Məhkəmə qərarları › İş №2-1(107)-736/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-736/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-736/2025 18.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən, məruzəçi), Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və ona və övladlarına ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2538/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "ünvanlı dövlət sosial yardımın verilməsinə dair müraciətindən imtina edilməsinə dair xx.xx.2024- cü il tarixli qərarın ləğv olunması, xx.xx.2024-cü il tarixdən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi və 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi” öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7408/2025 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) 2-1(116)-2538/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı, həmin qərardan аpеllyаsiyа şikаyəti vermiş, sözügedən qərarın alınma tarixini xx.xx.2025-ci il qeyd etmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə bildiriş göndərilərək аpellyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə 18 dekabr 2025-ci il tarixdə baxılacağı bildirilmiş və izah edilmişdir ki, аpellyаsiyа şikаyətinin verilməsi müddətinin burаxılmаsı həmin şikаyətin qeyri-mümkün sаyılmаsı üçün əsаslаrdаn biridir. Eyni zamanda bununla əlaqədar olaraq iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası inzibati işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin qeyri-mümkün sayılmasını xahiş etdi. İnzibati Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. ... Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2538/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-in 23.1-ci və 85.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, 10 gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. İddiaçı, mübahisələndirdiyi məhkəmə aktını xx.xx.2025-ci il tarixdə aldığını qeyd etsə də, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2538/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə, saat 18:48-də iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda, İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq, sözügedən məhkəmə aktının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın elektron kabinetdə yerləşdirildiyi xx.xx.2025-ci il qəbul edilməli və prosessual müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2-1(116)-2538/2025 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün sonuncu gün 28 oktyabr 2025-ci il olmuşdur. Bununla belə, apellyasiya şikayəti yalnız 01 dekabr 2025-ci il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətində iddiaçı, həmin şikayətin verilmə tarixi kimi 24 noyabr 2025-ci ili göstərmişdir. Lakin bu tarixdə artıq apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bitməsindən 27 gün keçmişdir. Hətta iddiaçının göstərdiyi 20 oktyabr 2025-ci il tarixini əsas götürülsə belə, yenə də inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük müddət buraxılmış hesab olunacaqdır. Göründüyü kimi İPM-nin 85.1-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddət iddiaçı tərəfindən ötürülmüşdür. Prossesual müddətin üzürlü səbəblərdən ötürülməsinə dair hər hansı sübut təqdim edilməmiş, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2538/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmır, apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar