Məhkəmə qərarları › İş №2-1(107)-743/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-743/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-743/2025 29.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar ödənilməli olan birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-806/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021 və xx.xx.2023-cü il tarixli qərarlarında iddiaçıya qoyulmuş “kəskin sistit” diaqnozunun hərbi xidmət dövründə alınması qeyd edilmişdir.

2. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017- ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir.

3. İddiaçı, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 №-li Fərmanına əsasən ona birdəfəlik ödəmənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının əlilliyinin ümumi xəstəlik səbəbindən müəyyən edilməsini əsas gətirərək imtina cavabı vermişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. İddiaçı, cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək “hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar ödənilməli olan birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1977-ci ildə Göyçay rayonunda anadan olmuşdur. xx.xx.1996-cı, xx.xx.1996-xx.xx.1999-cu illərdə N saylı hərbi hissənin tərkibində Ağdam istiqamətində döyüş bölgəsində xidmət etmişdir. Hərbi xidmətdə olduğu dövrdə sağlamlığında qüsurlar yaranmış, tibbi sənədlərə əsasən və keçirilmiş müayinələrdən sonra xx.xx.2017-ci il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 23 saylı Qərarı ilə 1996-ci ildə hərbi xidmətə çağırılması, xx.xx.1997-xx.xx.1997-ci il tarixlərində N nömrəli hərbi hissənin tərkibindəki tibb bölüyündə müayinə və müalicə olunduğu həkim arayışları və mütəxəssis rəyləri ilə təsdiq edilmişdir. Həmin Qərarda hərbi xidmət zamanı aldığı xəstəliyinin hərbi xidmət dövründə əmələ gəlməsi öz təsdiqini tapmış, həkim qərarı ilə “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır" rəyi qoyulmuşdur. Əlillik pensiyasını 2020-ci ilin avqust ayına qədər almış, daha sonra əlillik dərəcəsi əsassız olaraq ləğv edilmiş, uzun sürən məhkəmə proseslərindən sonra əlillik dərəcəsi bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 943/2023 qərarı ilə qətiləşən Məhkəmələrin qərarları ilə hüquqları qorunmuş, əlilliyinin kəsilməsi əsassız hesab edilmişdir. Bundan sonra yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli reyestr nömrəsi xxxxxxxQ00002 saylı Qərarı ilə xəstəliynin hərbi xidmət dövründə alındığı bir daha öz təsdiqini tapmışdır. O, cavabdehə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciət etmiş, lakin əlilliyi ümumi xəstəlik səbəbindən müəyyən edildiyindən ona imtina cavabı verilmişdir.

6. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi üçün xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi hissənin tibb bölüyündə müalicə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017- ci il tarixli Qərarına əsasən İddiaçı ilkin olaraq xx.xx.2017-ci il tarixdə 5 illlik müddətə olmaqla (xx.xx.2022-ci il tarixədək) ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir. Bununla da yuxarıda qeyd olunan şərtlər iddiaçıya münasibətdə tam ödənilmir. Belə ki, iddiaçıya təyin edilmiş əlilliyin ümumi xəstəlik səbəbindən və iddiaçının xəstəliklə əlaqədar ehtiyata buraxıldığı tarixdən 20 (iyirmi) il sonra (yəni xx.xx.2017-ci il tarixdə) müəyyən edilməsi iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, iddiaçının 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə bağlı məlumatlar onun xidmət keçdiyi qurum tərəfindən Nazirliyə təqdim edilsə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar deyil, ümumi xəstəlik səbəbindən əlilliyi müəyyən edildiyindən qeyd olunmuş Fərmana əsasən iddiaçıya sözügedən birdəfəlik ödəmənin verilməsi mümkün deyildir

7. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-806/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi üçün xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək hərbi hissənin tibb bölüyündə müalicə olunmuşdur. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən İddiaçı ilkin olaraq xx.xx.2017-ci il tarixdə 5 illlik müddətə olmaqla (xx.xx.2022-ci il tarixədək) ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya təyin edilmiş əlilliyi ümumi xəstəlik səbəbidir və onun xəstəliklə əlaqədar ehtiyata buraxıldığı tarixdən (xx.xx.2017-ci il tarixdə) 20 (iyirmi) il vaxt ötmüşdür. Belə olan halda iddiaçının əsaslandığı faktiki hallar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ç) bəndi ilə uzlaşmır. Odur ki, iddia əsaslı hesab edilə bilməz.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı, apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Cavabdeh orqan apellyasiya şikayətinə etirazın dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmışdır.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2- 1(116)-806/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

tətbiq edilən hüquq

13. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsini gücləndirməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1523 nömrəli Fərmanı: Fərmanın 1 -ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmələrin (İ dərəcə əlilliyə görə - 8 800 manat; İİ dərəcə əlilliyə görə - 6 600 manat; İİİ dərəcə əlilliyə görə - 4 400 manat) verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Strateji X2 Agentliyi, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmanın 1- ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını iki ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər.

14. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu: Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il arixli, 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası” nın: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. ... 2.1. Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir. 2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. ...

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ...

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli, 1513 nömrəli Fərmanı əsasında 6600 manat birdəfəlik ödəmənin cavabdeh orqan tərəfindən ona ödənilməsinə nail olmaqdır.

23. İddiaçının 1996–1997-ci illərdə həqiqi hərbi xidmətdə olması və 2017-ci ildə əlilliyinin müəyyən edilməsi işin mübahisəsiz halıdır. Bununla belə, həm Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli 1513 nömrəli Fərmanının, həm də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün əlilliyin məhz hərbi xidmətlə səbəb əlaqəsi əsasında müəyyən edilməsi həlledici şərtdir. Belə ki, hər iki normativ sənəddə müvafiq ödənişlərin yalnız hərbi xidmətlə bağlı xəstəlik və ya xəsarət nəticəsində “əlilliyi müəyyən edilmiş” şəxslərə verilməsi nəzərdə tutulmuşdur.

24. İş materiallarında mövcud olan Mərkəzi Hərbi Həkim Komissiyasının qərarlarında iddiaçıya qoyulmuş diaqnoz üzrə xəstəliyin “hərbi xidmət dövründə alınması” ilə bağlı qeyd aparılmışdır. Bu qərarlar Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlilliyin səbəb əlaqəsinin müəyyən edilməsi zamanı nəzərə alınsa da, əlilliyin səbəbini hüquqi baxımdan müəyyən edən və dövlət orqanları üçün məcburi hüquqi nəticə doğuran yeganə sənəd TSEK-in qəbul etdiyi qərardır.

25. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

26. İş materiallarından görünür ki, iddiaçının əlilliyi 2017-ci ildə “ümumi xəstəlik” səbəbi ilə müəyyən olunmuş və əlilliyin səbəb-əlaqəsi ötən müddət ərzində mübahisələndirilməmişdir.

27. Odur ki, hazırda iddiaçının “hərbi xidmət dövründə alınmış xəstəliyə görə əlilliyi müəyyən edilmiş şəxs” statusu mövcud olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası:

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 07 avqust 2025-ci il tarixli 2-1(116)-806/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar