Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-72/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.
3. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək “63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2173/2023 nömrəli qərardadı ilə “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozda işlədiyi müddəti, o cümlədən xx.xx.2006-cı ilədək və həmin tarixdən sonrakı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətlər nəzərə alınmaqla işlədiyi müddəti nəzərə alaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının 25 ildən az olmasını, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından az olmasını, buna görə də əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan verməməsini, xx.xx.2018-ci il tarixdən 3 və ya daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edildiyinə görə ƏPHQnun 22-1.5-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericilikdə nəzərdə tutulmamasını, xx.xx.2023-cü il tarixli 176/10 saylı arxiv arayışına əsasən, iddiaçının soyadı Məmmədova (Qasımova) olduğu halda Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozun əmək haqqı sənədlərində soyadının Səfərova qeyd edilməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavabdeh orqan, iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1 /2-M-78715/2023 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı (24 il 10 ay) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. Həmçinin xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il sığorta stajına 13.892,40 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 6.002,31 manat olmaqla, ümumilikdə 19.894,71 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40.320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. iddiaçının təqdim etdiyi sənədlərə əsasən mübahisələndirilməyən ümumi is stajı 24 il 10 av təşkil edir, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1960-ci il tarixdə anadan olmuşdur.
8. İddiaçı qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 24 il 10 ay təşkil edir. İddiaçı təqdim etdiyi xx.xx.2023-cü il tarixli 176/10 saylı arxiv arayışına əsasən, soyadı Məmmədova (Qasımova) olduğu halda Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozun əmək haqqı sənədlərində soyadı Səfərova qeyd edilmişdir. Buna görə də İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozda işlədiyi dövrləri sosial sığorta stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirik ki, İddiaçı xx.xx.2018-ci il tarixdən 3 və ya daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
9. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1 2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı sığorta stajı qanunla nəzərdə tutulan (25 il) sığorta stajından az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
14. Cavabdeh orqanın apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)- 2173/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.2001-xx.xx.2009, xx.xx.2009-xx.xx.2017. - Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı 1975-1986, 1988-1996-cı illərdə Yevlax rayonu Varvar kənd S.Vurğun adına kolxozda işləmiş və ona əmək haqqı ödənilmiş, 1975-ci ildə 110, 1976-cı ildə 125, 1977-ci ildə 155, 1978-ci ildə 208, 1979-cu ildə 235, 1980-ci ildə 200, 1981-ci ildə 257, 1982-ci ildə 362, 1983-cü ildə 358, 1984-cü ildə 210, 1985-ci ildə 340, 1986-cı ildə 365, 1988-ci ildə 316, 1989-cu ildə 302, 1990-cı ildə 352, 1991-ci ildə 308, 1992-ci ildə 352, 1993-cü ildə 364, 1994-cü ildə 331, 1995-ci ildə 289, 1996-cı ildə 330 adam günü işləmişdir. - Səfərova (Qasımova) Zenfira Baxış qızının sığorta stajına daxil edilən əmək stajının yoxlanılması məqsədilə X2 Filialında tərtib edilən xx.xx.2023- cü il tarixli aktdan görünür ki, yoxlama Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən aparılmış, yoxlama zamanı məlum olmuşdur ki, Yevlax arxivinin Səfərova (Qasımova) Zenfira Baxış qızının adlına verdiyi xx.xx.2023-cü il tarixli 176/10 nömrəli arayış düzgün yazılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi Yevlax rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 1981-1996-cı illərdə "S.Vurğun" adına kolxozda işlədiyi dövr 15 il və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən 01.01 2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 9 il 10 ay (6002.43 manat) olmaqla onun 24 il 10 ay ümumi sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 il) azdır. İddiaçının təqdim etdiyi Yevlax rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixli 48/1 №- li arayışına əsasən onun soyadı Məmmədova (Qasımova) olduğu halda “S.Vurğun” adına kolxozun 1975-1980-ci illər üzrə əmək haqqı sənədlərində Səfərova qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən dövrləri İddiaçı sığorta stajına daxil etmək mümkün olmamışdır. Bildiririk ki, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 5861.11 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, İddiaçı pensiya yaşına çatdığı tarixə qanunvericiliklə tələb olunan 25 il sığorta stajı (faktiki 01.01 2006-cı il tarixinədək 15 il + xx.xx.2006-cı il tarixindən sonra 9 il 10 ay = 24 il 10 ay) və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı (280 (əmək pensiyasının minimum məbləği) x 144 = 40320 manat) olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. - iddiaçı barəsində pensiya alt sistemindən çıxarışdan görünür ki, 2006-cı il üzrə 1 il üçün 326,87 manat, 2007-ci il üzrə 3 ay üçün 78,6 manat, 2009-cı il üzrə 6 ay üçün 281,01 manat, 2010-cu il üçün 1 il üçün 602,3 manat, 2011-ci il üzrə 1 il üçün 619,87 manat, 2012-ci il üzrə 1 il üçün 638,09 manat, 2013-cü il üzrə 1 il üçün 651,85 manat, 2014-cü il üzrə 1 il üçün 724,03 manat, 2015-ci il üzrə 1 il üçün 657,34 manat, 2016-ci il üzrə 1 il üçün 740,78 manat, 2017-ci il üzrə 1 il üçün 457,52 manat, 2018-ci il üzrə 3 ay üçün 82,85 manat, 2019-cu il üzrə 1 ay üçün 141,32 manat əmək haqqından məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
21. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
22. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.
23. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
24. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
32. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanaı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
33. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1960-cı ildə doğulub).
34. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
35. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arxiv arayışları ilə müəyyən olunur ki, iddiaçı Yevlax rayonu Varvar kənd S.Vurğun adına kolxozda 1978-1986 və 1988-1996-cı illərdə minimum adam günü normasını (180 gün) yerinə yetirmişdir və həmin müddət 18 ilə bərabərdir.
36. 1975-1977-ci illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (110+125+155=390/180=2.17. Yəni, 2 il 15 gün). Hər iki müddəti topladıqda iddiaçının kolxozda işlədiyi müddət 20 il 15 günə bərabər olur.
37. Həmin müddətin üzərinə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2006-cı ilədək (4 il 7 ay 25 gün) iş stajı və 2006-2019-cu illər ərzində məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirildiyi müddət üzrə iş stajı - (10 il 1 ay) toplandıqda 34 il 9 ay, 10 gün əmək stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur.
38. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 176/10 saylı arxiv arayışına əsasən, soyadı Məmmədova (Qasımova) olduğu halda Yevlax rayon Varvara kənd S.Vurğun adına kolxozun əmək haqqı sənədlərində soyadı Səfərova qeyd edilməsi ilə bağlı cavabdeh orqanın apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın özünün təqdim etdiyi inzibati icraat materiallarında olan, X2 Filialında tərtib edilən xx.xx.2023-cü il tarixli aktda Yevlax rayon S.Vurğun adına kolxoza aid olan əmək haqqı və digər sənədlərə əsasən aparılması və Yevlax arxivinin Səfərova (Qasımova) Zenfira Baxış qızının adlına verdiyi xx.xx.2023-cü il tarixli 176/10 nömrəli arayışın düzgün yazılması qeyd edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinin də əsassız olması qənaətinə gəlir.
39. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-ci il tarixli, 2-1(116)-2173/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.