Məhkəmə qərarları › İş №2-1(107)-75/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-75/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-75/2022 24.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə (Açar sözlər: pensiyasının təyin edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təsviri hissə İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuşdur. İddiaçı əmək fəaliyyətinə 1979-1980-cı illərdə “N.Nərimanov” adına kolxozda kolxozçu vəzifəsində başlamışdır. O, 1980-1985-ci illərdə “Çingiz İldırım” adına Politexnik İnstitutunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 14 fevral 1986-cı il tarixdən BPO “Radiostroeniya”da gənc mütəxəssis kimi işə başlamışdır. Öz ərizəsi ilə 12 oktyabr 1987-ci il tarixdən işdən azad edildikdən sonra 14 oktyabr 1987-ci il tarixdə “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 01 sentyabr 1997-ci il tarixdən Şəki şəhər X7 dərnək rəhbəri vəzifəsində işləmişdir. Bundan sonra 02 sentyabr 2002-ci il tarixdən Oxud kənd orta məktəbində laborant işləmiş, bir müddət sonra həmin məktəbdə dərs tədris etməyə başlamış və hal-hazırda yenidən laborant vəzifəsində işləyir. İddiaçıya 11 fevral 2020-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. O, cavabdeh orqana ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubunda iddiaçının əlilliyə görə əmək pensiyası alması üçün tələb olunan 14 il 4 ay sosial sığorta stajı və 25800 manat pensiya kapitalının olmamasını əsas gətirərək pensiya təyin etmədiyini bildirmişdir. İddiaçı ümumi əmək stajının 24 il 8 ay olduğunu bildirsə də cavabdeh orqan onun əmək kitabçasında qaralama və düzəlişlərin olduğunu qeyd etmişdir. Qeyd olunan nöqsanlara görə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının hesablanması mümkün olmamışdır. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (xx.xx.2025-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra vətəndaşa “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya əlillik xx.xx.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2020-cı il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıbyaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçinin İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmır. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.3-cü bəndinə əsasən: 58 il (yaş)-15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay 172 ay : 12 ay = 14 il 4 aydır. Belə ki, iddiaçıya əlillik təyin olunarkən 58 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 14 il 4 ay sosial sığorta stajı və 25800 manat (58 yaş -15 = 43 x 4 = 172 /192 x 144 = 129 x 200 = 25800 manat) pensiya kapitalı tələb olunur. İddiaçının əmək kitabçası (xx.xx.1992-ci - xx.xx.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Həmçinin arxiv arayışına əsasən 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddət əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil etmək mümkün deyildir. Həmin dövrlər daxil edilsə belə indeksləşdirmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edəcəkdir və həmin məbləğ pensiya kapitalına əlavə edildiyi halda belə tələb olunan pensiya kapitalı ödənilməyəcəkdir. Yuxarıdakılara əsasən, ümumilikdə şəxsin 28 il 1 ay sığorta stajı və 17407.71 manat pensiya kapitalı vardır. İddiaçının təqdim etdiyi İT-№1411450 əmək kitabçasının surətində 11-ci və 12-ci qeydlərdə işdən çıxma, işə daxil olma tarixləri və əmrlərinin ilində qaralama-düzəliş olmuşdur. Buna görə də xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmin əmək kitabçasının 10-cu və 11-ci qeydlərini təsdiq edən möhür Azərbaycan Kənd təsərrüfatı və Ərzaq Nazirliyinin rəsmi möhürüdür. Bilindiyi kimi, 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərüfatı və Ərzaq Nazirliyi yaradılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini indiki dövrə qədər davam etdirir. X10 və Ərzaq Nazirliyinin fəaliyyət dövrü 1992-1993-cü illər olduğu halda, iddiaçının əmək kitabçasında xx.xx.1996-cı il tarixli fəaliyyəti həmin Nazirliyinin möhürü ilə təsdiq olunmuşdur. Buradan aydın olur ki, əmək kitabçasında düzəlişlər edilmiş və gerçəyi əks etdirməyən, əmək stajının müddətinin və pensiya kapitalının məbləğinin artırılması üçün yalan məlumatlar daxil edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şəki rayonu Oxud kəndində doğulmuşdur. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1986-1992, 1996, 2002-2017-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Dövlət X15n iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 210 nömrəli məktubundan müəyyən edilir ki, Şəki X17 və X3nin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Həmçinin həmin tarixli və həmin nömrəli digər məktuba əsasən müəyyən edilir ki, iddiaçı Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işləmişdir. İş materiallarında olan HB seriyalı 959069 nömrəli diplomun təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1980-1985-ci illərdə “Ç.İldırım” adına Politexnik İnstitutunda təhsil almışdır. Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)- 191/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 18 iyun 2021-ci il tarixli 2- 1(107)-212/2021 saylı qərarı ilə (hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu-məruzəçi) qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarını dəyişdirmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(102)-1738/21 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-212/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddiası təmin edilməməlidir. Hesab edirik ki, 2-1(116)-191/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli birinci instansiya məhkəməsinin qərarı aşağıdakı əsaslarla qanuna ziddir və ləğv olunmalıdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - “TSEK”) 11,02.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (xx.xx.2025-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra vətəndaşa “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya əlillik xx.xx.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları 11,02.2020-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb- yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. İddiaçının 11 iyun 2020-ci il tarixli əlilliyə görə pensiya təyin olunması üçün müraciət ərizəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsində baxılmış və 29 iyun 2020-ci ildə vətəndaşa **********4 nömrəli cavab məktubu göndərilmişdir. Belə ki, şəxsin təqdim etdiyi sənədlərə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməmə əsasları iddiaçıya göndərilən məktubda öz əksini tapmışdır. İddiaçının əmək kitabçası (xx.xx.1992-ci-xx.xx.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, xx.xx.2006-cı il talixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Həmçinin arxiv arayışına əsasən 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddət əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil etmək mümkün deyildir. Həmin dövrlər daxil edilsə belə indeksləşdirmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edəcəkdir və həmin məbləğ pensiya kapitalına əlavə edildiyi halda belə tələb olunan pensiya kapitalı ödənilməyəcəkdir. X13 Şəki Filialı tərəfindən verilən 4 mart 2020-ci il tarixli 210 nömrəli arxiv arayışına əsasən X17 və X3nin işçi qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri X19 filialına təhvil verilməyib. Beləliklə, İddiaçı tələb olunan pensiyanın minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun əlilliyə görə görə pensiya almaq hüququ yaranmır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia, həmçinin əsaslıdır. Cavabdeh tərəfindən iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsi əmək kitabçasında qeyd olunmadığına, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər olan müddət isə əmək kitabçasında 11 və 12-ci qeydlərində işdən çıxma-işə daxil olma tarixləri və əmrlərin ilində qaralama-düzəliş olduğuna görə qəbul edilməmişdir. İlk növbədə iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsinə dair məhkəmə qeyd edir ki, iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə işləməsi olan Dövlət X15n xx.xx.2020-ci il tarixli 210 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Mübahisələndirilən digər müddətlə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əksinə iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi əmrlərin surətindən müəyyən olunur ki, “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsinin 1994-cü il tarixli 21 nömrəli əmri ilə körpə uşağı olduğu üçün öz hesabına məzuniyyət buraxılmış, xx.xx.1995-ci il tarixli 59 nömrəli əmrlə 3 ay müddətinə öz hesabına məzuniyyət buraxılmışdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Cavabdeh orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalını mübahisələndirmir. Mübahisələndirilən müddət Oxud kənd “Nərimanov” adına kolxozda 1 il 1 ay staj, 930.91 manat və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər olan müddət, 10 il 05 ay 01 gün staj, 8951.25 manat pensiya kapitalıdır. (həmin müddətin nə qədər kapitala bərabər olmasını müəyyənləşdirmək üçün 14 il 2 ay sosial sığorta stajının 10501.86 manat pensiya kapitalına bərabər olduğunu nəzərə alıb, həmin müddət əsasında bir ayın 62.51 manata bərabər olduğu və 10 il 05 ayın 125 ay olduğuna görə 125*62.51=7813 manat olması hesablanmışdır.) İddiaçının mübahisələndirilməyən 17407.71 manat pensiya kapitalının üzərinə mübahisələndirilən 930.91 manat və 7813 manatı gəldikdə tələb olunan 25800 manat kapital tamamlanır. (17407.71+930.91+7813=26151.62) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının ona əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan 14 il 04 aydan artıq stajı və 26151.62 manat pensiya kapitalı olduğundan, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2(102)-1738/21 nömrəli qərarında göstərilir ki, İddiaçı işlədiyi illər sosial sığorta stajına daxil edilməklə İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, zəruri miqdarda sığorta stajı və pensiya kapitalının olmadığını bildirən cavabdeh əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının əmək kitabçasında qaralamadüzəliş aparıldığına görə xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr sığorta stajına daxil edilməmiş, nəticədə iddiaçının zəruri miqdarda pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələbinə görə İİİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu araşdırılmalıdır. Cavabdeh hesab edir ki, iddiaçının əlilliyi 58 yaşında müəyyən edilmişdir. Əmək qabiliyyətli yaş dövrü 43 ildir. 14 il 4 ay sosial sığorta stajı və 25.800 manat pensiya kapitalı olduğu halda əlilliyə görə pensiya hüququ yarana bilər. Əmək kitabçasında olan 1992-2002-ci illər nəzərə alınmadığından və kolxozda işlədiyi illər əmək kitabçasında göstərilmədiyindən zəruri miqdarda sığorta stajı və pensiya kapitalı mövcud olmamışdır. Dövlət X15n iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 210 nömrəli məktubundan müəyyən edilir ki, Şəki X17 və X3nin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Həmçinin həmin tarixli və həmin nömrəli digər məktuba əsasən müəyyən edilir ki, iddiaçı Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işləmişdir. İddiaçının işlədiyi vaxt qüvvədə olmuş “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işlədiyi dövr faktik olaraq onun sığorta stajına daxil edilməli olduğundan bu hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının 1992-2002-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması 1986-cı ildə tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunur. Lakin əmək kitabçasında olan məlumatlardan görünür ki, 11 və 12-ci səhifələrdə iddiaçı barəsində olan işə girmə və işdən çıxma əmrlərinin il üzrə tarixlərində pozuntu aparılmışdır. Cavabdeh bu barədə apelyasiya şikayətində də bildirmiş, lakin apelyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinin əksinə olaraq şikayətin dəlilinə münasibət bildirməmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının 1992-2002-ci illərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası olmuşdur. Lakin əmək kitabçasında iddiaçının fəaliyyətini göstərən həmin dövrə aid məlumatlarda pozuntu aparıldığına görə həmin məlumatların həqiqətə uyğun olubolmaması araşdırılmalı, zərurət olarsa arxiv müəssisələrinə, iş yerlərinə, yuxarı tabe orqanlara sorğu edilməlidir. Qanunvericiliyə görə iddiaçı əlilliyə görə lazım olan sığorta stajına malik olsa da, cavabdehin qeyd etdiyi kimi, 1992-2002-ci illər iddiaçının sığorta stajına daxil edilmədiyi halda onun tələb olunan pensiya kapitalı mövcud olmayacaqdır. Odur ki, əmək kitabçasında göstərilən 1992-2002-ci illərin iş stajının həqiqiliyi yoxlanılmalı olduğundan cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı göstərişləri icra edərək məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikası Dövlət Arxivinə eyni zamanda sorğu vermiş, sorğuda göstərilmişdir: İddiaçı təqdim etdiyi Əmək Kitabçasında onun xx.xx.1991-ci ildə 385 nömrəli Əmrlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 25 oktyabr 1991-ci il tarixli 962 nömrəli Əmrinə əsasən Şəki X17 və X1 yeni yaradılmış yeni yaradılmış Heyvandarlıq fermalarına Təmir və Texniki Xidmət Müəssisəsinə köçürülməsi, xx.xx.1992ci ildən 20 nömrəli Əmrlə analıq məzuniyyətindən qayıtdığı üçün iqtisadçı vəzifəsinə qəbul edilməsi və xx.xx.1996-cı il tarixli 12 nömrəli Əmrlə həmin tarixdən ərizəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. Qeyd olunan qurumların, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Şəki X17 və X2 və X4 fermalar Təmir və Texniki Xidmət Müəssisəsinin hazırda fəaliyyət göstərib-göstərmədiyi, hazırda fəaliyyət göstərmirsə, hüquqi varisinin hansı orqan olduğu və harada yerləşdiyi barədə məlumatları, həmçinin İddiaçı göstərilən illər ərzində həmin qurumlarda işləyib-işləmədiyi barədə məlumatların əldə edilərək öyrənilməsi zərurəti yaranmışdır. Odur ki, həmin məlumatın Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə 4 mart 2022-ci il tarixli 01/3- 476 nömrəli məktubunda göstərilmişdir: “Bildiririk ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Şəki X17 və Mexanikiləşdirilmİş İstehsalat Birliyinə və X4 fermalar Təmir və Texniki Xidmət Müəssisəsinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin X17 və X11 30 iyul 1996-cı il tarixindən 26 avqust 1996-cı il tarixinədək Şəki rayonu üzrə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur.” Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən göstərilən sorğu aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə və X19 Filialına göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 mart 2022-ci il tarixli **********022600 nömrəli məktubunda göstərilmişdir: “Bildiririk ki, dövlət reyestrində Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Şəki X17 və X3 və X4 Fermalar Təmir və Texniki Xidmət Müəssisəsi adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir.” Azərbaycan Respublikası Dövlət X15 14 mart 2022-ci il tarixli 69 nömrəli məktubunda göstərilmişdir: “X21 Təshizat və X3nin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri və X4 fermalar təmir və Texniki Xidmət Müəssisəsinin sənədləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilmədiyi üçün İddiaçı stajı barədə arayış təqdim edə bilmirik.” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 28 aprel 2022-ci il tarixli MİKO/1.2-2-2022-2609 nömrəli məktubunda göstərilmişdir: “Bildiririk ki, müraciətdə qeyd olunan müəssisələr ilə bağlı sənədlər mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də tələb olunan məlumatların təqdim edilməsi imkan xaricindədir. Eyni zamanda bildirmək istərdik ki, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 1991 -ci il 25 oktyabr tarixli 962 nömrəli əmri mühafizə olunmaq üçün “Fond 271 siyahı 16" əsasında Milli Arxiv Fonduna təhvil verilmişdir.” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 28 aprel 2022-ci il tarixli MİKO/1.2-2-2022-2609 nömrəli məktubunda göstərilənlərin aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına yenidən sorğu verilmiş, sorğuda göstərilmişdir: “İddiaçı təqdim etdiyi Əmək Kitabçasında onun xx.xx.1991-ci ildə 385 nömrəli Əmrlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 25 oktyabr 1991-ci il tarixli 962 nömrəli Əmrinə əsasən Şəki X17 və X1 yeni yaradılmış Heyvandarlıq fermalarına Təmir və Texniki Xidmət Müəssisəsinə köçürülməsi, xx.xx.1992-ci ildən 20 nömrəli Əmrlə analıq məzuniyyətindən qayıtdığı üçün iqtisadçı vəzifəsinə qəbul edilməsi və xx.xx.1996-cı il tarixli 12 nömrəli Əmrlə həmin tarixdən ərizəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 2-1(107)-75/2022 nömrəli sorğusu Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə yönəldilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən məhkəməyə daxil olmuş 28 aprel 2022-ci il tarixli MİHO/1.2-2-2022-2609 nömrəli məktubda göstərilmişdir ki, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 25 oktyabr 1991-ci il tarixli 962 nömrəli Əmri mühafizə olunmaq üçün “Fond 271 siyahı 16” əsasında Milli Arxiv Fonduna təhvil verilmişdir. Qeyd olunan qurumların, yəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Şəki X17 və X2 və X4 fermalar Təmir və Texniki Xidmət Müəssisəsinin hüquqi varisinin hansı orqan olduğu və harada yerləşdiyi barədə məlumatların Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.” Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialının 27 may 2022-ci il tarixli 125 nömrəli məktubunda göstərilmişdir: “Şəki X17 və X3nin “fond 262.siyahi 1” daimi sənədləri 1962-1992-ci illər kimi Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialında mühafizə edilir, Əmr kitabları və zəhmət haqqı cədvəlləri isə Şəki filialına təhvil verilmədiyi üçün İddiaçı stajı barədə məlumat verə bilmirik. X4 Fermalar Təmir və Texniki Xidmət müəssisəsinin sənədləri filialda mühafizə edilmədiyindən müəssisənin hüquqi varisinin hansı orqan olduğu və harada yerləşdiyi barədə filialda məlumat olmadığı üçün sorğunuza cavab verə bilmirik.” Göründüyü kimi, iddiaçının 2 aprel 1992-ci ildən 1 sentyabr 1997-ci ilədək işlədiyi müəssisə ilə bağlı sənədlərin əldə olunması mümkün olmamışdır. Ona görə də, həmin dövr üçün ona pensiya kapitalı hesablanmamalıdır. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi Şəki rayon təsərrüfatlararası Heyvandarlıq fermalar Təmir və Texniki Xidmət Müəssisəsinin möhürü ilə təsdiq edilmiş 1995-ci ilin yanvar-iyun aylarını əhatə edən paylama cədvəllərində ayrı-ayrı təyinatlar üzrə və ayrı-ayrı kateqoriyadan olan insanlara verilmiş pullar göstərilmişdir ki, həmin sənədlərin də əldə edilmə mənbəyi məlum deyildir. Həmçinin, iddiaçı tərəfindən həmin qurumun möhürü ilə təsdiq olunmuş digər sənədlər məhkəməyə təqdim edilmişdir ki, onların da alınma mənbəyi bəlli deyildir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən Şəki şəhər X8 sorğu verilmiş, sorğuda göstərilmişdir: “İş üzrə zərurət yarandığından 1996-2002-ci illər arası dövrə aid əmək müqavilələrinin qeydiyyatı, işə qəbul və işdən azad edilmə ilə bağlı əmrlərin qeydiyyatı kitablarını baxış keçirilərək öyrənilməsi üçün, həmçinin həmin dövr ərzində İddiaçı əmək fəaliyyətinin davamlılığını özündə əks etdirən sənədlərin təsdiq edilmiş surətlərini Şəki Apellyasiya Məhkəməsinə göndərməyinizi xahiş edirəm.” Şəki Şəhər Təhsil X20 adına Şəki Şəhər X6 7 fevral 2022-ci il tarixli 66 nömrəli məktubunda göstərilmişdir: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 avqust 2017-ci il tarixli 233 №-İİ əmrinə əsasən Şəki Şəhər Texniki X16 Şəki Şəhər Uşaq Yaradıcılıq Mərkəzi birləşmişdir.Bu səbəbdən Şəki Şəhər Texniki Yaradıcılıq Mərkəzinin təkcə əmr kitabı Şəki Şəhər Uşaq Yaradıcılıq Mərkəzinə təhvil verilmişdirHəmin əmrdən məlum olur ki, Şəki Şəhər Texniki Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri olan Yusifova (Məmmədova) Kifayət Ələkbər qızı 01 sentyabr 1997-ci il tarixdən 201 №-li əmrə əsasən Mərkəzə dərnək rəhbəri təyin edilmiş, 01 fevral 2011-ci il tarixdən 540 №-li əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Həmin dövrlərdə heç bir məzuniyyətə buraxılmamış, həmkarlar təşkilatından yardım almamışdır. Məktubunuza əsasən 2 (iki) ədəd əmr kitabları Sizə göndəririlir, 1-ci "Əmr" kitabı 01 sentyabr 1994-cü ildən 15 sentyabr 2004-cü ilədək, 71 (yetmiş bir) səhifəlik, möhürlü 2-ci “Əmr" kitabı 15 aprel 2010-cu ildən 20 sentyabr 2011-ci ilədək, 56 səhifəlik, möhürlü” Məhkəmə kollegiyasının araşdırmaları zamanı iddiaçının 1 sentyabr 1997-ci ildən 02 sentyabr 2002-ci il tarixinədək Şəki Şəhər X7 işləməklə 5 il əmək stajı toplaması və həmin 5 ilə görə ona 3705 manat (306x2006-2020-ci illər üçün indeksasiya faizləri=741 manat; 741x5 il=3705 manat) pensiya kapitalı əldə etməsi sübuta yetirilir. İddiaçının 2 aprel 1992-ci ilə qədərki 14 il 2 ay sığorta stajına görə 10501.86 manat pensiya kapitalı, 1 yanvar 2006-cı il tarixdən 1 fevral 2020-ci il tarixədək 13 il 9 ay sığorta stajı, fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı mövcud olmuşdur ki, onun da pensiya kapitalına münasibətdə cəmi 17407.71 manat edir. İddiaçının 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddəti də nəzərə alsaq indeksləşdirmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edir ki, onun da üzərinə 17407.71 manatı gəldikdə, cəmi pensiya kapitalı 18.338,62 manat edir. Həmin məbləğin üzərinə 1 sentyabr 1997-ci ildən 02 sentyabr 2002-ci il tarixinədək əldə olunmuş 3705 manat pensiya kapitalını əlavə etdikdə iddiaçının 22.043,62 manat cəmi pensiya kapitalı yaranır. İddiaçıya 58 yaşı tamam olduğundan əlilliyə görə əmək pensiyası təyini üçün 25.800 manat pensiya kapitalı tələb olunur. Onun malik olduğu pensiya kapitalı isə tələb olunandan 3756.38 manat azdır. Bu hal iddiaçının tələbinin təmin edilməsini istisna edir. İnzibati Prosessual Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89,90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2-1(116)-191/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiası rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar