Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-762/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)- 504/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Zaqatala AİK-in xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə X6 və onun ailə üzvlərinin mülkiyyətinə 0,01 ha torpaq sahəsi verilmiş və xx.xx.2006-cı il tarixdə JN-042G (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.
2. xx.xx.2006-cı il tarixli JN-042G (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X1 adına Zaqatala rayonu, Makov kəndində yerləşən 0,0063 ha torpaq sahəsinə xx.xx.2021-ci il tarixli, **********97 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır.
3. xx.xx.2021-ci il tarixli, **********52 reyestr nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu, Makov kəndində yerləşən 0,1134 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. (Əsas: JN-41F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2006cı il tarixli Şəhadətnamə və 4-Ə-150 saylı, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi).
4. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək X2 verilmiş çıxarışın onun torpaq sahəsinə düşən 66 kv.m hissəsində düzəliş edilərək həmin hissənin X1 adından çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh orqan 04 aprel 2024-cü il tarixli məktubla qeyd edilən xüsusatların Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş çıxarışdakı torpaq sahəsinin onun tərəfinə düşən 66 kv.m hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək X6 və ailə üzvlərinin adına 0,0063 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2160/2024 saylı qərardadı ilə X9, X7 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdirlər.
9. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2160/2024 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
10. İddia ərizəsinin əsaslarına görə iddiaçının Zaqatala rayonu Maqov kəndində Çıxarışla 0,11 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ilə üzbə-üz qonşu X1 Çıxarışla torpaq sahəsi vardır. 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X8 verilən torpaq sahəsinin kiçik bir hissəsi təqribən 66 kv.m hissəsi iddiaçının torpaq sahəsinin giriş hissəsinə həmçinin ümumi istifadədə olan yolun kənar hissəsinə düşdüyündən iddiaçının yola çıxışını bağladığından iddiaçı X1 adına verilmiş çıxarışın həmin hissədə ləğv edilməsinə dair cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya 04 aprel 2024-cü il tarixli məktubu ilə cavab verərək bunun onların səlahiyyətləri daxilində olmadığı bildirmişlər. İddiaçı da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş başqa tərəfdən mümkün deyildir. Cavabdeh X8 verərkən onun öz tərəfinidə həmçinin yolun iddiaçı olan qarşı tərəfində onun mülkiyyətinə işləməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Torpaq sahəsinə girişini məhdudlaşdırmış, həmçinin ümumi istifadədə olan yolun həm iddiaçı tərəfindən həmdə Əhməd İsmayılov tərəfindən ona düşən hissələri ümumi istifadədə olan yolun daralmasına səbəb olub. İddiaçı hesab edir ki 18 saylı Zaqatala Ərazi İdarəsi X8ı düzgün qaydada işləyib hazırlamamışdır. Əhməd İsmayılova öz tərəfindən əlavə iddiaçı tərəfdən də kiçik bir hissənin onun adına işlənməsi tam qanunsuzdur. Cavabdeh tərəfindən həmin sərhədlər daxilində plan-ölçü sənədinin hazırlanması zamanı digər vətəndaşın mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən imtina etmişdir. İddiaçı tərəfindən üst-üstə düşmə halının yarandığı, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X10 və ailə üzvlərinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, tələbi təmin olunmamışdır.
11. Cavabdeh orqan iddiaya münasibətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarını sadalamışdır.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-504/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsas dəlili üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin 66 kv.m iddiaçının torpaq sahəsinin giriş hissəsinə, həmçinin ümumi istifadədə olan yolun kənar hissəsinə düşməsinə istinad edir. Bununla bağlı iş üzrə müəyyən edilir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin 2(033)-16/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçılar X3 və İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin Qətnamədə qeyd edilmişdir ki, “iş materiallarında olan sənədlərdən, eləcə də, mütəxəssis və ekspert rəylərindən də görünür ki, hazırki iş üzrə iddiaçıların istifadəsində olan və İddiaçı mülkiyyətində olan Zaqatala rayonu Makov kəndində yerləşən 0,1134 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə gediş gəliş yolu nəzərdə tutulmamış və iddiaçıların yol kimi istifadə etdikləri və yol ərazisi kimi tələb etdikləri ərazi cavabdeh X1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.0063 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Ona görə də, məhkəmə cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, iddiaçıların cavabdeh X2 qarşı torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrinin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsini əsaslı hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, yolun açılması (torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması) mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və ya pozulmasına gətirib çıxarır. Ümumiyyətlə iş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçılara torpaq sahələrinə giriş-çıxışa hər hansı maneə yaratmır, ona görə ki, iddiaçıların cavabdehin maneə yaratdığını iddia etdikləri torpaq sahəsinə heç bir hüquqları yoxdur. Əksinə, cavabdeh həmin torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır.”. Göründüyü kimi iddiaçının üçüncü şəxs tərəfindən torpaq sahəsinə giriş çıxışa yaradılan maneələrin mövcudluğu qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia tələbi “qeydiyyatın ləğv edilməsi” ilə bağlı olsada dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyini iddiaçı torpaq sahəsinin yerləşmə vəziyyəti ilə əlaqələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Odur ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməsi üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Mübahisənin həlli ilə bağlı məhkəmə üçüncü şəxsin hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənədlərin qanuniliyinə qiymət verilməsini zəruri hesab edir. Üçüncü şəxsə məxsus torpaq sahəsinin ayırlması zamanı hüquqmüəyyənedici sənədlərin mötbərsizliyi müəyyən olunmamaqla yanaşı, torpaq sahəsinə dair tərtib edilmiş A664353 saylı plan-ölçü sənədinin cizgisi JN-042G saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst- üstə düşdüyü halda, iddiaçının sənəd üzrə deyil, faktiki istifadə olunan torpaq sahəsinin JN-41F saylı Şəhadətnaməyə və A663680 nömrəli plan-ölçü sənədində göstərilən ölçülərlə qismən uyğun gəlir. Yəni iddiaçının tələbi sənəd üzrə deyil faktiki istifadədə olan torpaq sahəsinin hissəsi ilə bağlıdır. Belə olan halda X1 mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli reyestr qeydinin məzmununun qeyri-dəqiq olması ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz.
14. İddiaçı, həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı, apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, öz torpaq sahəsinə olan yolun bağlanması cavabdeh orqanın səhvi ucbatından baş vermişdir. Belə ki, cavabdeh orqan üçüncü şəxsə çıxarış verərəkən yola düşən hissəni yanlışlıqla çıxarışla üçüncü şəxsin adına rəsmiləşdirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
17. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2026-cı il tarixli, 2- 1(107)-762/2025 saylı qərardadı ilə iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.
tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərarının ləğv olunması hissəsində əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Faktiki olaraq birinci instansiya məhkəməsi iddianın mümkünsüzlük əsaslarına istinad etsə də, iddianın mümkün sayılmaması əvəzinə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı iddia mümkün sayılmamalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. İş materiallarından görünür ki, iddiaçı Zaqatala rayonu, Makov kəndində yerləşən 0,0063 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi tələbini irəli sürmüşdür.
28. Odur ki mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş ilkin sənədlərin hüquqi qüvvəsi baxımından mübahisə həll edilməlidir.
29. Təqdim edilmiş mütəxəssis rəyi və yerquruluşu planı (səh 81-84) ilə müəyyən edilir ki, mübahisələndirilən qeydiyyat xx.xx.2006-cı il tarixli JN-042G (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmışdır və faktiki olaraq çıxarışda qeyd edilmiş torpaq sahəsi ilə Şəhadətnamədəki torpaq sahəsi üst-üstə düşür.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
31. Odur ki JN-042G (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə faktiki olaraq mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxslərin dövlət qeydiyyatına alınmış əmlak hüquqlarının mövcudluğunu təsdiq edir.
32. Belə olan halda mübahisələndirilən çıxarışın ləğv edilməsi iddiaçını arzuladığı məqsədə çatdırmayacaqdır. Yəni, çıxarış ləğv edilsə belə yenə də, JN-042G saylı Şəhadətnamə əsasında 3-cü şəxslərin sözügedən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ qalmaqda davam edəcəkdir. Buna görə də, iddiaçı, arzuladığı məqsədə çatmaq üçün qeydiyyatın aparılmasına əsas olmuş JN-042G saylı Şəhadətnaməni inzibati orqanda, müraciəti təmin edilmədikdə (və ya hərəkətsiz saxlandıqda) isə, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra isə iddiaçı, hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya hərəkətsiz saxlandıqda) isə, analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.
33. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə kollegiyasının iclasında iddiaçıya izah edilmiş, iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. 34.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
35. Şərh olunanları ümumiləşdirərək məhkmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-504/2025 nömrəli qərarı ləğv edilir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “X6 və ailə üzvlərinin adına 0,0063 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.