Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-74/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə çıxarılmış Şəki İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(116)-1033/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nun Zaqatala rayon şöbəsinə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli 2-1(116)-1033/2021 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh inzibati orqan olmuş DSMF-nun Zaqatala rayon şöbəsi – hüquq varisi olan ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi yaşa görə əmək pensiyası almaq hüququnun yaranması, 1970- 1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işləməsi, işlədiyi illərin təqdim etdiyi arxiv arayışında qeyd olunması, 1973-1975-ci illərdə hərbi xidmətdə olması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını iddiaçının stajının 25 ildən az olması, 1970-ci ildə iddiaçının 15 yaşı olmasını, həmin dövrdə qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə əsasən 16 yaşı tamam olmamış şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi, iddiaçının 1970-ci ildə 206 adam günü işləməsinə və əmək haqqısında qaralama olmasına dair qeydlərin aparılması, iddiaçının 10.11.1973cü il tarixdən 10.11.1975-ci il tarixədək hərbi xidmətdə olması, lakin arxiv arayışında 1974cü ildə iddiaçının 173 adam günü işlədiyi və 357 rubl əmək haqqı almasının qeyd edilməsi, vətəndaşın eyni vaxtda həm hərbi xidmətdə, həm də kolxozda işləməsinin qeyri-mümkün olması, arxiv arayışında iddiaçının 389 adam günü işləməsi qeyd edilsə də, bir il 365 gündən ibarət olduğundan iddiaçının 389 adam günü işləməsinin qeyri-mümkün olması ilə əsaslandırmışdır. Cavabdeh inzibati orqan iddiaçının ümumilikdə 23 il 2 ay 2 gün sığorta stajının olmasını, pensiya hüququnun yaranmasına əsas olan 25 il sığorta stajının tamamlanmamasını nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) 02 noyabr 2021-ci il tarixli, 2-1(116)- 1033/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(116)-1033/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, məhkəmə qərarda mənim sığorta stajımı illər üzrə düzgün hesablamamış, minimum adam günü normasını hesablayarkən səhvlərə yol vermiş, buna görə də ona əmək pensiyası almaq üçün tələb olunan 25 il sığorta stajı alınmamışdır. Hesab edir ki, məhkəmə işi kifayət qədər araşdırmadığına görə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də hesab edir ki, məhkəmənin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunaraq iddiam təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən Şəki İnzibati Məhkəməsinin 02 noyabr 2021 -ci il tarixli 2-1(116)-10.13/2021 saylı qərarının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Zaqatala rayon Dövlət Arxivinin 22.07.2019-cu il tarixli 288 №-li arayışından görünür ki, Zaqatala rayonu Bəhmətli kənd “Kalinin” adına kolxozun şəxsi hesab kitabları yoxlanılaraq iddiaçının 1970-1974, 1976-1996-cı illər üzrə işləməsi və ona əmək haqqı və sairə hesablanması barədə müvafiq qeydlər aparılmışdır. - SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin 22.07.2019-cu il tarixli 313 №-li arayışında iddiaçının 10.11.1973-cü il tarixdən 10.11.1975-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət keçmişdir. - “Kalinin” kolxozu üzrə 1971-ci ilə aid “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ının iddiaçının adının qeyd olunduğu səhifəsindən görünür ki, 1971-ci il üzrə iddiaçının cəmi işlənmiş adam günü 103 gün qeyd edilmişdir. - “Kalinin” kolxozu üzrə 1971-ci ilə aid “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ının (2-ci kitab) iddiaçının adının qeyd olunduğu səhifəsindən görünür ki, 1971-ci il üzrə iddiaçının işlənmiş adam günü 105 gün qeyd edilmişdir. - 1977-ci il üzrə üzrə kolxozun “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ının iddiaçının adının qeyd olunduğu səhifəsindən görünür ki, iddiaçının işlənmiş adam günü ilə 146 gün qeyd edilmişdir. - “kolxozçunun əmək stajı və qazancının uçotu kitabın”dan iddiaçının adının qeyd olunduğu səhifədən görünür ki, 1979-cu il üzrə iddiaçının işlənmiş adam günlərinin sayı 326 gün olaraq qeyd edilmişdir. - DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19.10.2021-ci il tarixli məktubundan görünür ki, 01.01.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, həmin Məcəllənin 85.1ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddia həmçinin əsassızdır. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Birinci nstansiya məhkəməsi öz h üquqi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 1973, 1978-1992-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 16 ilə bərabərdir. 1970-1972, 1976-1977, 1993-1996-cı illərdə isə iddiaçı minimum adam günü normasından az işləmişdir. Odur ki, həmin illər üzrə əmək stajı aşağıdakı qaydada hesablanmalıdır: 206+208+67+170+146+177+195+150+195 = 1514/220 = 6.88. Yəni, 6 il, 10 ay, 18 gün. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 16 ilin üzərinə 6 il, 10 ay, 18 gün və iddiaçının hərbi xidmətdə olduğu 2 ili gəldikdə iddiaçının əmək stajı 24 il, 10 ay, 18 gün olur ki, bu da tələb olunan 25 il sığorta stajından azdır. Məhkəmə iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi arxiv arayışında çoxsaylı qeyri-dəqiq məlumatların əks olunmasını vurğulayaraq izah edir ki, müvafiq arxiv arayışını tərtib edən orqan arxivdə saxlanılan kolxozun “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”na, “kolxozçunun əmək stajı və qazancının uçotu kitabın”a və digər sənədlərə baxış keçirərək həmin arayışı tərtib etməli olduğundan arayışda qeyd edilən məlumatlar (rəqəmlər) arxiv sənədlərində qeyd olunmuş məlumatlardan (rəqəmlərdən) fərqli ola bilməz. Odur ki, ilkin sənədlər əsasında iddiaçının 25 il sığorta stajının müəyyən edilməsi mümkün olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən 24 il, 10 ay, 18 gün əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olmadığından, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqei ilə razılaşır və hesab edir ki, iddia tələbini təmin etməməklə dözgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk öncə iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi sənədlərdə icra olunmuş qeydlərin hər biri ayrı-ayrılıqda ilkin sənədlərlə müqayisəli şəkildə təhlil edilməsini və iddiaçının 25 il sığorta stajının yaranıb-yaranmamasını araşdırmağı zəruri hesab edir. İş materiallarına nəzər saldıqda görünür ki, Zaqatala rayon Dövlət Arxivinin 22.07.2019-cu il tarixli 288 №-li arxiv arayışında iddiaçının 1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu Bəhmətli kənd keçmiş “Kalinin” adına kolxozda işləməsi, ona əmək haqqı və sairə hesablanması barədə qeydlər vardır. Arxiv arayışında 1970-ci il üzrə işlənmiş adam günü 206, adam günü minimumu 220 olaraq qeyd edilib. Məhkəmə müvafiq qeydin qaralama ilə icra edilməsi və həmin vaxt iddiaçının 15 yaşı olduğuna görə onun qanunvericiliyə əsasən işləməsinin yol verilməməsi ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və bildirir ki, həmin qeydin üzərində qaralamanın kolxozun özü tərəfindən icra edilməsi müəyyən edilmiş və həmin qeydin mötəbərliyini şübhə altına salan hər hansı sübut təqdim edilməmişdir. İddiaçının həmin dövrdə yaşının 15 olmasına gəldikdə isə məhkəmə qeyd edir ki, qanunvericiliyin qadağan etməsinə baxmayaraq, iddiaçının 15 yaşında kolxozda işləməsi onun təqsiri kimi nəzərdən keçirilə bilməz. İddiaçının yaşının az olması səbəbindən kolxozda işləməsinə həmin dövrdə məsul vəzifələrdə işləmiş şəxslər cavabdeh olmuşlar və bu hal iddiaçının ziyanına şərh edilməməlidir. Odur ki, məhkəmə 1970-ci il üzrə iddiaçının işlənmiş adam günü miqdarını 206 gün olaraq qəbul edir. Arxiv arayışında 1971-ci il üzrə işlənmiş adam günü 103+105, adam günü minimumu 220 olaraq qeyd edilib. Məhkəmə tərəfindən 1971-ci il üzrə “Kalinin” kolxozu üzrə “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabları” Zaqatala rayon Dövlət Arxivindən tələb edilmiş və kitablara baxış keçirilərkən 1971-ci il üzrə iddiaçının işlənmiş adam gününün 103 gün, həmin il üzrə 2-ci kitabda isə əlavə 105 adam gününün olması ilə bağlı qeydin aparılması müəyyən edilmişdir. Odur ki, məhkəmə 1971-ci il üzrə iddiaçının işlənmiş adam günü miqdarını 208 gün olaraq qəbul edir. Arxiv arayışında 1972-ci il üzrə işlənmiş adam günü 67, adam günü minimumu 220 olaraq qeyd edilib. Müvafiq qeyd olduğu kimi qəbul edilir və mübahisələndirilmir. Arxiv arayışında 1973-cü il üzrə işlənmiş adam günü 229, adam günü minimumu 220 olaraq qeyd edilib. Müvafiq qeyd olduğu kimi qəbul edilir və mübahisələndirilmir. Arxiv arayışında 1974-cü il üzrə işlənmiş adam günü 173, adam günü minimumu 220 olaraq qeyd edilib. İş materiallarında olan SHXÇÜDX-nin Zaqatala rayon şöbəsinin 22.07.2019-cu il tarixli 313 №-li arayışında iddiaçının 10.11.1973-cü il tarixdən 10.11.1975ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət keçməsi müəyyən edildiyindən, məhkəmə arxiv arayışının 1974-cü ilə münasibətdə cavabdehin etirazı ilə razılaşır və hesab edir ki, iddiaçının eyni vaxtda həm hərbi xidmət keçməsi, həm də kolxozda işləməsi mümkün deyildir. Odur ki, məhkəmə, 1974-cü ilə dair arxiv arayışında aparılmış qeydləri düzgün hesab etmir. Arxiv arayışında 1976-cı il üzrə işlənmiş adam günü 170, adam günü minimumu 220 olaraq qeyd edilib. Müvafiq qeyd olduğu kimi qəbul edilir və mübahisələndirilmir. Arxiv arayışında 1977-cı il üzrə işlənmiş adam günü 389, adam günü minimumu 220 olaraq qeyd edilib. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş 1977-ci il üzrə üzrə kolxozun “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”ndan çıxarışdan görünür ki, iddiaçının adının qarşısında olan 389 rəqəmi ona ödənilən pul məbləği ilə bağlı olmuşdur. İşlənmiş adam günü ilə bağlı isə 146 rəqəmi qeyd edilmişdir. Buna baxmayaraq müvafiq arxiv arayışında heç bir əsas olmadan işlənmiş adam günü 389 olmaqla qeydiyyat aparılmışdır. Bundan başqa iş materiallarında olan iddiaçının 1970- ci ildən 1987-ci ilədək hesab vərəqəsinin əks olunduğu səhifədə 1977-ci il üzrə ümumiyyətlə hər hansı qeyd icra edilməmişdir. Odur ki, məhkəmə kolxozun “əmək uçotu və kolxoz üzvləri ilə hesablaşma kitabı”nda istinad edərək 1977-cı il üzrə işlənmiş adam günü miqdarını 146 gün olaraq qəbul edir. Arxiv arayışında 1978-cı il üzrə işlənmiş adam günü 231, adam günü minimumu 220 olaraq qeyd edilib. Müvafiq qeyd olduğu kimi qəbul edilir və mübahisələndirilmir. Arxiv arayışında 1979-cu il üzrə işlənmiş adam günü 252+52, adam günü minimumu 220 olaraq qeyd edilib. Zaqatala rayon Dövlət Arxivindən götürülmüş “kolxozçunun əmək stajı və qazancının uçotu kitabın”a baxış keçirilərkən iddiaçının işlənmiş adam günlərinin sayı 326 gün olaraq qeyd edildiyindən məhkəmə hesab edir ki, hər bir halda iddiaçının işlədiyi günlərin sayı adam günü minimumundan çox olduğuna görə arxiv arayışında olan qeydlərin qeyri dəqiq olması (252+52=304) həmin il üzrə iddiaçının stajının hesablanması qaydasına təsir göstərmir. Arxiv arayışının 1980-1996-cı illər üzrə qeydlərində işlənmiş adam günü ilə bağlı mübahisəli hal aşkar edilməmiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında baxış zamanı 1989-1993-cü illərə aid kolxozçunun staj kitabında hər hansı qaralama halının aşkar edilmədiyini təsdiq etmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya istinad olunan arxiv arayışına əsasən iddiaçının işlənmiş adam günü illəri-1970-ci il – 206 adam günü, 1971-ci il – 208 adam günü, 1972-ci il – 67 adam günü, 1973-cü il – 229 adam günü, 1974-cü il – iddiaçı hərbi xidmətdə olduğuna görə arxiv arayışındakı qeydlər nəzərə alınmır. 1976-cı il - 170 adam günü, 1977-ci il – 146 adam günü, 1978-ci il - 231 adam günü, 1979-cu il – 326 adam günü, 1980-cı il – 288 adam günü, 1981-ci il – 308 adam günü, 1982-ci il - 309 adam günü, 1983-cü il - 306 adam günü, 1984-cü il - 300 adam günü, 1985-ci il - 310 adam günü, 1986-cı il - 286 adam günü, 1987-cı il - 286 adam günü, , 1988-cı il - 306 adam günü, 1989-cu il - 316 adam günü, 1990-cı il - 294 adam günü, 1991-ci il - 289 adam günü, 1992-ci il - 272 adam günü, 1993-cü il - 177 adam günü, 1994-cü il - 195 adam günü, 1995-ci il - 150 adam günü, 1996-ci il - 195 adam günü kimi müəyyən edilir. Hazırkı mübahisə üzrə iddiaçı 1973, 1978-1992-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 16 ilə bərabərdir. 1970-1972, 1976-1977, 1993-1996-cı illərdə isə iddiaçı minimum adam günü normasından az işləmişdir. Ona görə də həmin illər üzrə əmək stajı aşağıdakı qaydada hesablanmalıdır: 206+208+67+170+146+177+195+150+195 = 1514/220 = 6.88. Yəni, 6 il, 10 ay, 18 gün. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 16 ilin üzərinə 6 il, 10 ay, 18 gün ilə iddiaçının hərbi xidmətdə olduğu 2 ili topladıqda iddiaçının əmək stajı 24 il, 10 ay, 18 gün olur ki, bu da tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən 24 il, 10 ay, 18 gün əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olmadığından, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsassız olması qənaətinə gəlir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1033/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-74/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-74/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver