Məhkəmə qərarları › İş №2-1(107)-753/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-753/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-753/2025 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2- 1(116)-2405/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Mingəçevir PND tərəfindən iddiaçı barəsində xx.xx.2024-cü il tarixdə F07.0 XBT koduna (üzvi mənşəli şəxsiyyət pozuntusu (keçirilmiş kəllə-beyin Travması nəticəsində), tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə) istinad edilməklə tibbi göndəriş tərtib edilərək cavabdeh orqana göndərilmişdir.

2. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlilliyin müəyyən edilməsindən imtina etmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “əlillik dərəcəsinin müəyyən edilməsi” öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

5. İddiaçı ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı, xx xxx 1985-ci ildə Yevlax rayonun Aşağı Bucaq kəndində anadan olmuşdur. 2016-cı ildən müddətdən artıq hərbi qulluqu kimi işləmişdir. İşlədiyi dövrdə, yəni 2020-ci ilin sentyabr ayında 44 günlük “Vətən müharibəsi” başlamışdır. Vətən müharibəsi zamanı erməni mənfurlarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, Gülüstan istiqamətində döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Barotravma” diaqnozu ilə xəsarət almışdır. Bir müddət müalicə olunub yenidən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə aldığı xəsarət “hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” deyə qeyd olunmuşdur. Eyni zamanda da Həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 3205 saylı rəyinə əsasən “üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F07.0” diaqnozu qoyulmuşdur. Bundan sonra ona əlillik dərəcəsinin təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubu ilə müraciətindən imtina olunmuşdur. Lakin, o, cavabdeh idarənin imtinası ilə razı deyil.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı Yevlax rayon sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin təyini məqsədi ilə tibb müəssisəsinin göndərişi əsasında Agentliyə dəvət olunmuş, lakin vətəndaş əyani müayinəyə gəlməmiş, nəticədə xx.xx.2024-cü il tarixdə 3-17-4/3-1-24005/2023 N-li protokolla qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 7712 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin tez-tez təkrarlanan qıcolma tutmaları, nəzərə çarpan koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnən qalıq əlamətləri. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və intihar cəhdləri ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəki rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13111815 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısından, əsəbilikdən, intihar cəhdindən (özünü asmaq istəyib) şikayətlənmişdir. Qəbul etdiyi dərmanların adlarını bilməmişdir. Müayinə zamanı ətrafa donuq baxışlarla baxmış, ona olan müraciətləri eşitmirmiş və anlaqsız kimi nümayişkar davranış sərgiləmişdir. Alçaq səs tonu ilə, ləng danışmış, qıcolmalardan şikayətlənmiş, lakin izah edə bilməmişdir. Özünü asmaq istədiyini, lakin qardaşının qoymadığını söyləmişdir. Ailəli, iki övladının olduğunu bildirmişdir. Uşaqlarının yaşlarını xatırlamayaraq yaddaş pozuntusunu simulyasiya etmişdir. Daha öncəki komissiyalarda yaddaş pozuntusundan şikayətlənməmiş, nümayişkarlıq göstərməmişdir. Özünəxəsarətləri olmamışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu. Simulyativ davranış (yaddaş pozuntusunun)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(116)-2405/2025 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFPnin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-2405/2025 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-yə həvalə edilmişdir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli 4234 nömrəli məktubu və ona əlavə olunmuş xx.xx.2025-ci il tarixli, 2721 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı Üzvi (keçirilmiş kəllə-beyin Travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində tez-tez baş verən dekompesasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri - hərbi xidmət dövründə kəllə-beyin travması alması, bir müddətdən sonra travmanın fəsadları kimi qıcolma tutmalarının, nevroloji və psixi pozuntu əlamətlərinin meydana çıxması, Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə stasionar'' müalicədə olması, həmçinin hazırki müayinə zamanı - nitqinin ləngiməsi; təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhəmiyyətsiz detallar üzərində fiksə olunması, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, koqnitiv funksiyalarının bir qədər enməsi, astenizasiya əlamətlərinin qeyd olunması və s. sübut edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə F07.0 XBT kod 7.2.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) təsnif edilmişdir. Müəyyən edilir ki, “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2.2-ci bənddə (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla münaqişə yaradılmasına və gündəlik fəaliyyətə mənfi təsir edən tez-tez (ildə 2 dəfədən az olmayan) və (və ya) davamlı (3 aydan az olmayaraq) depresiv epizodlar; sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması) nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65–80% həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) müəyyən edilmişdir. Məhkəmə diqqətə çəkir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında İddiaçı əlillik vəziyyətinin Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir. Cavabdehin imtinasını əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (əlavə müalicəyə ehtiyacın olması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.6-cı maddəsinin (bənd 7.6.2.2) F-07 XBT kodu altında nəzərdə tutulur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 65 – 80 % pozulması ilə) müəyyən edilməlidir.

9. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla istinad etməklə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı cavabdeh tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən və heç bir instrumental müayinə nəticəsinə verilməyən ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə buna baxmayaraq bu patalogiyaların heçbiri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Mingəçevir PND-nin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2025-ci il tarixdə iddiaçıya imtina barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir. (Bunu təsdiq edən elektron sistemdən çıxarış apellyasiya şikayətinə əlavə edilmişdir.). İddiaçı isə sms-in ona çatdırıldığı xx.xx.2025-ci il tarixdən 30 gün müddətində, yəni 6 fevral 2025-ci il tarixədək şikayət vermək hüququnun olmasına baxmayaraq, 6 mart 2025-ci il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdimedildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. İddiaçının nümayəndəsi xx.xx.2026-cı il tarixdə buraxılmış prossesual müddətin bərpasına dair ərizə təqdim edərək iddiaçının səhhətində olan ağırlaşmalar səbəbindən iddia tələbinin 30 gün müddətində məhkəməyə təqdim edilməsinin mümkün olmamasını bildirmiş və ötürülmüş prossesual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli iclas protokulunun qərardadı ilə ötürülmüş prossesual müddətin bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin sözügedən qərarının qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının əlilliyinin müəyyən edilməsindən imtinanın əsaslı olduğunu bildirmişdir. Lakin o, imtina qərarının məhz hansı əsaslara verilməsini, eləcə də “diaqnoz əlillik əlaməti təyin etmir” ifadəsi ilə cavabdeh orqanın konkret olaraq nəyi nəzərdə tutmasını əsaslandıra bilməmiş, işin halları ilə bağlı izahat verməkdən yayınaraq, bu məsələlər üzrə yalnız tibb mütəxəssisinin məlumat verə biləcəyini bildirmişdir.

tətbiq edilən hüquq

13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 15.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti

7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65-80 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”: 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlinmişdir.

23. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən əlilliyin müəyyən edilməsinə yönəlmişdir. Cavabdeh orqan sonuncu dəfə həmin tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir.

24. Cavabdeh orqanın apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmadan, yalnız iddiaçının təqdim etdiyi sənədlərə və ekspert rəyinə istinad etməklə qərar qəbul etmişdir. Halbuki, şəxsin əyani müayinəsi zamanı diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən olunmuşdur və bu nəticələr məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin qeyd olunur ki, göndərişdə göstərilən “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu instrumental müayinə nəticələri ilə obyektiv təsdiqini tapmamış, psixi funksiyaların kəmiyyət göstəriciləri və üzvi patologiyanın mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, tibbi qiymətləndirmə aparmaq səlahiyyəti olan orqanın diskresion qərarına məhkəmənin müdaxiləsi əsassız olmuşdur.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qanunvericiliyə əsasən diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

26. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

27. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

28. Məhkəmə kollegiyası cavabdehin “şəxsdə diaqnozun olması, ona əlillik təyin edilməsinə əsas verməməsi” dəlilinə münasibətdə qeyd edir ki, “diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə diaqnozun mövcudluğunun qəbul olunması, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsinin əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni, şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin müəyyən edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir.

29. Başqa sözlə, əgər cavabdeh orqan “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı verirsə, o zaman diaqnozu qəbul etdiyini, lakin həyat fəaliyyətinə təsirin əlillik səviyyəsinə olmadığını bildirmiş olur. Bu halda isə funksional məhdudiyyətlərin normativ həddə çatmaması konkret meyarlarla əsaslandırılmalıdır.

30. Nəzərə alınmalıdır ki, “Əlilliyin müəyyən olunması” Meyarlarına əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir (Meyarların 2.1-ci bəndi). Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin müəyyən edilməsinə əsas verir (Meyarların 3.1.1–3.1.3-cü bəndləri).

31. Lakin təcrübədə baxılan işlər üzrə müşahidə olunur ki, cavabdeh orqan tərəfindən qəbul edilən qərarlarda yuxarıda qeyd edilən faiz göstəricilərinin konkret olaraq hansı həyat fəaliyyəti kateqoriyasında, hansı dərəcə məhdudlaşma əsasında formalaşdırıldığı açıq şəkildə göstərilmir. Bir qayda olaraq yalnız tibbi diaqnozlara istinad edilərək funksional pozuntu faizi müəyyən olunur və bu faiz göstəricilərinin hansı metodika ilə hesablandığı məlum olmur. Bu isə “Əlilliyin müəyyən olunması meyarları”nın məqsədinə uyğun deyil. Belə ki, əlillik qiymətləndirilməsi diaqnozla müəyyən edilmiş xəstəlik əsasında yox, həmin xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından aparılmalıdır.

32. Cavabdeh orqan tərəfindən iddiaçıda aşkar edilmiş xəstəliyin onun həyat fəaliyyəti kateqoriyalarında hansı dərəcədə məhdudlaşma yaratması və bu məhdudlaşmanın neçə faiz funksional pozuntu ilə nəticələndiyi göstərilmədiyi halda müvafiq qiymətləndirmənin ümumiyyətlə aparılıb-aparılmaması, aparıldığı halda isə hansı metodika ilə aparılması, yekun qərar qəbul edilənədək cavabdehin hansı qaydada davranması qeyri-müəyyən qalır.

33. Sözügedən qaydada aparılan qiymətləndirmə cavabdeh orqanın qiymətləndirmə azadlığına daxil olsa da, məhkəmə hər bir halda aparılan inzibati araşdırmanın tamlığını və əsaslılığını yoxlamaq imkanına malik olmalıdır. Yəni, məhkəmə yekun imtina qərarını yoxlayarkən bu nəticəyə gətirib çıxaran qiymətləndirmə prosesini də yoxlaya bilməlidir.

34. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana imtina dəlilinin məzmunun aydınlaşdırılması məqsədilə sorğu göndərilmişdir: - İddiaçıya qoyulmuş diaqnozda hansı funksional məhdudiyyətlərin və ya tibbi göstəricilərin mövcud olmaması həmin diaqnozun əlillik əlaməti kimi qiymətləndirilməməsinə əsas vermişdir? Həmçinin bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına — özünə qulluq, hərəkətetmə, ünsiyyət və sairə — təsir etməməsi hansı meyarlarla və necə qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən olunması üçün müvafiq meyarlara uyğun olub-olmaması hansı əsaslarla qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qənaət formalaşdırılarkən, həmin diaqnozun şəxsin gündəlik həyatına təsiri necə qiymətləndirilmişdir?

35. Cavabdeh orqan iddiaçıda mövcud olan xəstəliklərin əlillik təyinatına əsas verən səviyyədə (35 faiz OFP) müəyyən edilmədiyini bildirsə də, diaqnozun şəxsin həyat fəaliyyətinə təsirini həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi baxımından qiymətləndirməmiş, bu istiqamətdə ünvanlanmış sorğunu cavablandıra bilməmişdir. Eyni zamanda, iddiaçının diaqnozunun qüvvədə olan normativ meyarlara uyğunluğunu və həmin diaqnozun həyat fəaliyyətinə təsirinin hansı metodologiya əsasında qiymətləndirildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu hallar imtina qərarının normativlərə əsaslanan konkret tibbi-sosial qiymətləndirməyə deyil, cavabdehin subyektiv mülahizələrinə əsaslandığını göstərir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “F07 – üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunun iddiaçıda mövcudluğu işdə olan ekspert rəyi ilə sübut olunur. Belə ki, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 2721 saylı rəyində qeyd edilmişdir ki, iddiaçıda üzvi (keçirilmiş kəllə-beyin Travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində tez-tez baş verən dekompesasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri - hərbi xidmət dövründə kəllə-beyin travması alması, bir müddətdən sonra travmanın fəsadları kimi qıcolma tutmalarının, nevroloji və psixi pozuntu əlamətlərinin meydana çıxması, Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə stasionar'' müalicədə olması, həmçinin hazırki müayinə zamanı - nitqinin ləngiməsi; təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhəmiyyətsiz detallar üzərində fiksə olunması, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi, davranışı üzərində nəzarətinin zəifləməsi, koqnitiv funksiyalarının bir qədər enməsi, astenizasiya əlamətlərinin qeyd olunması və s. sübut edir. Həmçinin istinad olunan rəydə iddiaçıya qoyulmuş diaqnozun İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travmasının nəticəsi olması qeyd edilmişdir.

37. İddiaçıya qoyulmuş diaqnoz F07.0 XBT kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. Sözügedən diaqnoz hazırkı qərardadın 15-ci bəndində göstərilmiş qiymətləndirmələr üzrə 2 il müddətinə əlilliyin müəyyən edilməsinə əsas verir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin 7.6.2.2-ci bəndində müəyyən edilmiş qiymətləndirmə halları (tez-tez baş verən dekompensasiyalar və ya intihar cəhdləri) müəyyən edildiyindən onun OFP-sı 2 il müddətinə 65-80 % həddində müəyyən edilməlidir.

39. Cavabdeh orqan apellyasiya şikayətində “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6-cı bəndinə müvafiq olaraq üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı əsas götürülən kriteriyalara istinad edərək qeyd etmişdir ki, Əsasnamənin 7.6-cı bəndinə əsasən simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı nəzərə alınan patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır.

40. Məhkəmə kollegiyası iş materiallarını, tibbi göndərişləri, stasionar və ambulator müalicə sənədlərini, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyini qiymətləndirərək üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi üçün tələb olunan şərtlərin ödənilməsinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

41. “Meyarlar”a Əlavənin 7.6-cı bəndinin (Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular) qeyd hissəsində “psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir” şərti ilə bağlı normada mötərizə daxilində “məsələn” ifadəsinin işlədilməsi onu göstərir ki, psixi pozuntuya səbəb olan üzvi patologiyanın obyektiv təsdiq edilməsi üçün sadalanan nümunələr (MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.) məcburi şərt kimi yox, üzvi patologiyanın təsdiqinin alternativ üsulları kimi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçıda psixi pozuntuya səbəb olan üzvi patologiya ixtisaslaşmış psixiatriya müəssisələrinin və məhkəmə-psixiatrik ekspertizanın rəyi ilə təsdiq edilmişdir. Bundan əlavə, tibbi göndərişdə qeyd edilən xx.xx.2023-cü il tarixli beyin MRT müayinəsində kortikal sulkus və girusların dərinliyi və genişliyinin artdığı (minimal kortikal atrofiya), eləcə də hər iki yarımkürənin təpə paylarında subkortikal millimetrlik gliotik ocaqların aşkar edildiyi göstərilmişdir. Beləliklə, MRT nəticələri ilə də beynin atrofik dəyişikliklərinin mövcudluğu obyektiv şəkildə təsdiq olunur.

42. İddiaçıda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış dəyişiklikləri və depressiv daxilolmalarla müşayiət olunan psixi pozuntu mövcuddur. Xəstəlik uzunmüddətli xarakter daşımaqla, başlanğıcı hərbi travma ilə (İİ Qarabağ müharibəsi) əlaqələndirilir. İddiaçı, müxtəlif dövrlərdə stasionar və ambulator müalicələr almış, lakin sabit klinik yaxşılaşma əldə olunmamışdır. Bu hal prosesin xroniki və davamlı olduğunu, müalicəyə davamlılıq (rezistentlik) əlamətlərinin mövcudluğunu göstərir. İddiaçı son bir ildə dəfələrlə psixiatriya stasionarında (xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024) müalicə almışdır.

43. Tibbi göndərişdə və ekspert rəyində iddiaçıda zahirən gərginlik və narahatlıq, kontaktın çətin və narazı şəkildə qurulması, ünsiyyət zamanı donma və fikrini ifadə etməkdə çətinlik, nitqin ləng və qırıq-qırıq olması, təfəkkürün ləngiməsi (torpidliyi), bir mövzudan digərinə keçməkdə çətinlik, xarici qıcıqlara qarşı yüksək həssaslıq, emosional dayanıqsızlıq və əhvali-ruhiyyənin enməsi və dəyişkənliyi, davranış üzərində nəzarətin zəifləməsi və qeyri-adekvat davranış əlamətləri, yaddaş və digər koqnitiv funksiyaların zəifləməsi, astenik hallar, yuxu pozuntusu, tez-tez özünə qapanma və sosial münasibətlərdə çətinliklər, habelə suisidal fikir və meyllərin mövcudluğu öz əksini tapmışdır. Sadalanan hallar intellektual və amnestik pozuntuların mövcud olmasını göstərir.

44. Beləliklə, üzvi patologiyanın obyektiv təsdiqi, xəstəliyin başlanması, uzunmüddətli və davamlı gedişi, intellektualmnestik pozuntuların mövcudluğu, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlığı, eləcə də müalicə tədbirlərinin effekt verməməsi birlikdə göstərir ki, üzvi psixi pozuntu üçün meyarlarda nəzərdə tutulmuş bütün əsas şərtlər iddiaçı barəsində faktiki olaraq ödənilmişdir.

45. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.2-ci yarımbəndində nəzərdə tutulduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçıya 2 il müddətinə OFP-nın 65-80% müəyyən edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası,

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2-1(116)-2405/2025 nömrəli qərarı dəyişdirilir. İddiaçı xx.xx.2024-cü il tarixdən, 2 il müddətinə OFP-nın 65-80% müəyyən edilməsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar