Məhkəmə qərarları › İş №2-1(107)-734/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-734/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(107)-734/2025 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin ##.##.2020-ci il tarixli, ** saylı iclas protokolu və onun qərarının, ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu və onun qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:

1. Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin ##.##.2016-cı il tarixli, **A saylı qərarı ilə 0,88 ha torpaq sahəsi X9 icarəsinə verilmişdir.

2. Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin ##.##.2020-ci il tarixli, ** saylı iclas protokolundan görünür ki, bələdiyyə sədri X2 rayon Mıxlıqovaq bələdiyyəsinin sədri vəzifəsindən azad edilmiş və həmin bələdiyyənin sədri X8.

3. Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolundan çıxarışdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin X13 icarəsinə verilməsi barədə bələdiyyənin ##.##.2012-ci il tarixli, **A saylı və 0,88 ha torpaq sahəsinin kənd sakini X9 icarəsinə verilməsi barədə ##.##.2016cı il tarixli, **A saylı qərarları ləğv edilmişdir.

4. Qəbələ Rayon Prokurorluğunun ##.##.2026-cı il tarixli qərarından görünür ki, ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolundakı imzalar iclas üzvlərinin özləri tərəfindən icra edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin ##.##.2020-ci il tarixli, ** saylı iclas protokolu və onun qərarının, ##.##.2012-ci il tarixli, **A saylı qərarın ləğv edilməsinə dair ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu və onun qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddia ərizəsinin əsaslarına görə, 2 il bundan əvvəl Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvü kimi özünü təqdim edən X8 iddiaçının qanuni istifadədə olan torpaq sahəsinin bir hissəsinin başqa şəxsə verməsini tələb etdikdə iddiaçı ona imtina cavabı vermişdir. 2020-ci ildən 2025-ci ilə kimi Qəbələ rayonu Mıxlıqovaq kənd bələdiyyəsinin sədrinin X10 Bələdiyyənin iclaslarının katibinin isə X2 olmasını bildiyi halda, 2024-cü ilin ikinci yarısında heç gözləmədiyi halda eşitmişdir ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvü X8 rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi özünü təqdim etməklə heç bir səlahiyyətləri olmadığı halda, torpaqları iddiaçının əlindən almaq üçün öz adından tərtib etdiyi iddia ərizəsi ilə iddiaçı və ailə üzvlərini Qəbələ rayon Məhkəməsinə vermiş, cavabdehin Cavabdeh mülkiyyətində olan Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpərin İddiaçı, X14, X15 və X19 hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, 2(025)- **/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan AR IN ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/*O** saylı mütəxəssis rəyinə əlavə edilmiş * saylı planda hüdudları göstərilən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən 0,96 ha torpaq sahəsinin həndəvərinə çəkilmiş şifer çəpər (AA ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,12 ha (reyestr nömrəsi: 406013010525) və AA ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,03 ha (reyestr nömrəsi: 406013006884) yaşayış məntəqəsi torpaq sahəsinin hüdudları ilə üst-üstə düşən hissə istisna olunmaqla) cavabdehlər İddiaçı, X14, X15 və X19 hesabına sökülməsi, AA ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,12 ha, AA ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində yeri göstərilən 0,03 ha, o cümlədən həmin ərazidə yerləşən ümumi sahəsi 150,0 kv/m olan yarımçıq tikililərin altındakı torpaq sahəsinin hüdudlarından kənarda qalan cəmi 0,68 ha torpaq sahəsinin boşaldılaraq bələdiyyə mülkiyyətinə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətinin əsasında işə baxmış Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası özünün ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini ləğv etmiş, Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərmişdir. ## ######## 2025-ci il tarixdə Şəki Kommersiya Məhkəməsi qeyd olunan *-*(***)- ****/**** saylı kommersiya işinə məhkəmənin hazırlıq iclasında baxılarkən cavabdeh tərəf kimi Şəki Kommersiya Məhkəməsinə bildirilmişdir ki, X8 özünün Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri seçilməsi haqqındakı ## ###### 2020-ci il tarixli ** saylı iclas protokolunu və İddiaçı torpağının əlindən alınması ilə bağlı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 0,88 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2012-ci il tarixli **A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli ** saylı iclas protokolundan çıxarışı təqdim etmişdir. Ancaq faktiki olaraq, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinlərinin hamısı bilir ki, 2020-2024-cü illər üçün olan müddətdə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin faktiki sədri X10, 2025-ci ildən isə X24. Məhkəməyə təqdim olunmuş Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin seçilməsi haqqındakı ## ###### 2020-ci il tarixli ** saylı iclas protokolu və İddiaçı icarəsinə verilmiş torpağının əlindən alınması ilə bağlı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2012-ci il tarixli **A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli ** saylı iclas protokolu saxtadırlar və həmin saxtakarlıqlar araşdırılaraq bu hala hüquqi qiymət verilməlidir. Şəki Kommersiya Məhkəməsinin hakimi baxılan halda saxtakarlıq faktlarının araşdırılıb, həmin sənədlərin saxtalığı müəyyən edildiyi halda, ləğv olunması məsələlərinin qaldırılması ilə bağlı Şəki Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmənin vacibliyini bildirmişdir. Odur ki, İddiaçı da müvafiq iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Iddaçı tərəf Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin 2020-ci ildə və 2025-ci illərdə seçilmiş Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri ilə əlaqəlar yaradaq bir daha müəyyən etmişdir ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin seçilməsi ilə bağlı ## ###### 2020-ci il tarixdə faktiki Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin heç bir iclası olmamış və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2012-ci il tarixli **A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli ** saylı iclası da faktiki olaraq keçirilməmişdir. Odur ki, müvafiq qərarların ləğv edilməsi üçün Şəki Inzibati Məhkəməsinə müraciət edilmişdir. Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2020-ci il tarixli ** saylı protokolundakı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvlərinin adlarının qarşılarındakı imzalar onlara məxsus deyillər. Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədri kimi X8 haqqındakı ## ###### 2020-ci il tarixli 02 protokolda iştirak etmələri kimi qeyd olunmuş Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzvləri və Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri: 1 X2, 2 X10, 3 X3. 4 X4. 5. X5 6 X8, 7. isayevə Əminət Mürvət qızı, 8 Əhmədova Sübhanə ilqar qızı, 9. X6. 10. X16 və 11. X7- hamısı iddiaçıya məhkəməyə gəlib, həmin iclasdan xəbərlərinin belə olmadığı, təbii ki, həmin iclasda iştirak etməmələri haqqında müvafiq ifadələrini verməyə hazır olduqlarını bildiriblər. “Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanunun 16-cı maddəsinin 6-cı bəndinin tələblərinə görə bələdiyyələrin iclaslarının protokolları bələdiyyənin kitabında qeydiyyata alınmalı və bələdiyyənin möhürü ilə təsdiqlənməlidir. Lakin bu elementar hallar belə gözlənilməmişlər. Bu hal isə özü-özlüyündə həmin sənədlərin etibarsız olmalarını labüd edir.

7. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası IPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə edilərək iddiaçının nümayəndəsinin dinlənilmə hüququ təmin edilmişdir. Iddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Baxılan iş üzrə iddiaçı iddia tələbində Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2020-ci ıl tarixli ** saylı protokolunun və həmin iclasda qəbul olunması iddia olunan müvafiq qərarın və Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2012ci il tarixli **A saylı qərarının ləğv edilməsinə dair Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli ** saylı iclas protokolunun və həmin iclasda qəbul olunması iddia olunan müvafiq qərarın ləğv olunmaları öhdəliklərinin Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin üzərinə qoyulmasını qeyd etsədə, sözügedən qərarlarla iddiaçının hansı hüquqlarının pozulmasını ümumiyyətlə əsaslandırmamış, iddia ərizəsi “fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, qanunla qorunan mənafelərinə mühüm zərər vurduğundan” qaldırılmışdır. Hazırkı halda iddiaçı başqalarının deyil öz hüququn həqiqətən də cavabdeh tərəfindən pozulmasını əsaslandırmamış, ümumi şəkildə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin əməkdaşının əməllərinin qeyri-qanuni olduğunu qeyd etmişdir. Bununla yanaşı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sözügedən qərarlarının həqiqətən də iddiaçının hüquqlarını pozduğu güman edildiyi təqdirdə, o halda Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Iddiaçıya izah olunmuşdur ki, Cavabdeh ##.##.2020-ci il tarixli ** saylı Qərarı inzibati aktdır və onun mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən bu üzürlü hesab edilməsi ilə bağlı sübut təqdim olunmalıdır. Məhkəmə onu da vurğulayır ki, iddia tələbində “cinayətin əlamətləri ilə bağlı xüsusi qərardad çıxarılması” ilə bağlı qeyd olunmalıdır ki, “......MPM-in 265.5 və 265.6-cı maddələrinin məzmununun bu cür qurulması aşağıdakılara görə açıq-aşkar qusurlu görünür: 1) xüsusi qərardad məhkəmə tərəfindən yalnız işə (mübahisəyə) baxarkən çıxarıla bilər; 2) cinayət işinin başlanması haqqında xüsusi qərardad bu növ məhkəmə aktlarının təyinatı ilə uzlaşmır; 3) məhkəmə tərəfindən cinayət işinin başlanması və yaxud bu məsələnin həlli üçün məhkəmənin israrlı olması ədalət mühakiməsinin əsas prinsiplərindən olan hakimlərin işlərə qərəzsiz baxması və məhkəmə icraatının tərəflərin çəkişməsi əsasında həyata keçirilməsi prinsiplərinə xələl gətirir.”. (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun ## ###### 2008-ci il tarixli Qərarı). Hazırda iddiaya mahiyyəti üzrə baxılması mümkün olmadığından iş “xüsusi qərardad”ın çıxarılması məsələsinə də qiymət verilməsi mümkün deyil.

9. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı apellyasiya şikayətini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin əməkdaşı X8 qeyri-qanuni əməlləri nəticəsində digər vətəndaşlarla yanaşı birinci növbədə özünün pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı məhkəmələrə müraciət etmişdir. Məhz iddiaçının əmlaklarının ələ keçirilməsi uçun Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin adından məhkəmələrə iddia ərizələri verir, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin adından saxta sənədləri məhkəmələrə təqdim edir, Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin sədrinin adından öz tamamilə qanunsuz və əsassız iddialarını müdafiə edir. Digər tərəfdən isə Qəbələ rayonunun Mıxlıqovaq kənd Bələdiyyəsinin əməkdaşı X8 tərəfindən qanunsuz əməllərin törədilməsi birdəfəlik akt deyildir, davam edən ciddi qanun pozuntusu olan hüquqi aktlardır və onun qeyri-qanuni əməlləri hazırda da digər vətəndaşlarla yanaşı iddiaçının hüquqlarını kobud surətdə pozmaqda davam edir. Odur ki, Şəki Inzibati Məhkəməsinin hakimi X20 iddiaçının iddiasını mümkünsüz hesab olunması haqqındakı ## ###### 2025-cı ıl tarixli *-*(***)-****/**** saylı qərardadını qəbul edərkən Iddiaçının Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmış iddia vermə müddətini buraxması haqqındakı qeydləri tamamilə əsassızdır və məhkəmə tərəfindən göstərilmiş həmin əsas iddianın mümkünsüz hesab olunması üçün əsas ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçı sədirlik edənin suallarına cavab olaraq müddətin ötürülməsi səbəblərini əsaslandıra bilməmiş və hər hansı bir üzürlü səbəb qeyd etməmişdir. Iddiaçı müddətin ötürülməsi ilə bağlı bildirmişdir ki, torpaq sahəsi və onun üzərində yerləşən əmlaklar ona məxsus olduğundan iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

14. “Inzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 4.1. Inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 4.2. Inzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. ... 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

15. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 14.1. Inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. Inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

20. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə qaydasında müdafiəsi təmin edilir. Lakin bu hüquq mütləq deyil və yalnız hüquqi müdafiə marağı olduğu halda həyata keçirilə bilər. Hüquqi müdafiə marağı - şəxsin qanunla qorunan hüquqlarına və maraqlarına təhlükənin mövcud olduğu hallarda, həmin hüquqların qorunması və ya bərpası üçün məhkəmə müdafiəsinə ehtiyacın yaranmasıdır. Hüquqi müdafiə marağının yaranması üçün şəxsin hüquq və ya maraqlarına bilavasitə toxunan bir hüquqi vəziyyət mövcud olmalıdır.

22. Iş materiallarından görünür ki, iddiaçı, cavabdeh orqanın iki iclas protokolunu mübahisələndirir: - ##.##.2020-ci il tarixli, ** saylı iclas protokolu (bələdiyyə sədri X2 rayon Mıxlıqovaq bələdiyyəsinin sədri vəzifəsindən azad edilməsi və həmin bələdiyyənin sədrinin X8 barədədir). - ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu (Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin X13 icarəsinə verilməsi barədə bələdiyyənin ##.##.2012-ci il tarixli, **A saylı və 0,88 ha torpaq sahəsinin kənd sakini X9 icarəsinə verilməsi barədə ##.##.2016-cı il tarixli, **A saylı qərarlarının ləğv edilməsi barədədir).

23. Iddiaçı, cavabdehin ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolunu ##.##.2016-cı il tarixli, **A saylı qərarın ləğv edilməsinə dair hissədə mübahisələndirməli olduğu halda, digər şəxsə münasibətdə qəbul edilmiş ##.##.2012-ci il tarixli qərarın ləğvini tələb etmişdir. Bununla belə sözügedən formal xətanın aradan qaldırılması irəli sürülmüş tələbə mahiyyəti üzrə baxılmasına səbəb olmayacağından, iddiaçının faktiki hüquqi marağı nəzərə alınmaqla iddianın mümkünlüyünə hüquqi qiymət verilmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə sədrinin seçilməsi barədə ##.##.2020-ci il tarixli, ** saylı qərarın ləğvi ilə bağlı tələbin “mübahisələndirmə haqqında” iddianın predmeti olub-olmaması sözügedən qərarın inzibati akt olub-olmaması baxımından qiymətləndirilməlidir.

25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər hakimiyyət tədbiridir.

26. Nəzərə alınmalıdır ki, hər hansı qərarın “inzibati akt” hesab olunması üçün onun maddi məzmunu baxımından xaricə yönəlmiş olması, konkret hüquq münasibətini tənzimləməsi və ünvanlandığı şəxs üçün hüquqi status yaratması, dəyişdirməsi və ya ona xitam verməsi tələb olunur. Inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmirlər.

27. Hüquqi doktrinada inzibati aktın əsas funksiyaları sırasında icraatın başa çatdırılması, qanunun konkretləşdirilməsi və sabitləşdirilməsi, icra sənədi kimi çıxış etməsi, habelə inzibati-prosessual və hüquqi müdafiə funksiyası fərqləndirilir. Bu funksiyalar inzibati aktın yalnız zahiri formasına görə deyil, onun maddi məzmununa və yaratdığı hüquqi nəticəyə görə qiymətləndirilməsini zəruri edir.

28. Icraat funksiyası baxımından inzibati akt müəyyən inzibati icraatın yekunu kimi çıxış edir və konkret şəxsə münasibətdə inzibati-hüquqi məsələni həll edir. Hazırkı halda bələdiyyə sədrinin seçilməsi barədə qərar iddiaçının müraciəti əsasında başlanmış inzibati icraatın yekunu kimi qəbul edilməmişdir. Mübahisələndirilən bələdiyyə sədrinin seçilməsi barədə qərar bələdiyyənin daxili təşkilati fəaliyyətinə aid aktdır. Həmin qərarın predmeti iddiaçı ilə bələdiyyə arasında publik hüquq münasibətinin həlli deyil, bələdiyyənin öz daxilində rəhbər vəzifəni icra edəcək şəxsin müəyyən edilməsidir.

29. Konkretləşdirmə və sabitləşdirmə funksiyası baxımından inzibati akt ümumi hüquq normasını fərdi hala tətbiq etməli, konkret şəxs üçün hüquq və vəzifələri dəqiqləşdirməlidir. Bələdiyyə sədrinin seçilməsi barədə qərar isə iddiaçıya münasibətdə hər hansı ümumi hüquq normasını konkretləşdirmir və yeni hüquqi vəziyyət yaratmır. Başqa sözlə, qərarın iddiaçıya münasibətdə hüquqi statusu konkretləşdirən və sabitləşdirən təsiri yoxdur.

30. Icra funksiyası baxımından inzibati akt, bir qayda olaraq, onun ünvanlandığı şəxsə münasibətdə icra oluna bilən hüquqi göstəriş ehtiva edir. Mübahisələndirilən qərar iddiaçıdan müəyyən hərəkət etməyi, hərəkətdən çəkinməyi və ya müəyyən vəziyyətə dözməyi tələb etmir.

31. Inzibati-prosessual və hüquqi müdafiə funksiyası baxımından isə inzibati aktın mövcudluğu ona qarşı mübahisələndirmə haqqında iddianın qaldırılmasına imkan yaradır. Lakin bu hüquqi müdafiə vasitəsi yalnız şəxsin hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir edən inzibati akta münasibətdə mümkündür. Hazırkı halda iddiaçı bələdiyyə üzvü deyil, bələdiyyə sədrliyinə seçilmək hüququna malik şəxs kimi çıxış etmir və həmin seçki prosedurunda iştirak hüququnun pozulması və ya bələdiyyə üzvü kimi hər hansı publik-hüquqi statusuna müdaxilə ilə bağlı tələb irəli sürmür.

32. Göründüyü kimi mübahisələndirilən qərarla bələdiyyə daxilində sədr vəzifəsinin kim tərəfindən həyata keçiriləcəyi müəyyən olunur və bələdiyyə üzvü olmayan iddiaçıya münasibətdə xaricə yönəlmiş fərdi hüquqi nəticə yaratmır.

33. Odur ki, bələdiyyə sədrinin seçilməsi barədə 2020-ci il tarixli qərar iddiaçıya münasibətdə xaricə yönəlmiş hüquqi nəticə doğuran inzibati akt kimi qiymətləndirilə və həmin qərarın ləğvinə dair tələb mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Iddiaçının həmin qərarın ləğvini tələb etmək üçün subyektiv hüququ və hüquqi müdafiə marağı mövcud deyildir.

34. Iddiaçının həmin qərarla hüquqi əlaqəsi yalnız dolayı xarakter daşıyır. Belə ki, iddiaçı bələdiyyə sədrinin sonradan onun maraqlarına toxunan digər qərararın qəbulunda iştirak etməsini əsas gətirir.

35. Iş materiallarından görünür ki, iddiaçının hüquqlarına müdaxilə yaradan inzibati akt cavabdehin ##.##.2024-cü il tarixli, ** saylı qərarıdır (tələbədə qərarın tarixi səhv qeyd edilmişdir).

36. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı da, onun icarəsinə 0,88 ha torpaq sahəsinin verilməsi barədə bələdiyyənin ##.##.2016-cı il tarixli, **A saylı qərarının ləğv edilməsinə dair bələdiyyənin ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolu ilə qəbul edilmiş qərarın ləğvinə nail olmaqdır. Məhz bu qərarın qanuniliyinin yoxlanılması zamanı kollegial qərarı qəbul etmiş üzvlərin səlahiyyətləri, qərarın qəbul proseduru və bələdiyyə iclasının qanuniliyi ilə bağlı məsələlər mübahisələndirilə bilər.

37. Irəli sürülmüş tələb üzrə iddia növü “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

38. IPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

39. Işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - ##.##.2024-cü il tarixdə qəbul edilmişdir. Iddiaçı, sözügedən qərarı mübahisələndirmək hüququnun ona Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli iclasında izah edilməsini və bundan sonra ##.##.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini bildirsə də, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, mübahisələndirilən ##.##.2024-cü il tarixli iclas protokolunun məzmunu həmin qətnamədə əks olunmuşdur.

40. Iddiaçı, həmin qətnamədən ##.##.2025-ci ildə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində mübahisələndirilən qərarın məzmununa istinad etmişdir. Göründüyü kimi iddiaçının ən geci ##.##.2025-ci il tarixdə mübahisələndirilən qərarın məzmunundan məlumatı olmuşdur. Iddia ərizəsi isə 4 ay sonra ##.##.2025-ci ildə məhkəməyə təqdim edilmiş, bununla da, IPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmamışdır. Qeyd olunan hal iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır.

41. Məhkəmə kollegiyasının iclasında iddiaçı, mübahisəli torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların ona məxsus olduğunu bildirmiş, ##.##.2024-cü il tarixli mübahisələndirilən qərardan məlumatı olduqdan sonra qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində məhkəməyə müraciət etməməsinin öz iradəsindən asılı olmayan üzrlü səbəblərlə bağlı olmasını əsaslandıra bilməmişdir.

42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ##.##.2024-cü il tarixli iclas protokolunun qərarı bələdiyyə sədri tərəfindən təkbaşına deyil, bələdiyyə iclasında kollegial qaydada qəbul edilmişdir.

43. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir və həmin qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. “Bələdiyyələrin statusu haqqında” Qanuna görə də bələdiyyə seçilmiş üzvlərdən ibarət nümayəndəli kollegial orqandır və bələdiyyə iclaslarında baxılan məsələlərə dair qərarlar üzvlərin səs çoxluğu ilə qəbul edilir.

44. Odur ki, bələdiyyə sədri vəzifəsinin kim tərəfindən icra edilməsinin iş üçün heç bir hüquqi əhəmiyyəti yoxdur. Həmin şəxs bələdiyyə sədri kimi səlahiyyətli olmasa belə, bələdiyyə üzvü kimi iclasda və səsvermədə iştirak etmək səlahiyyətinə malik olmuşdur. Qərarın qəbuluna dair əsas hüquqi əhəmiyyəti olan məsələ də, bələdiyyənin kollegial qərar qəbul etməsidir.

45. Işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qəbələ Rayon Prokurorluğunun ##.##.2026-cı il tarixli qərarından görünür ki, ##.##.2024-cü il tarixli, ** saylı iclas protokolundakı imzalar iclas üzvlərinin özləri tərəfindən icra edilmiş, qərar yekdilliklə qəbul olunmuşdur (iclasda iştirak etmiş şəxslər ##.##.2019-cu ildə *** saylı Oğuz-Qəbələ seçki dairəsindən Mıxlıqovaq bələdiyyəsi üzrə seçilmiş namizədlər olmuşlar).

46. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının ##.##.2024-cü il tarixli qərarın qanunsuzluğunu bələdiyyə sədrinin seçilməsi ilə əlaqələndirməsinə lüzum olmamışdır. Iddiaçının hüquqi marağı 2024-cü il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı olmuş, lakin həmin tələb üzrə iddia müddəti ötürülmüşdür.

47. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar