Məhkəmə qərarları › İş №2-1(107)-74/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-74/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-74/2024 22.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli **********2 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Yevlax Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” və xx.xx.2022ci il tarixli **********7 nömrəli “əmək pensiyasının dayandırılması haqqında” qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2071/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərar ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5566/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2023-cü il tarixdə iddia tələbini dəqiqləşdirərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********2 nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Yevlax Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” qərarının və xx.xx.2022-ci il tarixli **********7 nömrəli “əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. O, uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.2000-ci ildən etibarən “X11" şirkətində bort operator vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» AR Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişinin dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçı və onun nümayəndəsi qismində inzibati icraatda mövqeyi dinlənilmiş, lakin irəli sürdüyü əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorlar və böyük bort operatorlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır.

6. Cavabdeh inzibati orqanın müövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyətində işləyən hava gəmisinin və digər uşuş aparatlarının heyət üzvləri (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır.

7. Cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılarkən AZAL QSC-yə sorğu verilmiş və həmin QSC tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, bort operatorlar uçuş heyəti üzvlərinə daxil deyildir. İlk növbədə qeyd olunmalıdır ki, hazırda AZAL QSC də bort operator vəzifəsi mövcud deyildir, ikincisi araşdırma aparılan şəxslərin heç biri AZAL QSC-nin işçisi deyillər və onlar X11 şirkətinin əməkdaşlarıdırlar. Buna görə də, AZAL QSC tərəfindən verilmiş arayışı əsas götürməklə şəxslərə təyin olunmuş pensiyanın dayandırılması əsassızdır. Bunun əvəzinə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən aydınlaşdırıcı arayış alınması daha məqsədə uyğun olardı. Çünki bu Agentlik mülki aviasiya sahəsində dövlət tənzimlənməsini həyata keçirən yeganə səlahiyyətli şəxsdir. Təmsil etdiyi şəxs tərəfindən həmin Agentliyə kollektiv şəkildə müraciət ünvanlanmış və həmin müraciətə əsasən bort operator vəzifəsinin uçuş heyətinə aid olması öz təsdiqini tapmışdır. Eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatı olan İATA-nın eləcə də Agentlik tərəfindən təsdiq edilmiş normativ sənədlərdən görünür ki, bort operatorlar uçuş heyətinin sırasına daxildir.

8. Qeyd edilənlərdən görünür ki, iddiaçıya ilkin təyinat düzgün şəkildə həyata keçirilmiş və həmin təyinatın əsassızlığına dair DSMF orqanı tərəfindən irəli sürülmüş əsaslar qanuni olmamışdır.

9. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli etirazlarınında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuş təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb.

10. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

11. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

12. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

13. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub.

14. Göründüyü kimi, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, Fondun Yevlax rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində işlədiyi xx.xx.1994-xx.xx.2007-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2007-ci il tarixindən uçuş saatlarına uyğun sözügedən Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.

15. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib.

16. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması haqqında 16 dekabr 2022-ci il tarixli **********6 nömrəli xidməti məruzə əsasında inzibati icraata başlanıldı. Daha sonra iddiaçıya qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə məktub ünvanlandı. Bununla əlaqədar olaraq, inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılan şəxs vəkili ilə birlikdə 27 dekabr 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda qəbulda oldular. Qəbul zamanı, maraqlı şəxsə vaxtilə pensiya hüququnun olmadığı halda onlara pensiya təyinatının həyata keçirildiyi, əmək pensiyasının verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişinin "Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq onlara əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Maraqlı şəxsin mülahizəsinin dinlənilməsi "İnzibati icraat haqqında" Qanunun tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanıldı, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olundu.

17. Bundan başqa, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunub və pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilib. Nəticədə ona xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 148326,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır.

18. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2071/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

22. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. X8 rayon şöbəsi tərəfindən bort operatoru vəzifəsində iddiaçının işlədiyi xx.xx.1994-xx.xx.2007-ci il tarixləri arasındakı müddət nəzərə alınmaqla xx.xx.2007-ci il tarixindən uçuş saatlarına uyğun Qanunun 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasını və Nazirlər Kabinetinin 26 oktyabr 2006cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarını əsas götürülməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanmışdır. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilmişdir. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya vaxtilə pensiya təyin olunması haqqında qərar ləğv olunmuş və iddiaçının pensiya ödənişinin cari aydan dayandırılması haqqında qərar qəbul edilmişdir. Nəticədə iddiaçıya xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 148326,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıdan artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Bildiririk ki, iddiaçı və vəkilinin iştirakı ilə 18 aprel 2023-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə iddiaçıya ətraflı məlumat verilmişdir. Həmçinin mülahizələrin dinlənilməsi barədə akt tərtib olunmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2071/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2071/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişdir.

26. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

27. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli 124-3-7/4885-22 nömrəli məktubundan görünür ki, adları qeyd edilən mütəxəssislərin "xxxx" MMC-də bort operatoru vəzifələrində uçuş heyətinin üzvləri qismində fəaliyyət göstərdikləri təsdiq olunmuşdur. İddiaçı xx.xx.2000-ci il tarixdən İL-76 tipli HG-nin Bortoperatoru vəzifəsində çalışmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 197-22/SWA/HR nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.2006-ci il tarixindən "xxxx" MMC-nin Uçuş dəstəsinin İL-76 tipli HG-nin Bort operatoru vəzifəsində işləyir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-27-102/2-893/2023 nömrəli məktubundan görünür ki, “Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.14-cü yarımbəndinə əsasən, hava gəmisinin ekipajı- uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 6 saylı Əlavəsinə əsasən, ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 əsasən hava gəmisinin bort operatoru hava gəmisinin ekipajı qismində bir sıra funksiyaları yerinə yetirir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçıbort operatoru nəzərdə tutulmuşdur. Həmin siyahıda nəzərdə tutulmuş şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən müəyyən edilmiş qaydada pensiya təminatı hüququna malikdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmi tənzimlənərkən uçuş və uçuşsınaq heyətində işləyən şəxslərin siyahısında bort operatorları müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, bildiririk ki, beynəlxalq və milli qanunvericilik normalarına əsasən, hava gəmisinin bort operatoru uçuş heyəti kimi təsnifləşdirilmir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 178-ÇS/SWA/FOD nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 14 iyul tarixli 204 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası “Mülki aviasiya haqqında beynəlxalq Konvensiya”ya qoşulmuşdur. Dövlətimizin İCAO-nun üzvü olduğunu rəhbər tutaraq, bu təşkilatın mülki aviasiya sahəsi ilə bağlı tələblərinə tərəfimizdən riayət edilməsi zəruridir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3 cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 23.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya ucuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (“Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1- “Təyyarənin uçuş ekipajı"). “İL-76" tipli hava gəmilərinin “Uçuş istismarı üzrə Təlimat”ı ilə İstehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunmuşdur. Xüsusi ilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “Uçuş istismarı Təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma-enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş "heyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. - Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərardan görünür ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərar “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmış və ona artıq ödənilmiş pensiya məbləği müəyyən edilmiş, “İnzibati İcraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilmiş, İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülmüşdür. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. - xx.xx.1985-ci ildə qüvvəyə minmiş İL-76T (TD) X9 Təlimatının ikinci nəşrinin 1.1-ci bəndinin- “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq İL-76T (TD) Hava Gəmisinin ekipajı 7 nəfərdən ibarətdir: Hava gəmisinin komandiri; İkinci pilot; Naviqatoru; Bortmühəndisi; Bortradisti; Böyük bortoperatoru; Bortoperatoru. "xxxx" Aviaşirkəti İL-76 T (TD) X10 Təlimatının yuxarıda göstərilən nüsxəsi, Hava Gəmisinin konstruktor bürosu olan X4 ASC-nin istinad nüsxəsi ilə xx.xx.2022-ci il tarixində uzlaşdırılaraq təsdiq edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

29. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə).

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər. Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) Bənd 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir.

33. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarından:

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); 2.2. uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); 2.3. komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; 2.4. paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları.

35. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 12 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın mülki aviasiya adlanan 21.3-cü bölməsində hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator vəzifələri qeyd olunmuşdur.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

38. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2071/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

40. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

41. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də xx.xx.2022-ci il tarixli **********2 nömrəli və xx.xx.2022-ci il tarixli **********7 nömrəli inzibati aktları mübahisələndirmişdir. Hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edildiyindən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət buraxılmamışdır.

44. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, bort operatoru və bort bələdçisi vəzifəsində işləmiş şəxslərə Qanunun 9.3-cü maddəsinə əsasən deyil, 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

45. Bundan başqa, cavabdeh iddiaçıya xx.xx.2007-ci il tarixdə pensiya təyin edilərkən onun stajının məhz uçuş saatlarına uyğun hesablandığını bildirir. İddiaçıya pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən təyin edilməli olduğu nəticəsinə gəlinəcəyi təqdirdə, onun tələb olunan staja malik olduğu qəbul edilməlidir. Çünki cavabdehin əsas dəlili stajın toplanmadığı ilə bağlı deyildir, o, iddiaçının ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmadığını bildirir. Cavabdeh bu zaman ona istinad edir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçıbort bələdçisi vəzifələri nəzərdə tutulub.

46. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi birbirindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir.

47. Nəzərə almaq lazımdır ki, qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər.

48. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı X10 əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar.

49. Beləliklə, sadalanan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər.

50. Bundan başqa məhkəmə kollegiyası iddiaçının bort operator kimi işlədiyi vəzifələrin uçuş heyət üzvü hesab edilib-edilməməsinə münasibətdə qeyd edir ki, SSR Mülki Aviasiya Nazirliyinin Uçuş Xidməti İdarəsinin rəisi tərəfindən xx.xx.1984-cü ildə təsdiq edilmiş və xx.xx.1985-ci ildən qüvvəyə minmiş İL 76 tipli X10 istismar təlimatından görünür ki, İL 76 T tipli təyyarə böyük qabaritli texnika və yüklərin magistral hava yollarında daşınması üçün nəzərdə tutulmuşdur. Həmin hava gəmisinin heyəti 7 nəfərdən ibarətdir: hava gəmisinin komandiri, ikinci pilot, şturman, bort mühəndis, bort radist, böyük bort operator və bort operator.

51. "xxxx" Aviaşirkəti MMC-dən əldə edilmiş uçuş istismarı təlimatına nəzərə yetirdikdə aşağıdakılar müəyyən edilir: -Təlimatın 4.1.2-ci bəndinə əsasən avia şirkət İl 76 TD və İl 76 TD-90 hava gəmilərinə malikdir və həmin hava gəmilərindən istifadə edir. -Təlimatın 4.1.3-cü bəndinə əsasən uçuş heyyəti üzvlərinə aşağıdakı şəxslər daxildirlər:-pilotlar, şturman, bort mühəndis, bort radist və bort operatorlar. - Təlimatın 5.2.7-ci bəndinə əsasən böyük bort operatorlar müstəqil şəkildə bort operator vəzifəsinin icrasına başlamamışdan öncə avia şirkətin uçuş istismarı təlimatının “D” hissəsi üzrə proqramda göstərilmiş tələblərə uyğun hazırlıq keçməlidir. Böyük bort operator uçuş tapşırığını yerinə yetirmək üçün ən azından orta təhsilə malik olmalı, yük hava gəmisinin bort operatoru şəhadətnaməsinə malik olmalı, mülki aviasiya sahəsində fəaliyyət göstərən təhsil müəssisələrində xüsusi hazırlıq kurslarını keçməli və "xxxx" avia şirkətinə məxsus İl 76 TD/TD 90 hava gəmisinin bütün modifikasiyalarına uçuş icazəsi olmalıdır.

52. Həmin təlimata əsasən avia şirkətin hava gəmisinin heyyətinə daxil olan bort operatorlar Azərbaycan Respublikasının Aviasiya haqqında Qanununun tələblərini, əmək qanunverciliyinin əsaslarını, idarə olunan hava gəmisinin bort avadanlıqlarının istismarı qaydalarının Azərbaycan Respublikasının mülki aviasiya sahəsindəki səlahiyyətli orqanının normativ hüquqi sənədlərinin, bort operator vəzifəsinin reqlamentlərini, bort operatorun normal, xüsusi, alternativ, qəza şəraitində hansı funksiyaların yerinə yetirməli olduğunu, ona aid hissədə nəqliyyat və aviasiya təhlükəsizliyi üzrə normalar, qaydalar və prosedurları, istismar şəraitində baş verəcək səhvlər və təhlükə faktorlarına nəzarət metodunu, aviaşirkət tərəfindən qəbul edilmiş daxili intizam qaydaları eləcə də uçuş heyyəti üzvlərinin iş vaxtı və istirahət vaxtlarının qaydalarının, əməyin mühafizəsi norma və qaydalarının, texniki təhülkəsizlik istehsalat sanitariyyası və yanğın əleyhinə mühafizə qaydalarını bilməli və icra etməlidir. Eyni qaydalar bort operatorlara da şamil olunur. -Təlimatın 5.4.2-ci bəndinə əsasən "xxxx" avia şirkətində kabin heyyəti nəzərdə tutulmamışdır. 5.2.8-ci bəndə əsasən bort operatorlar uçuş heyyəti üzvü olmaqla digər heyət üzvləri ilə birbaşa və əlaqəli şəkildə hava gəmisinin idarə edilməsində iştirak edirlər və yerinə yetiriləcək uçuşun təhlükəsiz və mövcud qaydalara uyğun şəkildə həyata keçirilməsinə cavabdehlik daşıyırlar.

53. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisə üzrə iddiaçının təlimatçı bort operator vəzifəsində işləməsi işin mübahisələndirilməyən halıdır.

54. Cavabdeh inzibati orqan hesab etmişdir ki, təlimatçı bort operator vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında qeyd olunmuş, eləcə də həmin vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli Qərarında əks olunmadığından iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsi ilə deyil, 9.1-ci maddəsinin şərtləri yerinə yetirildiyi təqdirdə güzəştli şərtlərlə pensiya hüququ yarana bilər. İddiaçı isə hesab edir ki, o, İL 76 tipi yük hava gəmisinin təlimatçı bort operatoru vəzifəsində işləyir, həmin vəzifə hava gəmisini istehsal edən müəssisə, eləcə də iddiaçının işəgötürəni tərəfindən təsdiq edilmiş normativ sənədlərə əsasən İl 76 tipli yük hava gəmisində bort operator, böyük bort operator və təlimatçı bort operator vəzifələri uçuş heyyəti üzvləri hesab edilir.

55. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri onun gördüyü işin xarakteristikası və yerinə yetirməli olduğu funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsbit edir. Belə ki, istər İl 76 tipli yük X10 istismar təlimatı, istərsə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, bort operatorlar digər uçuş mütəxəssisləri kimi o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar.

57. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələri hansının uçuş heyət üzvlərinə aid olub-olmaması məsələsini dəqiq şəkildə fiziki şəxslərin işlədikləri işəgötürən müəssisə müəyyən edə bilər.

58. Nəzərə alınmalıdır ki, yük gəmilərində (sərnişin gəmilərindən fərqli olaraq) bort operatorların yerinə yetirdiyi funksiya hava gəmisinin sahibi və istismarçısı tərəfindən fərqləndirilmişdir. İddiaçı isə bort operator olaraq məhz yük gəmisinin (“İL-76 T (TD)” hava gəmisi) idarə edilməsində iştirak etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən digərləri ilə yanaşı (siyahı əlavə olunmuşdur) iddiaçının da "xxxx" MMC-də bort operatoru vəzifəsində uçuş heyətinin üzvləri qismində fəaliyyət göstərdikləri təsdiq edilmişdir (siyahıda 21 nömrə ilə qeyd edilmişdir).

59. Hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarının yerinə yetirilib-yetirilmədiyinin müəyyənləşdirilməsi üçün isə həmin şəxslərin hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslər qrupuna daxil olub-olmadıqlarına baxmaq lazımdır. Bu məsələyə münasibətdə işin hallarından müəyyən olunur ki, iddiaçının yerinə yetirdiyi bort operator vəzifəsi hava gəmisinin istismarçısı tərəfindən məhz həmin qrupa aid edilmişdir.

60. Məhkəmə cavabdeh inzibati orqanın təlimatçı bort operator vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında əks olunması mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin vəzifə adıçəkilən Qərarda öz əksini tapsa da, şəxsə həmin Qərara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi o halda mümkün olardı ki, şəxs ümumiyyətlə uçuş heyəti üzvü kimi fəaliyyət göstərməsin və uçuş üzvü heyətində aid olmayan vəzifələrdə işləmiş olsun və onun qanunvericliklə müəyyən edilmiş 12 il 06 ay zərərli iş stajını tamamlamaq üçün bu vəzifə götürülə bilər.

61. Birinci instansiya məhkəməsi qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

62. Odur ki, iddiaçının işlədiyi “İL-76 T (TD)” yük hava gəmisində bort operator vəzifəsi (sərnişin gəmilərindən fərqli olaraq) heyət üzvü deyil, uçuş heyətinin üzvüdür və bu səbəbdən məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı olmuşdur.

63. Kollegiya həmçinin hesab edir ki, hazırkı mübahisəyə həm də etimad hüququnun tələbləri baxımından da qiymət verilməlidir.

64. Bununla bağlı qeyd etmək lazımdır ki, qüvvədə olan əlverişli inzibati aktın, yəni şəxsin əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsi onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməli, icraat çərçivəsində pensiyanın düzgün təyin edilib-edilməməsini və bunun səbəblərini müəyyən etməli, təzələnmiş icraatın nəticəsi kimi yeni qərar qəbul edərkən həm də etimad hüququnun qorunması prinsipinin tələblərini, xüsusən də “İnzibati icraat haqqında” Qanunun 67.5-67.13-cü maddələrinin müddəalarını nəzərə almaqla davranmalıdır.

65. Hazırkı işdə inzibati orqan mübahisələndirilən qərarları qəbul edərkən, yəni iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarı ləğv edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəalarına da riayət etməmişdir. Həmin normaya görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

66. Hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hal mövcud olmadığından, cavabdeh qanunsuz olduğunu iddia etdiyi əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2007-ci il tarixli qərarı yalnız həmin qərarın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu gündən 1 il ərzində ləğv etmək hüququna malikdir. Cavabdeh müddətlə bağlı şərtə riayət etməmiş, xx.xx.2007-ci il tarixli qərarı təqribən 16 il sonra xx.xx.2022-ci il tarixli qərarla ləğv etmişdir.

67. Nəzərə almaq lazımdır ki, keçən 16 il müddət ərzində cavabdehin qanunsuz olduğunu iddia etdiyi inzibati aktın ləğv olunmasını şərtləndirən hallar barədə məlumatlı olmaması inandırıcı və ağlabatan görünmür, eləcə də səmərəli idarəçilik anlayışı ilə uzlaşmır. Beləliklə, ən azından həmin vaxt cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2007-ci il tarixli qərarın ləğv olunmasını şərtləndirən hallar barədə məlumatlı olmaq imkanına malik olmuşdur, yaxud malik olmalı idi.

68. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(102)- 891/2024 və xx.xx.2024-cü il tarixli 2-1(102)-998/2024 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

69. Cavabdeh qurum isə "xxxx" QSC-dən aldığı sorğuya cavabla kifayətlənmiş, həmin qurumun yuxarıda qeyd edilənlərə əsasən “İL-76 T (TD)” hava (yük) gəmisinin istismarçısı olmasını araşdırmadan, eləcə də sorğusuna cavab olaraq həmin hava gəmisinin istismarçısı "xxxx" MMC təqdim edilmiş aydınlaşdırıcı arayışı nəzərə almadan qanunsuz əlverişsiz inzibati akt(lar) qəbul etmişdir.

70. Odur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərarların ləğvini tələb etməkdə haqlı olmuşdur.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

72. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2-1(116)-2071/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar