Məhkəmə qərarları › İş №2-1(107)-755/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-755/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-755/2025 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), X6 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-1(116)- 2995/2025 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İddiaçı, SOCAR-ın “Azneft” İB-nin xx.xx.2024-cü il tarixli 14-21-14/2-R-xx-xx/2024 nömrəli arayışına əsasən xx.xx.2009-cu il tarixdən indiyədək Qazın emalı üzrə istehsalatın Qaz paylayıcı stansiyasının rəisi vəzifəsində işlədiyini bildirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

2. Cavabdeh orqan iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda rəhbər və mütəxəssislər yarımbəndində nəzərdə tutulmaması əsası ilə imtina cavabı vermiş, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az – 3 il 7 ay 3 gün (xx.xx.2007–xx.xx.2011) təşkil etdiyini bildirmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1964-cü ildə Ağdaş rayonunda doğulmuşdur. Digər işlərlə yanaşı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər ali təhsil almış təhsilini bitirdikdən sonra xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər Mingəçevir şəhəri “Azrezintexnika” müəssisəsində texniki avadanlıqların təmiri üzrə usta və mexanik vəzifələrində, xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilədək Ağdaş Avtonəqliyyat müəssisəsində texnik, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə qədər texnik, xx.xx.2004-cü ildən hazıradək Azneft İB-nin X15nda Texnoloji sexin mexaniki, Texnoloji sexin rəis müavini, Texnoloji sexin rəisi və Qaz paylayıcı stansiyasının rəisi vəzifəsində işləmişdir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arayışla da öz təsdiqini tapmışdır. Qeyd edilən Arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 10-cu bölməsinin 10.5.1-ci bəndinin b bəndinə uyğun olaraq iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 17 il 1 ay, ümumi iş stajı 40 il 08 ay təşkil edir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edilmişdir.

5. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. X11 tərəfindən müraciətə baxılaraq İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-R237765 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinin təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 iİ sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğı vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçı S.X4 təqdim etdiyi SOCAR-ın “Azneft” İB-nin ona dair xx.xx.2024-cü il tarixli 14-21-14/2-R-xx-xx/2024 nömrəli arayışında xx.xx.2011-ci il tarixindən bugünədək Qazın emalı üzrə istehsalatın Qaz paylayıcı stansiyasının rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (bundan sonra - Siyahı) təsdiq edilməsi barədə əsasnamənin 10 bölməsinin 10.5 bəndinə və 10.5.1 bəndinin əlavəsinə (o) uyğun olduğu qeyd edilmişdir. Belə ki, Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsində (10.5) istehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı X2 işlədiyi Qazın emalı üzrə istehsalatın Qaz paylayıcı stansiyasının rəisi vəzifəsi yuxarıda qeyd olunan Siyahının rəhbər və mütəxəssislər yarımbəndində nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 7 ay 3 gün (xx.xx.2007- xx.xx.2011-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1640/2023 nömrəli, 2- 1(102)-1030/2023 nömrəli və s. qərarlarında da mləhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının gördüyü iş tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 482/2024 nömrəli, 2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)-1399/2023 №-li işlər üzrə işlərdə əks olunmuş hüquqi mövqeyinə istinad edilmişdir. Bildirilmişdir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhz bu səbəblərə görə də İddiaçı Bəhram oğluna qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

6. Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-1(116)-2995/2025 nömrəli qərarı ilə (hakim X10) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Socar Azneft X5 emalı zavodunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı həqiqətən xx.xx.2007-ci il tarixdən hal-hazıradək zərərli iş şəraitində işləyir. İmtiyazlı təqaüdün təyin edilməsi üzrə komissiya təsdiq edir ki, İddiaçı yuxarıda göstərilən müddətdə "Qaz benzinin və maye qazın istehsalı" işində mexanik, rəis müavini və rəis işlərini yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə əsasnamənin 10 bölməsinin 10.5. bəndinə və 10.5.1. bəndinin əlavəsinə (b) əsasən yuxarıda geyd edilən İddiaçı gördüyü işlər imtiyazlı təqaüdün təyin olunmasına əsas verir. İş materiallarında olan Socar X15nun xx.xx.2025-ci il tarixli məktubundan və qoşma kimi əlavə olunmuş təlimatdan görünür ki, iddiaçının işlədiyi qaz paylayıcı stansiyasının rəisi vəzifəsinin vəzifə öhdəlikləri: 1.1 Qazın uçotu cihazlarının sazlanması və yoxlanması işini təmin edir. 1.2 Cihazların göstəricilərinə əsasən daxil olan və təhvil verilən qazın miqdarının hesablanması işini aparır. 1.3 Ölçü qovşaqlarındakı ROC407 elektron tipli sayğaclardan təbii qazın və emaldan çıxan təmizlənmiş təbii qazın həcmi barədə operativ məlumatların informasiya sisteminə ötürülməsini təmin edir. 1.4 Cihazların dövlət yoxlanmasına vermək üçün hazırlanmasını təşkil edir. 1.5 Ölçü qovşaqlarına metroloji xidmət, texniki xidmət, təftiş işlərinin təqvim qrafikinin zavodun müvafiq struktur bölmələri ilə birlikdə hazırlayır. 1.6 Stansiya ilə texnoloji istehsalat sahələrinin işini əlaqələndirir. 1.7 Təmir, istismar və vaxt jurnallarının hərtərəfli təhlili əsasında avadanlıqların detal və qovşaqlarının bütün qüsurları və həmin qüsurların aradan qaldırılması metodları qeyd edilən “qüsur" aktlarını sahə rəisi ilə birlikdə tərtib edir və baxılmaq üçün müvafiq struktur bölmələrə təqdim edir. 1.8 "Qüsur” aktlarına müvafiq təmir üçün zəruri olan material, ehtiyat hissələrinin müəyyənləşdirilməsində iştirak edir. 1.9 Təmir işlərinə başlamaq üçün tələb edilən hazırlıq işlərinin tam həcmdə yerinə yetirilməsini təmin edir. 1.10 Texnoloji və enerji avadanlıqlarının təsdiq edilmiş plan-qrafiklər əsasında təmirinin həyata keçirilməsinə nəzarət və zəruri hallarda operativ qrafikdən kənar təmir işlərini təşkil edir. 1.11 Avadanlığın, alətlərin, enerji təsərrüfatının, bina və tikililərinin effektiv istismarını və qorunmasını təmin edir. 1.12 Sifarişləri vaxtında tərtib edir, normativdən artıq, kənar və qeyri likvid material qiymətlilərinin yaranmasına imkan vermir. 1.13 Material çatışmamazlığı, itkisi, korlanması, səmərəsiz istifadəsi kimi hallara yol verilməməsi üçün tədbirlər görür. 1.14 Müxtəlif daxili və kənar yoxlayıcılar tərəfindən stansiyanın təzyiq altında olan avadanlıqlarına texniki baxışın keçirilməsinə şərait yaradır, aşkar edilmiş qüsurların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görür. 1.15 Cari istehsalat fəaliyyəti də bağlı ilkin uçot sənədlərinin, müvafiq hesabatların, məlumatların və arayışların tələb olunan müddətlərdə tərtib və təqdim olunmasını təmin edir, sahənin texniki-iqtisadi göstəricilərinin uçotunu təşkil edir. 1.16 Metroloji təchizatın təmin edilməsi və yaxşılaşdırılması üçün şərait yaradır, istehsalatın müasir tələblərinə cavab verən ölçmə vasitələrinin və informasiya texnologiyalarının imkanlarından istifadə edir. 1.17 Stansiyanın fəaliyyətinin ətraf mühitə zərərli təsirinin aradan qaldırılması istiqamətində üzərinə düşən vəzifələri icra edir, bu sahədə müvafiq struktur bölmələrin və digər nəzarətedici orqanların göstərişlərini yerinə yetirir. 1.18 Separator qovşağının texnoloji parametrlərinə nəzarət edir. 1.19 Stansiyanın işinə rəhbərliyi həyata keçirir. Tabeliyində olan işçilərə rəhbərlik edir. 1.20 Fəhlələrin bilik səviyyəsinin yüksəldilməsi üzrə onlarla istehsalat təlimatları aparır. Texnoloji prosesin təhlükəsizliyinə, əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhləkəsizliyinin, istehsalat sanıtariyasının norma və qaydalarına, təmizliyə riayət edilməsinə nəzarət edir. Stansiyanın işçilərinin əməyin mühafizəsi vasitələri ilə təmin edilməsinə, zərərli iş yerlərində çalışan işçilərin güzəşt və imtiyazlardan yararlanmasına nəzarət edir. Kadrların seçilməsi üzrə təkliflər verir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili intizam qaydalarına riayət edilməsinə nəzarət edir. X15 üzrə iş yerlərinin siyahısında struktur bölmə olaraq Qaz paylayıcı stansiyası iş yerinin adı stansiya rəisinin xidməti otağı, qaz paylayıcı stansiya kimi qeyd edilmişdir. X15 üzrə iş yerlərində istehsalat amillərinin zərərli aparametrlərin səviyyəsinin müəyyən edilməsi üçün aparılmış instrrumental ölçmə işlərinin nəticəsində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin normadan artıq olduğu müəyyən edilmiş iş yerinin siyasında Qaz kondensatının və yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı üzrə 7№-li qruğu istehsalat Qaz paylayıcı stansiya struktur bölməsinin adı qeyd edilmiş, “istehsalat mühitinin zərəli amilləri” qrafasında karbohidrogen, səs-küy, T=1 olduqda faktiki bal olaraq 2 qeyd edilmişdir.Həmin istehsalatda karbohidroge, mq/m3 –TBH, SBH normativi- 300 qeyd edildiyi halda amillərin durum vəziyyəti 328, faktiki bal 1, Səs-küy, dBA isə uyğun olaraq 80, 83 və 1 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına dəyişkilik edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsini nəzərdə tutan 10.2-ci bəndinin a yarımbəndinə “qazpaylayıcı stansiyanın operatorları” vəzifəsi əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı mövcud olmalıdır. 2) 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İş materiallarından görünür ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsini istədiyi xx.xx.2024-cü il tarixə onun 25 ildən artıq ümumi sosial sığorta stajı vardır. Cavabdehin imtina və etiraz məktublarından göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı ilə bağlı mübahisə mövcud olmasa da güzəştli dövrlə bağlı mübahisə mövcuddur. Cavabdeh orqan tərəfindən iddiaçının ümumilikdə 3 il 7 ay 3 gün müddəti güzəştli iş stajı kimi qəbul edilmişdir (xx.xx.2007-xx.xx.2011-ci il tarixləri arasındakı dövr). Cavabdeh orqanın mövqeyindən bəlli olur ki, o, iddiaçının xx.xx.2011-ci ildən halhazıradək işlədiyi SOCAR “Azneft” İstehsalat X1 paylayıcı stansiyasının rəisi vəzifəsini güzəştli iş stajı hüququ verən iş kimi qəbul etməmiş və bu səbəbdən iddianı təmin etməmişdir. Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdeh iddiadan imtina edərkən və məhkəməyə verilən iddiaya qarşı etiraz təqdim edərkən dəlillərini əsaslandırmaq üçün istinad etdiyi oxşar işlər üzrə Ali Məhkəmənin icmalına və qərarlarına zidd mövqe nümayiş etdirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiadan imtina edərkən iddiaçının xx.xx.2011-ci ildən hal-hazıradək işlədiyi sözügedən müəssisədə işlədiyi qaz paylayıcı stansiyasının rəisi vəzifəsinin NK-nin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın rəhbər və mütəxəssislər yarımbəndində nəzərdə tutulmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan fikrini əsaslandırarkən siyahının həmin bəndində nəzərdə tutulmuş rəhbər vəzifələrin iddiaçının vəzifəsi ilə və ya işin funksional baxımdan bir-birilə eynilik təşkil edib-etməsini yoxlamamış, məsələyə bu prizmadan deyil, qeyd edilən vəzifələrin ad baxımından bir-birilə eynilik təşkil etməsi mövqeyindən çıxış etmişdir. Başqa sözlə, cavabdeh qurum şəxsin faktiki yerinə yetirdiyi vəzifə funksiyasının qeyd edilən qərarda pensiya hüququ verən işə uyğun olubolmadığını yoxlamadan, yalnız vəzifə adının fərqliliyini əsas gətirərək pensiya hüququnun tanınmasından imtina etmişdir. Məhkəmənin sorğusu əsasında SOCAR X15 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş əmək şəraiti ağır və zərərli olan peşə və vəzifələrin Siyahısından çıxarışdan görünür ki, Qaz paylayıcı stansiya-stansiya rəisi vəzifəsi də X15-Qazın emalı üzrə istehsalat bölməsində yer almaqla əmək şəraiti ağır və zərərli olan vəzifə kimi qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, həmin bölmədə “Qurğu rəisi” vəzifəsi də yer almışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Qazın emalı üzrə istehsalatın Əsasnaməsi və işçilərin vəzifə təlimatlarının təsdiq edilməsi barədə əmrdən görünür ki, qazın emalı üzrə istehsalatın ştat vəzifələri üzrə Vəzifə təlimatları təsdiq edilmiş və həmin siyahıda 1.Qazın emalı üzrə istehsalat 2. Qazdan benzini ayıran qurğular 3. QKYKGFE üzrə 7 nömrəli qurğu 4.Qaz paylayıcı stansiya göstərilmişdir. Eyni zamanda həmin məktuba əlavə edilmiş xüsusi geyim, xüsusi ayaqqabı və qoruyucu vasitələrin uçotunun şəxsi vərəqəsindən görünür ki, İddiaçı QPSnın rəisi olaraq xüsusi geyim, ayaqqabı və qoruyucu vasitələrlə təmin olunmuşdur. Toplanmış sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı “SOCAR “Azneft” X5 Emalı Zavodunda xx.xx.2011-ci il tarixdən Qaz paylayıcı stansiyanın rəisi vəzifəsində işləmişdir. Vəzifə təlimatına əsasən iddiaçının əsas əmək funksiyaları - qazın uçotu cihazlarının sazlanması və yoxlanması işini təmin etmək, stansiya ilə texnoloji istehsalat sahələrinin işini əlaqələndirmək, müxtəlif daxili və kənar yoxlayıcılar tərəfindən stansiyanın təzyiq altında olan avadanlıqlarına texniki baxışın keçirilməsinə şərait yaratmaq, aşkar edilmiş qüsurların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər gömək və təlimatda göstərilən digər işlərdən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti qazın emalını həyata keçirən istehsalat sahəsi ilə bağlı olmuşdur. Onun rəhbərlik etdiyi stansiyanın fəaliyyəti qazın emalı proseslərini əhatə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.5-ci bəndində digər fəaliyyət növləri ilə yanaşı iddiaçının fəaliyyət göstərdiyi sahə, yəni qazın emalı da nəzərdə tutulmuşdur. Eyni zamanda həmin siyahının 10.5.1-ci bəndində qazın emalı üzrə istehsalatda işləyənlər sırasında fəhlə və mütəxəssislərlə bərabər rəhbərlər də aid edilmişdir. İddiaçının tutduğu vəzifənin adı – “Qazın emalı üzrə istehsalatın Qaz paylayıcı stansiyasının rəisi” olmuşdur. Qeyd olunmaldır ki, burada əsas istehsalat sahəsi qazın emalı olmuşdur. Yəni xammalın hazırlanması, təmizlənməsi, təzyiqə salınması və s. Məhkəmə hesab edir ki, iddiaçının rəhbərlik etdiyi paylayıcı stansiya qazın emalı prosesinin tərkib hissəsi kimi fəaliyyət göstərmişdir. Bu stansiyanın idarəsi qazın emal prosesinin son mərhələsi hesab olunmalıdır. Yəni burada istehsal olunmuş və ya emal edilmiş qazın paylanması yerinə yetirilmişdir. İddiaçının vəzifəsinin adından da göründüyü kimi onun rəhbərlik etdiyi paylayıcı stansiya qazın emalı üzrə istehsalatın struktur bölməsi olmuşdur. Bu səbəbdən şəxsin fəaliyyəti istehsal-emal prosesinin texnoloji idarə edilməsi olmuşdur. Vəzifənin adında “paylayıcı stansiya” ifadəsi olsa da, o ayrıca xidmət sahəsi deyil, qazın emalı üzrə istehsalatın bir hissəsi olmuşdur. Ona görə də iddiaçı texnoloji prosesin, yəni emal və istehsalatın müəyyən mərhələsinə rəhbərlik etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10.5-ci bəndində qazın emalı prosesində qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri kimi işlər nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri kimi işlər qaz paylayıcı stansiyanın funksiyasına aid edilməlidir və siyahıda göstərilən işlərlə eyniləşdirilməlidir. Çünki stansiya bir texnoloji qurğudur və onun fəaliyyəti üçün müxtəlif xətlər ventilyasiya sistemləri kanalizasiya və digər texnoloji infrastruktur mövcuddur. Bu infrasturukturun davamlı, təhlükəsiz, və normativlərə uyğun işləməsi üçün müvafiq xidmət və təmir işlərinin aparılması zəruridir. Belə işlər stansiyanın əməliyyat funksiyalarının ayrılmaz hissəsi hesab olunur və iddiaçının əsas məsuliyyət dairəsinə daxil olmuşdur. Bu işlər onun vəzifə təlimatında da göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş sözügedən siyahının 10.5.1-ci yarımbəndinin “b” bölməsində rəhbər və mütəxəssislər göstərilmiş, ikinci sətirdə isə qurğu rəisləri qeyd edilmşdir. Məhkəmə hesab edir ki, hazırki işdə qeyd edilən qaz paylayıcı stansiya bir texnoloji qurğudur və onun rəisi stansiyanın əməliyyat funksiyalarına cavabdeh rəhbər şəxs olmuşdur. Odur ki, iddiaçı qaz paylayıcı stansiyanın rəisi olduğundan o da siyahıda göstərilən “qurğu rəisləri”nə aid edilən şəxs kimi qəbul edilməlidir. Bu mənada da iddiaçının tutduğu vəzifə, yerinə yetirdiyi iş və funksiyalar həmin siyahının 10.5.1 yarımbəndinin “b” bölməsində göstərilən kriteriyalara uyğun olmuşdur. Beləliklə də məhkəmə o qənaətə gəlir ki, iddiaçının icra etdiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilən Siyahısı"nın 10.5.1-ci maddəsinin b) yarımbəndində "rəhbərlər və mütəxəssislər” siyahısında göstərilmiş “qurğu rəisləri" peşəsi ilə “SOCAR “Azneft” X5 Emalı Zavodunda işlədiyi qaz paylayıcı stansiyasının rəisi vəzifəsinin adları fərqli olsa da əmək funksiyaları eynilik təşkil edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, sözügedən müddətin (arayış verildiyi xx.xx.2024-cü il tarixə olan güzəştli müddət: 13 il 6 ay) iddiaçının mübahisələndirilməyən 3 il, 7 ay, 3 gün xüsusi iş stajı ilə toplandıqda (16 il 13 ay 3 gün) iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı yaranır ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixə iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır.

8. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərində iddia tələbinə etirazda qeyd olunmuş xüsusatlara istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-1(116)-2995/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və vəkili inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçı və onun vəkilinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

15. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

21. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdır.

23. İddiaçı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Həmçinin ümumi iş stajı ilə bağlı tələb ödənilir. Mübahisə iddiaçının xüsusi iş stajı ilə bağlı yaranmışdır.

24. İş materiallarından görünür ki, iddiaçı - xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azneft İB-nin X9 paylayıcı stansiyasının rəisi vəzifəsində işləmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının X15nda çalışdığı dövrdə icra etdiyi vəzifə funksiyaları və faktiki fəaliyyət sahəsinin “Əmək şəraiti zərərli olan işlərdə çalışan şəxslərə yaşa görə güzəştli əmək pensiyası hüququ verilməsi üçün istehsalat, peşə, vəzifə və sahələrin Siyahısı”nın 10.5.1-ci bəndinin tələblərinə uyğunluğu ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.

26. Belə ki, həmin bəndə əsasən, qazın və qaz kondensatının emalı ilə bağlı istehsalatda məşğul olan aşağıdakı sahələrdə çalışan fəhlələr, rəhbərlər və mütəxəssislər güzəştli pensiya hüququna malikdirlər: qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, təbii sulu qazın konversiyası, yanacaq hazırlanması, yanacaq verilməsi və s.

27. İddiaçının iş yerindən təqdim edilmiş arayışda onun aşağıdakı funksiyaları yerinə yetirdiyi qeyd edilmişdir: - texnoloji avadanlıqların və digər zavod avadanlıqlarının saz vəziyyətdə saxlanılması, davamlı və qəzasız işləməsinin təmin edilməsi; - avadanlıqların qəzasız, keyfiyyətli və vaxtında təmirinin planlaşdırılması, bütün növ təmirlərin vaxtında təlimata uyğun qaydada yerinə yetirilməsi, - tələb edilən dövlət, müəssisə standartlarına və texniki şərtlərə cavab verən məhsul istehsalını təmin etmək, - emala verilən təbii qazın qəbulu və təhvili, texnoloji sahələr arasında paylanması; - quru qazın separatorlarda yenidən təmizlənməsi, qaz həcmlərinin hesablanmasına nəzarət edilməsi, quru qazın separatorlarda yenidən təmizlənməsi, - qaz paylayıcı stansiyanın avadanlıq və aparatlarının düzgün istismarının təmin edilməsi.

28. Yuxarıda göstərilən funksiyalar bilavasitə qazın hazırlanması, təmizlənməsi, verilməsi və bu proseslərdə istifadə olunan texnoloji avadanlıqların istismarı və təmiri ilə bağlı istehsalat fəaliyyətidir.

29. Nəzərə alınmalıdır ki, iddiaçının vəzifə təlimatının məzmunu da, bu uyğunluğu bir daha təsdiqləyir. Belə ki, təlimatın 1.2 (daxil olan və təhvil verilən qazın miqdarının hesablanması), 1.3 (təbii qazın və emaldan çıxan təmizlənmiş qazın həcmi barədə məlumatların ötürülməsi), 1.6 (stansiya ilə texnoloji istehsalat sahələrinin işinin əlaqələndirilməsi), 1.10 (texnoloji və enerji avadanlıqların təmirinin həyata keçirilməsinə nəzarət, qrafikdən kənar təmir işlərini təşkil etmək), 1.14 (Təzyiq altında işləyən avadanlıqlara nəzarət), 1.18 (separator qovşağının texnoloji parametrlərinə nəzarət) və 1.19-cu (stansiyanın işinə rəhbərliyi həyata keçirməsi) bəndlərində qazın hazırlanması və verilməsi prosesində istifadə olunan müvafiq texnoloji avadanlıqlara xidmət göstərilməsi, onların istismarı və təhlükəsiz işləməsinin təmin edilməsi kimi vəzifə öhdəlikləri öz əksini tapmışdır.

30. Bütün bunlar onu göstərir ki, iddiaçı, qaz emalı ilə bağlı istehsalatda bilavasitə rəhbər şəxs kimi fəaliyyət göstərmiş, istehsalat prosesinin təşkilində və icrasında birbaşa iştirak etmişdir.

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı, əmək fəaliyyətini “Azneft” X5 Emalı Zavodunda həyata keçirmişdir. Zavodun adından göründüyü kimi fəaliyyətin özü qazın emalı ilə birbaşa bağlıdır və Siyahının 10.5-ci bəndində göstərilən “Neftin, qazın, qaz kondensatının emalı” üzrə istehsalat sahələrinin tərkibinə daxildir. Faktiki olaraq iddiaçının vəzifə funksiyaları bilavasitə həmin emal prosesinə yönəldiyindən, X15nda iddiaçının yerinə yetirdiyi əmək funksiyası güzəştli əmək pensiyası hüququ verən istehsalat sahəsi kimi qiymətləndirilməlidir.

32. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəzifə öhdəlikləri və icra etdiyi fəaliyyət istinad olunan “Siyahı”nın 10.5.1-ci bəndində göstərilən sahələrlə (b-rəhbərlər) uyğunluq təşkil etdiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 30 oktyabr 2025-ci il tarixli, e-2-1(116)-2995/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar