Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-73/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X6 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardımın imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 7-ci və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 oktyabr 2023-cü il tarixdən təyin olunaraq 1 (bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1175/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı cavabdehin ünvanlı dövlət sosial yardımın imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı Sosial Yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 4-cü, 5-ci, 7-ci və 8-ci maddələrinə əsasən müraciət etdiyi 01 oktyabr 2023-cü il tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ünvanlı sosial yardım almaq məqsədi ilə 06 oktyabr 2023-cü il tarixli **********940 nömrəli "Ərizə bəyannamə" ilə cavabdeh inzibati orqana müraciət etmiş, ona ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı cavabdeh sosial yardımın təyinatından imtina edilməsi haqqında qərar qəbul etdiyinə görə, 01 oktyabr 2023-cü il tarixdən 1 (bir) il müddətinə sosial yardım almaq hüququndan aztəminatlı ailəsini qanunsuz məhrum etdiyini hesab edərək məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra ÜDSY) təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********940 nömrəli ərizə ilə müraciət etmişdir.Daxil olan müraciətə aşağıdakı əsaslarla imtina verilmişdir: Belə ki, daxil olan müraciətin araşdırılması məqsədilə iddiaçı tərəfindən ərizəbəyannaməyə daxil edilən ünvana gəlmiş əməkdaşlar tərəfindən maddi-məişət şəraitinin yoxlanılması mümkün olmamışdır. Belə ki, qeyd olunan ünvanda heç kim olmadığından təmsilçi ilə əlaqə yaradılması üçün ərizə-bəyannamədə qeyd olunan mobil telefon nömrə ilə əlaqə yaradılmış, lakin nömrənin başqa şəxsə məxsus olduğu müəyyən edilmişdir. Belə olan halda ərizə-bəyannaməyə daxil edilən əsas nömrənin başqa şəxsə məxsus olduğu və maddi-məişət şəraitinin müayinəsinin mümkün olmaması səbəbindən təmsilçiyə imtina cavabı verilmişdir.
4. İddiaçının xx.xx.2023-cü il tarixli **********94002 nömrəli müraciətinə: ailə tərkibinin düzgün göstərilməməsi, təmsilçinin atasının mülkiyyətində nəqliyyat vasitəsinin olması, maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması əsasları ilə bağlı imtina verilmişdir. Daxil olan müraciətə əsasən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi üçün ünvanda olmuş əməkdaşlar tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli yoxlama aktına əsasən təmsilçi İddiaçı və ailə üzvlərinin ünvanda olmasına baxmayaraq videoçəkiliş vasitəsilə maddi-məişət şəraitinin müayinəsinə icazə verməmişdir. Belə ki, ünvanda təmsilçinin ailə üzvlərindən başqa anası və atasının yaşadığı müəyyən edilmiş və atasının mülkiyyətində nəqliyyat vasitəsinin olduğu bildirilmişdir. Bundan başqa təmsilçi xx.xx.2024-cü il tarixli **********26001 nömrəli ərizəbəyannamə ilə yenidən sosial yardım üçün müraciət etmişdir.
5. Daxil olan müraciətə aşağıdakı əsaslarla: maddi-məişət şəraitinin müayinəsinə şərait yaradılmaması, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə imtina cavabı verilmişdir. Belə ki, maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş xx.xx.2024-cü il tarixli yoxlama aktına və çəkilmiş videogörüntüyə əsasən ünvana gəlmiş əməkdaşlar mayinə zamanı evdə təmsilçinin atası ve anası ilə yanaşı gizlənmiş halda bacısı və bacısının övladlarını aşkar etmişdirlər. Təmsilçinin atası müayinəyə mane olaraq israrla müayinənin təmsilçi İddiaçı ünvanda olmasına baxmayaraq onunla keçirilməsini bildirmişdir. Müayinəni keçirən əməkdaşlar şəxsə dəfələrlə qanunvericiliyə əsasən müayinənin təmsilçinin özü ile keçirilməli olmasını və ərizə- bəyannamədə adı qeyd edilməyən şəxsin müdaxilə etməsinin mümkün olmadığını bildirsə də, şəxs bununla razılaşmamış və mütəmadi olaraq müayinəyə müdaxilə etmişdir. Sonda əməkdaşların ünvanına kobud ifadələr işlətmiş, müayinənin başa çatdırılmasına şərait yaratmamışdır. Qeyd olunan bu hallar ərizə-bəyannamədə qeyd edilmiş məlumattarda uyğunsuzluq yaranmasına səbəb olmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 avqust 2024-cü il tarixli, 2- 1(116)-1175/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1175/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1175/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1175/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti və imtina bildirişi. - Cavabdehin 24 iyun 2024-cü il tarixli etirazı və ona əlavə oluna sənədlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikasının Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. M a d d ə 7. Sosial yardımın məbləği 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Bənd 2.3. Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X5 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.2. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Bənd 5.3. Ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Bənd 5.4. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Bənd 5.5. Muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə; 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Bənd 5.6. Ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Bənd 5.8. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Bənd 5.11. Natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. .
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
24. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı müraciət etdiyi 01 oktyabr 2023-cü il tarixdən təyin olunaraq 1(bir) il müddətində hər ay üçün müvafiq məbləğin ödənilməsindən ibarətdir.
25. İşin hallarından görünür ki,cavabdeh tərəfindən 2023-cü ilin oktyabr ayında ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir.Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtinaya dair bildiriş təqdim edilmişdir. Bildirişdə imtinanın iki əsası qeyd olunmuşdur: başqa şəxsə aid olan telefon nömrəsinin qeyd edilməsi; maddiməişət şəraitinin müayinəsinə şərait yaratmaması.
26. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır.
27. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.
28. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir.
29. Cavabdehin istinad etdiyi iki mərhələli yoxlama qaydasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
30. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir.
31. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir.
32. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 4- cü maddəsinə əsasən (Sosial yardımın məqsədi və prinsipləri) sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
33. Nəzərə alınmalıdır ki, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur (4.2.1ünvanlılıq), - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur (4.2.2-ədalətlilik).
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir.
35. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
36. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir.
37. İmtinanın birinci əsası ilə bağlı yuxarıda qeyd olunan normaları tətbiq edən məhkəmə həmin dəlili əsassız hesab edir. Cavabdeh tərəfindən maddi-məişət şəraitinin müayinəsinə şərait yaratmamasına dair dəlili ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddia məhkəmənin icraatında olduğu müddətdə iddiaçının müraciəti əsasında 13 fevral 2024-cü il tarixində ailinin maddi-məişət şəraitinin müayinəsi barədə akt tərtib edilmişdir.Görünüdüyü kimi mübahisələndirilən imtinaya münasibətdə isə belə bir sübut,çəkiliş və s mövcud olmamışdır.
38. Məhkəmə baxışı zamanı cavabdeh orqanın nümayəndəsi Nigar Abbasova məhkəməyə İddiaçı maddi – məişət şəratinin yoxlanılması zamanı çəkilmiş vieogörüntülərin qeyd alındığı CD diski təqdim etmiş və baxış keçirilərək tədqiq edilməsini xahiş etmişdir. Bildirmişdir ki, həmin videogörüntülərdə iddiaçının onun maddi – məişət şəratinin yoxlanılmasına maneə törətməsi öz əksini tapmışdır.
39. Cavabdeh orqanın nümayəndəsinin vəsatəti təmin edilərək məhkəmə kollegiyasının iclasında CD diskə baxış keçirilmiş və İddiaçı maddi – məişət şəratinin yoxlanılması zamanı iddiaçının yoxlamaya hər hansı maneə törətməsi halı aşkar edilməmişdir.
40. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2-1(116)-1175/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.