Məhkəmə qərarları › İş №2-1(107)-720/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-720/2025

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-720/2025 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Cavabdeh ##.##.2022-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək qayınanası X7 vəfat etməsi ilə əlaqədar dəfn müavinətinin ona ödənilməsini xahiş etmişdir.

2. Iddiaçı tərəfindən müraciətinə baxılması zamanı müəyyən edilmişdir ki, Ruhangiz Xəlilova ##.##.2021-ci il tarixində vəfat etmiş, lakin 2022-ci ilin yanvar ayı üzrə əmək pensiyası pensiyaçının hesabına köçürülmüşdür.

3. Iddiaçı, cavabdeh Cavabdeh artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı müvafiq bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “artıq ödənilmiş dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) ##.##.2022-ci il tarixində ərizə ilə müraciət edərək qayınanası X7 ##.##.2021-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ruhangiz Xəlilova ## ###### 2021-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2022-ci ilin yanvar ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhum Ruhangiz Xəlilovaya məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1193,36 manat təşkil etmişdir. Bundan sonra, mərhum Ruhangiz Xəlilovanın vəfat etməsi ilə əlaqədar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh ölkə üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində 600,00 manat dəfn müavinəti hesablanmışdır. Ruhangiz Xəlilovanın müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1193,36 manat vəsaitdən 600.00 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 593,36 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmişdir. Əlavə olaraq bildirmişdirlər ki, Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən ünvan 2 ünvanında yaşayan Cavabdeh yaranmış 593,36 manat borcun Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə ##.##.2022-ci il tarixində *********** nömrəli məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Nəzərə almaq lazımdır ki, Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər. Həmçinin, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra-Ali Məhkəmə) ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında Mərkəzi Filialın "artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir (qərar əlavə olunur). Adıçəkilən məhkəmə qərarında Ali Məhkəmənin mövqeyi ondan ibarətdir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamlıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides” yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - "qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “Inzibati icraat haqqında“ Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, “inzibati icraat haqqında" Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir.

6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir.

7. Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş AZ-II ****** nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1- ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin Qanunun 37.8.1-ci maddəsinin tələbinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdən sonrakı ayın 1dən dayandırılır. Göründüyü kimi, qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Hazırkı işin hallarından müəyyən olunan odur ki, iddiaçı inzibati orqan cavabdeh Cavabdeh mərhum qayınanası X3 vəfat etməsi haqqında məlumatın, həmçinin ölümü haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən mərhuma artıq ödənilmiş və həmin hesabdan götürülmüş 593,36 manat artıq ödənilmiş məbləğin qaytarılmasını tələb etsə də, tələb olunan vəsaitin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Iddiaçının göstəridiyi faktiki hallar (cavabdehin dəfn pulu üçün müraciət etməsi və s.) isə hazırkı iddianın təmin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, X3 dəfn xərclərinin Cavabdeh tərəfindən qarşılanması mərhumun pensiya kartına artıq ödənilmiş pensiya məbləğinin sonuncu tərəfindən alınaraq istifadə edilməsi qənaətini yaratmamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı inzibati orqan tələb olunan vəsaitin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən və məhkəmənin bu istiqamətdə apardığı araşdırma müsbət nəticə vermədiyindən iddia əsassızdır, odur ki təmin edilməməlidir.

9. Iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin dəlilləri təkrarlanmaqla əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, güman edirlər ki, artıq ödənilmiş pensiya vəsaiti mərhum Ruhangiz Xəlilovanın yeznəsi Cavabdeh tərəfindən götürülmüşdür. Lakin bu halı təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir və həmin xüsusat yalnız iddiaçı inzibati orqanın gümanına əsaslanmışdır. Belə ki, hazırkı mübahisə üzrə analoji işlərdə dəfn xərcləri üçün müraciət edən şəxs artıq ödənilmiş pensiya məbləğini götürmüş şəxs hesab edilir.

13. Məhkəmə kollegiyasının iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

14. “Inzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ...

16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, iddia tələbinin əsassız olması ilə bağlı gəlinən nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı inzibati orqan cavabdeh Cavabdeh mərhum qayınanası X3 vəfatı və bu barədə ölüm şəhadətnaməsinin vaxtında təqdim olunmaması səbəbi ilə mərhumun adına artıq ödənilmiş və həmin hesabdan çıxarılmış 593,36 manat vəsaitin geri qaytarılmasını tələb etmişdir.

21. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında qeyd etmişdir ki, məhkəmənin bu istiqamətdə apardığı araşdırma müsbət nəticə verməmişdir. Bununla belə iş materialları ilə məhkəmənin hər hansı araşdırma aparması müəyyən edilmir.

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh mərhum qayınanası X3 pensiya kartına ödənilmiş vəsaitdən istifadə edib-etməməsi araşdırılmalı və bunun nəticəsindən asıılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

23. Iddiaçı, cavabdehin mərhum X3 dəfn xərclərini qarşılaması əsasında ölüm tarixindən sonra ödənilmiş vəsaitin məhz onun tərəfindən istifadə olunmasını ehtimal etmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh Cavabdeh mərhumun ailə üzvü deyil və əmək pensiyaçısının onun ailə üzvlərinə aid olmayan şəxslər tərəfindən dəfn edilməsi imkanı qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur.

24. Buna görə də, cavabdehin dəfn xərclərini çəkməsi ölüm tarixindən sonra ödənilmiş pensiya vəsaitinin də, məhz onun tərəfindən istifadə edilməsini birmənalı təsdiq edən hal kimi qəbul edilə bilməz.

25. Iş materiallarında olan iddiaçının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhum X3 Azərbaycan Beynəlxalq Bankı (ABB) vasitəsilə əmək pensiyası ödənişi həyata keçirilmişdir. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli və ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadları ilə X3 məxsus olmuş pensiya kartına dair məlumatların Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülməsi qərara alınmışdır. Azərbaycan Beynəlxalq Bankının (ABB) ##.##.2026-cı il tarixli, *-*-**/*-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, mərhum X3 məxsus bank hesabı üzrə hər hansı əməliyyat aparılmamışdır.

26. Iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, ##.##.2022-ci il tarixdə mərhum X3 hesabına 1194.24 manat pul köçürülmüşdür. Qeyd edilən məktuba əlavə edilmiş “xxxx” ASC-nin Mərkəzi Filiala ünvanladığı ##.##.2023-cü il tarixli, ***/*** nömrəli məktubda qeyd edilmişdir ki, X3 DTX****** №-li hesabından 0,88 qəp Mərkəzi Filialın hesabına bərpa edilmiş və xəzinəyə silinmişdir.

27. Göründüyü kimi mərhum X3 pensiyanın ödənilməsi “xxxx” ASC vasitəsilə həyata keçirilmişdir.

28. Qeyd edilən halların araşdırılması üçün məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə X3 məxsus olmuş pensiya kartına dair məlumatların “xxxx” ASC-dən götürülməsi qərara alınmışdır.

29. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntülərin saxlanma müddəti bitdiyindən təqdim olunması mümkün olmamış, Ruhangiz Xəlilovanın adına olan plastik kart vasitəsilə “Birbank” qeydiyyat mövcud olmamışdır. Həmin məktuba əlavə edilmiş hesabdan çıxarışla müəyyən edilir ki, 1198 manat pul məbləği ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ATM-dən nağdlaşdırılmışdır.

30. Göründüyü kimi iş üzrə aparılmış əlavə araşdırma nəticəsində mərhum X3 pensiya kartına ölüm tarixindən sonra ödənilmiş vəsaitin bankomat vasitəsilə nağdlaşdırılması müəyyən edilsə də, həmin vəsaitin məhz cavabdeh Cavabdeh tərəfindən çıxarılması və ya istifadə edilməsi sübuta yetirilməmiş, bank məlumatları əsasında kartdan vəsaiti çıxaran şəxsin kimliyi müəyyən edilməmişdir.

31. “Inzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

32. Kollegiya hesab edir ki, iddiaçı inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasını tələb etdiyi halda, həmin vəsaitin məhz hazırkı cavabdeh tərəfindən alınmasını və ya istifadə edilməsini təsdiq edən halları müəyyən etməli və bunu müvafiq sübutlarla əsaslandırmalı idi. Şəxsin üzərinə pul vəsaitinin qaytarılması kimi öhdəlik yalnız ehtimal əsasında deyil, həmin şəxsin mübahisəli vəsaiti əldə etməsini və ya ondan istifadə etməsini təsdiq edən sübutlar əsasında qoyula bilər.

33. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi artıq ödənilmiş pensiya vəsaitinin cavabdeh tərəfindən götürülməsini təsdiq edən sübutun olmamasını, bu barədə qənaətin cavabdehin mərhumun dəfn xərclərini qarşılaması ilə bağlı müraciəti əsasında yaranmış gümandan ibarət olduğunu bildirmişdir.

34. Beləliklə, iddiaçı inzibati orqanın mövqeyi cavabdehin mərhumun dəfn xərclərini qarşılaması faktına əsaslanmışdır. Lakin nəzərə alınmalıdır ki, qanunvericilik əmək pensiyaçısının ailə üzvlərinə aid olmayan şəxslər tərəfindən dəfn edilməsini və bu halda dəfn üçün müavinətin həmin şəxslərə ödənilməsini birbaşa mümkün sayır (42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir). Odur ki, cavabdehin dəfn xərclərini çəkməsi ölüm tarixindən sonra mərhumun pensiya kartına ödənilmiş vəsaitin də məhz onun tərəfindən nağdlaşdırıldığını təsdiq edən hal kimi qəbul edilə bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, hazırkı mübahisədə etimad hüququnun qorunması və ya bu hüququ istisna edən hallarla bağlı qiymətləndirmə aparılmamışdır. Belə ki, bu qiymətləndirmənin aparılması üçün ilk növbədə artıq ödənilmiş vəsaiti əldə etmiş və ya ondan istifadə etmiş şəxsin kimliyi müəyyən edilməlidir. Baxılan iş üzrə iddiaçı tərəfindən mübahisəli vəsaitin cavabdeh tərəfindən alınması və ya istifadə edilməsi sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar