Məhkəmə qərarları › İş №2-1(107)-763/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-763/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-763/2025 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2-1(116)-3644/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X4 zavodunda, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Ucar Pambıq ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2015-cu il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək MKT İK MMC-nin Ucar filialında güzəştli şərtlərlə qaynaqçı vəzifəsində işləmişdir.

3. İddiaçı, xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********1 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H-148016/2025 nömrəli məktublarla müraciətin təmin edilməsindən imtina edilmişdir.

4. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 3 aprel 2025-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də, xx.xx.2011xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə MKİ İK MMC-nin Ucar filialında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, İddiaçı sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və elektrik qaynağı aparıb-aparmaması barədə hər hansı məlumat göstərilməmişdir. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.1960-cı ildə Ucar rayonu, Məlikballı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci ildən, əmək kitabçasinda göstərilən müxtəlif adda olan müəssisələrdə çalışmaqla başlamış və hazırda işsizdir. Əmək fəaliyyəti aşağıdakı kimidir: 2 il hərbi xidmət illəri (xx.xx.1979- xx.xx.1981). X4 zavodunda slesar, qaynaqçı vəzifələrində işləmişdir. İşlədiyi müəssisə müxtəlif illərdə adını dəyişərək, müxtəlif adlarda olmuş və son olaraq "xxxx" ASC adlandırılmışdır. İddiaçı sözügedən müəssisədə əmək fəaliyyəti fasiləsiz olaraq xx.xx.1981-ci ildən xx.xx.2004-cü ilədək (19 il, ((2000-ci ilin aprel, may, iyun ayları və xx.xx.2004-cü ilədək öz hesabına məzuniyyətdə olmuşdur. (Cavabdeh tərəfindən "xxxx" ASC ilə birgə tərtib edilmiş xx.xx.2021-ci il tarixli Akta əsasən)), xx.xx.2009xx.xx.2010 (1 il 8 ay 27 gün), xx.xx.2011-xx.xx.2015 (4 il ), xx.xx.2016xx.xx.2019 (3 il, 4 ay 18 gün) təşkil etmiş, ümumi iş stajı 30 il 1 aydan çox təşkil edir. Həmin iş stajının əksəriyyətini qaynaqçı vəzifəsində işləməyi təşkil edir. “UcarPambıq" ASC tərəfindən verilən 04 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşədir. Yəni, bu peşələrin funksiyası, xarakteri, təyinatı eynidir. İddiaçı nəzərə çatdırır ki, yeni qanunvericiliyə əsasən bütün bu müəssisələrdə çalışmaqla əmək stajı gözəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün lazım olan 12 il 6 aylıq xüsusi və 25 illik ümumi stajı artıqlaması ilə tamam olmuşdur. İddiaçı xx.xx.2022-ci ildə mərkəzi filiala müraciət etmiş və əvvəlki qanunvericiliyin tələbinə əsasən iddiaçı pensiya kapitalı çatışmadığına görə filialdan imtina cavabı almışdır. İddiaçı bildirir ki, mərkəzi filialın xx.xx.2022-ci il tarixli məktubuna nəzər saldıqda, həmin məktubda iş stajı düzgün hesablanmamış və eyni zamanda təqdim etdiyim müəssisənin arayışında işlədiyi peşənin Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilməmişdir. Təqdim edəcəyi "xxxx" ASC tərəfindən verilən 04 nömrəli, xx.xx.2025-ci il tarixli arayışı ilə həmin nöqsanlar aradan qalxmış olur. Mərkəzi filialın səriştəsiz mütəxəssisləri tərəfindən iş stajının 2022-ci ildə düzgün hesablanmamış və stajının məhkəmə tərəfindən yenidən hesablanması zərurəti vardır. Təqdim etdiyi Əmək kitabçası, hərbi bilet və arayışlardan görünür ki, öz hesabına ödənişsiz məzuniyyətləri çıxdıqdan sonra ümumi iş stajı 30 ildən çoxdur. İddiaçıya xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində hər hansı bir maneə mövcud deyildir. Ona görə də cavabdehə xx.xx.2025-ci ildə müraciət edib hüququnun yarandığı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etsə də, cavabdeh işin mahiyyətinə uyğun olmayan, müraciətindən kənara çıxamaq şərtilə başdan sovdu cavab verirmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan yeganə arqument kimi qaynaqçı peşəsinin, əl qaynaqçı peşəsinə uyğun olub-olmamasının müəyyən edilməsinin göstərilməsidir. Nəzərə alınmalıdır ki, “Ucar-Pambıq" ASC tərəfindən verilən 04 nömrəli, xx.xx.2025-ci il tarixli arayışla xüsusilə qeyd olunmuş ki, iddiaçının işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşədir.

8. Cavabdeh xx.xx.2025-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçıya təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında" Qanunun 9.1 -ci maddəsi təşkil etmişdir. Həmin maddənin 29 06.2022-ci il tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağu olan işlərin (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.". Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan ve dikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası huququ vardır. İstinad olunan normaların müddəaları baxımından İddiaçı xx.xx.2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1) İddiaçının 60 yaşı olmalıdır (yaş tələbi); 2) İddiaçı iş stajının ən azı 12 il 6 ay müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və aqır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); 3) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İnzibati icraat materiallarından da göründüyü kimi iddiaçının yaşı ümumi staj tələbini ödəsə də, güzəştli staj tələbi ona münasibətdə mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələnn və göstəricilərin Siyahısı”nın ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 3 aprel 2025-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1981-xx.xx.2000-ci il, xx.xx.2009-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də, xx.xx.2011-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə MKİ İK MMC-nin Ucar filialında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, İddiaçı sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və elektrik qaynağı aparıb-aparmaması barədə hər hansı məlumat göstərilməmişdir. Bununla əlaqədar olaraq, adıçəkilən şəxsin müəsisədəkı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh orqan tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Cavabdeh orqanın sorğusuna cavab olaraq xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində X3 Pambıq Təmizləmə zavodunda çilingər şagirdi, xx.xx.1981xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində mişar itililiyən, xx.xx.1982-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Mexaniki təmir emalatxanasında çilingər, xx.xx.1991xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik qaynaqçısı peşələrində işlədiyi bildirilmişdir. Eyni zamanda, Möhlud Hacıyevin xx.xx.2011-05.01,2015-cı il və xx.xx.2016xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində güzəştli şərtlə əmək pensiyası huququ verən işdə işləməsinə dair "MKT İK” MMC Ucar filialının arayışı adıçəkilən şəxs tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrlərin güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək persıyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və agır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görduyu işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında daqiq göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatı Kollegiyası 2-1 (102}-669/2024 nömrəli qərarında oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk oncə qeyd etmişdir kı, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Bildiririk ki, "Əmək pensiyaları haqqında" Qanunun 31.2-2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Mövcud icraat materiallarına əsasən İddiaçının güzəştli iş stajının olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı da qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Deməli, Mərkəzi Filial düzgün hüquqi nəticəyə gəlmişdir. Müvafiq normanın bütün dispozısiya şərtlərinin hazırkı ış üzrə mövcud olubolmadığını yoxladıqdan sonra növbəti mərhələdə cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. Mərkəzi Filialın imtinasının hüquqi əsasını təşkil edən "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş güzəştli iş stajı və ümumi iş stajı tələbi ilə bağlı qeyd olunan üç şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə pensiya təyinatından imtina etməkdə haqlıdır. Beləliklə, İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün zəruri olan güzəştli iş stajı tam şəkildə formalaşmadığına görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ərizəçiyə güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin olunması mümkün olmamışdır.”.

9. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2-1(116)-3644/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) iddiaçı tələb olunan yaş həddinə çatmalıdır. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İşin araşdırılması ilə müəyyən olunur ki, İddiaçının Mərkəzi Filiala təqdimetdiyi "xxxx" ASC-nin ona dair 3 aprel 2025-ci il tarixli 04 nömrəli arayışında xx.xx.1981xx.xx.2000-ci il, xx.xx.2009- xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də, xx.xx.2011- xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində isə MKİ İK MMC- nın Ucar filialında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Həmçinin cavabdeh tərəfindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövr ərzində X4 zavodunda çilingər şagirdi, xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində mişar itililiyən, xx.xx.1982xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Mexaniki təmir emalatxanasında çilingər, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik qaynaqçısı peşələrində işlədiyi bildirilmişdir. Anoloji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, “...əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)- 1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.). Hazırkı halda iddiaçının təqdim etdiyi arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və elektrik qaynağı aparıb-aparmaması barədə hər hansı məlumat göstərilmədiyindən, onun xx.xx.2011-xx.xx.2015-cı il və xx.xx.2016-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində güzəştli şərtlə əmək pensiyası huququ verən işdə işləməsinə deməyə əsas vermir.

11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apelliyasiya şikayətini ilkin iddia ərizəsinin dəlillərini təkrarlamaqla əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən verilən 17 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həmin müəssisədə işlədiyi qaynaqçı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində (ümumi peşələr bölməsində) qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğun peşə olduğu qeyd edilmişdir. İddiaçı qeyd edir ki, onun MKT İK MMC-də işlədiyi həmin vəzifə ASC-də işlədiyi analoji vəzifə kimi qəbul edilərək iddia tələbinin təmin edilməsi mümkündür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə etirazın dəlilləri təkrarlanmaqla əsaslandırılmışdır.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2- 1(116)-3644/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbil edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 1986-cı ildən başlayaraq, ümumilikdə 18 il qaynaqçı işləmiş və əl ilə qaynaq aparmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən məhkəmə aktının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

23. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə nail olmaqdır. İddiaçı, xx.xx.1960-cı ildə doğulmuşdur.

24. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı şərtlər birlikdə ödənilməlidir: 1) İddiaçının 60 yaşı olmalıdır (yaş tələbi); 2) İddiaçı iş stajının ən azı 12 il 6 ay müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və aqır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); 3) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi).

25. İddiaçı, tələb olunan yaş həddinə çatmışdır. Cavabdeh orqan iddiaçının ümumi iş stajını da mübahisələndirmir və 30 il 5 ay 4 gün olmasını bildirir. Mübahisə iddiaçının xüsusi iş stajı ilə bağlı hissədə yaranmışdır.

26. Belə ki, vavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili iddiaçının 12 il 6 ay güzəştli iş stajının tamamlanmaması ilə bağlıdır. Cavabdeh bunu onunla əsaslandırır ki, təqdim edilmiş sənədlərdə iddiaçının qaynaqçı kimi məhz güzəştli siyahıya daxil olan əl ilə elektrik qaynağı işində çalışması təsdiq olunmur. Həmçinin bəzi dövrlər üzrə müvafiq arayışlar ümumiyyətlə təqdim edilmədiyindən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır.

27. İş materiallarında olan, 2 saylı X5 filialının nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, iddiaçı X4 Zovodunda Mexaniki təmir emalatxanasında xx.xx.1991-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir. xx.xx.1989-cu il tarixli 273/k№-li əmrlə iddiaçıya 5-ci dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, xx.xx.1991-ci ildən isə həmin sahəyə elektrik qaynaqçısı işinə keçirilmiş və sözügedən müəssisədə xx.xx.2001-ci il tarixədək (10 il 1 ay) əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir.

28. X4 Zovodu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 513 saylı sərəncamına əsasən "xxxx" ASC adlandırılmış və iddiaçı həmin müəssisədə xx.xx.2009-xx.xx.2010-cu il tarixlərdə (1 il 9 ay) də qaynaqçı peşəsində işləmişdir.

29. Beləliklə, iddiaçının X4 Zovodunda və "xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi müddətin cəmi – 11 il 10 aya bərabərdir.

30. Eyni zamanda iddiaçı, "xxxx" MMC-də (əvvəlki adı MKT İK MMC-nin Ucar filialı) xx.xx.2011-xx.xx.2015 (4 il) və xx.xx.2016-xx.xx.2019-cu illərdə (3 il 4 ay 19 gün) qaynaqçı peşəsində işləmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş iddiaçıya dair sığorta altsistemindən çıxarışdan görünür ki, iddiaçı 2009, 2010, 2011–2015 və 2016–2019-cu illərdə məcburi dövlət sosial sığorta haqları ödənilməklə müvafiq müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

32. Məhkəmə kollegiyası tərəfindən iddiaçının qaynaqçı vəzifəsində işləyərkən yerinə yetirdiyi işlərin xüsusiyyətlərinin (o cümlədən qaynağın aparılma üsulu, əl ilə elektrik qaynağı olub-olmaması və s.) müəyyən edilməsi məqsədilə "xxxx" ASC və "xxxx" MMC-yə sorğular göndərilmişdir.

33. Həmin müəssisələrin xx.xx.2026 və xx.xx.2026-cı il tarixli cavab məktublarından görünür ki, iddiaçının əmək fəaliyyəti zamanı yerinə yetirdiyi işlərin xüsusiyyətləri (əl ilə elektrik qaynaqçısının gördüyü işlər) müxtəlif metal konstruksiyaları və detalları əl elektrik qövsü ilə birləşdirmək, kəsmək, təmir etmək, o cümlədən qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq, quraşdırma prosesində zədələnmiş və sınmış yerləri aşkar etmək və onları qaynaq vasitəsi ilə aradan qaldırmaqdan ibarət olmuşdur.

34. Eyni zamanda bildirilmişdir ki, iddiaçının gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları kateqoriyasına aid edilir.

35. Göründüyü kimi iddiaçının X4 Zovodunda, "xxxx" ASC-də və "xxxx" MMC-də (əvvəlki adı MKT İK MMC-nin Ucar filialı) qaynaqçı peşəsində işlədiyi müddətin cəmi 19 il 2 ay 19 gün olmaqla, tələb olunan 12 il 6 aydan çoxdur. Sözügedən peşə normativ-hüquqi aktlarda zərərli və ağır əmək şəraiti olan peşələr sırasına aid edilmişdir.

36. Belə ki, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan (23200000 - XXXİİİ. Ümumi peşələr) - 23200000-19906 kodunda qeyd edilmiş – “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısındadır.

37. Yuxarıda tədqiq edilmiş sənədlərlə iddiaçının əl ilə elektrik qaynaqçısı peşəsində işləməsi sübuta yetirildiyindən həmin müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır.

38. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər ödənildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, 2-1(116)-3644/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilir. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar