Məhkəmə qərarları › İş №2-1(107)-73/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-73/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-73/2024 12.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamına əsasən, X5 uzun müddətli istifadə etmək üçün Göyçay rayonu ərazisindəki dövlət torpaq fondundan icarəyə qış otlaq sahəsinin ayrılması barədə Qəbələ RİH başçısının xx.xx.1999-cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi, Mirbala Xanalıyevə verilmiş qış otlaq sahəsindən X2 və onunla birlikdə 4 çoban ailəsinə 327 hektar qış otlaq sahəsinin uzun müddətli istifadə üçün ayrılması qərara alınmışdı.

2. Həmin sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən X1 adına 314,4 hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2001-ci il tarixli JN1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə" verilmişdir.

3. Bundan sonra İddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək qeyd olunan 314 ha torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir.

4. Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki "Törə dağ" adlanan dövlət torpaq fondunun 300 hektarının İddiaçı icarəyə verilməsi qərara alınmışdır.

5. Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır.

6. Bundan sonra X4 RİH-ə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir.

7. Göyçay RİH-in komissiyası tərəfindən torpaq sahələrinə baxış keçirilmiş, rayonun keçmiş R.Rza və Bığır təsərrüfatlarının inzibati ərazisinin aralığında yerləşən dövlət fondu torpaqlarından 1000 hektar torpaq sahəsinin X10 uzun müddətli icarəyə verilməsi məsləhət bilinmiş və bu barədə xx.xx.2013-cü il tarixli akt tərtib edilmişdir.

8. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamına əsasən, rayonun inzibati ərazisində mövcud olan dövlət fondu torpağından 1000 hektarın X10 uzun müddətli icarəyə verilməsi qərara alınmışdır.

9. X10 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planı tərtib edilmişdir.

10. Göyçay RİH ilə X14 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)" bağlanmışdır.

11. Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə icarəyə verilmiş 1000 ha torpaq sahəsinə X9 icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

12. Həmin 1000 ha torpaq sahəsi ilə bağlı X9 adına xx.xx.2017-ci ildə A-123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir.

13. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Göyçay RİH-in xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının 300 ha torpaq sahəsinə aid hissədə ləğv olunmasını xahiş etmişdir.

14. O, tələbini belə əsaslandırmışdır ki, Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X10 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona icarəyə verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşür.

15. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, X14 hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

16. Cavabdeh Göyçay RİH iddia ilə bağlı xx.xx.2019-cu il tarixli 220 nömrəli məktubunda iddianı qəbul edib-etmədiyini bildirməmiş və yuxarıda göstərilən halları sadalamaqla kifayətlənərək, işə qanunauyğun baxılmasını və müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı "xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddiası təmin edilməmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin 12 may 2020-ci il tarixli 2-1(107)-131/2020 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1608/2020-ci nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(107)-131/2020 saylı 12 may 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin 9 mart 2023-cü il tarixli 2-1(107)-1/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamının X6 icarəyə verilmiş 300 ha torpaq sahəsinin X9 adına **********27 reyestr nömrəli çıxarışla (№261120 Torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü 273.46 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

22. Üçüncü şəxs X14 həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1472/2023-cü nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-1/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay RİH-ə ərizə ilə müraciət edərək 314 ha torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmişdir. Göyçay RİH başçısının xx.xx.2011 -ci il tarixli, 76 nömrəli sərəncamına əsasən, Göyçay rayonu inzibati ərazisindəki “Törə dağ” adlanan dövlət torpaq fondunun 300 hektarının ona icarəyə verilməsi qərara alınmışdır. Göyçay RİH ilə onun arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)” bağlanmışdır. Bundan sonra X14 ilə Göyçay RİH-yə xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət edərək rayonun inzibati ərazisində olan dövlət fondu torpaqlarından ona uzun müddətli icarəyə torpaq sahəsinin verilməsini xahiş etmişdir. Beləliklə, Göyçay RİH ilə X14 arasında 1000 ha torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2013-cü ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi” bağlanmışdır. Nəticədə Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X10 icarəyə verilmiş 1000 ha torpaq sahəsinin 300 ha hissəsi Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə ona verilmiş 300 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Bu səbəbdən X14 ilə aralarında narazılıqlar olmuş, sözügedən şəxs onun həmin ərazini tərk etməsini bildirmişdir. O da bununla bağlı Göyçay RİH ilə onun arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci ildə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlandığını bildirmişdir. Aralarında olan narazılıqları hüquq müstəvisində həll etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X21-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019nömrəli qərarı ilə iddia tələbi obyektiv araşdırılmadan qərar qəbul edilmişdir.Belə ki, qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, guya ona icarəyə verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilməmiş kserosurətini məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı və xx.xx.2019-cu il tarixli məktubu ilə həmin sənədin əslinin, yaxud da notarial qaydada təsdiqlənmiş surətinin məhkəməyə təqdim olunması ona təklif edilsə də, o, həmin sənədi təqdim edə bilməmişdir. Lakin göstərilən məlumatlar həqiqəti əks etdirmir. Ona verilmiş 300 ha torpaq sahəsinin yerquruluşu planının təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etmişdir. Bütün bunlar məhkəmənin işə obyektiv baxmamasının göstəricisidir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)-730/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2-1(84)- 730/2019 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştitrak edən üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq caabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

27. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X11 bildirdi ki, 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi iddiaçının istifadəsində olan torpaq sahəsinə naturada baxış keçirən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi X9 icarəsinə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin bildirdi ki, iddiaçıya verilən torpaq sahəsinin naturada koordinatları bəlli olub. Onlar rəy vermişlər ki, İlkin Nəbizadənin icarəsinə verilmiş 1000 ha torpaq sahəsi İddiaçı naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin GPS avadanlığı vasitəsi koordinatları müəyyən edilib kameral şəraitdə emal olunan zaman məlum olub ki, həmin torpaq sahəsi İlkin Nəbizadənin icarəsinə verilmiş 1000 ha torpaq sahəsi üst-üstə düşür. İddiaçı verilmiş torpaq sahəsinin yerləşdiyi ərazini, torpaq sahəsinin konkret istinad nöqtələri və koordinatları olsaydı müəyyən edə bilərdilər. İddiaçı verilmiş torpaq sahəsini sənəd üzrə müəyyən etməmişlər, sadəcə naturada göstərdiyi üçün müəyyən etmişlər. İddiaçının əməkdaşlarına göstərdiyi və naturada istifadə etdiyi torpaq sahəsi İlkin Nəbizadənin icarəsində olan 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı təqdim etdiyi sənəddə torpaq sahəsinin koordinatları olmayıb. Həmin sənəddə sadəcə torpaq sahəsinin cizgiləri olub. İstənilən halda torpaq sahəsinə baxış keçirilir və onun əsasında kameral şəraitdə araşdırma aparılır. Verilmiş 07 iyul 2020-ci il tarixli məktubla bağlı olaraq əlavə etmişdir ki, həmin məktubda qeyd olunanlar düzgün ifadə olunmamışdır.

29. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Qəbələ RİH başçısının xx.xx.2000-ci il tarixli 125 nömrəli sərəncamı. - X1 adına olan xx.xx.2001-ci il tarixli JN-1057 kod 40800001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə". - Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı. - Göyçay RİH ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)". - Göyçay RİH-in komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli akt. - Göyçay RİH başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı. - X10 icarəyə verilən 1000 ha dövlət fondu torpağının yerquruluşu planından çıxarış. - Göyçay RİH ilə X14 arasında bağlanmış xx.xx.2013-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (Torpaq icarəsi müqaviləsi)". - X9 icarəyə hüququ ilə bağlı RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyataı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış". - X9 adına 1000 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş xx.xx.2017-ci il tarizli A- 123496 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü". - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/993 nömrəli və 11 yanvar 2023-cü il tarixli 10-8569 nömrəli rəyləri.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 46.1. Yay və qış otlaqlarının torpaqları da dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

32. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67.1 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

33. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

34. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

35. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

36. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir. (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1472/2023-cü nömrəli, xx.xx.2023-cü tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-1/2023 saylı, 09 mart 2023-cü il tarixli qərarı ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

38. Ali Məhkəmə hazırkı iş üzrə 11 oktyabr 2023-cü il tarixli 2-1(102)-1472/2023 nömrəli qərarında qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından iddiaçının naturada göstərdiyi və onun faktiki istifadəsində olan torpaq sahəsinin Göyçay RİH başçısının xx.xx.2011-ci il tarixli, 76 nömrəli sərəncamı ilə ona ayrılmış 300 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü, yəni faktiki istifadədə olan və hüquqmüəyyənedici sənədlərə əsasən icarə üçün ayrılmış torpaq sahələrinin eyni torpaq sahəsi olduğu görünmür. Apellyasiya məhkəməsi tərəfindən bu qərarın 46-cı bəndində qeyd olunan xüsusatın, yəni iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən naturada yerləşmə yerinin və döngə nöqtələrinin koordinatlarının müəyyən olunması üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməmiş, bununla bağlı şübhələri aradan qaldıran şəkildə araşdırma aparılmamışdır.

39. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.

40. Beləliklə məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X11 mütəxəssis qismində kollegiyanın iclasına dəvət edilmişdir. O, məhkəmə kollegiyasının iclasında bildirdi ki, 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi iddiaçının istifadəsində olan torpaq sahəsinə naturada baxış keçirən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi X9 icarəsinə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür.

41. Həmçinin mütəxəssis X11 ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçıya verilən torpaq sahəsinin naturada koordinatları bəlli olub. Onlar rəy vermişlər ki, İlkin Nəbizadənin icarəsinə verilmiş 1000 ha torpaq sahəsi İddiaçı naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin GPS avadanlığı vasitəsi koordinatları müəyyən edilib kameral şəraitdə emal olunan zaman məlum olub ki, həmin torpaq sahəsi İlkin Nəbizadənin icarəsinə verilmiş 1000 ha torpaq sahəsi üst-üstə düşür. İddiaçı verilmiş torpaq sahəsinin yerləşdiyi ərazini, torpaq sahəsinin konkret istinad nöqtələri və koordinatları olsaydı müəyyən edə bilərdilər. İddiaçı verilmiş torpaq sahəsini sənəd üzrə müəyyən etməmişlər, sadəcə naturada göstərdiyi üçün müəyyən etmişlər. İddiaçının əməkdşlarına göstərdiyi və naturada istifadə etdiyi torpaq sahəsi İlkin Nəbizadənin icarəsində olan 1000 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı təqdim etdiyi sənəddə torpaq sahəsinin koordinatları olmayıb. Həmin sənəddə sadəcə torpaq sahəsinin cizgiləri olub. İstənilən halda torpaq sahəsinə baxış keçirilir və onun əsasında kameral şəraitdə araşdırma aparılır. Verilmiş 07 iyul 2020-ci il tarixli məktubla bağlı olaraq əlavə etmişdir ki, həmin məktubda qeyd olunanlar düzgün ifadə olunmamışdır.

42. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/993 nömrəli rəyindən görünür ki, “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1057 nömrəli şəhadətnamədə və İddiaçı adına təqdim edilmiş sənədlərə əlavə edilmiş ilkin torpaqayırma sənədlərinə əlavə edilmiş sxemdə torpaq sahəsinin kifayət qədər istinad nöqtələri, koordinatları və dəqiq ölçüləri olmadığından onun icarəsinə verilmiş 300.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək mümkün olmamışdır. Göyçay rayon İcra Hakimiyəti başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli sərəncamı və Göyçay RİH ilə İddiaçı arasında 300 ha torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqaviləyə əsasən İddiaçı icarəyə verilmiş 300 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərə əlavə edilmiş ilkin torpaqayırma sxemində torpaq sahəsinin kifayət qədər istinad nöqtələri, koordinatları və dəqiq ölçüləri olmadığından 300.0 ha torpaq sahəsinin Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamı ilə X10 icarəyə verilmiş 1000 ha torpaq sahəsi ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2023-cü il tarixli 10/8569 nömrəli rəyindən görünür ki, Cavabdeh başçısının 19 sentyabr 2011-ci il tarixli 76 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən yerquruluşu planında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları mövcud olmadığı üçün 300 ha torpaq sahəsinin yerləşmə yerini müəyyən etmək mümkün olmamışdır.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli 53 nömrəli sərəncamın 300 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2019-ci il tarixli, 2-1(84)-730/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar