Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-756/2025 29.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025ci il tarixli 2-1(116)-3190/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1- 20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqına ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh imtina cavabında bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən, 16 il 6 ay 27 gün hakim kimi iş stağına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (7881.00 manat) 54.50 faizi- 4295.15 manat və xx.xx.2025-ci il tarixinədək ödənilmiş əmək pensiyasının tərkibindəki 74.04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369.19 (4295.15+74.04) manat məbləğində sabiq hakim kimi 04 mart 2025-ci il tarixindən pensiya təyin edilməsi qanuna uyğun olmuşdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “ona hakim vəzifəsindəki 16 il 6 ay 27 gün iş stajına uyğun olaraq son 24 aylıq əmək haqqlarının orta aylıq məbləğinin, əlavələr, xəstəliyə görə müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80% miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı 30 iyul 2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə göndərərək, hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-3190/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - O, xx.xx.2008-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hakim vəzifəsində çalışmış və ümumi hakimlik stajı 16 il 6 ay 27 gün təşkil etmişdir. O, hakim vəzifəsində olmanın son yaş həddinə – 65 yaşa çatdığına görə xx.xx.2025-ci ildə səlahiyyətlərinə xitam verilmişdir. Hakim vəzifəsində işlədiyi son illər ərzində ona ödənilmiş əməkhaqları barədə müvafiq dövlət orqanı tərəfindən verilmiş maliyyə arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən hakim vəzifəsində aldığı son 24 ayın orta aylıq əməkhaqlarının 54,50 faizi miqdarında pensiya təyin olunmuşdur. O, təyin edilmiş pensiyanın faiz məbləği ilə razılaşmayaraq 2025-ci ilin aprel ayında cavabdeh orqana rəsmi qaydada yazılı müraciət etmiş, hakim vəzifəsində aldığı son illər üzrə orta aylıq əməkhaqlarının, həmçinin əlavələrin və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyaların nəzərə alınması ilə pensiya hüququnun yarandığı tarixdən 80 faiz məbləğində pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqanın müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan öz cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən həmin şəxs 30 dekabr 2005-ci ildən sonra hakim təyin edildiyinə görə ona orta aylıq əməkhaqqının 80 faizi miqdarında pensiya təyin olunması mümkün deyil. Göründüyü kimi, cavabdeh orqan verdiyi cavabda mövqeyini hərtərəfli və tam əsaslandırmamış, həmçinin bu kateqoriya mübahisələr ilə bağlı mövcud məhkəmə təcrübəsinin vahidliyini nəzərə almamışdır. Nəticədə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə uyğun olaraq hakim vəzifəsində aldığı son illər üzrə orta aylıq əməkhaqlarının 80 faizi miqdarında pensiya təyin olunması mümkün hesab edilməmişdir. Cavabdeh orqanın məktubunda göstərildiyi kimi, 16 il 6 ay 27 gün hakimlik stajına uyğun olaraq, vaxtilə çalışdığı vəzifə üzrə orta aylıq əməkhaqqı – 7881,00 manatın 54,50 faizi, yəni 4295,15 manat, həmçinin xx.xx.2005-ci il tarixədək pensiya tərkibində ödənilən 74,04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369,19 manat məbləğində pensiya təyin edilmişdir. Mövcud mübahisəli vəziyyətdə cavabdeh tərəfindən son illər üzrə orta aylıq əmək haqlarının 54,50 faizi məbləğində pensiya hesablanması Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarının məqsədlərinə ziddir.
7. Cavabdeh orqan, iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iş materiallarına əsasən, iddiaçı Məlikov X1 Filiala xx.xx.2025-ci il tarixdə müraciət edərək, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ay ərzində əmək haqlarının orta aylıq məbləğinə əlavələr və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləği də nəzərə alınmaqla 3 mart 2025-ci il tarixindən 80 faizi miqdarında pensiya təyin olunmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Ərizəçinin müraciətinə baxılaraq bildirilmişdir ki, İddiaçı istənilən ardıcıl gələn 60 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyi Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 8 nömrəli arayışı nəzərə alınmaqla Qanunun 20.7.12-ci maddəsinə əsasən, 16 il 6 ay 27 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı (7881,00 manat) 54,50 faizi— 4295,15 manat və xx.xx.2025-ci il tarixinidək ödənilmiş əmək pensiyasının tərkibindəki 74,04 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4369,19 (4295,15+74,04) manat məbləğində sabiq hakim kimi 4 mart 2025-ci il tarixindən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçıya sabiq hakim kimi yaşa görə ödənilən 4369,19 manat əmək pensiyasının məbləğinin müraciətində göstərdiyi xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3707,55 (3633,51+74,04) manat pensiya məbləğindən çox olduğu müəyyən edilmişdir. Buna görə də əmək pensiyasının həmin dövr əsas götürülməklə yenidən hesablanması təxirə salınmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında' Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2001-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. İddiaçı hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixdən sonra, yəni 7 avqust 2008-ci il tarixdə təyin edildiyindən sözügedən qaydada əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı sözügedən Mərkəzi Filialın imtina məktubu ilə razılaşmayaraq, eyni tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra Şəki İnzibati Məhkəməsinin 8 avqust 2025-ci il tarixli 2-1(116)- 3190/2025 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilmişdir. Belə ki, İddiaçı hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əməkhaqqılarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiya məbləği də nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.4, 20.7; “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168-İVQD nömrəli Qanununa; “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasının 20.7-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına istinad edilərək bildirilmişdir ki, iş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2025-ci il tarixdə çatmışdır Bildirilmişdir ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyası tətbiq edilsə belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında» Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş" ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsə hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 05 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. İddiaçıya hakim kimi əmək pensiyası düzgün hesablanmışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3190/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilmiş, İddiaçı təyin olunmuş pensiyanın onun hakim vəzifəsində son 5 ilin orta aylıq əmək haqqısının 80 faizi miqdarında yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıya onun qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2025-ci il tarixdə çatması nəzərə alınmaqla Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8 nömrəli arayışı əsas götürülərək “Əmək pensiyaları haqqında” Qanunun 20.7, 20.7.1 və 20.7.2-ci maddələrinə əsasən hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 54.50 faizi məbləğində pensiya təyin edilmişdir. İşin hallarına görə, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edilmiş və xx.xx.2025ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ yaranmışdır. Məhkəmə həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hakim kimi iş stajı 16 il 6 ay 27 gündür. Yəni, 10 illik fəaliyyətə münasibətdə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 6 il 6 ay 27 günə münasibətdə isə qanunda nəzərdə tutulan maksimum aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan orta aylıq məbləğ hesablanmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçının pensiyası ona pensiyanın təyin olunduğu tarixdən yenidən hesablanmalıdır. (Azərbaycan Respublikası Ali Məhkləməsinin 2-1(102)- 1728/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında oxşar inzibati işlə bağlı qərarında təsbit olunan hüquqi mövqeyi).
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2- 1(116)-3190/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılması xahiş edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. ... Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hakim vəzifəsindəki 16 il 06 ay 27 gün iş stajına uyğun olaraq son 5 il ərzində qazanılmış əmək haqqlarının ən yüksək məbləğləri əsas götürülərək orta aylıq məbləğinin, əlavələr, müavinət-maddi yardım, müalicə xərcləri, ödənilmiş məzuniyyət haqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilmiş kompensasiyalar da nəzərə alınaraq pensiya hüququnun yarandığı tarixdən 80 faizi miqdarında pensiya təyin olunmaqla, pensiya məbləğinin yenidən hesablanması və yenidən hesablanmadan sonra ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
23. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir.
24. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır.
25. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
27. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır.
30. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hakim işləmiş, hakim stajı 16 il 06 ay 27 gündür. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi stajı ona pensiya təyini üçün imkan verirdi.
31. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 106-cı maddəsi hakimlərin maddi təminatını tənzimləyir. Həmin maddə ilə hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2025-ci il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2025ci il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır.
32. “Məhkəmələr və hakimlər haqqında” Qanununun 107-ci maddəsi isə hakimlərin məzuniyyət müddəti və haqqı ilə bağlı məsələləri özündə əks etdirir. Həmin maddənin tələbinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Odur ki, iddiaçı xx.xx.2025-ci il tarixə qədər hakim işlədiyindən pul təminatını eləcə də, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır.
33. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
34. Beləliklə, iddiaçı ona aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının 80 faizi (iddiaçının hakim kimi stajı 16 il 06 ay 27 gün olduğundan 10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı 6 il 6 ay 27 gün hakimlik stajına münasibətdə hər il üçün 5 faiz (30%+2,87%=32,87%)) miqdarında yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
35. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8 №-li arayışına əsasən, iddiaçının 2020-ci ilin mart ayından 2025-ci ilin mart ayınadək hakim vəzifəsində işləməsi ilə əlaqədar ona ödənilən pul təminatına əsasən orta aylıq əmək haqqı 6.405 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 20.7.3-cü maddəsinə uyğun olaraq, bu halda qulluq stajına görə əmək pensiyasının maksimum həddi orta aylıq əmək haqqının 80 faizi - 5.123,89 manat səviyyəsində müəyyən edilməli idi. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya 4.369,19 manat məbləğində əmək pensiyası təyin edilmiş, bu isə qanunla müəyyən edilməli olan yuxarı həddən 754,70 manat az olmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2-1(116)-3190/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.