Məhkəmə qərarları › İş №2-1(107)-746/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-746/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-746/2025 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(116)-2380/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin xx.xx.2025-ci il tarixli NA00036230 saylı qərarının ləğv edilməsi, Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinin “Stomatologiya” ixtisasını bitirməyinə dair xx.xx.2023-cü il tarixli 000313 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ilin iyul ayında Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin “stomatologiya” fakültəsinə bakalavr pilləsi üzrə qəbul olunmuşdur. 2015-ci ilin iyul ayında həmin universiteti müvəffəqiyyətlə bitirmiş, xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi 000510 olan 000039 saylı diplom almışdır. Diplomu əldə etdikdən sonra onun Gürcüstan Respublikasında apostil edilməsini təmin etmək məqsədilə müraciət edərkən məlum olmuşdur ki, 2013-cü ilin sonlarından etibarən, yəni onun təhsilə başlamasından üç il sonra həmin universitetin diplomlarının digər ölkələrdə tanınması dayandırılmışdır. Bu barədə əvvəlcədən məlumat verilmədiyi üçün o da daxil olmaqla universitetə artıq qəbul olunmuş tələbələr təhsillərini tam şəkildə davam etdirmiş və hər il tələb olunan təhsil haqqını ödəmişlər. O, hesab edir ki, bu hal onun təhsil hüquqlarını poza bilməz və pozmamalıdır. Lakin məhz bu əsasla diplomunun apostil edilməsindən imtina olunmuş, yalnız məhkəmə qərarı ilə apostil təmin edilərək Gürcüstan Respublikası tərəfindən tanınmışdır. Buna baxmayaraq, o, 2016-cı ildə diplomunun Azərbaycan Respublikasında tanınması üçün müvafiq quruma müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhz bundan sonra 2021-ci ildə diplomunun tanınması məqsədilə, təhsilini davam etdirərək diplom almaq üçün elektron poçt vasitəsilə Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinə müraciət etmişdir. Müraciətinə cavab olaraq sözügedən universitet tərəfindən əvvəlki diplomunun və qiymət kitabçasının surətləri tələb olunmuş, həmçinin ingilis dili biliyinin yoxlanılması məqsədilə onunla müsahibə aparılacağı bildirilmişdir. Sözügedən sənədləri universitetə təqdim etmiş, eyni zamanda müsahibədə (pandemiya şəraiti olduğundan onlayn qaydada) iştirak etmişdir. Bildirir ki, sonda sözügedən universitet tərəfindən elektron poçt vasitəsilə göndərilən cavab məktubunda müsahibədən uğurla keçdiyi və universitetə qəbul olunduğu bildirilmişdir. Lakin əvvəl təhsil aldığı Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti ilə Qafqaz Beynəlxalq Universiteti arasında keçirilən fənnlər, həmin fənnlər üzrə müəyyən olunmuş kreditlər və dərs saatları ilə bağlı uyğunsuzluqlar səbəbindən 3 semestr əlavə təhsil almalı olduğu bildirilmişdir. Qeyd edir ki, həmin dövrdə atasının qəfil dünyasını dəyişməsi səbəbindən o, təhsilini nəzərdə tutulan 3 semestr yox, 4 semestr ərzində başa vurmuşdur. Həmin dövrdə kifayət qədər uzun müddət Gürcüstan Respublikasının ərazisində olmuşdur. 2023-cü ildə sözügedən universiteti də müvəffəqiyyətlə başa vurmuş, xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi 004568 olan 000313 saylı diplom almışdır. Diplomunun Azərbaycan Respublikasında tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Sözügedən universitetdə təhsil aldığı dövrdə, karantin rejimi olmasına və gediş-gəliş üçün nəzərdə tutulmuş ödəniş məbləğlərinin çox baha olmasına baxmayaraq, Gürcüstan Respublikasının ərazisində kifayət qədər olmuşdur. Bu fakt ümumvətəndaş pasportunun surətləri ilə də təsdiq olunur. Pasportunda sərhəd xidmətinin həmin ölkəyə giriş və çıxışları barədə qeydləri sübut edir ki, həmin ölkədə olduğu müddət əyani tədris üçün nəzərdə tutulan müddəti ödəyir. Sözügedən normativ müddətlər məhz Azərbaycan Respublikasının ali təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, təhsil aldığı illərin ümumi cəmi yenə də qeyd olunan maddənin tələblərini tam qaydada ödəyir. Belə ki, 2010-2015-ci illərdə Gürcüstan-Azərbaycan Tədris Universitetində 5 il və 2021-2023-cü illərdə Qafqaz Beynəlxalq Universitetində 2 il olmaqla, ümumilikdə 7 il, yəni 14 semestr əsas (baza ali) tibb təhsili almışdır. Yəni, təhsil aldığı müddət Azərbaycan Respublikasında ixtisasına ekvivalent ixtisas üzrə təhsilin müddətinə tam uyğun gəlməkdədir.

3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2021/2022-ci tədris ili üzrə - 5 ay, 2022/2023cü tədris ili üzrə - 5 ay 14 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bununla yanaşı imtinaya səbəb olmuş əsas məsələlərdən biri də ondan ibarətdir ki, iddiaçı 2010- 2015-ci illərdə akkreditasiyasız Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində təhsil alıb. İddia ərizəsində qeyd olunduğu kimi iddiaçı burada aldığı təhsilini daha sonra X2 Universitetində almışdır. Bildirilmişdir ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Bu səbəblərdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Qaydaların 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir. Bu Qaydaların 4.1.4-cü bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas(baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinin Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilməsi tələbi müvafiq olaraq qeyd olunmuş normativ müddətin bütün dövründə dərslərdə iştirakı zəruri edir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olaraq 7 ay 15 gün kimi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyasının tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Günel Şirinova-Əsədova) 23 oktyabr 2025-ci il tarixli 2-1(116)-2380/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli NA00036230 saylı qərarının ləğv edilməsi, Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinin “Stomatologiya” ixtisasını bitirməyinə dair xx.xx.2023-cü il tarixli 000313 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh orqanın imtinası iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət etməməsi və iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi ilə əsaslandırılmışdır. - Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. - Hazırda qüvvədə olan Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları) müddəalarında tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən edilmiş, bu tələblərdən biri də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) ilə bağlıdır. Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tələbənin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması şərti tanınma üçün əsasdır. Normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları üzrə kvalifikasiyanın tanınması üçün tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması bu sahələrin spesifik xarakteri və insan sağlamlığına birbaşa təsir göstərməsi ilə izah olunur. - Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olmaqla, hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Başqa sözlə desək əyani tədris zamanı tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə mütəmadi olaraq iştirak edirlər. - Hazırki işin hallarından da göründüyü kimi iddiaçı stomatoloq ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz Azərbaycan Respublikasında alınan təhsil normativ müddətinə uyğun olmalıdır. Çünki stomatologiya ixtisası tibb sahəsinin bölmələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddət qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı Gürcüstan Respublikası ərazisində 2021/2022-ci tədris ili üzrə il- 5 ay, 2022/2023cü tədris ili üzrə 5 ay 17 gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. - İddiaçının 2010-2015-ci illərdə Gürcüstan-Azərbaycan Tədris Universitetində 5 il və 2021-2023-cü illərdə Qafqaz Beynəlxalq Universitetində 2 il olmaqla, ümumilikdə 7 il, yəni 14 semestr əsas (baza ali) tibb təhsili alması, yəni, təhsil aldığı müddətin Azərbaycan Respublikasında ixtisasına ekvivalent ixtisas üzrə təhsilin müddətinə tam uyğun gəlməsinə, Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti ilə Qafqaz Beynəlxalq Universiteti arasında keçirilən fənnlər, həmin fənnlər üzrə müəyyən olunmuş kreditlər və dərs saatları ilə bağlı uyğunsuzluqlar səbəbindən 3 semestr əlavə təhsil almasına dair dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının Qafqaz Beynəlxalq Universitetində aldığı ikinci təhsil zamanı ona Gürcüstan-Azərbaycan Tədris Universitetində keçirilən, yəni hər iki universitetdə tədris olan fənlər keçirilməmişdir. Başqa sözlə, iddiaçı Gürcüstan-Azərbaycan Tədris Universitetində tədris olunmayan fənlər üzrə təhsil almışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təhsilinin mühüm bir hissəsi 2010–2015-ci illərdə Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində, yəni səlahiyyətli akkreditasiya qurumu tərəfindən tanınmayan ali təhsil müəssisəsində həyata keçirilmişdir. Sonradan təhsilin başqa universitetdə davam etdirilməsi akkreditasiyasız universitetdə alınmış tədris dövrünün hüquqi nəticələrini aradan qaldırmır. - Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. - Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 17-ci bəndinə əsasən bakalavr təhsili üzrə əsas (baza ali) təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 300- 360 kredit müəyyənləşdirilmişdir. Bu da normativ müddətin minimum 8 (səkkiz) ay olduğu mənasını ehtiva edir. Belə ki, tədris ilinin müddəti 40 həftədir və hər semestr 20 həftədən ibarətdir. - Başqa sözlə desək iddiaçının təhsil aldığı ölkədə olduğu müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaların 4.1-ci bəndinə əsasən onun aldığı təhsili mənimsəməsi üçün kifayət etmir. Bu səbəbdən də kvalifikasiyanın tanınması mümkün deyil.

6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(116)-2380/2025 nömrəli qərarının ləğv edilməsinə və iddiasının təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə iddianın təmin edilməməsinə dair qanunsuz və əsassız məhkəmə qərarı qəbul edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. - İşin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması və sübutların tam yoxlanılmaması ilə bağlı: İş materiallarında olan X4-Azərbaycan Təhsil Universitetinin GATU 000039 nömrəli Stomatologiya diplomundan görünür ki, Səhiyyə fakültəsinin xx.xx.2015-ci il tarixli 01 nömrəli qərarı ilə o, Stomatologiya Doktoru dərəcəsi ilə təltif olunmuşdur. İş materiallarında olan CİU 000313 nömrəli diş həkimi diplomundan görünür ki, Tibb fakültəsinin xx.xx.2023-cü il tarixli 23 nömrəli qərarı ilə ona həkim-stomatoloq dərəcəsi verilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixdə məktubunda onun 2021-2023-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə giriş-çıxış və qeydiyyat İAMAS bazasında qeydə alınmış məlumatlarda 2022-2023-cü il tarixlərdə Gürcüstan Resuplikasında olduğu müddət təxminən 8 ay 15 gün qeyd edilmişdir. İş materiallarında olan MMC Qafqaz Beynəlxalq Universitetinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, o, ali təhsil müəssisələrinə birgə milli imtahanlarda ümumi (magistr imtahanlarında iştirak etmədən təhsil almaq hüququ olan abituriyentlər (magistrant namizədlər) tələbələr tərəfindən sənədlərin təqdim edilməsi və onlara baxılması qaydalarının təsdiq edilməsi haqqında “Gürcüstan təhsil, elm və gənclər nazirinin №1 21 **********-xx.xx.2021-ci il tarixli əmrinə və Qafqaz Beynəlxalq Universitetinin rektorunun 02-229-2021-07-22 saylı əmrinə əsasən Tibb Fakültəsinin stomatologiya bir pilləli ingilis dilli təhsil proqramının 1-ci semestr tələbəsi kimi qəbul edilmişdir. O, Heydər Əliyev adına Gürcüstan Azərbaycan tədris Universiteti MMC-də keçdiyi təhsil kreditlərinin tanınmasına uyğun olaraq, rektorun xx.xx.2021-ci il tarixli 02- 287 saylı əmrinə əsasən 8-ci semestrdən təhsilini davam etdirmişdir. Müvafiq proqram üzrə təhsil müddəti beş ildir. Stomatologiya fakültəsinin ingilis dili tədris proqramı çərçivəsində bütün komponentlər üzrə alınan müsbət qiymətlərə əsasən (Tibb fakültəsinin xx.xx.2023-cü il tarixli 23 saylı qəran və rektorun 02-293 saylı əmri / xx.xx.2023) ona diplomlu stomatoloq Akademik dərəcəsi verilmişdir. - Sözügedən universitetdə təhsil aldığı dövrdə, karantin rejimi olmasına və gedişgəliş üçün nəzərdə tutulmuş ödəniş məbləğlərinin çox baha olmasına baxmayaraq, Gürcüstan Respublikasının ərazisində kifayət qədər olmuşdur. Bu faktı təsdiq edən ümumvətəndaş pasportunun surətləri də iş materiallarına əlavə olunmuşdur. Pasportunda sərhəd xidmətinin həmin ölkəyə giriş və çıxışları barədə qeydləri sübut edir ki, həmin ölkədə olduğu müddət əyani tədris üçün nəzərdə tutulan müddəti ödəyir. Həmçinin onu da qeyd edir ki, sözügedən normativ müddətlər məhz Azərbaycan Respublikasının ali təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur. Buna baxmayaraq, təhsil aldığı illərin ümumi cəmi yenə də qeyd olunan maddənin tələblərini tam qaydada ödəyir. Belə ki, 2010-2015-ci illərdə Gürcüstan-Azərbaycan Tədris Universitetində 5 il və 2021-2023-cü illərdə Qafqaz Beynəlxalq Universitetində 2 il olmaqla, ümumilikdə 7 il, yəni 14 semestr əsas (baza ali) tibb təhsili almışdır. Yəni, təhsil aldığı müddət Azərbaycan Respublikasında ixtisasına ekvivalent ixtisas üzrə təhsilin müddətinə tam uyğun gəlməkdədir. - Bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətindən imtina əsası kimi yalnız təhsil aldığı müddəti ödəmədiyini qeyd etmişdir. İş materiallarına əlavə etdiyi diplomların surətləri və diploma əlavələrdən də göründüyü kimi, ixtisası üzrə təhsilini hər iki Universitetdə müvəffəqiyyətlə başa vurmuşdur. Həmçinin xarici ölkədə təhsil almaq üçün zəruri olan xarici dil biliyi də kifayət qədər yaxşıdır. Belə olan halda cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müraciətindən imtina etməsi əsası kimi yalnız “təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması" fikrinə istinad etməsi tamamilə qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(116)-2380/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

13. Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 2.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8. Ali təhsil proqramları 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriatr (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” Bənd 1.6 (üçüncü abzas). Əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

17. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır: 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək; 3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”

4. Tanınmaya dair tələblər: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır.

19. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);

Apellyasiya şikayətinin mümkünlüyü

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2025-ci il tarixli NA00036230 saylı qərarının ləğv edilməsi, Gürcüstan Respublikasının Qafqaz Beynəlxalq Universitetinin “Stomatologiya” ixtisasını bitirməyinə dair xx.xx.2023-cü il tarixli 000313 saylı bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

26. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

27. İş materiallarında olan iddiaçıya məxsus X4-Azərbaycan Təhsil Universitetinin GATU 000039 nömrəli Stomatologiya diplomundan görünür ki, Səhiyyə fakültəsinin xx.xx.2015-ci il tarixli 01 nömrəli qərarı ilə iddiaçı Stomatologiya Doktoru dərəcəsi ilə təltif olunmuşdur.

28. İş materiallarında olan iddiaçıya məxsus CİU 000313 nömrəli diş həkimi diplomundan görünür ki, Tibb fakültəsinin xx.xx.2023-cü il tarixli 23 nömrəli qərarı ilə iddiaçıya həkimstomatoloq dərəcəsi verilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixdə məktub göndərərək iddiaçının 2021-2023-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə giriş-çıxış və qeydiyyat İAMAS bazasında qeydə alınmış məlumatlarda iddiaçının 2022-2023-cü il tarixlərdə Gürcüstan Resuplikasında olduğu müddət təxminən 8 ay 15 gün qeyd edilmişdir.

29. İş materiallarında olan MMC Qafqaz Beynəlxalq Universitetinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ali təhsil müəssisələrinə birgə milli imtahanlarda ümumi (magistr imtahanlarında iştirak etmədən təhsil almaq hüququ olan abituriyentlər (magistrant namizədlər) tələbələr tərəfindən sənədlərin təqdim edilməsi və onlara baxılması qaydalarının təsdiq edilməsi haqqında “Gürcüstan təhsil, elm və gənclər nazirinin №1 21 **********-xx.xx.2021-ci il tarixli əmrinə və Qafqaz Beynəlxalq Universitetinin rektorunun 02-229-2021-07-22 saylı əmrinə əsasən Tibb Fakültəsinin stomatologiya bir pilləli ingilis dilli təhsil proqramının 1-ci semestr tələbəsi kimi qəbul edilmişdir. İddiaçı Heydər Əliyev adına Gürcüstan Azərbaycan tədris Universiteti MMC-də keçdiyi təhsil kreditlərinin tanınmasına uyğun olaraq, rektorun xx.xx.2021-ci il tarixli 02- 287 saylı əmrinə əsasən 8-ci smestrdən təhsilini davam etdirmişdir. Müvafiq proqram üzrə təhsil müddəti beş ildir. Stomatologiya fakültəsinin ingilis dili tədris proqramı çərçivəsində bütün komponentlər üzrə alınan müsbət qiymətlərə əsasən (Tibb fakültəsinin xx.xx.2023-cü il tarixli 23 saylı qərarı və rektorun 02-293 saylı əmri / xx.xx.2023) İddiaçı diplomlu stomatoloq Akademik dərəcəsi verilmişdir.

30. Hazırkı iş üzrə materiallardan göründüyü kimi, İddiaçı kvalifikasiyasının tanınmasından imtina olunmuş, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün huquqı əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir.

31. Bundan başqa, iddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müraciətindən imtina etməsi əsası kimi yalnız "təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması" fikrinə istinad etməsi tamamilə qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozmuşdur.

32. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlili ilə razıraşmayaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2023cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblərə aid edilmişdir.

33. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır).

34. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Burada bir tədris ili üçün müəyyən edilmiş müddətdən Azərbaycan Respublikasında tibb təhsilinin tədrisi prosesində nəzərdə tutulmuş 20 faizlik dərs buraxma həcmi çıxıldıqda Səhiyyə Nazirliyi tərəfindən minimum olaraq 7 ay 15 gün kimi nəzərdə tutulur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 1.6-cı bəndinin ikinci abzasında qeyd olunmuşdur ki, əsas (baza ali) tibb təhsili yalnız əyani təhsilalma forması ilə həyata keçirilir.

37. Araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatları yoxlanılmış və iş materiallarında olan Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, onun 2021–2023-cü illər üzrə dövlət sərhədindən giriş-çıxış və qeydiyyat məlumatları İAMAS bazasında araşdırılmış, nəticədə hazırkı iş üzrə iddiaçının sərhədkeçmə məlumatlarının qanunvericilikdə müəyyən olunmuş normativlərə uyğunluğunun qarşılanmadığı müəyyən olunur.

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.

39. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

40. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

41. Göründüyü kimi, istinad olunan normativ aktlarda təhsil müddəti ərzində faktiki təhsil alınan dövlətin ərazisində olmanın müddəti ilə bağlı birbaşa imperativ tələb nəzərdə tutulmamışdır. Qaydalara əsasən tibb təhsilinə münasibətdə dolayı və əsas imperativ tələb, yalnız təhsilin əyani formada alınmalı olması ilə bağlıdır.

42. Hazırkı iş üzrə iddiaçının əyani təhsil alması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bununla yanaşı qeyd edilməlidir ki, əyani təhsil forması ilə qiyabi və digər (məsələn, distant/onlayn) təhsil formaları arasında əsas fərqlər onların tədris üsulu, tədrisə ayırılan vaxt, praktiki imkanlar və təhsil prosesinə tələbənin aktivliyi baxımından ortaya çıxır.

43. Məhkəmə kollegiyası həm də qeyd edir ki, məhkəmə təcrübəsində bəzi ixtisaslar üzrə əyani formada təhsil alma zamanı dərslərin bir hissəsində faktiki iştirak etməmə həmin ixtisas üzrə biliklərin xüsusiyyətləri, bəzi ixtisaslar üzrə effektiv təhsildə praktiki bacarıqların rolunun az olması, yaxud texnologiya ilə simulyasiya edilə bilməsi imkanı nəzərə alınmaqla, təhsil sənədinin (diplomun) tanınmasından imtina üçün əsas təşkil etməmişdir.

44. Lakin bu sadalanan hallar tibb təhsili ilə bağlı nəzərə alına bilməz. Belə ki, tibb təhsili xüsusi peşə hazırlığı tələb edən, insan sağlamlığı və həyatı ilə birbaşa əlaqəli olan bir sahədir. Bu səbəbdən, tibb sahəsində əldə edilən təhsilin effektivliyi təkcə onun hansı təhsil müəsisəsi tərəfindən verildiyinə bağlı deyil, həm də həmin təhsilin necə alındığına yəni tələbənin dərslərdə əyani şəkildə iştirak edib-etmədiyinə sıx şəkildə bağlıdır. Xüsusilə xarici ölkədə tibb təhsili almış bir şəxsin diplomu formal olaraq mövcud olsa da, əgər həmin şəxs faktiki olaraq dərslərin böyük əksəriyyətində iştirak etməyibsə, bu halda həmin sənədin praktik və elmi dəyəri ciddi şəkildə şübhə altına alınmalıdır. Tibb elə bir sahədir ki, burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da mükəmməl şəkildə formalaşması əsas şərtdir. Əyani təhsildə natamam iştirak edən tələbənin isə bu bacarıqları əldə etmək imkanı olmur. Əyani təhsil tibb sahəsində bir sıra mühüm imkanlar təmin edir, məsələn, simulyasiya və klinik təcrübələr vasitəsilə bacarıqların inkişafı, xəstə ilə birbaşa ünsiyyət və diaqnostik qərarvermə təcrübəsi, müəllim və təcrübəli həkimlərlə birbaşa əməkdaşlıq və mentorluq, klinik rotasiyalarla real xəstəxana mühitində təcrübə qazanmaq və s.

45. Bu imkanlardan məhrum olan tələbə yalnız nəzəriyyə ilə kifayətlənmiş olur. Halbuki, tibb sahəsində nəzəri biliklərin praktiki tətbiqi olmadan peşəkar fəaliyyət göstərmək həm xəstənin sağlamlığına, həm də ümumilikdə səhiyyə sisteminin etibarına zərbə vurur. Nəticə etibarilə, faktiki olaraq tədrisdə iştirak etməmiş və ya natamam iştirak etmiş şəxsin diplomu, formal olaraq mövcud olsa belə, tibbi peşəkarlıq baxımından etibarlı hesab edilə bilməz.

46. Bu səbəbdən, belə diplomların tanınması məsələsində təhsil prosesində iştirakın real olub-olmamasını müəyyən etmək ictimai maraqlara xidmət edir.

47. Nəzərə alınmalıdır ki, həkim olmaq yalnız bir diplomla deyil, həm də uzunmüddətli əyani təhsil, təcrübə və insani məsuliyyət hissi ilə qazanılan bir peşədir. Buna görə də tibb təhsilinin əyani şəkildə və məsuliyyətlə keçirilməsi cəmiyyətin sağlamlığı və gələcəyi baxımından əvəzsiz dəyərə malikdir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

49. Məhkəmə kollegiyası iş materiallarının ətraflı araşdırılması nəticəsində qeyd edir ki, inzibati orqanın imtina qərarında istinad etdiyi hal ondan ibarət olmuşdur ki, iddiaçı 2010-2015-ci illərdə akkreditasiyasız Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetində təhsil alıb. İddia ərizəsində qeyd olunduğu kimi iddiaçı burada aldığı təhsilini daha sonra X2 Universitetində almışdır. Bildirilmişdir ki, iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir.

50. Həmçinin də cavabdeh inzibati orqan inzibati icraat çəriçivəsində müəyyən etmişdir ki, 2021/2022-ci tədris ili üzrə - 5 ay, 2022/2023-cü tədris ili üzrə - 5 ay 14 gün. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir.

51. Kollegiya qeyd edir ki, işdə iddiaçının xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

52. Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçı stomatoloq ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz Azərbaycan Respublikasında alınan təhsil normativ müddətinə uyğun olmalıdır. Çünki stomatologiya ixtisası tibb sahəsinin bölmələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında əyani təhsilalma forması üzrə tədris ilinin müddəti 40 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddət qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı Gürcüstan Respublikası ərazisində 2021/2022-ci tədris ili üzrə il- 5 ay, 2022/2023cü tədris ili üzrə 5 ay 17 gün olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.

53. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.5-ci yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir.

54. Kollegiya hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.

55. Beləliklə, iddiaçı Gürcüstan Respublikası ərazisində 2021/2022-ci tədris ili üzrə il- 5 ay, 2022/2023-cü tədris ili üzrə 5 ay 17 gün həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur.

56. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh də iddiaçının əldə etdiyi kvalifikasiyaya dair sənədin əsas hissəsini təşkil edən təhsil dövrünün mühüm bir qisminin tədris olunduğu ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyini bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.

58. Göründüyü kimi, iddiaçının hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə kvalifikasiyanın tanınmasını zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.

59. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

60. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinası iddiaçının hazırki tələbinə münasibətdə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(116)-2380/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar