Məhkəmə qərarları › İş №2-1(107)-760/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-760/2025

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-760/2025 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “cavabdehin qərarının qanunsuz hesab edilməsi və OFP-nin 81-100 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı R********PXP nömrəli tibbi göndərişdə əsas diaqnoz kimi I69.3 – keçirilmiş işemik insultun qalıq əlamətləri, yanaşı olaraq G82.4 – spastik tetraplegiya (dərin spastik tetraparez, sol tərəfin üstünlüyü ilə), Z74.1 – özünəxidmət zamanı köməyə ehtiyac və R26 – hərəkət və yeriş pozuntusu diaqnozları göstərilmişdir.

2. Cavabdehin ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçının sağlamlıq vəziyyəti “Meyarlar”a Əlavənin 7.6.1.2-ci yarımbəndi üzrə “qarışıq qabıq və qabıqaltı vaskulyar demensiya – orta təzahür dərəcəsi (MMSE 19–11 bal)” diaqnozuna uyğun qiymətləndirilmiş və OFP 75 faiz müəyyən edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qərarının qanunsuz hesab edilməsi və 1-ci dərəcəli əlillik qrupunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işemik xəstəsidir. Hərəkətsizdir, sərbəst oturub durmaq üçün ailə üzvlərinin köməyi olmadan otura bilmir. Xəstəxanada ona insult diaqnozu qoyulmuşdur və əlillik dərəcəsinin verilməsi üçün cavabdehə göndərilmiş, nəticədə ona OFP-nin 75 faiz dərəcəsini əhatə etdiyinə görə ona II dərəcə əlillik verilmişdir. Iddiaçı hesab edir ki, TSEK öz qərarına yenidən baxaraq onun ləğv edilməsi və ona İ qrup əlillik dərəcəsinin təyin edilməsi haqda qərar çıxarmalıdır.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək ##.##.2024-cü il tarixli göndəriş əsasında baxılmış, Diaqnozun mətni: Beyin infarktının nəticələri, Kecrilmiş işemik insultun qaliq əlamətləri Spastik tetraplegiya, dərin spastik tetraparez sol tərəfli üstünlüyü ilə qarışıq qabıq və qabıqaltı vaskulyar demensiya, qarışıq qabıq və qabıqaltı vazkulyar demensiya MMTS 20 bal olmaqla OFP faizi 75% olmaqla 5 illik əlillik təyin edilmişdir.

6. Şəki Inzibаti Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının OFP-nin 75 faiz pozulmasının müəyyən edilməsi barədə cavabdehin ##.##.2024-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı müddətsiz, OFP-nin 81-100 faiz (III dərəcə əlilliyin) müəyyən edilməsi öhdəliyi cavabdeh Cavabdeh PHŞ-nin üzərinə qoyulmuşdur

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqi marağı cavabdehin qərarının qanunsuz hesab edilməsi və III dərəcə əlilliyin, yəni OFP-nin 81- 100 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Iddia tələbi “cavabdehin qərarının qanunsuz hesab edilməsi və 1-ci dərəcəli əlillik qrupunun verilməsi” kimi ifadə etmişdir. Məhkəmə IPM-in 52-ci maddəsinin tələbləri baxımından və iddia ərizəsinin məzmunundan müəyyən edir ki, iddiaçı onun II dərəcə əlilliyinin müəyyən edilməsi barədə qərarla razılaşmır. Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətini, iddia tələbini dəqiqləşdirmək imkanına malik olmadığını nəzərə alaraq iddia tələbini iddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq ona “II dərəcə əlilliyin təyin edilməsinə dair ##.##.2024-cü il tarixli qərarın dəyişdirilərək III dərəcə əlilliyin, yəni OFP-nin 81-100 faiz pozulmasının müəyyən edilməsi” kimi qiymətləndirir. Işin hallarından müəyyən edilir ki, iddiaçı barəsində R********PXP nömrəli forma 88 göndərişinə cavabdeh inzibati orqan tərəfindən baxılmış və ##.##.2024-cü il tarixdə qiymətləndirilmə aparılaraq ona “7.6.1.2.7.Psixi və davranış pozuntuları-Üzvi, o cümlədən simptomatik psixi pozğunluqlar-Qarışıq qabıq və qabıqaltı vaskulyar demensiya-orta təzahür dərəcəsi (MMSE-19-11 bal): yalnız çox yaxşı bələd olunmuş materialın mənimsənilməsi, yeni informasiyanın yalnız təsadüfi və ya qısa müddətə yadda saxlanılması; yaşadığı yeri, yaxın zamanda nə etdiyini və ya tanışlarının adını xatırlaması, alış-veriş və pulla davranış da daxil olmaqla, kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüz edən intellektual qabiliyyətlərin enməsi” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş tibbi müəssisələrinin məktublarına əsasən müəyyən edilir ki, Ağsu rayonu Ağarx kənd sakini, ##.##.1969-cu il təvəllüdlü, İddiaçı “I69.3 Keçirilmiş işemik insultun qalıq əlamətləri. G82.4 Dərin spastik tetraparez. Sol tərəfin üstünlüyü ilə. Z.74.1. Özünə xidmət zamanı köməyə ehtiyacı var. F02.09 Baş beyinin xəstəliyi nəticəsində demensiya” diaqnozu ilə xəstədir, xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-də qeydiyyata götürülmüşdür. Əlillik təyin edilməsi məqsədilə ##.##.2024-cü il tarixdə “Ağsu RMX” PHŞnə müraciət etmiş, xəstə müayinə olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarın “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəldiyi üçün 088/U forma tərtib edilməsi məqsədilə “Şamaxı RMX” PHŞ-nə göndərilmiş, İddiaçı II (ikinci) dərəcə əlillik təyin edilmişdir. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı ##.##.2024-ci il tarixində yazılmış Forma 88-də əsas diaqnoz olan J60-J69 diaqnozunun qiymətləndirmə amilində 2.1.1 meyar koduna əsasən 35-60% əsas kodun ağırlaşması olan G82.4 diaqnozunda isə qiymətləndirmə amilində 6.5.1.6 meyar koduna əsasən 85-100% orqanizmin funksiyasının pozulması faizinə uyğun olaraq əzələ gücü 1 bala qədər azalması uyğundur. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6.5ci bəndində “Serebral iflic və digər paralitik sindromlar” təsbit edilmişdir. Həmin Diaqnozun qiymətləndirici əlaməti kimi 6.5.1-ci bəndində “serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya)”(G81-G83) göstərilmişdir. Həmin diaqnoza əsasən xəstəyə OFP-nın 85-90 müddətsiz dərəcəsi və müddətsiz əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Iddiaçı barəsində tərtib edilmiş forma 88 göndərişindən tibb müəssisəsi tərəfindən “Özünəqulluq bacarığı, Kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması, Sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; Istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması” ilə bağlı kateqoriyaların III dərəcə məhdudiyyət həcmində olduğu göstərilmişdir. Göründüyü kimi İddiaçı barəsində tibb müəssisəsindən göndərilmiş Forma 88 göndərişində qeyd edilmiş diaqnoz və onun sağlamlıq vəziyyəti,ağırlaşmalar şəxs barəsində yuxarıda qeyd olunan III dərəcə əlilliyin müəyyən edilməsinə əsas verdiyi halda, inzibati orqan tərəfindən orqanizmin funksiyasının pozulması 75% faiz dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin G82.4 kodunda nəzərdə tutulmuş “Spastik tetraplegiya, dərin spastik tetraparez sol tərəfli üstünlüyü ilə” diaqnozunun qiymətləndirici əlaməti 6.5.1.6-cı bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 85-100% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 85-100% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının OFP-nin l dərəcə məhdudlaşması halının müəyyən edilməsi (yəni əvvəlki qərarı dəyişərkən müəyyən etməli) öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir.

8. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqan apellyasiya şikayətini iddia tələbinə etirazla eyni dəlillərə istinad etməklə əsaslandırmış və maddi hüquq normalarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda diskression səlahiyyətlə bağlı müddəalar da öz əksini tapmışdır: “Ali Məhkəmənin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsasən əlilliyin müəyyən olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin müəyyən olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.” Həmçinin qeyd etmək istəyirik ki, işə birinci instansiya məhkəməsində baxılan zaman tərəfimizdən yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq İddiaçı ümumi səbəbdən 5 il müddətinə orqanizm funksiyalarının 75% pozulması müəyyən olunmuşdur. ##.##.2024-cü il tarixdə həmin qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir. Iddiaçı isə sms-in ona çatdırıldığı ##.##.2024-cü il tarixdən 30 gün müddətində, yəni ##.##.2024-cü il tarixədək şikayət vermək hüququnun olmasına baxmayaraq, ##.##.2024-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin məhkəmə tərəfindən etirazda qeyd edilən hallar nəzərə alınmamış, əsasız olaraq iddia ərizəsi mahiyyəti üzrə baxılaraq iddia təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şəki Inzibati Məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, tetraplogiya – hər iki yuxarı və aşağı ətrafların hərkətsizliyi deməkdir. TSEK-nın ekspert rəyi ilə hazırkı iş üzrə AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” tərəfindən verilmiş ekspert rəyi üst-üstə düşmür. DTSEA tərəfindən iddiaçının OFP-si 75 % müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspert rəyi ilə razılaşmamağımızın səbəbi OFP-nin faizin cavabdeh orqan tərəfindən müəyyən edilmiş faiz dərəcəsindən artıq müəyyən edilməsidir. Məhkəmə kollegiyasının iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Iddiaçı eyni zamanda məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, hazırkı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyyasının ##.##.2026-cı il tarixli iclas protokolunun Qərardadı ilə cavabdeh Cavabdeh PHŞ onun hüquqi varisi “Dövlət Tibbi Sığorta Ekspertiza və Agentliyi” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

13. “Inzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. Inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır....

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən, verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

23. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Iş materiallarından görünür ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə “I69.3 – keçirilmiş işemik insultun qalıq əlamətləri”, ağırlaşma kimi isə “G82.4 – spastik tetraplegiya, dərin spastik tetraparez, sol tərəfin üstünlüyü ilə”, “Z74.1 – özünə xidmət zamanı köməyə ehtiyacın olması”, “R26 – hərəkətin və yerişin pozulması” diaqnozları göstərilmiş, cavabdeh orqan tərəfindən ona “Meyarlara” Əlavənin 7.6.1.2-ci yarımbəndinə uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir.

25. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə (məhkəmənin xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə müdaxilə etməsi, tibbi göndərişdə ağırlaşma kimi qeyd edilmiş “G82.4 – spastik tetraplegiya, dərin spastik tetraparez, sol tərəfin üstünlüyü ilə” diaqnozu öz təsdiqini tapmaması) münasibətdə kollegiya qeyd edir ki, şəxsdə “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəlik, zədə və ya çatışmazlığın və müvafiq funksional pozuntuların mövcudluğu müəyyən edildikdə, Agentliyin həmin hallara uyğun əlillik dərəcəsi və müddəti barədə qərar qəbul etməsi onun mütləq, yaxud qapalı səlahiyyətidir. Inzibati orqanın qiymətləndirmə azadlığı isə şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın mövcud olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlıdır və bu qiymətləndirmənin məhkəmə nəzarətindən kənarda qalması anlamına gəlmir. Məhkəmə həmin qiymətləndirmənin hansı faktiki əsaslara söykəndiyini və həmin əsasların gəlinmiş nəticə üçün mötəbər və yetərli olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir.

26. Kollegiya tərəfindən G82.4 – spastik tetraplegiya, dərin spastik tetraparez, sol tərəfin üstünlüyü ilə” diaqnozunun iddiaçıda mövcud olub-olmamasının qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıya qoyulmuş diaqnozlar stasionar şəraitdə aparılmış müayinə və müalicə əsasında müəyyən edilmişdir. Həmçinin iddiaçının avtomobildən düşürülməsinin mümkün olmaması, müayinənin avtomobildə aparılması, onun avtomobildə hərəkətsiz uzanması, danışmaması, verilən suallara cavab verə bilməməsi, aşağı ətraflarının yarıbükülü vəziyyətdə olması, qollarını və ayaqlarını hərəkət etdirə bilməməsi, vəziyyətinin tam hərəkətsiz olması göstərilmişdir.

27. Bununla da, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsas dəlil - G82.4 diaqnozunun təsdiqini tapmaması ekspert rəyi ilə təkzib edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, “Meyarlara” Əlavənin 6.5.1.6-cı bənddə əlilliyin müəyyən edilməsi üçün əsas kimi əhəmiyyətli təzahür edən tetraparez, tetraplegiya, əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin və əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma, eləcə də əhəmiyyətli təzahür edən statodinamik pozuntular nəzərdə tutulmuşdur.

29. Ekspert rəyində əzələ gücü balla ifadə edilməsə də, iddiaçının qollarını və ayaqlarını hərəkət etdirə bilməməsi, tam hərəkətsiz vəziyyətdə olması, avtomobildən düşürülməsinin mümkün olmaması və müayinənin avtomobildə aparılması onun müstəqil yerdəyişmə və əllərdən istifadə qabiliyyətinin faktiki olaraq mümkün olmamasını, statodinamik funksiyaların əhəmiyyətli dərəcədə pozulmasını sübut edir.

30. Qeyd olunan hallar məcmu şəkildə qiymətləndirildikdə iddiaçının sağlamlıq vəziyyətinin “Meyarlara” Əlavənin 6.5.1.6-cı bəndində nəzərdə tutulmuş funksional pozuntulara uyğun olması qənaəti yaranır. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

31. Iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh orqan ##.##.2024-cü il tarixdə qəbul edilmiş qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu SMS-i iddiaçının mobil telefon nömrəsinə göndərmiş, iddia ərizəsi isə ##.##.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim edilmişdir (daxil olma: ##.##.2024).

32. AR IPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlili əsassızdır.

33. Kollegiya əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarın nəticə hissəsində “OFP-nin 81–100 faiz (III dərəcə əlilliyin) pozulması” ifadəsini işlətmişdir. Məhkəmə kollegiyası həmin ifadənin məzmununu Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı qərarı ilə təsdiq edilmiş Meyarların 3.1.1-ci bəndi kontekstində qiymətləndirir. Belə ki, həmin normaya əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn insanın həyat fəaliyyəti kateqoriyalarından hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında orqanizmin funksiyalarının pozulması 81–100 faiz həddində müəyyən edilir. Odur ki, birinci instansiya məhkəməsinin nəticə hissəsində mötərizədə göstərilmiş ifadə OFP-nin 81–100 faiz həddinin normativ əsasını ifadə edən – OFP-nın III dərəcə məhdudlaşması halı kimi başa düşülməlidir.

34. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar