Məhkəmə qərarları › İş №2-1(107)-76/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-76/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-76/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X13 Filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X13 Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X13 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsinə əsasən iddiaçı 1976-cı il tarixdən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu barədə əmək kitabçasında məlumat əks olunmuşdur. 2004-cü ildən isə qalayçılıq fəaliyyəti ilə məşğul olur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir.

4. Cavabdeh iddia tələbinə etirazında göstərmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********034000 nömrəli arayışında iddiaçının xx.xx.2007-ci il tarixdən vergi uçotuna alındığı və hazırda qalayçılıq, misgərlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən işlədiyi peşələrin yuxarıda qeyd olunan peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1976-cı ildə əmək fəaliyyətinə başlamış, 2003-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir. - DSMF-nun İsmayıllı rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli 107 nömrəli arayışı; - DSMF-nun İsmayıllı rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli arayışı; - DSMF-nun İsmayıllı rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********6 nömrəli arayışı; - DSMF-nun İsmayıllı rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********8 nömrəli məktubu; - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli Sosial sığorta ödənişləri və hesablamaları barədə arayışı; - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı, - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli Sosial sığorta ödənişləri haqqında məlumatı, - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli Fəaliyyət növü haqqında arayışından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən vergi uçotuna alınmış, hazırda qalayçılıq və misgərlik fəaliyyəti ilə məşğul olur. - xx.xx.2007-ci il tarixli Vergi ödəyiçisinin alınması haqqında Şəhadətnamənin surəti. - НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti. - ДТ-İ seriyalı 765746 nömrəli Diplomun surəti; - ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surəti, - SSN:**********432 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti, - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 yanvar 2024-cü il tarixli 2- 1(116)-224/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə X13 Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla tələb olunan 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının misgər və qalayçı peşələri üzrə işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını bildirmişdir. İşdə olan 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli fəaliyyət növü haqqında arayışından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən vergi uçotuna alınmış, hazırda qalayçılıq və misgərlik fəaliyyəti ilə məşğul olur. Məhkəmə araşdırması zamanı iddiaçının çalışdığı aşağıdakı peşələr üzrə dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” na daxil olduğu müəyyən edilir. Belə ki, həmin Siyahının 35-ci bölməsində “Ümumi peşələr”ə aid “tərkibində 1 — 2-ci sinif təhlükəli, zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar” peşəsi göstərilmişdir. - İddiaçının xx.xx.2007-ci ildən iddia tələbi üzrə qeyd olunan xx.xx.2022-ci il tarixinə qədər həmin peşə üzrə iş stajı minimum tələbdən (12 il 06 ay) artıqdır.Həmçinin,iddiaçının 2006-cı ilədək olan təhsil,hərbi xidmət dövrü daxil olmaqla ümumi iş stajı 25 ildən artıqdır. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi nəzərdə tutulmamışdır.

8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X13 Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2- 1(107)-218/2024 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Xüsusi Şərtlərlə X13 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmşdır.

10. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti vermişdir.

Kassasiya instansiya məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2- 1(102)-2168/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(107)-218/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 24 iyul 2020-ci il tarixli **********034000 nömrəli arayışında xx.xx.2007-ci il tarixdən vergi uçotuna alındığı və hazırda qalayçılıq, misgərlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) tərkibində 1-2-ci sinif təhlükəli, zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, İddiaçı çalışmış olduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulmuş vəzifə ilə uyğunluq təşkil etsə də, çalışmış olduğu sahə sözügedən Qərarda nəzərdə tutulan sahə ilə uyğunluq təşkil etmir. Məhz bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı apellyasiya şikayətinə qarşı etirazlarını onunla əsaslandırılmışdır ki, o, qədim, nadir və tarixi “qalayçılıq” və “misgərlik” sənətlərini yaşadır. Bu sənətləri işlədən sənətkarlar bütün dövrlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışlar. 66 yaşı var. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün lazım olan sənədləri və arayışları təqdim etmişdir. Ümumi iş stajından əlavə 16 iyul 2019-cu il tarixli **********3 nömrəli İsmayıllı rayon DSMF-nin verdiyi güzəştli iş stajına aid arayış 1 il 7 ay nə apellyasiya şikayətində, nə də ki, kassasiya şikayətində cavabdeh tərəfindən nəzərə alınmayıb, qeyd olunmayıb. Güzəştli iş stajı 2004-2006-cı illər üzrə 1 il 7 ay, sosial arayışla 11 il 8 ay olmaqla cəmi 13 il 3 aydır. - Onun peşəsi 35-ci bənddə “Ümumi peşələr” bölməsində “qalayçılıq” peşəsi kimi göstərilmişdir. Lakin cavabdehin apellyasiya şikayətində göstərilir: iddiaçının çalışmış olduğu vəzifə Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında nəzərdə tutulmuş "vəzifə" ilə uyğunluq təşkil etsə də, çalışmış olduğu" sahə sözügedən qərarda nəzərdə tutulmuş sahə ilə uyğunluq təşkil etmir. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bildirir ki, sadə peşə fəaliyyəti ilə məşğuldur. "Peşələrinin "vəzifəsi" və ya ayrı "sahə"si yoxdur. Bütün bunlar və 2004-2006-cı illər üzrə İsmayıllı royon DSMFnun təqdim etdiyi 1 il 7 ay güzəştli iş stajının cavabdehin apellyasiya və kassasiya şikayətlərində niyə qeyd olunmamasının araşdırılmasını və aydınlıq gətirilməsini xahiş edir. Onun iş stajı 3 hissədən ibarətdir: 1. Əmək kitabçasından. 2. 2004-2006-cı illər üzrə İsmayıllı rayon DSMF nin arayışı 1 il 7 ay. 3. Sosial arayışla 11 il 8 ay. (Ümumi iş stajı +13 il 3 ay güzəştli iş stajı). Cavabdeh tərəfindən "yaradılmış" tam və tamam əsassız dəlillərlə (məsələn 2004-2006-cı illər üzrə 1 il 7 ay güzəştli iş stajının qeyd edilməməsi və ya nəzərə almamaqla, peşə fəaliyyətinin çalışmış olduğu "vəzifə"yə uyğun çalışmış olduğu "sahəyə" uyğun olmaması güzəştli iş stajının bilərəkdən və ya bilməyərəkdən 12 il 6 aydan az qeyd olunması) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Bütün bu deyilənlərə tam aydınlıq gətirilməsi üçün Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi araşdırma apararaq 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli ədalətli qərar qəbul edərək iddianı təmin etmişdir. Fəaliyyətini "Ümumi peşələr" bölməsində göstərilən "Qalayçılıq" peşəsi ilə tam uyğun və eyni ilə özüdür. - İddia ərizəsində də qeyd etmişdir ki, 2004-cü ildən "Qalayçılıq" və "Misgərlik" fəaliyyəti ilə məşğuldur. 2004-2006-cı illər İsmayıllı DSMF-nin təqdim etdiyi güzəştli iş stajına aid arayışı niyə qəbul etmirlər? Qurğuşun tərkibli qalay məmulatlarının isti üsulla qalaylanması ilə məşğul olan "qalayçılar" tez əriyən, asanlıqla əyilən, əl ilə istənilən şəkilə düşən yumşaq qalaydan hansı qalay məmulatı hazırlana bilər? Qalay məmulatı hansı sahədə istifadə olunur? Bildirir ki, qalaydan hər hansı bir məmulat hazırlana bilməz. Xahiş edir ki, “Metal "məmulatlarının isti üsulla qalaylanması ilə məşğul olan "qalayçılar" kimi adlandırılması nəzərə alınsın. Təqdim etdiyi sənədləri, arayışları və izahatları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 2-1(116)-224/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul eidlməsini xahiş etmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etiraz ərizələrinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

19. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

35. Ümumi peşələr tərkibində 1 — 2-ci sinif təhlükəli, zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar

Apellyasiya şikayətinin mümkünlüyü

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

27. İşin hallarından görünür ki, iddiaçının ümumilikdə iş stajı təhsil və hərbi xidmət illəri nəzərə alınmaqla tələb olunan 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndirilməmişdir. Lakin, cavabdeh, iddiaçının misgər və qalayçı peşələri üzrə işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmadığını bildirmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2- 1(102)-2168/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 aprel 2024-cü il tarixli, 2-1(107)-218/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

29. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

30. Ali Məhkəmə hazırki iş üzrə 27 sentyabr 2024-cü il tarixli, 2-1(102)-2168/2024 nömrəli qərarında qeyd etmişdir ki, hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və tələbini onunla əsaslandırır ki o, xx.xx.2007-ci il tarixdən vergi uçotuna alınmış, hazırda qalayçılıq və misgərlik fəaliyyəti ilə məşğul olur və onun məşğul olduğu fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” na daxildir. - Cavabdehin apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində “Ümumi peşələr”ə aid “tərkibində 1 — 2-ci sinif təhlükəli, zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar peşəsi nəzərdə tutulmuşdur. Lakin qalayçı peşəsinin güzəştli kateqoriyaya aid olması üçün həmin peşənin 1-2-ci sinif təhlükəli, zərərli maddələrlə olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə icra olunması ilə şərtləndirilir. İddiaçının işlədiyi peşə isə həmin şərtlərə cavab vermir. - Məhkəmə kollegiyası kassatorun həmin dəlilini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarından iddiaçının 1-2-ci sinif təhlükəli, zərərli maddələr ilə işlədiyi görünmür. Bu barədə heç bir sənəd-sübut təqdim edilməmiş, eləcə də məhkəmələr tərəfindən də bu istiqamətdə araşdırılma aparılmamışdır. - Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə ziddiyyətli hallar olduğu halda, apellyasiya məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, bu istiqamətdə ətraflı araşdırma aparmamış, sadəcə iddiaçının çalışdığı peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olduğuna istinad edərək iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. - İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar (iddiaçının xüsusi stajı) obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

31. Məhkəmə kollegiyası tərəfindən də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmış və 27 dekabr 2024-cü il tarixdə iddiaçıya məktub ünvanlanaraq onun işlədiyi dövrlərdə 1-2-ci sinif təhlükəli, zərərli maddələrlə işlədiyini təsdiq edən sübutların məhkəməyə təqdim etməsi bildirilmişdir. İddiaçı tərəfindən heç bir sübüt təqdim edilməmiş, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında o, atası və qohumlarının onunla eyni fəaliyyətlə məşğul olmaqla pensiya aldıqlarını bildirmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının qeyd etdiyi halın araşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X13 Filialına sorğu vermiş və kollegiyanın sorğusu əsasında verilmiş cavabdeh inzibati orqanın 17 mart 2025-ci il tarixli, 3-17-1/2-65329/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X6, X7 və X3 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxslərə dair Mərkəzi Filialda pensiya işi mövcud deyildir.

33. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

34. İş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində “Ümumi peşələr”ə aid “tərkibində 1 — 2-ci sinif təhlükəli, zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar peşəsi nəzərdə tutulmuşdur. Lakin qalayçı peşəsinin güzəştli kateqoriyaya aid olması üçün həmin peşənin 1-2-ci sinif təhlükəli, zərərli maddələrlə olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə icra olunması ilə şərtləndirilir. İddiaçının işlədiyi peşə isə həmin şərtlərə cavab vermir.

35. Həmçinin, iş materiallarından iddiaçının 1-2-ci sinif təhlükəli, zərərli maddələr ilə işlədiyi görünmür. Bu barədə iddiaçı tərəfindən heç bir sənəd-sübut təqdim edilməmiş, məhkəmə tərəfindən aparılan araşdırma zamanı da iddiaçının 1-2-ci sinif təhlükəli, zərərli maddələr ilə işlədiyinə dair mötəbər sübut-sənəd aşkar edilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırma aparılmamış, eləcə də cavabdehin apellyasiya şikayətindən irəli gələn və hazırda iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətinə etirazında təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.

37. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.

38. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X13 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-224/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X13 Filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar