Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-751/2025 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2-1(116)-1670/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İş materiallarında olan “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, iddiaçının mərhum əri X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
2. İddiaçı, cavabdeh orqana hüququnun yarandığı vaxtdan ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi üşün müraciət etmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il, xx.xx.2023-cü il və sonuncu xx.xx.2024-cü il tarixli imtina məktublarında iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmaması, həmçinin l və ya ll dərəcə əlilliyi olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - əri X4 xx.xx.1942-ci ildə anadan olmuş, yaşı tamam olduğu vaxtdan ona əmək pensiyası təyin edilmişdir. S.Hacıyev xx.xx.2021-ci ildə vəfat etmişdir. O, cavabdeh orqana müraciət edərək mərhum əri əmək pensiyası aldığı üçün və onun pensiya yaşı çatdığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən hüququ yarandığı vaxtdan ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin cavabdeh orqan tələbindən imtina edərək yaşı çatmadığı üçün bundan imtina etmişdir. O, imtina ilə razı deyil, düşünür ki, ona mərhum ərinin aldığı əmək pensiyası təyin edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.
6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - işin faktiki hallarına əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 3-17-1/1-H-85313/2024 nömrəli müraciəti Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-93477/2024 nömrəli məktubu ilə cavablandırılaraq ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qadınların pensiya yaş həddi 63 yaş müəyyən edilib. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 14.1 2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. Qeyd edilən normanın məzmununa uyğun olaraq, xx.xx.1961-ci il təvəllüdlü yaşa görə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan iki şərtdən biri mövcud olmalıdır. İddiaçının müraciət etdiyi tarixdə qadınlar üçün pensiya yaş həddi 63 yaş 6 ay idi. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçı qanunla tələb olunan pensiya yaş həddinə (63 yaş 6 ay) çatmadığı və ya Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olmadığı üçün ona əri X2 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2-1(116)-1670/2025 nömrəli qərarı ilə (hakim Günel Şirinova-Əsədova) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır: - Birinci hala, münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyyət vəsiqəsindən görünür ki, hal-hazırda iddiaçının 64 yaşı var. İddiaçının cavabdeh orqana ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixdə qanunvericiliklə müəyyən olunmuş yaş həddi 63 il 6 ay olmuşdur. Həmin tarixdə iddiaçı 62 yaşında olmuşdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı iİ tarixədək isə qadınların pensiya yaş həddi 64 il 6 ay müəyyən edilmişdir. İkinci hala, münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı əlilliyinə dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçının əlilliyi müəyyən edilməmişdir. Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası yalnız müəyyən yaş həddinə çatmış və ya əlilliyi müəyyən edilmiş şəxslərə təyin edilir. İddiaçı qanunvericiliklə tələb olunan yaş həddinə çatmadığından və əlilliyi müəyyən olunmadığından ona ailə başçısını itirməyə görə pensiya təyin oluna bilməz. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsində nəzərdə tutulmuş iki haldan ən azı biri mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.
9. İddiaçı, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, ona verilmiş imtina məktubları iddia tələbinin əsaslı olduğunun sübut edir. Çünki, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 saylı imtina məktubunda ona ailə başçısının itirilməsinə görə pensiya təyini üçün tələb edilən yaş həddinin 62 il 6 ay olması, xx.xx.2023-cü il tarixli 3-1-7-/2-H-192454/2023 saylı imtina məktubunda və son olaraq xx.xx.2024-cü il tarixli 3-171/2-H-93477/2024 saylı imtina məktubunda sözügedən pensiya təyini üçün tələb edilən yaş həddinin 63 il 6 ay olduğunu göstərmiş və həmçinin bundan əlavə məhkəməyə iddia tələbiylə bağlı vermiş olduğu xx.xx.2025-ci il tarixli 3-17-1/2- 13082/2025 saylı etiraz məktubunda tələb edilən yaş həddinin 63 il 6 ay olması göstərilmişdir. Yəni cavabdeh orqan yuxarıda qeyd edilən yaş həddinə (63 il 6 ay) çatmadığı üçün iddiaçıya imtina vermişdir. İddiaçının isə hazırda 64 il 2 aydan çox yaş həddi vardır (cavabdehin tələb etdiyi yaş həddindən artıq). İşə baxan Şəki İnzibati Məhkəməsi isə onun mübahisələndirdiyi qərarında qeyd edir ki, İddiaçı hal-hazırda 64 yaşı var, xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı iİ tarixədək isə qadınların pensiya yaş həddi 64 il 6 ay müəyyən edilmişdir. Cavabdeh öz məktubu ilə bildirir ki, tələb edilən yaş həddi 63 il 6 aydır, məhkəmə isə bildirir ki, 64 il 6 aydır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Cavabdeh apellyasiya şikayətinə etirazı iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya müxtəlif illərdə etdiyi hər müraciətə əsasən müvafiq cavab məktubları göndərilmişdir. Yaşa görə qadınlar üçün nəzərdə tutulmuş yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı müraciət etdiyi tarixlərdə qanunvericiliyin həmin il üçün tələb etdiyi pensiya yaş həddinə çatmamışdır.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2-1(116)-1670/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.
14. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
20. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının hüquqi marağı ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
22. İddiaçının apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli imtina məktublarında, həmçinin xx.xx.2025-ci il tarixli etirazında ailə başçısını itirməyə görə pensiya üçün tələb olunan yaş həddinin 63 il 6 ay olduğu bildirilmişdir və imtina da məhz bu yaş həddinə çatılmaması ilə əsaslandırılmışdır. Halbuki iddiaçının hazırda yaşı 64 il 2 aydan çoxdur və o, cavabdehin göstərdiyi yaş həddini artıq keçmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi pensiya yaş həddinin 64 il 6 ay olduğunu göstərmiş və iddianı bu əsasla rədd etmişdir.
23. İş materiallarından görünür ki, iddiaçının əri xx.xx.1942-ci ildə doğulmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə xx.xx.1961-ci ildə anadan olmuşdur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, ƏPHQ-nın 7-ci maddəsinin Qeyd hissəsinə əsasən kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.
26. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu verilərkən qadınlar üçün tələb olunan pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. Qeyd edilən dövrdə iddiaçının yaşı 60 yaş 7 ay 14 gün olmuşdur.
27. İddiaçının cavabdeh orqana növbəti müraciəti əsasında cavabdehin xx.xx.2023cü il tarixli imtina məktubu verdiyi zaman qadınlar üçün tələb olunan pensiya yaş həddi 63 yaş 6 ay müəyyən edilmişdir ki, bu zaman da iddiaçının yaşı 61 yaş 10 ay 14 gün olmuşdur.
28. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina cavabı verdiyi zaman qadınlar üçün tələb olunan pensiya yaş həddi 63 yaş 6 ay idi. Bu zaman iddiaçının yaşı 62 yaş 6 ay 14 gün olmuşdur.
29. Göründüyü kimi iddiaçının müraciət etdiyi dövrlərin heç birində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən qadınlar üçün tələb olunan pensiya yaşına çatmamışdır. Həmçinin o, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs deyildir.
30. İddiaçı, qadınlar üçün tələb olunan pensiya yaşına xx.xx.2026-cı ildən çatacaqdır.
31. İş materiallarından görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə hər dəfə məhkəmə iclasının 2 ay müddətinə təxirə salınması barədə müraciətlər etmiş, sonuncu məhkəmə iclasında isə iştirak etməmişdir. Hazırkı işə baxılarkən iddiaçı, yenə də, ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək xəstəliyi ilə əlaqədar müalicə olunduğunu bildirmiş (bunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir), məhkəmə iclasında iştirakının təmin edilməsi üçün iclasın Ramazan bayramından sonrakı tarixədək (20,21 mart) təxirə salınmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehə etdiyi müraciət və ona verilmiş cavabını şəxsən təqdim edəcəkdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə iclaslarının dəfələrlə təxirə salınması ilə bağlı müraciətlər etməsinin səbəbi hazırkı mübahisə məhkəmənin icraatında olduğu dövrdə tələb olunan yaş həddinə çatmasını gözləməsidir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı, tələb olunan yaşa xx.xx.2026-cı il tarixdə çatacağından, o həmin tarixdən sonra cavabdehə müraciət etməli və imtina cavabı alacağı halda yenidən məhkəmədə iddia qaldırmalıdır.
33. Belə ki, hazırkı mübahisə çərçivəsində məhkəmənin araşdırdığı məsələ cavabdeh orqanın xx.xx.2022, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli imtina cavablarının qanunauyğun olub-olmamasıdır. Məhkəmə icraatı zamanı iddiaçı tələb olunan yaşa çatsa belə, bununla bağlı cavabdeh orqana edilmiş yeni müraciət və ona verilmiş imtina cavabı olmadığından, qeyd olunan hal əvvəlki imtinaların qanunsuz sayılmasına və ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsinə səbəb ola bilməz.
34. Başqa sözlə, iddiaçının məhkəmə icraatı zamanı tələb olunan yaş həddinə çatması yeni faktiki və hüquqi hal kimi qiymətləndirildiyindən, iddiaçı əvvəlcə həmin yeni vəziyyət əsasında cavabdeh inzibati orqana müraciət etməli, bu müraciət üzrə mübahisə yarandığı təqdirdə həmin məsələ inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilməlidir. Odur ki, gələcəkdə iddiaçının pensiya yaşına çatması hazırkı iş üzrə mübahisələndirilən imtina cavablarının qanunauyğunluğunun qiymətləndirilməsinə təsir etmir.
35. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə etdiyi müraciət və ona verilmiş cavabın şəxsən təqdim ediləcəyi ilə bağlı müraciət hazırkı mübahisəyə heç bir əhəmiyyətli təsir göstərmir, belə ki, hər bir halda iddiaçı cavabdehə müraciət edərkən tələb olunan yaş həddinə çatmamışdır.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli 2-1(116)-1670/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.