Məhkəmə qərarları › İş №2-1(107)-72/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-72/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-72/2022 21.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 nömrəli qərardadından üçüncü şəxslər X4 və X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki Şəhər - Rayon Polis Şöbəsinə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslərin Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, cavabdeh Şəki Şəhər - Rayon Polis Şöbəsinin üzərinə İddiaçı mülkiyyətində olan Şəki şəhəri Şəhriyar küçəsi 2/9 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X4 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmuşdur. Üçüncü şəxslər X4 və X1 İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli 2-1(116)- 1206/2021 nömrəli qərarından narazı qalması, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsi barədə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, sonuncu tərəfindən 15.11.2021-ci il tarixdə hər iki müraciət aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Üçüncü şəxslər X4 və X1 Apellyasiya Məhkəməsinə təqdim etdikləri 10.11.2021-ci il tarixli ərizələrində Şəki İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli 2-1(116)-1206/2021 nömrəli qərarından narazı olduqlarını, lakin apellyasiya şikayəti yazmaq üçün nə hüquqi savadlarının, nə də vəkillə müqavilə bağlamaq üçün maddi imkanlarının olmadıqlarını bildirmiş, bu səbəblərdən onlara dövlət büdcəsinin vəsaiti hesabına vəkil ayrılmasını, həmin vəkilin onlara apellyasiya şikayəti yazmasını və məhkəmədə yüksək keyfiyyətli hüquqi yardım göstərməsini xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1206/2021 nömrəli qərardadı ilə üçüncü şəxslər X4 və X3 “dövlət hesabına vəkillə təmin edilmə barədə” ərizələri təmin edilməmişdir. Üçüncü şəxslər X4 və X1 İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1206/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxslər X4 və X5 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 saylı qərardadının ləğv edilməsi xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 nömrəli qərardadının dəyişdirimədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Şəki Şəhər - Rayon Polis Şöbəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası Konstitusiyanın 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işə kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması - vəkilin prosesdə məcburi iştirakının tələb olunduğu hallar kimi müəyyən edilmişdir və belə hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmənin işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin etməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilik işə kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması hallarından fərqli olaraq işə birinci instansiya məhkəməsində baxılması halını vəkilin prosesdə məcburi iştirakının tələb olunduğu hal kimi müəyyən etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, üçüncü şəxslər “dövlət hesabına vəkillə təmin olunma barədə” ərizə ilə müraciət etmək əvəzinə apellyasiya şikayəti də tərtib edə bilərlər. Təqdim edilən ərizələrin məzmunundan göründüyü kimi, üçüncü şəxslər ərizələri tam savadlı şəkildə, səhfsiz tərtib etmişlər və müvafiq ərizələri tərtib etmək əvəzinə apellyasiya şikayəti tərtib etmiş olsa idilər inzibati işə apellyasiya icraatı qaydasında yenidən baxılması mümkün olacaqdı. Ərizələrin məzmunundan görünür ki, üçüncü şəxslər inzibati məhkəmə icraatına üçüncü şəxs olaraq cəlb olunmalarından, narazı qaldıqları məhkəmə qərarının tarixi və nömrəsindən və inzibati işə apellyasiya qaydasında Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxıldığından məlumatlıdırlar. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. «Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 67-ci və 423-cü maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tətbiqi zamanı Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququ, məhkəmə müdafiəsi hüququ və hüquqi yardım almaq hüququ, habelə aztəminatlı şəxslərin hüquqi yardım almaq hüququnun dövlət hesabına həyata keçirilməsi barədə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X4 və X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(116)-1206/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar