Məhkəmə qərarları › İş №2-1(107)-726/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-726/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-726/2025 04.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X4 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçının hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasından tutulmuş 3011,03 manat pul vəsaitinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-2777/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “1. pensiyasının əlilliyə görə verilməsinin bərpası; 2. 2021-ci ilin fevral-mart ayları üçün pensiyasının ödənilməsi; 3. bütün artımların, xüsusilə də 01 may 2018-ci ildə hesablanmış artımın və maaşa əlavə olunan 15%-lik hesablandığı qanun və AR KM Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş qaydada hesablanması; 4. razılığı olmadan və məhkəmə qərarı olmadan ondan tutulmuş 3011,03 manat pulun qaytarılması; 5. Yaranmış vəsait fərqinin qaytarılması; 6. həyat yoldaşının adına götürülmüş 1500 manat kreditin və onun fazilərinin geri verilməsini; 7. 2024-cü ilin oktyabr ayının vaxtından gec verilməsiylə bağlı “Kapital Bank”ın ondan cərimə olaraq tutduğu 32 manatın qaytarılması; 8. Ağır xəstə olduğu bir vaxtda onu çətin maddi və mənəvi duruma saldıqları üçün 50 min manat məbləğində təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4206/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4206/2025 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-1571/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4206/2025 nömrəli 08 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsindəki 1-ci tələbi olan-“pensiyanın əlilliyə görə verilməsinin bərpa edilməsi”nin tələbləri sırasından çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-2777/2025 nömrəli qərardadı ilə iddia tələbinin 2021-ci ilin fevral-mart ayları üçün pensiyasının ödənilməsi; bütün artımların, xüsusilə də 01 may 2018-ci ildə hesablanmış artımın və maaşa əlavə olunan 15%-lik hesablandığı qanun və AR KM Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş qaydada hesablanması; yaranmış vəsait fərqinin qaytarılması; həyat yoldaşının adına götürülmüş 1500 manat kreditin və onun fazilərinin geri verilməsini; 2024cü ilin oktyabr ayının vaxtından gec verilməsiylə bağlı “Kapital Bank”ın cərimə olaraq tutduğu 32 manatın qaytarılması; Ağır xəstə olduğu bir vaxtda onu çətin maddi və mənəvi duruma saldıqları üçün 50 min manat məbləğində təzminatın ödənilməsi” hissəsi mümkün sayılmamışdır.

7. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı 27 yanvar 1993-cü ildən 3 yanvar 2000-ci il tarixədək İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışmışdır. O, 2 dekabr 2008-ci il tarixdə İİ qrup əlilliyə görə məhkəmə sədri kimi pensiyaya çıxmış və fasiləsiz olaraq 13 il, yəni 2021-ci ilin fevral ayına qədər pensiya almışdır. 2021-ci ilin fevral ayında isə tibbi komissiyadan keçmə vaxtının çatması bəhanəsi ilə onun pensiyası dayandırılmışdır. Halbuki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2019-cu ildə qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları haqqında” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcəli əlillik 10 il müddətinə təyin edildiyi halda, həmin müddət bitdikdən sonra əlillik müddətsiz hesab edilməlidir. 2019-cu ildə iddiaçı pensiya yaşına çatdığından, onun əlillik dərəcəsi müddətsiz olaraq təyin edilməli və tibbi komissiyadan keçməsi tələb olunmamalı idi. Eyni zamanda, eyni Əsasnamənin 4.3-cü bəndinə əsasən, əlillik dərəcəsindən asılı olmayaraq pensiya yaşına çatmış şəxslərə əlillik müddətsiz təyin olunmalıdır. Buna baxmayaraq, cavabdeh orqan qanunun bu tələblərini pozaraq iddiaçının pensiyasını əsassız şəkildə dayandırmışdır. DSMF-yə müraciət edərək pensiyasının yaşa görə təyin edilməsini xahiş etmişdir. Pensiya 2021-ci ilin aprel ayından bərpa edilmiş, lakin fevral və mart aylarına aid pensiya məbləğləri ödənilməmişdir. İddiaçı bu məsələ ilə bağlı DSMF-yə dəfələrlə müraciət etmiş, lakin nə iki aylıq pensiya ödənişi, nə də əlillik pensiyasının bərpası ilə bağlı rəsmi cavab almamışdır. Əlillik pensiyasının əsassız dayandırılması iddiaçıya ciddi maddi və mənəvi zərər vurmuşdur. Belə ki, o, 2020-ci ilin oktyabr ayında ağır ürək-damar əməliyyatı keçirmiş və əməliyyatdan sonra sanator-kurort müalicəsinə, dərman terapiyasına ehtiyacı olmuşdur. Əməliyyatdan cəmi üç ay keçdikdən sonra DSMF onun əlilliyini ləğv etmiş və iki ay ardıcıl pensiya ödənişini dayandırmışdır. Nəticədə, iddiaçının ailəsi məcbur qalaraq 1500 manat məbləğində bank krediti götürmüş, sonradan həmin krediti faizləri ilə birlikdə geri qaytarmışdır. Əlavə olaraq, iddiaçı əməliyyatdan sonra tələb olunan reabilitasiya kursunu da keçə bilməmişdir. İddiaçı 22 yanvar 2020-ci ildə DSMF orqanına qarşı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək pensiyasının yenidən hesablanmasını, hər ay vəzifə maaşına əlavə olunan məbləğin pensiya hesablamasına daxil edilməsini və 15%-lik aylıq pul təminatının 25%-dən nəzərə alınmaqla hesablanmasını tələb etmişdir. Şəki İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli 2- 1(116)-547/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Lakin cavabdeh apellyasiya şikayəti vermiş, 16 oktyabr 2020-ci il tarixdə qərarın birinci hissəsini –maaşın əlavə edilməsi hissəsini ləğv etdirmiş, lakin 15%-in 25%-lə əvəz olunması hissəsi qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh kassasiya şikayəti verərək qərarın tam ləğvinə nail olmuşdur. Bundan sonra iddiaçı AR Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə 12 iyul 2019-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən, hakimlərə 15%-lik deyil, 25%-lik aylıq pul təminatının tətbiq edilməli olduğunu müəyyən etmiş və bu qərar iddiaçıya da şamil edilmişdir. Bu qərar əsasında Ali Məhkəmə Plenumu əvvəlki qərarı ləğv edərək işi yenidən baxılması üçün İnzibati Kollegiyaya göndərmişdir. Kollegiya 7 mart 2023-cü il tarixli 2-1(102)-326/2023 saylı qərarı ilə DSMF-nin üzərinə iddiaçının pensiyasını vəzifə maaşının 25%-i nəzərə alınmaqla hesablanması öhdəliyini qoymuşdur. Lakin cavabdeh həmin hesablamanı da düzgün aparmamışdır. Belə ki, onun əvvəldən aldığı 15% maaşın 80%-indən hesablandığı halda sonradan 25% tətbiq edildikdə 10%-lik artım AR Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 №-li fərmanı ilə təsdiq olunmuş qaydalara əsasən 23.06%-lə hesablanmışdır. Həmçinin, xx.xx.2019, xx.xx.2022 və xx.xx.2022 tarixlərində hakimlərin maaşlarına edilən artımlar da eyni qayda ilə - yəni 23,06%-lə hesablanmışdır ki, bu da AR Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına ziddir. Qeyd olunan qərara əsasən, 2005-ci ilədək təyin edilmiş ümumi məhkəmə hakimlərinə və 2007-ci ilədək təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinə pensiya hesablanarkən daha üstün sosial müdafiə təminatları nəzərə alınmalıdır. Həmçinin, iddiaçının pensiyası sonuncu dəfə hesablanarkən artıq həmin “Qaydalar” Prezidentin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə ləğv edilmişdir. Buna baxmayaraq, DSMF ləğv olunmuş “Qaydalar”a əsasən hesablamalar aparmışdır. Cavabdehin 10 may 2024-cü il tarixli, 3-17- 1/2-M-10250/2024 saylı məktubundan da görünür ki, DSMF pensiya hesablamasında Konstitusiya Məhkəməsi Plenumunun qərarını deyil, özlərinə sərf edən “Qaydalar”ı əsas götürmüşdür. İddiaçı qeyd edir ki, xüsusi normativ aktla tənzimlənən məsələlərə ümumi qaydalar tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun məlum qərarı yalnız 2005-ci ilə qədər təyin olunmuş ümumi məhkəmə hakimlərinə və 2007-ci ilə qədər təyin olunmuş Konstitusiya Məhkəməsi hakimlərinə aiddir və digər hakimlərə “Qaydalar” tətbiq edilə bilməz. Digər tərəfdən o maaşı 15% edilən əlavəni 2014-cü ildən alır, bugün onun 25% olması ona 10% əlavə edilməsi deyil, 15%-in 25% olmasıdır. Eyni məbləğin 2 qaydayla hesablanması məntiqə və hüquqa ziddir. DSMF həmçinin, 17 noyabr 2021-ci il tarixli cavab məktubunda iddiaçının 3011,03 manat borcu olduğunu bildirərək, bu məbləğin tutulması üçün razılıq istəmişdir. İddiaçı nə razılıq vermiş, nə də məhkəmə qərarı olmuşdur, lakin vəsait yenə də tutulmuşdur.

8. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçının pensiya işinə dair sənədlərdə iddiaçıya Fondun İsmayıllı rayon şöbəsi tərəfindən 2 dekabr 2008-ci il tarixindən əlilliyə (İİ qrup) görə pensiya təyin edildiyi qeyd olunmuşdur. İddiaçının müraciətinə əsasən (9 mart 2021-ci il tarixində daxil olmuş) aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 2 dekabr 2008-ci il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 160,65 manat, digər növ əlavələr 453,13 manat olmaqla orta aylıq əmək haqqı 1684,78 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş- redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1684,78 manat) 80 faizi-1347,82 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 29608,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 29668,31 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 59,75 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanununa əsasən 1 oktyabr 2010-cu il tarixindən Azərbaycan Respublikası birinci instansiya hakimlərinə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. Bununla əlaqədar 1 oktyabr 2010-cu il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 160,65 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 160,65 manat, digər növ əlavələri 479.90 manat olmaqla orta aylıq əmək haqqı 1872,20 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1872,20 manat) 80 faizi-1497,76 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2010xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 56914,88 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 58646,54 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1731,66 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013cü il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşı 1242.00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 186,30 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 186,30 manat, digər növ əlavələr 556,53 manat olmaqla orta aylıq əmək haqqı 2171,13 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının pensiyası “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2171,13 manat) 80 faizi-1736,90 manat məbləğində hesablanmalı olduğu halda, 2013-cü ilin dekabr ayı üzrə 1789,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də iddiaçıya həmin ay üzrə 52,10 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 217,35 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 217,35 manat, digər növ əlavələr 649,28 manat olmaqla orta aylıq əmək haqqı 2532,98 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2532,98 manat) 80 faizi-2026,38 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 105371,76 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 108660,76 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3289,00 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 6 il 11 ay 6 gün hakimlik stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 23,06 faiz təşkil edir. (6 il 11 ay hakim kimi iş stajı 6 il müvafiq olaraq 72 (6x12) ay və 11 ay olmaqla, ümumilikdə 83 ay təşkil edib. Hakim kimi 15 il iş stajına müvafiq olaraq 180 (15x12) ay olduğundan orta aylıq əmək haqqının 50 faizinin 180 aya nisbətinin hakim kimi iş stajının aylarının sayına hasili nəticəsində (50:180 ay x 83 ay) pensiyanın artım faizi 23,06 faiz hesablanıb). Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli 2-1(102)-245/2021 nömrəli məhkəmə Qərarında əmək pensiyasının artım hissəsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixindən qüvvədə olmuş redaksiyasına deyil, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun 142 nömrəli Fərmanına uyğun olaraq hesablanması qeyd olunmuşdur. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1596.00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 239,40 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 239,40 manat, digər növ əlavələr 715,15 manat olmaqla orta aylıq əmək haqqı 2789,95 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 may 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2532,98 manat) ilə 1 may 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2789,95 manat) arasındakı fərq məbləğinin (256,97 manat) 23,06 faizi- 59,26 manat 1 may 2018-ci il tarixinədək hesablanmış pensiyanın (2026,38 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası məbləği 2085,64 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 33370.24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 34403,68 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1033,44 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 259,88 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 259,88 manat, digər növ əlavələr 776,32 manat olmaqla orta aylıq əmək haqqı 3028,58 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2789,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (3028,58 manat) arasındakı fərq məbləğinin (238,63 manat) 23,06 faizi- 55,03 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiya (2085,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 2140,67 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40672,73 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 37517.81 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3154.92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-31.08 2019-cu il tarixləri arasındakı dövr ərzində 6165.95 manat artıq pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3154,92 manat əskik pul vəsaiti ödənildiyindən ümumilikdə 3011,03 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 2021-ci ilin aprel ayından etibarən iddiaçının əmək pensiyasının 2140.67 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filiala 9 mart 2021-ci il tarixində iddiaçının daxil olmuş müraciətinə əsasən aparılan araşdırma nəticəsində iddiaçının pensiya məbləği 2021-ci ilin aprel ayından qanunvericiliyə uyğunlaşdırılaraq 2140.67 manat məbləğində müəyyən edilib, həmçinin iddiaçıya xx.xx.2008-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3011,03 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya 17 sentyabr 2021-ci il tarixli **********7 nömrəli məktubla ətraflı məlumat verilib. Mərkəzi Filiala 30 avqust 2021-ci il tarixində iddiaçının təqdim etdiyi sənədlərə uyğun olaraq 2021-ci ilin oktyabr ayından etibarən əmək pensiyası 2140.67 manatdan 2305.60 manata artırılıb, həmçinin ötən dövr üzrə yenidən hesablanıb. Nəticədə vaxtilə iddiaçıya artıq ödənilmiş pul vəsaiti əmək pensiyasının artırılması nəticəsində ötən dövr üzrə hesablanmış fərq məbləğindən çıxılaraq iddiaçıya ödənilməli olan qalıq 2779.92 manat pul vəsaiti müəyyən edilib. Həmin 2779.92 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Eyni zamanda bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən ölkə üzrə minimum əmək haqlarının artırılması və 1 iyul 2022-ci il tarixindən hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 2320.97 manat məbləğində, 1 iyul 2022-ci il tarixindən 2624.31 manat məbləğində müəyyən edilib, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 1048,35 manat fərq məbləği hesablanıb. Həmin 1048,35 manat pul vəsaiti xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 349,45 manat) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Bundan başqa, maddi yardım üzrə iddiaçıya ödənilməli olan 104,85 manat pul vəsaiti də 2022-ci ilin oktyabr ayında iddiaçıya ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 2886,74 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3311,09 manata artırılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli 2-1(102)-326/2023 nömrəli qərarına əsasən iddiaçının pensiyası 2023-cü ilin iyun ayından 3311,09 manatdan 3383,39 manata artırılıb, həmçinin xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə yenidən hesablanaraq iddiaçıya ödənilməli olan, ümumilikdə 2063,60 manat pul vəsaiti müəyyən edilib. Həmin 2063,60 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 206,36 manat) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Eyni zamanda maddi yardım üzrə iddiaçıya ödənilməli olan 58,38 manat pul vəsaiti də 2023-cü ilin iyun ayında iddiaçıya ödənilib. Yuxarıda göstərilənlərlə bağlı Mərkəzi Filial tərəfindən iddiaçıya 28 yanvar 2022-ci il tarixli **********0 nömrəli, 2 dekabr 2022-ci il tarixli **********1 nömrəli, 4 sentyabr 2023-cü il tarixli 3-17-1/2- M202092/2023 nömrəli və 30 noyabr 2023-cü il tarixli 3-17-1/2-M-281370/2023 nömrəli məktublarla məlumat verilib. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 6 il 11 ay 6 gün hakim kimi iş stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 23,06 faiz təşkil edir. Belə ki, iddiaçının 6 il 11 ay hakim kimi iş stajı 6 il müvafiq olaraq 72 (6x12) ay və 11 ay olmaqla, ümumilikdə 83 ay təşkil etmişdir. Hakim kimi 15 il iş stajına müvafiq olaraq 180 (15x12) ay olduğundan orta aylıq əmək haqqının 50 faizinin 180 aya nisbətinin hakim kimi iş stajının aylarının sayına hasili nəticəsində (50:180 ay x 83 ay) pensiyasının artım faizi 23,06 faiz hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq əmək pensiyasının təyinatı orta aylıq əmək haqqının 80 faizi miqdarında müəyyən edilib və 1 may 2018-ci il tarixinədək sonrakı artımlar da eyni faizlə hesablanıb. Sonradan 1 may 2018-ci il, 1 sentyabr 2019-cu il, 1 yanvar 2022-ci il və 1 iyul 2022-ci il tarixlərində hakimlərin əmək haqlarının və ölkə üzrə minimum aylıq əmək haqqının artımı ilə əlaqədar vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının yalnız artım hissəsinə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərinə uyğun 23,06 faiz tətbiq edilərək əvvəlki hesablanmış pensiya məbləği ilə toplanılıb. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyinat faiz miqdarı azaldılmayıb, yəni orta aylıq əmək haqqının 80 faizi miqdarında müəyyən edilmiş, pensiyasının üzərinə 1 may 2018-ci il, 1 sentyabr 2019-cu il, 1 yanvar 2022-ci il və 1 iyul 2022-ci il tarixlərində artımlar 23,06 faiz miqdarında əlavə edilərək ödənilir. Həmçinin, əmək pensiyaları haqqında qanunvericiliyə edilmiş dəyikliklər nəticəsində əmək pensiyasına qulluq stajına görə əlavələr ödənilən şəxslərin, o cümlədən sabiq hakimlərin 1 yanvar 2023-cü il tarixindən sonra pensiya məbləğləri vaxtilə qulluq keçdikləri (və ya işlədikləri) vəzifələr üzrə əmək haqqı artırıldıqda deyil, hər il yanvar ayının 1-dən hesablanmaqla indeksləşdirilmə yolu ilə artırılır. Yəni 1 yanvar 2023-cü il tarixindən sonrakı dövr ərzində iddiaçının pensiyasının artırılması zamanı yuxarıda göstərilən 23,06 faizdən istifadə olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1 9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İddiaçı isə hazırda əmək pensiyasının yenidən hesablanmasını və ona vurulmuş ziyana görə 50.000 manat kompensasiyanın ödənilməsini tələb etsə də, müvafiq qanunvericiliyin heç bir maddəsinə istinad etmədən və əsaslandığı hallara dair heç bır sübut əlavə etmədən sadəcə şəxsi mülahizələrinə əsaslanmaqla iddia qaldırmış və ona vurulmuş ziyana görə 50.000 manat kompensasiya tələb etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddi ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Vətəndaşların kredit borclarına olan gecikmələri ilə bağlı faiz və ya cərimələrin ödənilməsində cavabdeh orqanın heç bir vəzifəsi və ya məsuliyyəti müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim X6) 7 oktyabr 2025-ci il tarixli 2-1(116)- 2777/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

13. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılan zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. xx.xx.2026-cı il tarixdə X3 məhkəmə kollegiyasına ərizə göndərərək, mərhum İddiaçı onun hüquqi varisi X3 ilə əvəz olunması və onun prosessual hüquqi varis kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasından tutulmuş 3011,03 manat pul vəsaitinin qaytarılması” tələbinə dair inzibаti iş üzrə İddiaçı hüquqi varisi X3 ilə əvəz edilmiş və onun hüquqi varisi tanınmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya 6165,95 manat artıq pul vəsaiti ödənilmişdir. xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3154,92 manat əskik pul vəsaiti ödənildiyindən həmin pul vəsaiti əvəzləşdirilmişdir. Hazırda ümumilikdə 3011,03 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin vəsait tutulmamış və əvəzləşdirilməmişdir. Bununla belə məhkəmə iddiaçıdan tutulmayan məbləğin ona qaytarılması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-2777/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-2777/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının hüquqi varisi məhkəmə iclasına gəlməmişdir.

18. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, AZE 0******* №-li şəxsiyyət vəsiqəsi, ИT ******* əmək kitabçası, Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********6 nömrəli, xx.xx.2021-ci il tarixli **********5 nömrəli, xx.xx.2022-ci il tarixli, **********8 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10448/2023 nömrəli qərarlar. AZ-İİ seriyalı 549320 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Vİ-ЖГ seriyalı 285009 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X3 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1 Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1 bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2 bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2 İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6 İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3 Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçının 9 mart 2021-ci il tarixli müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 2 dekabr 2008-ci il tarixində vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 160,65 manat, digər növ əlavələr 453,13 manat olmaqla orta aylıq əmək haqqı 1684,78 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş- redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1684,78 manat) 80 faizi- 1347,82 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçıya xx.xx.2008xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 29608,56 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 29668,31 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 59,75 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanununa əsasən 1 oktyabr 2010-cu il tarixindən Azərbaycan Respublikası birinci instansiya hakimlərinə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edildiyindən 1 oktyabr 2010-cu il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1071,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 160,65 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 160,65 manat, digər növ əlavələri 479.90 manat olmaqla orta aylıq əmək haqqı 1872,20 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (1872,20 manat) 80 faizi-1497,76 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2010-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 56914,88 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 58646,54 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1731,66 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşı 1242.00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 186,30 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 186,30 manat, digər növ əlavələr 556,53 manat olmaqla orta aylıq əmək haqqı 2171,13 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının pensiyası “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2171,13 manat) 80 faizi-1736,90 manat məbləğində hesablanmalı olduğu halda, 2013-cü ilin dekabr ayı üzrə 1789,00 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də iddiaçıya həmin ay üzrə 52,10 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1449,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 217,35 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 217,35 manat, digər növ əlavələr 649,28 manat olmaqla orta aylıq əmək haqqı 2532,98 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 11 ay 6 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2532,98 manat) 80 faizi- 2026,38 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 105371,76 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 108660,76 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3289,00 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-cı il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.2.3-cü bəndinə əsasən 1 may 2018-ci il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2532,98 manat) ilə 1 may 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (2789,95 manat) arasındakı fərq məbləğinin (256,97 manat) 23,06 faizi-59,26 manat 1 may 2018-ci il tarixinədək hesablanmış pensiyanın (2026,38 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası məbləği 2085,64 manat müəyyən edilmiş və iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 33370,24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 34403,68 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1033,44 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin əmək haqlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1732,50 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 259,88 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında əlavə 259,88 manat, digər növ əlavələr 776,32 manat olmaqla orta aylıq əmək haqqı 3028,58 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2789,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (3028,58 manat) arasındakı fərq məbləğinin (238,63 manat) 23,06 faizi-55,03 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiya (2085,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 2140,67 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40672,73 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 37517.81 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 3154,92 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 6165,95 manat artıq pul vəsaiti, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3154,92 manat əskik pul vəsaiti ödənildiyindən ümumilikdə 3011,03 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Nəticədə vaxtilə iddiaçıya artıq ödənilmiş pul vəsaiti əmək pensiyasının artırılması nəticəsində ötən dövr üzrə hesablanmış fərq məbləğindən çıxılaraq iddiaçıya ödənilməli olan qalıq 2779,92 manat pul vəsaiti müəyyən edilib. Həmin 2779,92 manat pul vəsaiti xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyə qədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz.

31. Belə ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması barədə məsələni həll edən zaman, cavabdeh inzibati orqan həmin normanın müddəaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “

32. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, “İnzibati icraat haqqında” Qanunun istinad edilən normalarının tələbindən də göründüyü kimi qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olubolmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onaartıq ödənilmiş pensiya məbləği tutula bilər.

33. Göründüyü kimi hazırkı iş üzrə əmək pensiyasının təyin edilməsi barədə qərar iddiaçıya münasibətdə “əlverişli inzibati akt” sayılır. Cavabdehin bu qəbildən olan əlverişli inzibati aktı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Yəni iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda ona artıq ödənilmiş əmək pensiyası tutula bilər.

34. Lakin cavabdeh inzibati orqan tərəfindən iddia tələbindən imtinada, iddia tələbinə etirazda və apellyasiya şikayətinin dəlillərində qeyd olunan halların hər hansı birinin mövcudluğuna istinad olunmamış, eyni zamanda məhkəmə tərəfindən aparılan araşdırma zamanı da həmin hallar müəyyən olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan artıq ödənilməsi iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz.

35. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı pensiyasından tutulmuş 3011,03 manat pul vəsaitinin iddiaçının hüquqi varisi X2 ödənilməsi öhdəliyi qoyulmalıdır.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2025-ci il tarixli 2-1(116)-2777/2025 nömrəli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı pensiyasından tutulmuş 3011,03 manat pul vəsaitinin İddiaçı ödənilməsi hissədə dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı pensiyasından tutulmuş 3011,03 manat pul vəsaitinin iddiaçının hüquqi varisi X2 ödənilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar