Məhkəmə qərarları › İş №2-1(107)-721/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-721/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-721/2025 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-yə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsü sənədi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2- 1(116)-1886/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İş materialları ilə müəyyən edilir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006ci il tarixli 164/1 saylı qərarında bələdiyyənin alqı-satqı predmeti olan torpaqlarından 0,03 ha torpaq sahəsinin həyətyanı məqsədilə İddiaçı satılması qərara alınmış, tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin sxemi hazırlanmışdır.

2. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 068042 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinə ona satılan həyətyanı torpaq sahəsinin müqabilində 48 manat pul ödənilmişdir.

3. İş materiallarında olan DT və XK-nın Yevlax rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, 17-9/112 saylı rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,03 ha olmaqla kənd təsərrüfatına yararlıdır. Torpaq sahəsi Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, alqı-satqı predmetidir.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan mübahisə predmeti olan 0,03 torpaq sahəsinin üzərindən 1000 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə bağlı müraciətin təmin edilməsindən imtina etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 164/1 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətindən həyətyanı məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1886/2025 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı Bələdiyyəsini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

7. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Yevlax rayonu Havarlı Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 164/1 saylı qərarı ilə Yevlax rayonu Havarlı Bələdiyyəsinin mülkiyyətindən həyətyanı məqsədi ilə 0,03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Elə 2006-cı ildən də o, qeyd olunan torpaq sahəsindən hazırki vaxtadək istifadə edir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

8. Cavadeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Yevlax rayonu, Havarlı kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş Yevlax rayon Havarlı Bələdiyyəsinin 06 noyabr 2006-cı il tarixli, 164/1 saylı qərarı əsasında ayrılmış Yevlax rayonu, Havarlı kəndində yerləşən 0,03 ha torpaq sahəsi müayinə edilmiş və Ərazi İdarəsinin arxiv materiallarına əsasən araşdırılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzərindən yüksək gərginlikli hava elektrik xətti keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan qorunma zolağı gözlənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

9. Üçüncü şəxs iddia tələbinə münasibət (etiraz) bildirməmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2-1(116)-1886/2025 nömrəli qərarı ilə (hakim X7) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ümumiyyətlə Yevlax rayon Havarlı bələdiyyəsinin sözügedən torpaq sahəsinin iddiaçıya satmaq səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 164/1 saylı qərarı qəbul edilənədək artıq Mingəçevir şəhərinin inzibati ərazi dairəsinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi, bələdiyyənin xx.xx.2006-ci il tarixli, 164/1 saylı qərarı qanunsuz inzibati akt olmaqla birbaşa “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin, o cümlədən torpaq qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Yəni, iddiaçıya satılmış torpaq sahəsi örüş torpaq sahələrinə aid olmaqla bərabər, həm də Yevlax rayon Havarlı bələdiyyəsinin ərazisinə aid olmadığından bələdiyyənin xx.xx.2006-ci il tarixli, 164/1 saylı qərarı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Göründüyü kimi Havarlı bələdiyyəsinin iddiaçıya həyətyanı məqsədi ilə 0.03 ha torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2006-ci il tarixli, 164/1 saylı qərarı qanunla müəyyən edilmiş qaydada qəbul edilmiş qərar olmadığından iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz. Cavabdeh imtina məktubundan və iddia qarşı etirazından görünür ki, iddiaçının müraciətindən imtina səbəbi həmin torpaq sahəsinin üzərindən keçən 1000 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə bağlı olmuşdur. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə zidd olsa belə məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallar iddia tələbinin əsassız olması qənaətinə gəlir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətinin dəlillərini ilkin ərizənin dəlillərinə əsasən əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 164/1 saylı qərarı halhazıradək ləğv edilməmişdir. Hesab edir ki, qeyd edilən qərar ləğv edilmədiyindən onun iddia tələbi qanuni və əsaslıdır. Eyni zamanda iddiaçı qeyd etmişdir ki, torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olduğu halda, iddiaçı yaşayış evini tikdiridiyi zaman bələdiyyə ona iradını bildirməli idi. Belə ki, sənədləşmə zamanı dövlət orqanları tərəfindən yol verilmiş nöqsanlar onun ziyanına şərh edilə bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdeh orqan apellyasiya şikayətinə etirazının dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmışdır.

tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2-1(116)-1886/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs inzibati işin şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X2 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; ... Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; ... 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar;

20. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

26. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 164/1 saylı qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan torpaqlarından 0,03 ha həyətyanı məqsədilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaqdır.

27. Cavabdeh orqanın imtinasının səbəbi mübahisə predmeti olan 0,03 torpaq sahəsinin üzərindən 1000 kv-luq yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə bağlıdır.

28. İddiaçının apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 164/1 saylı qərarı hal-hazıradək ləğv edilməmişdir. Belə ki, qeyd edilən qərar ləğv edilmədiyindən onun iddia tələbi qanuni və əsaslıdır.

29. İş materiallarından görünür ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 164/1 saylı qərarı ilə iddiaçıya satılmış 0,03 ha torpaq sahəsi ilə bağlı DT və XK-nin Yevlax rayon şöbəsi xx.xx.2006-cı il tarixli, 17-9/112 №-li rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı olmasını qeyd etmişdir.

30. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddia olunan torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası – meyvə bağlarıdır.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fonduna daxil olan torpaqlardan yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. DT və XK-nin Yevlax rayon şöbəsinin ilkin rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı olduğu göstərilmişdir. Bu halda həmin torpaq sahəsinin satılması barədə bələdiyyə tərəfindən qəbul edilmiş qərarın istinad olunan Qanunun 7.1.2-ci maddəsinin tələblərinə zidd olması müəyyən edilir.

32. İş materiallarında olan, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair yerquruluşu planında satılmış torpaq sahəsinin Yevlax rayonu Havarlı Bələdiyyəsinin inzibati ərazisi olmaqla, əvvəllər “Tərəvəzçilik-südçülük” sovxozunun istifadəsində olması, qonşu torpaqların bələdiyyə mülkiyyətinə aid olması göstərilmişdir (konkret olaraq hər hansı subyekt göstərilməmişdir). Sözügedən yerquruluşu planında torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etməyə imkan verən hər hansı oriyentrlər və ya koordinatlar mövcud deyildir (küçə adları qeyd olunmadığından, planda əks etdirilmiş yollar da coğrafi oriyentr kimi qiymətləndirilə bilməz).

33. Mübahisəli ərazi üzrə baxılan oxşar işlər üzrə məhkəmə təcrübəsindən məlumdur ki, Mingəçevir şəhərinin sahə inzibati ərazi dairələri 2010-cu ildə təsdiq edilmiş xəritələr əsasında formalaşmış və bu Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qonşu ərazi vahidi qismində razılaşdırılmışdır. Bu baxımdan 2010-cu ilədək, yəni mübahisəli alqı-satqı əməliyyatının baş verdiyi 2006-cı ildə iddia olunan torpaq sahəsinin inzibati mənsubiyyətinin – Mingəçevir şəhərinə, yoxsa Yevlax rayonunun (keçmiş Tərəvəzçiliksüdçülük sovxozunun) ərazi hüdudlarına daxil olmasının dəqiqləşdirilməsi üçün cavabdeh orqana sorğu verilmişdir.

34. Kollegiyanın sorğusuna cavab olaraq DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinə bitişik, üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinə dair sənədlər mövcud deyil. İddia olunan torpaq sahəsi “Tərəvəzçilik-südçülük sovxozu”nun 2006-cı ilə dair DWJ xəritələrində əhatə etdiyi ərazi hüdudları daxilində deyil. Torpaq sahəsi ayrılarkən Mingəçevir bələdiyyəsinin mülkiyyətində olmuşdur.

35. Eyni zamanda təqdim edilmiş - “Tərəvəzçilik-südçülük” sovxozunun əhatə etdiyi ərazinin DWJ-də yerləşmə vəziyyətinə dair ortofoto xəritəsindən çıxarışdan da, açıq- aşkar görünür ki, iddia olunan torpaq sahəsi Mingəçevir şəhəri ərazisində yerləşməklə sözügedən sovxozunun istifadəsində olmuş ərazidə yerləşmir.

36. Məhkəmə kollegiyasının digər sorğusuna cavab olaraq Yevlax rayonu Havarlı bələdiyyəsinin xx.xx.2026-cı il tarixli, 14 nömrəli məktubunda qeyd edilmişdir ki, Havarlı bələdiyyəsinin 2004-2017-ci illərə aid torpaqayırma sənədləri utilizasiya edildiyindən, halhazırda həmin illərə aid bələdiyyədə heç bir sənəd mövcud deyildir.

37. İddiaçı, mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin ona məhz Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 164/1 saylı qərarı ilə satıldığını iddia edir. Nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsi bələdiyyə qərarı ilə satılmışdırsa ilkin torpaqayırma sənədlərinə görə həmin torpaq sahəsi “Tərəvəzçiliksüdçülük” sovxozunun əhatə etdiyi ərazinin (DWJ-də) daxilində olmalıdır. Yuxarıda qeyd edildiyi kimi iddia olunan torpaq sahəsi ümumiyyətlə “Tərəvəzçilik-südçülük” sovxozunun əhatə etdiyi ərazidə yox, Mingəçevir şəhəri ərazisində yerləşir. Belə olan halda Havarlı bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 164/1 saylı qərarı iddia olunan torpaq sahəsinə aid edilə və əmlak hüquqlarının dövlət qeydiyyatı üçün hüquq müəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, bu zaman Yevlax rayon Havarlı kənd bələdiyyəsi digər inzibati ərazi vahidinin hüdudları daxilində olan və faktiki olaraq Havarlı bələdiyyəsi inzibati ərazi hüdudlarından kənarda qalan torpaq sahəsinə dair qərar qəbul etməklə səlahiyyət həddini aşmış hesab olunacaqdır.

38. Yuxarıda istinad olunmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsində birmənalı olaraq qeyd edilmişdir ki, bələdiyyələrin torpaq münasibətlərinin tənzimlənməsi sahəsindəki səlahiyyətləri yalnız onların inzibati əraziləri daxilində, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik etmək, onlardan istifadə etmək və onlar barəsində sərəncam verməklə məhdudlaşır.

39. İstinad olunan norma bələdiyyəyə yalnız öz ərazisindəki torpaq sahələrinə sahiblik etmək, onlardan istifadə etmək və sərəncam vermək səlahiyyətinin verildiyini göstərir. Buna görə də, əgər bələdiyyə öz inzibati ərazisindən kənarda torpaq sahəsinə münasibətdə torpaq ayrıma fəaliyyəti həyata keçirisə, bu artıq qanunla müəyyən edilmiş səlahiyyət çərçivəsinə zidd olacaq və aparılan fəaliyyət - səlahiyyəti olmayan inzibati orqanın fəaliyyəti kimi qiymətləndiriləcəkdir.

40. Belə olan halda bələdiyyənin məkan baxımından səlahiyyətsiz inzibati orqan kimi qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati akt hesab edilməklə hər hansı hüquqi nəticə yaratmayacaqdır.

41. Göründüyü kimi, Yevlax rayon Havarlı kənd bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 164/1 saylı qərarı iddia olunan torpaq sahəsinə aid edildiyi halda etibarsız inzibati akt hesab ediləcəyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında, qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özəlləşdirilməsi barədə inzibati akt kimi qiymətləndirilə və mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməz.

42. Etimad hüququnun mövcudluğuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi, tədqiq edilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olmadığından etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.

43. Məhkəmə kollegiyası cavabdeh orqanın iddiaçının müraciətinə imtinasına və apellyasiya şikayətinə etirazına münasibətdə qeyd edir ki, iş materiallarında olan X3 Agentliyi Mingəçevir filialının məktubundan və aktından görünür ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinin və onun üzərində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evinin üzərindən "xxxx" ASC-nin “X4 Şəbəkəsi” MMC-nin balansında olan, 1954-cü ildə istismara verilmiş və hal-hazırda gərginlik olmayan köhnə 220 kV-luq “2-ci Mingəçevir” HEVX keçir. Həmin HEVX-nin 20-ci metal dayağının 220 kv-luq “2-ci Mingəçevir” HEVX 1954-cü il tarixdə istismara verilmiş, lakin hal-hazırda HEVX-də gərginlik yoxdur və istismar olunmur. Adı çəkilən HEVX-nin əvəzinə başqa trassa ilə yeni HEVX çəkilərək istismar olunur.

44. Faktiki olaraq mübahisə predmeti olan torpaq sahəsinin üzərindən keçən yüksək gərginlikli hava elektrik xəttində hal-hazırda gərginlik yoxdur və istismar olunmur.

45. Kollegiya qeyd edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə zidd olsa belə, iş üzrə müəyyən edilmiş hallar iddia tələbinin hər bir halda uğursuz olması qənaəti yaratdığından apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli 2-1(116)-1886/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar