyildir. Bu hallar bir daha məhkəmənin heç bir normaya istinad etməyərək iş üzrə öz subyektiv mülahizəsinə uyğun olaraq əsassız və qanunsuz qərar qəbuletdiyini göstərir. İddiaçı xx.xx.2020-ci il tarixli əmrlə ehtiyata buraxıldığı vəzifəyə uyğun vəzifəyə təyin edilmişdir. Məhkəmə bu xüsusatı diqqətdən qaçırmaqla yanaşı iddiaçının bir hərbi qulluqçu barəsində onun hərbi xidmət keçməsinə və hərbi xidmətdən ehtiytata buraxılmasına dair eyni anda iki əmrin (inzibati aktın) mövcud olmasının qeyrimümkünlüyü dəlilinə münasibət bildirməmişdir. Əgər iddiaçının barəsində onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmri ləğv edilmədən qüvvədədirsə, bu halda iddiaçının xidmətə çağırılması (səfərbərliklə olsa da belə) Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli və iddiaçının xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli əmrləri verilə bilməzdi. Bir hərbi qulluqçunun ayrı-ayrı əsaslarla xidmətdən ehtiyata buraxılması barədə eyni anda qüvvədə olan iki əmr mövcud ola bilməz. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 168-ci maddəsi də belə bir halın mümkünlüyünü istisna edir (iddiaçının bu dəlili iddia ərizəsində də əsaslandırılmışdır). Həmin maddəyə əsasən, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Başqa sözlə desək, iddiaçının Əsasnamənin 156-cı maddəsinin “e” bəndi əsasında ehtiyata buraxılmasına dair əmrin dəyişdirilməsinə yalnız o halda yol verilir ki, həmin əmr verilərkən qanunvericiliyin pozulması hallarına yol verilsin və yeni hallar aşkar edilsin. Normanın tələbinə görə başqa digər heç bir halda Əsasnamənin 156-cı maddəsi əsasında verilmiş əmr dəyişdirilə bilməz. İddiaçı Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli əmri ilə ehtiyata buraxıldığı vaxt tutduğu hərbi vəzifəyə bərabər olan vəzifəyə təyin edilərək həqiqi hərbi xidmət keçirsə bu faktın özü iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə xx.xx.2018-ci il tarixli əmrin mövcud olmasını istisna edir. Birinci instansiya məhkəməsi iddiaçının hərbi xidmətə başlaması, şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilməsi, bununla da faktiki hərbi xidmətə bərpa edilməsinə dair Müdafiə nazirinin xx.xx.2018-ci il tarixli əmrini, şəxsi işə əlavə edilmiş digər sənədləri əldə etməli, bu sənədləri tədqiq etdikdən sonra iş üzrə bu və ya digər qənaətə gəlməli idi. Lakin iş materiallarından da görünür ki, bu sənədlər məhkəmə tərəfindən əldə edilərək tədqiq edilməmişdir. Ehtiyata buraxılmış hərbi qulluqçu mexanizmindən asılı olmayaraq müvafiq əmrlə həqiqi hərbi xidmətə çağırılırsa, hərbi hissənin siyahısına və təminatlarına daxil edlirisə, konkret vəzifəyə təyin edilirsə bu həmin hərbi qulluqçu barəsində xidməti uyğunsuzluğa görə əvvəl verilmiş əmrin ləğv edilməsi nəticəsində mümkündür. Hərbi qulluqçunun xidmətə bərpa edildikdən sonra onun hansı əsasla və ya hüquqi mexanizm əsasında ehtiyata buraxılması hazırkı iş üçün heç bir əhəmiyyət kəsb etmir. Qanuni qüvvəsini almış Bakı Hərbi Məhkəməsinin1-1(093)- 58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən zərərçəkmişlərə, habelə iddiaçıya münasibətdə təkcə cinayət törətməsi deyil, həm də zərərçəkmiş şəxslərin qanunsuz və əsassız vəzifəsindən azad etməsinə nail olunması öz təsdiqini tapmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə aktının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2-1(116)- 3557/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırda mübahisələndirilən qərarın əsaslanmasından da, görünür ki, birinci instansiya məhkəməsi iddia tələbin qeyri-mümkün olması əsaslarından çıxış etmiş, buna baxmayaraq, mübahisəyə mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etməmişdir.
22. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, Məhkəmə, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmrinin qüvvədə olmasını bildirsə də, bunu əsaslandırmamış və Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubunda ifadə olunmuş mövqeyinə münasibət bildirməmişdir. Sözügedən məktubda qeyd olunmuşdur ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış şəxsin yenidən xidmətə qaytarılması yalnız həmin əmrin ləğvi nəticəsində mümkün ola bilər. İddiaçının 2020-ci ildə xidmətə çağırılması və 2021-ci ildə ehtiyata buraxılması barədə əmrlərin mövcud olması 2018-ci il tarixli “xidməti uyğunsuzluq” əsasında ehtiyata buraxılma barədə əmrin ləğv edilməsi deməkdir. Belə ki, iddiaçının ehtiyata buraxıldığı vaxt tutduğu hərbi vəzifəyə bərabər olan vəzifəyə təyin edilərək həqiqi hərbi xidmət keçməsi faktının özü xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə xx.xx.2018-ci il tarixli əmrin mövcud olmasını istisna edir. Həmçinin Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçının vəzifədən qanunsuz olaraq vəzifəsindən azad edilməsi təsdiq edilmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl irəli sürülmüş iddia tələbinə münasibətdə aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.
24. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir: - “ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), - 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi, - həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq ödənilməsi.
25. Göründüyü kimi irəli sürülmüş bu tələblərdən ikinci və üçüncü tələblər müstəqil xarakter daşımırlar. Hər iki tələb – “ehtiyata buraxılma barədə xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması” tələbindən asılıdır. Belə ki, yalnız sözügedən əmrin ləğv edilməsi (və ya hüquqi qüvvəsinin aradan qalxması) halında mübahisələndirdiyi dövrün iddiaçının xidmət illərinə daxil edilməsi və bununla bağlı ödənişlərin həyata keçirilməsi ilə bağlı inzibati orqanın öhdəliyi yaranacaqdır.
26. Başqa sözlə, 2-ci və 3-cü tələblərin həyata keçirilməsi ilə bağlı cavabdeh orqanın öhdəliyi yalnız mübahisələndirilən dövr ərzində iddiaçının “hərbi qulluqçu” statusu mövcud olduğu halda yarana bilər. Ehtiyata buraxılma barədə əmr qüvvədə qaldığı müddətdə iddiaçının hərbi qulluqçu statusu mövcud olmadığından, cavabdeh orqanın xidmət illərinin hesablanmasından və müvafiq ödənişlərin həyata keçirilməsindən imtinası iddiaçının subyektiv hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz.
27. Eyni zamanda iddiaçı, birinci tələbində ehtiyata buraxılmasına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edilməsinin “məlumat bazasına daxil edilməsi” tələbini də, irəli sürmüşdür. Lakin, məlumat bazasına daxil edilmə özü-özlüyündə müstəqil hüquqi nəticə yaradan tələb deyildir. Belə ki, bu tələb mübahisələndirilən inzibati akt ləğv olunacağı halda texniki qeydiyyatın aparılmasını ehtiva edir. Yəni, iddiaçının cavabdeh orqandan gözləntisi əmrin ləğv olunduğunun təsdiqlənməsi və bu faktın sistemə daxil edilməsidir. Odur ki, iddianın mümkünlüyü məsələsinə məhz irəli sürülmüş əsas tələbə (xx.xx.2018-ci il tarixli əmrin ləğv olunmasının tanınması) münasibətdə hüquqi qiymət verilməlidir.
28. İddiaçının mövqeyinə görə, mübahisələndirilən əmrlə ehtiyata buraxıldıqdan sonra o, 2020-ci ilin oktyabr ayında yenidən hərbi xidmətə qəbul olunmuşdur. Bu isə faktiki olaraq xx.xx.2018-ci il tarixli əmrin ləğvi kimi qiymətləndirilməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericilikdə “inzibati aktın ləğv edilməsinin tanınması” adlı ayrıca iddia növü müəyyən edilməmişdir.
30. İrəli sürülmüş tələbin İPM-nin 2.2.5-ci maddəsinə uyğun (müəyyən etmə və ya tanınma haqqında iddia) qiymətləndirilməsinə münasibətdə isə qeyd olunmalıdır ki, bu iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (36.1).
31. Məhkəmə kollegiyası qeyd edir ki, “müəyyən etmə və ya tanınma haqqında” iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın.
32. Hazırkı iş üzrə iddiaçı 2 il 7 ay ərzində faktiki hərbi xidmət keçməsindən çıxış edərək cavabdehlə hər hansı hüquq münasibətinin mövcud olmasını iddia etmir. Həmçinin inzibati aktın etibarsızlığının tanınması ilə bağlı tələbi də yoxdur. İddiaçı, sonrakı hərbi xidmətinə əsaslanmaqla məntiqi nəticə çıxardaraq xx.xx.2018-ci il tarixli əmrin faktiki ləğv olunduğunu bildirir və bu faktın tanınmasını, eyni zamanda onun əsasında xidmət illərinin bərpa edilərək kompensasiya ödənilməsini tələb edir.
33. İddiaçı, 24 mart 2018-ci il tarixdən ehtiyata buraxıldıqdan sonra hərbi qulluqçu statusunu itirdiyindən, onunla cavabdeh orqan arasında hər hansı xidməti hüquq münasibətlərinin mövcudluğundan söhbət gedə bilməz.
34. İPM-nin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, mubahisələndirmə haqqında iddia hələ movcud olan əlverişsiz inzibati akta qarşı yönəldiyi halda, İPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş “müəyyən etmə” haqqında iddia artıq icra olunmuş (aradan qalxmış) inzibati aktın, yəni heç bir hüquqi nəticə yaratmayan bir inzibati aktın qanunsuz sayılmasına yönəlir.
36. İnzibati akt o zaman icra edilmiş sayılır ki, iddia ilə qarşı çıxılan qərar aradan qalxmış olsun. Bununla əlaqədar İİQ-nin 64.2-ci maddəsi (İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır) nəzərə alınmalıdır.
37. Digər tərəfdən inzibati orqan inzibati aktı icra etmiş olduğu halda, inzibati akt avtomatik olaraq icra edilmiş (aradan qalxmış) hesab olunmur. Çünki həmin akt icradan sonra da, mövcud olmaqda davam edir və icra üçün hüquqi əsas rolunu oynayır. Odur ki, iddiaçı həmin aktın ləğvinə nail olmaq üçün ona qarşı “mubahisələndirmə haqqında” iddia qaldırmalıdır.
38. Hazırkı iş üzrə işin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı, hüquqi vəziyyətin müəyyən edilməsinə deyil, həmin vəziyyətin dəyişdirilməsinə yönəlmişdir. Bu isə irəli sürülmüş tələbə “müəyyən etmə haqqında” deyil, “mübahisələndirmə haqqında” iddia növündə baxılmasını zəruri edir. Belə olan halda, iddiaçı tərəfindən irəli sürülməli olan tələb, xx.xx.2018-ci il tarixli əmr ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı olmalı idi.
39. İş materiallarından görünür ki, iddiaçı, mübahisələndirilən inzibati aktın dəyişdirilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmış, lakin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1564/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (müddətin ötürülməsi əsası ilə).
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “mübahisələndirmə haqqında” iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtlərindən yan keçmək məqsədilə hazırkı məzmunda tələb irəli sürsə də, onun arzuladığı məqsədə çatmaq üçün əlverişli iddia növü məhz “mübahisələndirmə haqqında” iddia olmuşdur.
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ehtiyata buraxılması barədə xx.xx.2018-ci il tarixli əmrin ləğv olunması (dəyişdirilməsi) barədə hər hansı sübut mövcud deyil. İnzibati orqan özü də, bu əmrin ləğv edilməməsini və qüvvədə olmasını bildirir. Belə olan halda iddiaçı bu əmrin qüvvədən düşdüyünü iddia edirsə, bunun sübut etmək yükü onun üzərinə düşür. Halbuki, iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmiş, yalnız 2020-ci ildə yenidən hərbi xidmətə cəlb edilməsi və əvvəlki vəzifəyə bərabər vəzifəyə təyin olunmasından çıxış edərək sözügedən əmrin qüvvədən düşməsini iddia etmişdir. Lakin qeyd olunan hal inzibati aktın qüvvədən düşməsi faktını sübut etmir. Nəzərə alınmalıdır ki, inzibati aktın ləğvi başqa bir inzibati aktla (əmrlə) həyata keçirilməlidir. Odur ki, birinci instansiya məhkəməsinin sözügedən inzibati aktın qüvvədə olması ilə bağlı qənaəti tamamilə əsaslı hesab edilməlidir.
42. Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubuna münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçının öz mövqeyini əsaslandırmaq üçün istinad etdiyi həmin məktubda xx.xx.2018-ci il tarixli əmrin ləğv olunmasından bəhs edilmir. Əksinə, məktubda izah olunur ki, xidməti uyğunsuzluq səbəbilə ehtiyata buraxılmış şəxsin yenidən xidmətə cəlb olunması üçün əvvəlki əmr mütləq şəkildə ləğv edilməlidir. Odur ki, təqdim olunan məktub hazırkı iş üzrə mübahisənin həllinə təsir edən sübut kimi nəzərdən keçirilə bilməz.
43. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci bəndi isə ehtiyata buraxılma haqqında verilmiş əmrlərə sonradan dəyişiklik edilməsinin mümkünlüyü məsələlərini tənzimləyir.
44. İddiaçı, “Əsasnamə"nin 156-cı maddəsinin "e” bəndinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxıldıqdan sonra, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il Sərəncamı əsasında səfərbərlik qaydasında yenidən hərbi xidmətə çağırılmış, MN-nin xx.xx.2021-ci il tarixli Əmri ilə səfərbərlikdən tərxisetmə qaydasında Silahlı Qüvvələrdə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
45. O, N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 302 №-li əmri ilə şəxsi heyətin siyahısına və müvafiq vəzifəyə (kəşfiyyat bölüyünün komandiri) təyin edilsə də (ehtiyata buraxıldığı vəzifəyə uyğun vəzifəyə), onun ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmr ləvğ edilməmişdir.
46. Odur ki, iddiaçının 2020-ci ildə səfərbərliklə xidmətə qəbul edilməsi faktından çıxış edərək xx.xx.2018-ci il tarixli ehtiyata buraxılma əmrinin avtomatik olaraq ləğv edilməsini iddia etməsi və bunu Əsasnamənin 168-ci bəndinin tələbləri baxımından əsaslandırması ümumiyyətlə sözügedən normanın tətbiq dairəsinə uyğun deyil.
47. İddiaçı, həmin normaya istinad edərək qeyd edir ki, “Normanın tələbinə görə başqa digər heç bir halda Əsasnamənin 156-cı maddəsi əsasında verilmiş əmr dəyişdirilə bilməz”. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, faktiki olaraq iddiaçı barəsində verilmiş, onun ehtiyata buraxılması ilə bağlı xx.xx.2018-ci il tarixli əmr həqiqətən də, ləvğ edilməmiş və dəyişdirilməmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçı barəsində onun hərbi xidmət keçməsinə və hərbi xidmətdən ehtiyata buraxılmasına dair eyni anda qüvvədə olan iki əmr mövcud ola bilməz” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı barəsində qüvvədə olan iki əmr müxtəlif xidmət dövrlərinə aiddir.
49. Belə ki, xx.xx.2018-ci il tarixli əmr iddiaçının xx.xx.2005–xx.xx.2018-ci il tarixlərdə keçdiyi hərbi xidmətdən “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə, xx.xx.2020– xx.xx.2021-ci il tarixlərini əhatə edən növbəti əmr isə səfərbərlik qaydasında keçdiyi hərbi xidmətlə bağlıdır. Odur ki, iddiaçı barəsində xx.xx.2018-ci il tarixli əmr qüvvədə olduğu halda, onun səfərbərlik qaydasında hərbi xidmətə cəlb edilməsi və sonradan tərxis olunması hüquqi cəhətdən mümkün idi.
50. Apellyasiya şikayətinin digər dəlillərinə (iddiaçının yenidən həqiqi hərbi xidmətə çağırılması faktının ehtiyata buraxılmasına dair əvvəlki əmrin ləğvi qənaəti yaratması, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(093)-58/2023 saylı hökmünə istinad edilməsi) münasibətdə kollegiya qeyd edir ki, həmin məsələlər digər dəlillərin təkrarından və inzibati aktın ləğvi faktının məntiqi əsaslandırılmasından ibarət olduğundan məhkəmə kollegiyası tərəfindən artıq hüquqi qiymət verilmişdir.
51. İddiaçı, apellyasiya şikayətində qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə iddia mümkün sayılmamalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli 2-1(116)-2163/2025 nömrəli qərarı ləğv edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyata buraxılmağına dair xx.xx.2018-ci il tarixli əmrin ləğv edildiyinin tanınması (məlumat bazasına daxil edilməsi), 2018-ci ilin mart ayından 2020-ci ilin oktyabr ayına qədər olan iki il yeddi aylıq dövr üçün hərbi xidmət müddətinin iddiaçının xidmət illərinə əlavə edilməsi və həmin dövr üçün vurulmuş maddi ziyana görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.