Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-73/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, üçüncü şəxs X10 vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı, X25 və X11 Cavabdehnə qarşı “üçüncü şəxslər X18, X8, X22, X12, X26 və X4 iddiaçların mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli qərarından üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X18, X8, X22, X12, X26 və X4 onun mülkiyyətində olan ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıların iddia ərizəsinin əsaslarına görə, iddiaçılar Yevlax şəhəri Ə.Bayramov küçəsi 2 saylı fərdi yaşayış evinin tam mülkiyyətçisidirlər. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.09.2020-ci il qeydiyyat tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışı ilə Yevlax şəhəri Ə.Bayramov küçəsi 2 saylı yaşayış evi onların mülkiyyəti olmaqla bu rəsmiyyət dövlət orqanında qeydiyyata alınmışdır. Evdə qeydiyyatda olan hazırkı üçüncü şəxslər X18, X8, X22, X12, X26, X9 evə razılıq olmadan, səhlənkarlıq səbəbindən qeydiyyata alınmışlar. Bu şəxslər iddiaçıların uzaq qohumlarıdır. İddiaçı üçüncü şəxslərin onların mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 15.04.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 9 maddəsinin 5-ci bəndində göstərildiyi kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. İddiaçılar və cavabdehə birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Birinci instansiya məhkəməsinin bildirişi üçüncü şəxsə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış 07.10.2021-ci il tarixli 304 nömrəli məktubda bildirilmişdir ki, məhkəmə bildirişi 05.10.2021-ci il tarixdə X10 arvadı Nümayəndə çatdırılmışdır. Üçüncü şəxslər X22 və X16 qanuni nümayəndəsi Nümayəndə məhkəməyə 12.10.2021-ci il tarixdə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Üçüncü şəxslər X9, X12, X8 məhkəməyə 25.08.2021-ci il tarixli ərizə təqdim edərək mübahisəli ünvandan qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29.03.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Yevlax şəhəri, Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsi X13 mülkiyyətində olmuşdur. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. 27.02.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 24.08.2019-cu il tarixdə ölmüş, vərəsələri arvadı İddiaçı, oğlu X25, qızı X19 olaraq müəyyən edilmiş, miras əmlak Yevlax şəhəri, Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.09.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Yevlax şəhəri Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,05 ha torpaq sahəsi hər birinə 1/3 hissə olmaqla İddiaçı, X25 və X11 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsi Yevlax şəhəri Ə.Bayramov küçəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin mülkiyyətçiləri olan X25 və X19 tərəfindən də imzalanmaqla 09.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxslər X18, X8, X22, X12, X26 və X4 iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının 31 mart 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və X25 izahat verərək bildirmişlər ki, Yevlax şəhəri Ə.Bayramov küçəsi 2 saylı fərdi yaşayış evinin tam mülkiyyətçisidirlər. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.09.2020-ci il qeydiyyat tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışı ilə Yevlax şəhəri Ə.Bayramov küçəsi 2 saylı yaşayış evi onların mülkiyyəti olmaqla bu rəsmiyyət dövlət orqanında qeydiyyata alınmışdır. Evdə qeydiyyatda olan hazırkı üçüncü şəxslər X18, X8, X22, X12, X26, X9 evə razılıq olmadan, səhlənkarlıq səbəbindən qeydiyyata alınmışlar. Onlar bizim mülkiyyətdə olan evdə bir gün də olsa yaşamamışlar və hal-hazırda da yaşamırlar. Məhkəmə kollegiyasının hazırki iclasında iştirak edən üçüncü şəxs X10 vəkili X7 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı, X25 və X19, Cavabdeh və üçüncü şəxslər X18 və qeyriləri hazırki məhkəmə iclasına gəlməmişlər. İddiaçı X19 məhkəməyə teleqram göndərərək bildirmişdir ki, ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbin müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı 16.07.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxslər X18 29.10.2008-ci il tarixdən, X8 26.04.2008-ci il tarixdən, X22 31.12.2007-ci il tarixdən, X12 05.03.2013-cü il tarixdən, X26 21 08.2012-ci il tarixdən və X9 10.06.2011-ci il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Məlumat üçün bildirilir ki, siyahıda adları göstərilən şəxslərə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. X1, X5, X6 və X4 FUK-nın təsdiqlənmiş surəti məhkəməyə göndərilmişdir. Bundan başqa, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 9 maddəsinin 5-ci bəndində göstərildiyi kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkün olması barədə İddiaçı rəsmi cavab verilmişdir. Birinci instansiya məhkəməsi araşdırması nəticəsində müəyyən etmişdir ki, üçüncü şəxslər X22 və X26 yetkinlik yaşına çatmayan və azyaşlı olmaqla anaları Nümayəndə ilə birlikdə yaşayırlar. Üçüncü şəxslər X9, X12, X8 məhkəməyə 25.08.2021-ci il tarixli ərizə təqdim edərək mübahisəli ünvandan qeydiyyatdan çıxmağa razı olduqlarını bildirmişlər. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.3-cü bəndinə əsasən isə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Bu baxımdan, məhkəmə bildirir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. İddiaçılar İddiaçı, X25 və X11 iddia ərizəsindən, məhkəmə kollegiyasının iclasında verdiyi izahatlardan, habelə üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən məlum olur ki, üçüncü şəxslərin ünvan 1 ünvanında istifadə hüququ yoxdur və onlar həmin evdə yaşamamışlar və hal-hazırda da yaşamırlar. Məhkəmə kollegiyası üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd etdiyi iddiçının həyat yoldaşı tərəfindən onlara məxsus ünvan 5 ünvanda olan yaşayış evi sökülərək zərər vurulduğu üçün onların həmin ünvandan qeydiyyatdan çıxarılmasının qanunsuz olması dəlili ilə razılaşmır və məhkəmə kollegiyası onun nəzərinə çatırır ki, vurulmuş zərərə görə iddia qaldırmaq hüququ vardır. Həm də həmin faktın mövcud olması apellyasiya şikayəti vermiş şəxsin və digər üçüncü şəxslərin ünvan 6 ünvandan qeydiyyatdan çıxarılmamasına əsas vermir. Üçüncü şəxs X2 İmamverdi Kirman oğlunun nümayəndəsi Nümayəndə həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya məhkəməsinə öz dəlillərini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1072/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-73/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-73/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver