Məhkəmə qərarları › İş №2-1(107)-723/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-723/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-723/2025 15.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X11 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “adına və soyadına düzəliş olunması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli 2-1(116)-2051/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 141 nömrəli doğum akt qeydində iddiaçının adı “Mütalib”, soyadı “Əbdürəhimov” kimi qeyd edilmişdir.

2. İddiaçı, doğum akt qeydində adına və soyadına düzəliş edilməsi üçün (adının “Mutallib”, soyadının “Abdurahimov”) cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müvafiq akt qeydinə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmamasını bildirərək imtina cavabı vermişdir

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 avqust 1959-cu il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində tərtib edilmiş 141 nömrəli doğum haqqında akt qeydinin ad və soyad qrafasında AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi, adının “Mutallib”, soyadının “Abdurahimov” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinin əsaslarına görə “İddiaçı xx.xx.1959-cu ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuş, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbində oxumuş, daha sonra hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildə nikahı Şəki rayon X16 qeyd etdirməklə X5 ilə ailə həyatı qurmuş, 1981-ci ildən rəsmi əmək fəaliyyətinə başlamış, 1982-ci ildə X2 adlı qızı dünyaya gəlmişdir. Yuxarıda qeyd edilən həyat yaşamında ona verilən şəxsiyyət vəsiqəsi, hərbi bilet, nikah şəhadətnaməsi və əmək kitabçasında adı və soyadı şəxsiyyət vəsiqəsinə uyğun olaraq “İddiaçı” kimi yazıldığı halda cavabdeh Şəki rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya doğum aktı əsasında verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-A-69-589/2024 saylı Arayışda adı və soyadı “X6” kimi yazılmışdır. Onun doğum haqqında şəhadətnaməsində olmadığı üçün Şəki Rayon Qeydiyyat şöbəsindən yuxarıda qeyd edilən doğum aktından Arayış alarkən məlumatı olmuşdur. Bununla bağlı cavabdehə müraciət edərək xahiş etmişdir ki, iddiaçının doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı və soyadına şəxsiyyət vəsiqəsində qeyd edilən adı və soyadına uyğun olaraq dəyişiklik etsin. Cavabdeh orqan onun müraciətini təmin etməmiş və 17 12.2024-cü il tarixli məktubla bildirmişdir ki, ad və soyadının şəxsiyyət vəsiqəsinə uyğun olaraq dəyişdirilməsi üçün kifayət qədər əsas yoxdur, bununla bağlı məhkəməyə müraciət etməlidir. İddiaçı hesab edir ki, ad və soyadına şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi üçün kifayət qədər əsas vardır və bunun da birinci səbəbi budur ki, doğum akt qeydində yazılan ad və soyadı iddiaçının yuxarıda qeyd edilən sənədlərinin heç birində öz əksini tapmır. İddiaçıya verilən hərbi bilet, əmək kitabçası, uşağının doğum şəhadətnaməsində adı və soyadı şəxsiyyət vəsiqəsinə uyğun olaraq verilib. Bundan başqa Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)- 1671/2019 saylı Qətnaməsində hüquqi əhəmiyyəti müəyyən edərkən məhkəmə müəyyən etmişdir ki, "Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, ərizəçinin bacanağıdır. Azərbaycan SSR Ali və orta ixtisas Təhsil Nazirliyinin M. Ə. Sabir adına Şamaxı pedoqoji məktəbinin AT N 004711 nömrəli diplomunda ərizəçinin soyadı səhvən Abdurəhimov əvəzinə Əbdurrəhimov kimi qeyd edilmişdir. O, təsdiq edir ki, Azərbaycan SSR Ali və orta ixtisas Təhsil Nazirliyinin M. Ə. Sabir adına Şamaxı pedoqoji məktəbinin AT N 004711 nömrəli diplomunda X3 ilə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindəki X4 eyni şəxsdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X1 tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Azərbaycan Respublikası SSR Ali təhsil və orta ixtisas Təhsil Nazirliyinin M. Ə. Sabir adına Şamaxı pedoqoji məktəbi tərəfindən verilmiş AT N 004711 nömrəli diplomda yazılmış X3 ilə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindəki X4 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Beləliklə qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmişdir ki, "X3 ilə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindəki X4 ilə eyni şəxs olması faktı müəyyən edilsin”. İddiaçı bildirir ki, yuxarıda sadalanan sənədlərlə, məhkəmə qətnaməsi ilə də təsdiq edilir ki, iddiaçı ictimai həyatında daim şəxsiyyət vəsiqəsində qeyd edilən ad və soyadla fəaliyyət göstərmişdir və həmin sənədlər əsassında iddiaçının gözlənilən bütün hüquqları (pensiya, müavinət vəs.) yaranacaqdır. Cavabdeh orqan tərəfindən doğum akt qeydinə düzəliş edilməməsi əsassızdır.

5. Cavabdeh orqan iddiaya münasibətində xx.xx.2024-cü il tarixdə verilmiş imtina cavabını müdafiə etdiyini bildirmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli 2-1(116)-2051/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 141 nömrəli doğum akt qeydində iddiaçının adı “Mütalib”, soyadı “Əbdürəhimov” kimi qeyd edilmişdir. Həmin akt qeydində iddiaçının atasının soyadı “Əbdürəhimov” kimi qeyd edilmişdir. Bundan başqa iddiaçıya aid fərdi uçot kartoçkasında onun soyadı “Abdurahimov” adı isə “Mutallib” kimi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının ilkin sənəd üzrə həmin dövrdə adı “Mütalib”, soyadı “Əbdürəhimov” kimi qeyd edilsədə, sonradan hansı əsasla digər sənədlərdə onun adının “Mutallib” soyadının isə “Abdurahimov” kimi yazılması müəyyən edilmir. Yuxarıda qeyd olunan normaların tələbinə görə uşağın doğumu qeydə alınan zaman bu barədə məlumat verən valideyinlər tərəfindən ad valideyinlərin razılığı ilə, soyad isə bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilərək qeydiyyət orqanı tərəfindən digər zəruri sənədlər əsasında vətəndaşlıq vəziyyəti aktı tərtib edilir. Hazırkı tələbin uğurlu olması üçün iddiaçının digər sənədlərində adının “Mutallib” soyadının isə “Abdurahimov” kimi qeyd edilməsi deyil, məhz vətəndaşlıq vəziyyəti aktındakı ad və soyad qrafasındakı qeydlərin qeydiyyat orqanı tərəfindən düzgün tərtib edilməməsinin sübuta yetməsi ilə bağlıdır. İddiaçının doğum akt qeydi tərtib edilən zaman qüvvədə olan Azərbaycan SSR nikah və ailə məcəlləsinin 182-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeyd olunarkən, vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda qeyd olunmalı faktları təsdiq edən sənədlər və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmalıdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına dair Təlimatla müəyyən olunur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən doğumun qeydiyyatı, uşaqların doğulduğu yerdə və ya valideyinlərin yaxud da onlardan birinin yaşadığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır.Doğum haqqında yazılı və ya şifahi formada məlumat valideyinlər və ya onların biri tərəfindən verilir, valideyinlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alan orqanlar valideyinlərin razılıqı olduqda doğumu təntənəli şəkildə qeyd olunmasını təmin edirlər. Göründüyü kimi iddiaçının doğum akt qeydi valideyinlərin məlumatı və onların şəxsiyyətini təsdiq edən sənədlər əsasında tərtib olunmuş, onlar tərəfindən həmin dövrdə qeydlərə etiraz edilməmişdir. Belə olan halda doğum akt qeydindəki ad və soyad yazılarının düzgün olmaması qənaətinə gəlməyə əsas əsas müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbi təmin edilərək Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, 2-1(116)-2051/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq

12. . Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ ... 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Maddə 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən “Əsas Müddəalar”

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər

15. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.10. Uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

22. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - 07 avqust 1959-cu il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində tərtib edilmiş doğum haqqında akt qeydində ad və soyad qrafasında düzəliş edilməsi, adının “Mutallib”, soyadının “Abdurahimov” kimi yazılması ilə bağlıdır.

23. İddiaçının doğum haqqında akt qeydindəki məlumatlara şəxsiyyətini təsdiq edən sənədə uyğun düzəliş edilməsi barədə irəli sürdüyü tələb mahiyyət etibarilə, onun ictimai münasibətlərdə tanınmış faktiki kimliyinin hüquqi sənədlərdə əks etdirilməsinə və şəxsiyyətinin identifikasiyasında mövcud olan qeyri-dəqiqliyin aradan qaldırılmasına xidmət edən tələbdir.

23. Nəzərə alınmalıdır ki, şəxsi ad və soyad fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. İnsan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması (və ya uyğunsuzluğun olması) şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir.

24. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar olmalı və aidiyyəti şəxslər arasında mübahisə olmamalıdır. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisə yoxdur.

25. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəxsiyyət vəsiqəsində, hərbi biletində, nikah haqqında şəhadətnaməsində, əmək kitabçasında və övladlarına aid - 1982 və 1984-cü il tarixli doğum akt qeydlərində ad və soyadı "İddiaçı", ilkin doğum haqqında akt qeydində isə “Mütalib Əbdürəhimov” şəklində qeyd edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, bu uyğunsuzluq texniki xarakterli olmaqla ona düzəliş edilməsi doğum akt qeydində əks olunmuş məlumatların mahiyyətini dəyişmir.

27. Birinci instansiya məhkəməsi 1969-cu ildə qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 182 və 184-cü maddələrinə istinad etməklə qeydiyyatın valideynlərin ərizəsi və təqdim etdikləri sənədlər əsasında aparıldığını bildirmiş və bu sənədlərə etiraz olunmamasını əsas götürərək iddia tələbini təmin etməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən doğum haqqında akt qeydi 1959-cu ildə tərtib edilmiş və onun tərtib edilməsi zamanı nəzərə alınmış ilkin sənədlər cavabdeh orqan tərəfindən təqdim edilməmişdir.

29. Aparılmış qeydlərə “valideynlərin etiraz etməməsi” ilə bağlı irəli sürülən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, doğum haqqında akt qeydi cavabdeh orqanda saxlanılan sənəddir və valideynlər həmin sənədlə yalnız mübahisə yarandığı halda tanış ola bilərlər. Praktiki olaraq valideynlərə təqdim edilən sənəd isə doğum haqqında şəhadətnamədir ki, bu sənəddə akt qeydindəki məlumatlar əks olunur və onların düzgünlüyü ilə bağlı ayrıca yoxlama imkanı verilmir.

30. Yaranmış vəziyyət onu göstərir ki, iddiaçıya verilmiş doğum haqqında şəhadətnamədə əks olunmuş məlumatlar ilkin akt qeydindəki məlumatlarla tam uyğun olmamış, lakin bu uyğunsuzluq sonrakı sənədlərin tərtibatına maneə yaratmamışdır.

31. Nəzərə alınmalıdır ki, iddiaçı, Azərbaycan Respublikasının SSRİ tərkibində olduğu zamanlarda pasport almışdır. O dövrdə pasportun alınması üçün əsas sənəd doğum haqqında şəhadətnamə olmuşdur. İddiaçı, şəxsiyyətini təsdiq edən sənədlə (pasport) nikaha girmiş, eləcə də, ona aid olan bütün sonrakı sənədlərdə ardıcıl olaraq adı və soyadı "İddiaçı" kimi qeyd edilmiş, bu ad və soyadla o, uzun illər ərzində ictimai həyatında fəaliyyət göstərmişdir.

32. Belə olan halda, valideynlərin akt qeydindəki yazılara etiraz etməməsi, əslində onlara təqdim edilmiş doğum haqqında şəhadətnamədəki məlumatların düzgünlüyünə inamla bağlı olmuşdur. Çünki valideynlərin həmin dövrdə doğum haqqında akt qeydinin öz mətninə birbaşa çıxışı və tanışlıq imkanı faktiki olaraq mövcud olmamış, bu barədə onlara məlumat verilməsini və razılıq ifadə etmələrini sübut edən heç bir sənəd təqdim edilməmişdir.

33. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı 1981-ci ildə "İddiaçı" adı və soyadı ilə rəsmi şəkildə nikaha daxil olarkən və bu nikah əsasında 1982 və 1984-cü illərdə övladlarına dair doğum haqqında akt qeydləri tərtib edilərkən cavabdeh orqan tərəfindən onun ad və soyadının ilkin doğum akt qeydindən fərqli olması nəzərə alınmamış, bu fərq əsasında qeydiyyatın aparılmasından imtina edilməmişdir. Yəni, cavabdeh orqan özü də, iddiaçının faktiki istifadə etdiyi kimliyini tanımış və bu ad-soyadla rəsmi sənədlər tərtib etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər nəzərə alınmaqla, o cümlədən ictimai maraqların təmin edilməsi baxımından (əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması) cavabdeh orqanın imtinası düzgün olmamışdır. Digər tərəfdən əhalinin qeydiyyat sistemində mövcud olan bu uyğunsuzluğun aradan qaldırılması həm də, cavabdeh orqanın marağında olmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.

36. Hazırkı mübahisədə doğum akt qeydinə düzəlişdən imtina – iddiaçıya məxsus, ötən 40 ildən artıq müddətdə tərtib edilmiş, yuxarıda sadalanan bütün sənədlərin yenidən dəyişdirilməsi deməkdir ki, belə yanaşma ədalətli hesab edilə bilməz. Yaranmış vəziyyətdə iddiaçının etimad hüququnun, o cümlədən şəxsin həyatının hüquqi olaraq stabil və dəyişməz qalması prinsipinin qorunması vacibdir.

37. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli 2-1(116)-2051/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilir. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə 07 avqust 1959-cu il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində tərtib edilmiş 141 nömrəli doğum haqqında akt qeydinin ad və soyad qrafasına AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi iddiaçının adının “Mutallib”, soyadının “Abdurahimov” kimi qeyd edilməsi öhdəliyi qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar