Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-718/2025 10.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X6 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-277/2025 nömrəli qərardadından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə X5 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı,JN-155F saylı, xx.xx.2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi, həmin həyətyanı torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir
2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçının Oğuz rayon Xaçmaz kəndində fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.12 hektar həyətyanı torpaq sahəsi var. X2 xx.xx.1973-cü il tarixdə, anası X4 isə xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. - Oğuz rayonunun Xaçmaz kəndində islahat aparılan zaman onun istifadəsində olan torpaq sahələri çıxılmaqla əkin sahəsindən 1,19 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə hazırlanmış Dövlət Aktında X1, iddiaçı və ailə üzvlərinin adı qeyd olunmuşdur. X1 arvadı Xalxal kəndindən pay torpağı aldığı üçün və uşaqları islahatdan sonra anadan olduqları üçün (xx.xx.1996) onlara pay torpaq sahəsi verilməmişdir. - Bu yaxınlarda ona məlum olmuşdur ki, qanuni istifadəsində olan 1,0 ha torpaq sahəsinin çox hissəsinə qardaşının və ailə üzvlərinin adına şəhadətnamə hazırlanmış və o da həmin şəhadətnamə əsasında çıxarış almışdır.İddiaçının adına isə cəmi 0,12 ha torpaq sahəsinə şəhadətnamə hazırlanmışdır. - Ona görə də X1 adına olan JN-155F saylı Şəhadətnamənin və çıxarışın ləğv edilməsini, torpaq sahəsi üzərində qardaşı və onun adına çıxarışın hazırlanmasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsindən xahiş etmişdir.
3. Cavabdeh iddia ərizəsinə etirazın dəlillərini onunla əsaslandırmışdır ki, - Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. İddiaçı iddia etdiyi torpaq sahəsinə Oğuz rayonu, Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 67 saylı qərarına əsasında X9 və ailə üzvünün adlarına JN-155A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və JN-155F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib edilərək verilmişdir. - İddiaçının iddia etdiyi torpaq sahəsinə dair X9 və ailə üzvünün adlarına tərtib edilmiş JN-155A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və JN-155F saylı Şəhadətnamənin ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər.
4. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 oktyabr 2025-ci il tarixli 2- 1(116)-277/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, iddiaçı Aqrar İslahat Komissiyasının qərarından narazı olduğu halda həmin qərarı aldıqdan sonra 10 gün ərzində şikayət verə bilərdi. Əvvəla iddiaçı həmin qərarı almamışdır, həmin qərarın məzmunundan onun hazırki mübahisə yaranana qədər məlumatı olmamışdır. Mübahisə yarananda isə ona məlum olmuşdur ki, subyektlər siyahısında (aqrar islahat komissiyasının qərarının verilməsinə əsas) mübahisələndirilən şəhadətnamədə göstərilən torpaq sahəsi qardaşının mülkiyyətinə yazılmamışdır. Bundan başqa məhkəmənin onun Şəhadətnamənin olmasından məlumatının olması barədə qərardadda göstərdiyi xüsusat həqiqəti əks etdirmir. Mübahisə yaranana qədər iddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Subyektlər siyahısında qardaşı Elman İsmayılovun adına yazılmış zəbt torpaq sahəsi isə həyətyanı torpaqlarından kənarda yerləşir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı məhkəmə tərəfindən düzgün izah edilmir. Birincisi qeyd edilən X13 Komissiyasının hüquq varisinin yazılmasına zərurət olmamışdır. Çünki Rayon Aqrar İslahat Komissiyasının sədri Rayon İcra Hakimiyyətinin Başçısı olmuşdur. Deməli hüquq varisi də Rayon İcra Hakimiyyətidir. İslahat sənədlərinə (qərarlar, subyektlər siyahısı, Dövlət Aktları, Şəhadətnamələr və s.) gəldikdə isə həmin sənədlər DTXK-də olmuşdur. Həmin qurum ləğv edildikdən sonra isə hüquq varisi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tanınmışdır. Hazırki işdə iddiaçı cavabdeh inzibati orqanın hüquq varisi olduğu DTXK-nin yerli şöbəsi tərəfindən verilmiş Şəhadətnaməni mübahisələndirmişdir. Hesab edir ki, həmin Şəhadətnamənin verilməsi üçün heç bir hüquqi əsas yoxdur. Mülki Prosessual Məcəllənin 298-ci maddəsi də məhkəmə tərəfindən düzgün izah edilməmişdir. Qeyd edilən normada açıq-aşkar göstərilir ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı da məlumat alan kimi əvvəl cavabdeh inzibati orqana sonra isə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə münasibətdə də eyni mövqedədir. İddiaçıda olduğu kimi qardaşında da sənəd olmadığını zənn etmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. İddiaçının peşəkar hüquqi yardımından istifadə etməsi üçün vəkilinin məhkəmə iclasında iştirakına şərait yaradılmamışdır. Məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə qeyd edilən maddələrin tələbinə əməl etməli olduğu halda heç bir zərurət və əsas olmadığı halda eyni hüquq normalarına və cavabdehin mülahizələrinə əsaslanaraq qanunsuz əsassız və ədalətsiz qərardad qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin mülahizələrinə və qüvvədən düşmüş hüquq normasına əsaslanaraq sözügedən qanunsuz və əsassız qərardadı qəbul etmişdir. Məhkəmə cavabdehin dəlillərini əsaslı və qanuni hesab etsə də, bunun sübuta yetirilməsi üçün heç bir əsas göstərməmiş, yalnız ümumi sözlərlə cavabdehin etirazlarını əsaslandırmağa çalışmışdır. Ən əsası isə odur ki, məhkəmə iddianın mümkün sayılmamasını əsaslandırmamışdır. Məhkəmə cavabdehin və üçüncü şəxsin qeyd etdiyi dəlillərə tənqidi yanaşmamış, sənədlərə və həmin sənədlərin verilməsinə əsas olmuş qərarlara və ilkin sənədlərə hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi etirazın əsassız dəlilləri ilə kifayətlənmiş, işin tam araşdırılması üçün şərait yaratmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin olunması, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-277/2025 nömrəli qərardadının tam ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiklərini, əlavə olaraq onu qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərardad qəbul edilərək iddia tələbi mümükün sayılmamışdır. Sədirlik edənin sualına cavab olaraq isə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2- 1(116)-277/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)-277/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 14.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının X3 qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon X3 və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X17 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X17 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X17 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
21. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
22. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
23. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağının ifadə olunduğu iddia tələbi 3 hissədən ibarətdir: - Oğuz rayonunun Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə X5 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı,JN-155F saylı, xx.xx.2006-cı il tarixli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin ləğv edilməsi; - Həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi; - Həmin həyətyanı torpaq sahəsinin istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsi.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin birinci hissəsinin mümkünsüzlüyü digər iki tələbin də mümkünsüzlüyünə gətirib çıxardır. Çünki sözügedən çıxarışların verilməsinin hüquqi əsası həmin şəhadətnamələrdir və çıxarışları mübahisələndirmək üçün ilk növbədə qeydiyyatın əsası mübahisələndirilməlidir. Həmin torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin qeydiyyatının aparılması üçün isə yenə də, həmin torpaq sahəsi üzərində qeydə alınmış hüquq mövcud olmamalıdır. Yəni hər bir halda digər iki tələb birinci tələbin mümkünlük və əsaslılıq məsələsindən asılıdır.
25. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilir ki, məhkəmə kollegiaysı iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin hazırlanmasına dair inzibati orqanın faktiki hərəkətlərinə dair iddia müddət baxımından mümkün iddia deyildir. Belə ki, Oğuz rayonunun Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına hazırlanmış JN-155A saylı, JN-155F saylı xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr Oğuz Rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli qərarı əsasında verilmişdir. Hazırda həmin mübahisələndirilən Şəhadətnamələrin həmin qərar əsasında verildiyi öz təsdiqini tapmışdır.
27. Belə ki, iş materiallarında olan, Aqrar İslahat Komissiyasının qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında görünür ki, X5 və ailə üzvlərinin adları qeyd edilməklə mülkiyyətə verilən torpaq sahəsinin ölçüsü göstərilmişdir. Həmin Qərar əsasında isə JN-155A saylı və JN-155F saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində göstərilmiş iddiaçının mübahisələndirilən sənədlərdən xəbərsiz olmasına münasibətdə qeyd edir ki, hazırkı iddia tələbinə cavabdehin faktiki xarakterli hərəkəti qismində baxılması zamanı da müddətin ötürülməsi müəyyən edilir. İddiaçının 20 ildən atıq müddət ərzində mübahisələndirilən sənədlərdən məlumatsız olması ağlabatan deyildir.
29. Eyni zamanda hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsə satılmasına dair qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla ayrılmış torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrım bölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).
32. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.
33. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.
34. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
35. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.)
37. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X17 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X3 qərarı ilə razılaşmadıqda 10 gün müddətində X17 Komissiyasına şikayət edə bilərlər. X17 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. X17 Komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X16 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X3 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçı israrla “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamələrin və həmin Şəhadətnamələr əsasında tərtib edilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Lakin Oğuz rayon X7 xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı qüvvədə olduğundan həmin qərar ləğv edilmədən onun əsasında verilmiş şəhadətnamədən əlavə şəxslərə başqa bir torpaq sahəsinə dair müvafiq şəhadətnamənin verilməsi əsası ilə mübahisələndirilən şəhadətnamənin ləğvi məsələsinə (iddiaçının tələb etdiyi qaydada) mahiyyəti üzrə baxılması mümkün deyildir.
39. Yuxaırda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı vaxtilə Oğuz rayon X7 xx.xx.1998-ci il tarixli, 67 nömrəli qərarını mübahisələndir- mədiyindən, hazırda onun qaldırdığı iddiası çatmaq istədiyi məqsəd baxımından əlverişli məhkəmə müdafiəsi kimi dəyərləndirilə bilməz. Bu səbəbdən də iddia mümkün sayıla bilməz.
40. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(116)- 277/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 2-1(116)-277/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.