Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-752/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı X5, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “##.##.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi və ÜDSY-ni almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçının ##.##.2024-cü il tarixli müraciətinə əsasən ailəyə ##.##.2024-cü il tarixdən aylıq 439,31 manat məbləğində ünvanlı sosal yardım təyin edilmişdir.
2. Daha sonra “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun (bundan sonra – Qanun) 10.4-cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixdə iddiaçının həyat yoldaşı X6 iştirakı ilə aparılan təkrar yoxlama nəticəsində ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə təyin edilmiş sosial yardım ##.##.2025-ci il tarixində dayandırılmış və ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin aztəminatlı bir il ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsi və 2025-ci ilin mart ayında qanunsuz dayandırılmış hər ay üçün 439,31 AZN məbləğin və 2025-ci ilin mart ayından 3 ay ərzində verilməyən 1317,93 AZN məbləğin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “Vemtas tərəfindən ##.##.2024-cü il tarixdə aztəminatlı ailəsinə 1 il müddətinə təyin olunmuş sosial yardımın verilişini, 10-cu ayda, yəni 2025-ci ilin aprel ayında dayandırılması və aztəminatlı ailəsinin sosial yardım almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsi və 2025-ci ilin aprel ayında qanunsuz dayandırılıb verilməyən 1317,93 AZN məbləğinin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş etmişdir.
5. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. Iddia ərizəsinin əsaslarına görə ünvanlı dövlət sosial yardımının alınması məqsədilə 4 nəfərdən ibarət olan ailə tərkibi haqqında arayış notariat qaydasında təsdiq edilmiş və ##.##.2024-cü il tarixli, ************* nömrəli “Ərizə-bəyannamə” əsasında müraciət edilmişdir. Müraciətə uyğun olaraq, VEMTAS tərəfindən ## #### 2024-cü ildən etibarən hər ay üçün 439,31 manat məbləğində olmaqla, 1 il müddətinə həmin aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmiş və yardım 9 ay müddətində ödənilmişdir. Lakin sonradan cavabdeh orqan yardım alan şəxsin ünvanda qeydiyyatda olan valideynini ailə tərkibinə daxil etmədiyini əsas gətirərək, “ailə tərkibinin düzgün göstərilməməsi” iddiası ilə çıxış etmişdir. Orqan iddia etmişdir ki, qeydiyyatda olan valideyn guya həmin ailəni saxlamağa, birgə təsərrüfat aparmağa, maddi cəhətdən təmin etməyə və öz büdcəsinin vəsaiti hesabına həmin aztəminatlı ailəyə sosial yardım verilməsinə “borcludur”. Bu əsassız iddialar nəticəsində cavabdeh orqan 10-cu ayda – yəni 2025-ci ilin mart ayında ünvanlı dövlət sosial yardımının verilməsini qanunsuz olaraq dayandırmış və aztəminatlı ailənin sosial yardım almaq hüququ 1 il müddətinə əsassız və qanunsuz şəkildə məhdudlaşdırılmışdır.
7. Cavabdeh orqan ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli iddia tələbinə etirazında “Ünvanlı dövlət sosial yardımı haqqında” ##.##.2005-ci il tarixli Qanunun 3-cü, 1.0.5-ci, 6.2-ci, 6.3-cü, 10.1-ci, ,10.3-cü, 10.2-ci, 10.4-cü maddələrinə, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Fərmanına, “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli, ** nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” na istinad edilərək bildirilmişdir ki, iddiaçı İddiaçı ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli **************-* nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsasla imtina verilmişdir: Ailədə ÜDSY təyini üçün müraciəti məhdudlaşdırılmış şəxsin olması. Belə ki, iddiaçıya ailəsini təmsil edən şəxs qismində ÜDSY ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024-cü il tarixli ***************-*** nömrəli müraciəti əsasında ##.##.2024-cü il tarixindən aylıq 439.31 manat məbləğində ÜDSY təyin edilmişdir. Təyin edilmiş ÜDSY üzrə ##.##.2025-ci il tarixində keçirilmiş təkrar müayinə zamanı iddiaçının həyat yoldaşı X6 iştirakı ilə tərtib olunmuş müayinə aktına əsasən N.Cəmullazadənin anası X2 1 ildir ki “Ərizə-bəyannamə” də qeyd olunan ünvanda ailə ilə birgə təsərrüfatda yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır. Iddiaçının qayınanasının ailə tərkibində qeyd olunmamasına baxmayaraq həmin evdə ailə ilə birgə təsərrüfatda yaşadığının aşkarlanması imtina üçün əsas olmuş, müayinə zamanı tərtib olunmuş akt iddiaçının həyat yoldaşı N.Cəmullazadənin imzası ilə təsdiqlənmişdir. Qeyd olunan səbəbdən iddiaçıya təyin edilmiş ÜDSY ##.##.2025-ci il tarixindən ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə dayandırılmış və həmin tarixdən iddiaçının ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. Iddiaçının ##.##.2025-ci il tarixli müraciətinə imtina verilməsinin əsasını iddiaçıya qoyulmuş 1 il məhdudiyyət təşkil etdiyindən və həmin məhdudiyyət aradan qalxmadığından müraciətindən əsaslı olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Müayinə əsasında iddiaçının öz ərizə-bəyannaməsində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. Iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Müayinə zamanı evdə “Ərizəbəyannamə”də qeyd olunmayan əlavə şəxs aşkar olunarsa və ya başqa şəxsin yaşadığı müəyyən edilərsə, həmin şəxsin ailə ilə birgə yaşamadığı israr edilərsə, bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilmir və ailə risk kateqoriyasına daxil edilir. Bundan sonra aidiyyəti Bölmə və ya Mərkəz tərəfindən rübdə 3 dəfə audio-video-foto qeydiyyat aparılmaqla Monitorinqlər aparılır və həmin şəxs ailədə müəyyən edilərsə bu məlumatlarda uyğunsuzluq kimi qiymətləndirilir. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ** nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz “Ərizə-bəyannamə”sində ailə tərkibi barədə düzgün məlumatlar göstərmədiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY almaq hüququ 1 il müddətində məhdudlaşdırılmışdır. Iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.
8. Şəki Inzibati Məhkəməsinin (hakim X3) ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımın dayandırılması və məhdudiyyət tətbiq edilməsi barədə ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçı İddiaçı aztəminatlı ailəsinə ##.##.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan təyin edilmiş sosial yardımın dayandırılmasını maddi məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi ilə əsaslandırmışdır. Belə ki, cavabdeh orqanın mövqeyinə görə maddi-məişət şəraitinin müayiəsi zamanı müəyyən olunmuşdur ki, ərizəçinin qayınanası X2 da ünvanda ailə ilə bigə yaşadığı və ailə tərkibinin düzgün göstərilmədiyi aşkarlanmışdır. Iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinə ##.##.2024-cü ildən etibarən bir il müddətinə aylıq 439.31 manat ünvanlı sosial yardım təyin edilmiş və ##.##.2025-ci il tarixədək ödənilmişdir. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə və ya ünvanlı dövlət sosial yardımının dayandırılmasına gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı dövlət sosial yardımının dayandırılması barədə qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq dayandırmanın əsasını təşkil edə bilər. Məhkəmə göstərilən mövqedən çıxış edərək hesab edir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən ailə tərkibinin düzgün göstərilməməsindən ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əmək etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Təmsilçinin (iddiaçının) qeyd olunan ünvanda qaynanası ilə birgə təsərrüfat apardığının müəyyən edilməsinə dair etirazın dəlililinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qaynanasının həmin şəxslərlə birgə yaşama halının mövcudluğu onlarla ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. Yəni, sözügedən şəxsin iddiaçının ailəsi ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il ## ###### tarixli **/** №-li Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişində Əsas anlayışlar hissəsində ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər. Göründüyü kimi iddiaçı, arvadı və uşaqlarının yaşayış sahəsində baxış zamanı aşkar edilmiş digər şəxslərlə ümumi ev təsərrüfatına malik olması üçün yuxarıda qeyd edilən bütün şərtlər məcmu halda sübuta yetirilmiş olmalıdır. Ailə Məcəlləsinin 56.2-ci maddəsinin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan onun qayınanası iddiaçını və onun ailəsini saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər. Cavabdeh orqan isə həmin şəxslərin eyni mənzildə yaşamasından başqa digər şərtləri sübuta yetirə bilmir. Yəni, sözügedən şəxslərin ümumi ev təsərrüfatında olması üçün onların öz gəlir və əmlakını tam və ya qismən birləşdirməsi, qida məhsullarının istehlakını birgə həyata keçirməsi də sübuta yetirilməlidir. Nəzərə alınmalıdır ki, ümumi ev təsərrüfatının aparılması dedikdə həm də əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının baxış keçirilən zaman aşkar edilmiş şəxslərlə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçıya təyin edilmiş ÜDSY dayandırmışdır. Məhkəmə onu da qeyd edir ki, inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Qayınanasının iddiaçı ilə birgə təsərrüfat aparmasına dair dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Iddiaçı apellyasiya şikayətinə etirazın dəlillərini ilkin iddia ərizəsinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, qaynanası onlarla birlikdə yaşamır, sadəcə olaraq tez-tez onıara gəlib-gedir. Həyat yoldaşı monitorinq keçirilən zaman ÜDSY-nin dayandırılacağından qorxduğu üçün anası X2 onlarla yaşamasını bildirmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini və bbirinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçı məhkəmə kollegiyasının iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “##.##.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi və ÜDSY-ni almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
16. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.
17. Azərbaycan Respublikası Nazilər kabinetinin # ###### 2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; ... 3.9. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X8 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X8 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 4.1. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. 4.2. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.9. Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
19. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir.
20. “Inzibati icraat haqqında” Qanun: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır və qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. Iş materiallarından görünür ki, iddiaçının cavabdehə yönəlmiş 2 tələbi mövcuddur: - ##.##.2024-cü il tarixdən təyin edilmiş ÜDSY-nin, dayandırıldığı ##.##.2024-cü il tarixdən bərpa edilərək üç aylıq dövrün birdəfəlik ödənilməsi, - ÜDSY-ni almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılmasının qanunsuz hesab edilərək götürülməsi.
27. Işin hallarından görünür ki, iddiaçının ##.##.2024-cü il tarixli müraciəti əsasında ailəsinə ÜDSY təyin olunmuş, daha sonra ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə ##.##.2025-ci il tarixində dayandırılmış və ÜDSY-ni almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ##.##.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Işin hallarından görünür ki, iddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən ailəyə ##.##.2024-cü il tarixdən aylıq 439,31 manat məbləğində ÜDSY təyin edilməsi barədə hüquqi nəticə doğuran və iddiaçı üçün əlverişli hüquqi vəziyyət yaradan inzibati akt qəbul edilmişdir.
30. Qaydaların 4.10-cu bəndində sosial yardımın təyin edilməsi və təyinatdan imtina olunması barədə qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilməsi təsbit edilmişdir.
31. “Inzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
32. Inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
33. Hazırkı iş üzrə mübahisə sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində baş vermiş dəyişikliklə bağlı deyildir. Yəni, iddiaçının qaynanasının həmin mənzildə yaşaması sosial yardım təyin edildikdən sonra yaranmış yeni hal olmamışdır.
34. Cavabdeh orqan tərəfindən təqdim edilmiş video görüntülərlə müəyyən edilir ki, iddiaçının arvadı, anasının təxminən 1 ildir onlarla birlikdə yaşamasını etiraf etmiş, qaldığı otağı göstərmişdir. Sözügedən yaşayış sahəsinin 4/6 hissəsinin iddiaçının qaynanasının mülkiyyətində olması da, onun yaşayış yerinin həmin ünvan olmasını təsdiq edir. Odur ki, sosial yardım üçün müraciət edilərkən iddiaçının qaynanasının həmin yaşayış evində yaşaması sübut olunur.
35. Cavabdeh orqan aparılmış müayinə nəticəsində ilkin inzibati aktın qəbuluna əsas olmuş faktiki halların - ailənin tərkibi və gəlirlərinin - düzgün göstərilmədiyini müəyyən etdiyindən, ilkin təyinat qərarını qanunsuz əlverişli inzibati akt kimi qiymətləndirməli və həmin aktın hüquqi taleyi “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə uyğun həll edilməli idi.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydalarda “Sosial yardımın verilməsinin dayandırılması” ifadəsinin işlənməsi o demək deyildir ki, inzibati orqan ilkin inzibati aktın hüquqi qüvvəsini faktiki xarakterli hərəkətlərlə dayandırılmalıdır. Bu “dayandırma” yalnız yeni hüquqi iradəni əks etdirən müvafiq inzibati aktın qəbul edilməsi və həmin aktın icrası nəticəsində həyata keçirilməli idi.
37. Başqa sözlə, cavabdeh orqan apardığı inzibati icraatın nəticəsini özündə əks etdirən yeni inzibati akt qəbul etməli, bu aktda ilkin qanunsuz əlverişli inzibati aktın ləğvinin faktiki və hüquqi əsaslarını, hansı tarixdən hüquqi nəticə doğurmasını və hüquqi müdafiə vasitələrini göstərilməli idi.
38. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “Inzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh orqan ##.##.2024cü il tarixli inzibati aktın ləğvini şərtləndirən halların müəyyən edilməsi istiqamətində IIHQnun normalarına uyğun icraat aparsa da, bunu tamamlamamış, ilkin təyinat qərarının qüvvədən salınmasına dair ayrıca inzibati akt qəbul etməmiş, yalnız ##.##.2025-ci il tarixdə ÜDSY-nin verilməsini VEMTAS sistemində faktiki dayandırmaqla kifayətlənmişdir.
39. Odur ki, ##.##.2024-cü il tarixli inzibati akt qüvvədə olma müddəti qurtarana qədər hüquqi qüvvəsini saxlamış, hüquqi cəhətdən etibarlı sayılmışdır. Beləliklə, iddiaçıya ##.##.2024-cü il tarixdə 1 il müddətinə ÜDSY-nin təyin edilməsi barədə qəbul edilmiş inzibati akt, ##.##.2025-ci il tarixdə sosial yardımın dayandırıldığı vaxt qüvvədə olmuşdur.
40. Cavabdeh orqan həmin inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda cavabdeh orqanın əvvəlki təyinat qərarının hüquqi qüvvəsinə qanunla müəyyən edilmiş qaydada xitam vermədən ÜDSY-ni dayandırması qanunsuz olmuşdur.
41. Məhkəmə kollegiyası tələbin ikinci hissəsində (ÜDSY-ni almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılması) cavabdeh orqanın mövqeyini əsaslı hesab edir.
42. Qaydaların 4.2-ci bəndi ilkin müraciət mərhələsində ailənin sosial yardımın təyin olunmasına təsir göstərə biləcək hallar barədə tam və düzgün məlumat vermək vəzifəsini müəyyən edir. Qaydaların 4.3-cü bəndi isə artıq sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində baş verən dəyişikliklərin VEMTAS-a 15 iş günü müddətində bildirilməsini tənzimləyir. 4.4-cü bənd də məhz 4.3-cü bənddə nəzərdə tutulan sonrakı dəyişiklik halları baş verdikdə sosial yardımın verilməsinin dayandırılması mexanizmini nəzərdə tutur. Yuxarıda qeyd edildiyi kimi hazırkı iş üzrə mübahisə ilkin müraciət zamanı ailənin tərkibi və bununla əlaqədar ailənin gəlirləri barədə natamam məlumatların verilməsi ilə bağlıdır.
43. Işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, iddiaçının ilkin müraciəti zamanı ailənin tərkibi və gəlirləri ilə bağlı bəyanı faktiki vəziyyətə uyğun olmamışdır. Belə ki, iddiaçı “Ərizə-bəyannamə”də ailə üzvlərinin sayının 4 nəfərdən ibarət olmasını qeyd etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, ərizəçinin qayınanası X2 da ünvanda ailə ilə birgə yaşayır və ailə tərkibi düzgün göstərilməmişdir. Iddiaçı, məhkəmə kollegiyasının iclasında qeyd edilən halı təkzib etsə də, müayinə zamanı çəkilmiş videgörüntülərlə yuxarıda qeyd edilmiş hallar sübut olunur.
44. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda “ailə” qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər kimi müəyyən edilmişdir. Həmin anlayışdan görünür ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı mübahisələrdə ailənin tərkibi müəyyən edilərkən yalnız qohumluq əlaqəsinin mövcudluğu kifayət etmir; şəxslərin birgə yaşaması və ümumi ev təsərrüfatına malik olması, yəni birgə təsərrüfat aparması da müəyyən edilməlidir.
45. Hazırkı işdə cavabdeh orqan ailə tərkibinin düzgün göstərilməməsi nəticəsinə gələrkən müayinə zamanı aparılmış videoçəkilişdə iddiaçının arvadının verdiyi izahatda anasının (iddiaçının qaynanasının) onlarla birlikdə yaşamasına istinad etmiş və qeyd olunan halı birgə təsərrüfatın aparması kimi qiymətləndirmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də iş materiallarına əlavə edilmiş CD diskdəki video görüntülərdə iddiaçının arvadının izahatı ilə yuxarıda qeyd edilən xüsusatlar öz təsdiqini tapır. Bundan başqa, müayinə edilən yaşayış sahəsinin vahid mənzil kimi istifadə olunması, həmin mənzilin kommunal xidmətlərlə vahid yaşayış sahəsi kimi təmin edilməsi, Bahar Kərimovanın həmin yaşayış sahəsinin 4/6 hissəsinin mülkiyyətçisi olması və iddiaçının ailəsi ilə qohumluq əlaqəsi birlikdə qiymətləndirildikdə, Bahar Kərimovanın iddiaçının ailəsi ilə birgə yaşaması və ümumi ev təsərrüfatı aparması qənaəti yaranır. Odur ki, iddia tələbi həmin hissədə əsassızdır.
47. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına səbəb ola biləcək hallar barədə düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar edilərsə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Qaydaların 4.9cu bəndində də, ailənin tərkibi, əmlakı və gəliri barədə düzgün olmayan və ya natamam məlumat verilməsi aşkar edildikdə 1 illik məhdudiyyətin tətbiqi birbaşa nəzərdə tutulmuşdur.
48. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə görə 1 il müddətinə məhdudiyyətin tətbiq edilməsi əvvəlki təyinat qərarının ləğv edilməsindən asılı deyildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın müayinə nəticələrinə uyğun olaraq (iddiaçının ailə tərkibi və gəlirləri barədə natamam məlumat verməsi) 1 il müddətinə sosial yardım almaq hüququnu məhdudlaşdırması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
49. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının ailəsinə münasibətdə ÜDSY almaq hüququnun ##.##.2025-ci il tarixdə tətbiq edilmiş məhdudiyyət ##.##.2026-cı il tarixdə başa çatmış və işə baxıldığı ##.##.2026-cı il tarixdə artıq faktiki olaraq qüvvədə olmamışdır. Bununla belə məhdudiyyət müddətinin başa çatması hazırkı iş üzrə iddiaçının hüquqi marağını tam aradan qaldırmır.
50. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə ÜDSY-nin alınması üçün yenidən müraciət etmiş, həmin müraciət məhz ##.##.2025-ci il tarixdən tətbiq edilmiş 1 illik məhdudiyyət səbəbindən təmin olunmamışdır.
51. Göründüyü kimi mübahisələndirilən məhdudiyyət iddiaçının sosial yardım almaq üçün sonrakı müraciətinin nəticəsinə birbaşa təsir göstərdiyindən, məhdudiyyətin tətbiqi ilə bağlı cavabdeh orqanın hərəkətlərinin qanuniliyinə mahiyyəti üzrə hüquqi qiymət verilmişdir.
52. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı iddiaçının ÜDSYni almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılmasının götürülməsi hissəsində ləğv edilməli və qeyd edilən hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı "ÜDSY-nin dayandırılması və məhdudiyyət təbiq edilməsi barədə ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi hissəsində" ləğv edilir. Həmin hissədə yeni qərar qəbul edilməklə, iddiaçı X4 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "ÜDSY-ni almaq hüququnun 1 il müddətinə məhdudlaşdırılmasının götürülməsi" tələbinə dair iddiası təmin edilmir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə (##.##.2024-cü il tarixdən 1 il müddətinə təyin edilmiş ÜDSY-nin dayandırıldığı vaxtdan bərpa edilərək birdəfəlik ödənilməsi) təmin edilmir. Həmin hissədə Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.