Məhkəmə qərarları › İş №2-1(107)-728/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-728/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-728/2025 15.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X10 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Balakən rayon Talalar bələdiyyəsinin 09 iyun 2001-ci il tarixli 07 saylı qərarı ilə satılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)- 688/2024 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. 2001-ci ildə X9 ərizə ilə Balakən rayonu Talalar Bələdiyyəsinə müraciət edərək Balakən rayonu Talalar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 09 iyun 2001-ci il tarixdə Balakən rayonu Talalar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Talalar Bələdiyyəsinin 09 iyun 2001-ci il tarixli 07 nömrəli protokoluna və xx.xx.2001-ci il tarixli sərəncamı ilə Balakən rayonu Talalar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.10 ha torpaq sahəsinin ayrılması və hər sotunun o vaxtkı məzənnə ilə 186000 manata satılması qərara alınmışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayon Talalar Bələdiyyəsinin 09 iyun 2001-ci il tarixli 07 saylı qərarı ilə satılmış 0.10 ha həyətyanı torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3070/2023 nömrəli qərardadı ilə Balakən rayon Talalar Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X1 rayonu Talalar kənd sakini olmuşdur. İddiaçı ilə nikahlarını 14 dekabr 1981-ci il tarixdə 41 nömrə ilə nikahlarını qeyd etdirməklə evlənmişlər. X9 31 dekabr 2022-ci il tarixdə ölmüşdür. 2001-ci ildə X9 ərizə ilə Balakən rayonu Talalar Bələdiyyəsinə müraciət edərək Balakən rayonu Talalar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə 09 iyun 2001-ci il tarixdə Balakən rayonu Talalar Bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Talalar Bələdiyyəsinin 09 iyun 2001-ci il tarixli 07 nömrəli protokoluna və xx.xx.2001-ci il tarixli sərəncamı ilə Balakən rayonu Talalar Bələdiyyəsinin mülkiyyətində olan sahədən 0.10 ha torpaq sahəsinin ayrılması və hər sotunun o vaxtkı məzənnə ilə 186000 manata satılması qərara alınmışdır. Göründüyü kimi X5 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə ona satılmışdır. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə xx.xx.2023-cü il tarixdə verdiyi imtina məktubunda verilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsilləri, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair Akt" sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Buna görə də onun ərizəsinin icrası tərəfindən mümkün olmamışdır.

6. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-688/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Balakən rayon Talalar Bələdiyyəsinin 09 iyun 2001-ci il tarixli 07 saylı qərarı ilə X5 ayrılmış 0,10 ha torpaq sahəsi onun vərəsəsi İddiaçı istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum ərinə satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. Təqdim edilmiş 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 47/2-1827/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X6 Balakən rayonu Talalar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı bildiririk ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0.10 ha olmaqla TEKUİS məlumat bazasında 0.0627 ha hissəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr və mülkiyyəti xüsusi və qalan 0.0343 ha hissəsinin isə kateqoriyası yaşayış məntəqələri torpaqları uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyəti xüsusi mülkiyyət kimi işlənilmişdir, iddia olunan torpaq sahəsi həmin kəndin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarına aid Talalar bələdiyyəsinin mülkiyyətində olan ictimai tikililər üçün nəzərdə tutlmuş ərazidir.Həmin torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdır və torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadəsində olan torpaq sahəsi iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür. iddiaçıya ayrılmış torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alğı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiya məhkəməsindəki birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(107)-26/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilmişdir, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon Talalar bələdiyyəsinin 09 iyun 2001ci il tarixli 07 saylı qərarı ilə X5 ayrılmış 0,10 ha torpaq sahəsinin 0.0343 ha hissəsi üzərində mərhum X5 məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulmuş və iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam tımin edilməsini xahiş etmişdir.

kassasiya instansiya məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1618/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(107)-26/2025 nömrəli qərarı mübahisələndirilən hissədə ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS məlumat bazasında sözügedən 0,10 ha torpaq sahəsinin 0,0627 ha hissəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələrdir, kəndin kompleks yerquruluşu layihəsinə əsasən isə yaşayış məntəqələrinin torpaqlarına aid Talalar bələdiyyəsinin mülkiyyətində olan ictimai tikililər üçün nəzərdə tutulmuş ərazidir. Bu səbəbəbdən hesab edirik ki, həmin torpaq sahəsi həyətyanı kimi qeydiyyata alına bilməz. Belə ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan mövcud kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyasının məlumatlarının dəyişdirilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində deyildir. Digər tərəfdən, müvafiq qanunvericiliyin tələbinə görə ictimai tikililər (ümumi istifadə) üçün nəzərdə tutulmuş bələdiyyəyə aid torpaq sahəsinin xüsusi mülkiyyətə satılması nəzərdə tutulmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-1(116)-688/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi, Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)-688/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, TEKUİS məlumatlarının hüquqi əsası barədə AR ƏMDX və 18 saylı Zaqatala Ərazi İdarəsində məlumat yoxdur. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

17. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

18. “İnzibati icraat haqqında” Qanun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1618/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 2- 1(107)-26/2025 nömrəli qərarı 0.0627 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına 0.0627 ha torpaq sahəsinə aid hissədə qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Balakən rayon Talalar Bələdiyyəsinin 09 iyun 2001-ci il tarixli 07 saylı qərarı ilə satılmış 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın əldə edilməsinə yönəlmişdir.

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 2- 1(107)-26/2025 nömrəli qərarı “sözügedən torpaq sahəsinin 0.0343 ha hissəsinin mərhuma məxsus olmasına dair elektron arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində kassasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilmişdir.

25. 0.0627 ha torpaq sahəsinə aid hissədə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarda qeyd edilən mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin həmin kəndin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarına aid Talalar bələdiyyəsinin mülkiyyətində olan ictimai tikililər üçün nəzərdə tutlmuş ərazi olduğu qeyd edilsə də, TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin 0.0627 ha hissəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının çoxillik əkmələr olduğu qeyd olunmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən TEKUİS məlumat bazasına həmin torpaq sahəsi ilə bağlı məlumatların hansı sənədlər əsasında işlənməsi araşdırılmamış, təkcə mütəxəssis rəyinə istinad edilərək iddia torpaq sahəsinin 0.0627 ha hissəsində rədd edilmişdir.

26. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

27. Məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə sorğu verilmiş, iddia olunan torpaq sahəsinin 0,0627 ha hissəsinin TEKUİS məlumat bazasında kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının çoxillik əkmələr qeyd edilməsinin səbəbləri, sözügedən torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı icraatın aparılıb-aparılmamasına aydınlıq gətirilməsi tələb edilmişdir.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış sorğu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə yönəldilmiş və sonuncu, cavab məktubunda qeyd etmişdir ki, Azəbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən respublikanın ərazisində aparılmış uçot işlərinin nəticəsi əsasında işlənilən “X3 X4” nin (TEKUİS) məlumat bazasının yaradılması 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılmadığına görə həmin torpaq sahəsinin TEKUİS məlumat bazasında kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının çoxillik əkmələr kimi qeyd edilməsi ilə bağlı məlumat yoxdur. Sözügedən torpaq sahəsi DWG baza məlumatlarına əsasən yaşayış məntəqələri torpaqlarına aid Balakən rayonu Talalar bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatına yararsız ictimai tikililər üçün nəzərdə tutulmuş ərazi kimi qeyd edilmişdir və həmin ərazinin təyinatının dəyişdirilməsi ilə bağlı hər hansı bir icraat aparılmamışdır.

29. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.2-ci bəndinə əsasən X3 uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

30. Bununla belə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin 0,0627 ha hissəsinin TEKUİS məlumat bazasında kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyasının çoxillik əkmələr qeyd edilməsinin səbəbləri barədə məhkəmə kollegiyasının sorğusunu cavablandıra bilməmiş və sorğunu tabeliyində olan quruma yönəltmişdir.

31. Göründüyü kimi DƏDKR PHŞnin 18 saylı Zaqatala Ərazi İdarəsi torpaq sahəsinin TEKUİS məlumat bazasında kateqoriyasının kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edildiyini təsdiq edən hər hansı məlumatın mövcud olmamasını, habelə ilkin təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan həmin ərazinin təyinatının dəyişdirilməsi ilə bağlı hər hansı icraatın aparılmamasını bildirir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinin məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini, torpaqların kateqoriyasının məlumatlarının dəyişdirilməsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində olmamasını vurğulasa da, faktiki olaraq Nazirlər Kabinetinin müvafiq qərarı olmadan ilkin təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsinin hazırda kənd təsərrüfatı təyinatlı olmasına istinad edir.

33. Əgər cavabdeh orqan torpaq sahəsinin təyinatının dəyişdirilməsi qaydasından məlumatlıdırsa və mübahisəli ərazi üzrə belə bir icraatın aparılmaması müəyyən edilirsə, o halda həmin ərazinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması dəlilindən çıxış etməməli, əksinə, torpaq sahəsinin təyinatının dəyişdirilmədiyini nəzərə almalı idi. Lakin, cavabdeh orqan, mənbəyi bəlli olmayan məlumatlara (ilkin imtina cavabında qeyd edilməmişdir) kortəbii şəkildə istinad etmiş, mövqeyini əsaslandıran heç bir dəlilə malik olmadığı halda ilkin olaraq əsassız imtina cavabı verməklə lüzumsuz mübahisəsinin yaranmasına, daha sonra isə onun davam etdirilməsinə səbəb olmuşdur.

34. Cavabdeh orqanın “müvafiq qanunvericiliyin tələbinə görə ictimai tikililər üçün nəzərdə tutulmuş bələdiyyəyə aid torpaq sahəsinin xüsusi mülkiyyətə satılması nəzərdə tutulmamışdır” mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil cavabdehin verdiyi imtina qərarı ilə ziddiyyət təşkil edir. Belə ki, əgər cavabdeh mübahisəli torpaq sahəsinin TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) kimi qeyd olunduğunu iddia edirsə, bu halda həmin ərazinin eyni zamanda ictimai tikililər üçün nəzərdə tutulmuş bələdiyyə torpağı olması barədə mövqeyi hüquqi və məntiqi baxımdan tamamilə absurddur (irəli sürülən dəlilləri bir-birini inkar edir)

35. İlkin torpaqayrıma sənədlərindən görünür ki, sözügedən sahənin yeri - bələdiyyə mülkiyyətində olan (sökülmüş sara) kəndin hamam binasının arxa hissəsi olaraq qeyd edilmişdir. Yerquruluşu planında isə satılan torpaq sahəsi yox, qonşu (D-dən A-ya kimi) ərazi ictimai tikinti altındakı torpaqlar olaraq qeyd edilmiş və DTXK-nin Balakən rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Mübahisəli torpaq sahəsinin satılmasından 24 il keçmiş və hazırda üzərində fərdi yaşayış evi mövcuddur. Ötən müddət ərzində torpaq sahəsində hər hansı ictimai tikili tikilməyib və tikilməsi ilə bağlı hər hansı mübahisə yoxdur.

36. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi satılan zaman (2001-ci ildə) DWG baza məlumatlarına əsasən yaşayış məntəqələri torpaqlarına aid ərazi olduğundan və ötən müddət ərzində sözügedən torpaq sahəsinin təyinatı dəyişdirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.

37. Məhkəmə kollegiyası yuxarıda şərh olunan halları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, lakin cavabdeh prosessual hüquq varisi ilə əvəz edildiyindən, əvəz edilmiş cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(116)-688/2024 nömrəli qərarı dəyişdirilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 üzərinə 0,0627 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar