Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-764/2025 19.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi» tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1(116)-3598/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1983-cü il tarixli 2 nömrəli əmrlə İsmayıllı Rayon Aqrar Sənaye Birliyinə baş mühəndis-yerquruluşu mütəxəssisi vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı, xx.xx.1992-ci il tarixdə İsmayıllı Rayon Torpaq Şöbəsinin baş mütəxəssisi vəzifəsinə, xx.xx.1992-ci il tarixdə isə həmin şöbənin rəisi təyin edilmiş, xx.xx.1997-ci il tarixli əmrlə işdən azad olunmuş, 2007-ci ilin may ayından AR DƏDRX-ın Ucar Rayon Ərazi İdarəsinin Göyçay rayon şöbəsində yerquruluşu üzrə mühəndis vəzifəsinə təyin olunmuş, 20 may 2009-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə müvafiq olaraq (müəssisə ləğv edildikdə) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
3. Bundan sonra iddiaçı xx.xx.2009-cu il tarixindən DƏDRX-ın Ucar Ərazi İdarəsinin Göyçay rayon şöbəsinə mühəndis-inventarlaşdırıcı vəzifəsinə təyin edlmiş, xx.xx.2011-ci il tarixdən həmin şöbəyə 8-ci dərəcə vəzifə maaşı ilə yerquruluşu üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdən 1 ay müddətinə DƏDKR PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin Göyçay rayon şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə yerquruluşu üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.
4. İddiaçının 65 yaşı tamam olduğundan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 25 iyun 2025ci il tarixli məktubla iddiaçının dövlət qulluğu stajının 15 ildən az olması əsası ilə imtina cavabı vermişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1977-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1982-ci ildə həmin İnstitutu yerquruluşu mühəndisi ixtisası üzrə bitirmişdir. 14 dekabr 1982-ci il tarixdən X2 Birliyində baş mühəndis (yerquruluşu üzrə) vəzifəsinə təyin edilib vəzifəsinin icrasına başlasa da, bununla bağlı müvafiq əmr 3 yanvar 1983-cü il tarixdə rəsmiləşdirilmişdir. Sonradan 1992-ci ildə Torpaq Komitəsi yaradılmış və o, yeni yaradılan Komitənin yerli şöbəsinə baş mütəxəssis vəzifəsinə təyinat almışdır. 22 dekabr 1993-cü il tarixdə həmin şöbənin müdiri təyin edilmişdir. 12 dekabr 1997-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 2007 – 2018-ci illərdə, eləcə də 2022-ci ildə (1 ay) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ) Ucar Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis, mühəndis-inventarlaşdırıcı vəzifələrində işləmişdir. Hazırda da DƏDKR 16 saylı saylı Ucar Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis kimi fəaliyyətini davam etdirir. Cavabdehə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də, qurum məsələnin həllindən tələb olunan 15 il stajın toplanmaması səbəbi ilə imtina etmişdir. Bu imtina qanuni və əsaslı ola bilməz. Belə ki, 14 dekabr 1982-ci il tarixli 26-43/10k saylı bildirişdən göründüyü kimi, o, dövlət qulluqçusu kimi əmək fəaliyyətinə həmin tarixdən başlamışdır. Bildirişdən hazırkı cavabdeh inzibati orqan da məlumatlıdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir.
7. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən onun dövlət qulluğu stajı 14 il 11 ay 9 gün təşkil edir. Lakin iddiaçı iddia ərizəsində 14 dekabr 1982-ci il tarixli 26-43İ/10k saylı bildirişə əsasən dövlət qulluqçusu kimi əmək fəaliyyətinə 14 dekabr 1982-ci il tarixdən başladığını qeyd etmişdir. O, dövlət qulluğu stajının 3 yanvar 1983-cü il tarixdən 12 dekabr 1997-ci il tarixədək deyil, 14 dekabr 1982-ci il tarixdən 12 dekabr 1997-ci il tarixədək olan dövr kimi hesablanmasını iddia edir. Sözügedən 14 dekabr 1982-ci il tarixli məktubun məzmunundan görünür ki, həmin məktub iddiaçıya münasibətdə məlumat xarakterlidir. Yəni həmin bildirişlə iddiaçıya məlumat verilmişdir ki, o, təyin olunan yerə vaxtında getməli, işə başlamalı və Kənd Təsərrüfatı Nazirliyinə müəyyən olunmuş müddətdə işə qəbul olunduğunu təsdiq edən sənədləri təqdim etməlidir. Sənədin məzmunundan aşkar görünür ki, bu bildiriş iddiaçının 14 dekabr 1982-ci il tarixdə əmək fəaliyyətinə başlaması barədə “işə daxilolma əmri” deyildir. Bu barədə iddiaçı tərəfindən təqdim edilən ******* nömrəli əmək kitabçasında hər hansı qeyd aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən 14 dekabr 1982-ci il tarixdən 2 yanvar 1983-cü il tarixədək işlədiyini iddia etdiyi dövrlərin onun dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1(116)-3598/2025 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə İddiaçı 7 iyun 2025-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı ona məxsus əmək kitabçasındakı qeydlər üzrə İsmayıllı Rayon Aqrar Sənaye Birliyində baş mühəndis-yerquruluşu mütəxəssisi vəzifəsində 3 yanvar 1983-cü il tarixdən 12 dekabr 1997-ci il tarixədək olan dövrdə işləməsi əksini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraatda yalnız həmin tarixlər arasındakı dövr təqvim günləri üzrə hesablanmış və 15 il dövlət qulluğu stajının toplanmaması qənaəti ilə ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyinatından imtina olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın apardığı inzibati icraatın nəticələri ilə razılaşmır və bu icraat çərçivəsində işin hallarından doğan aşağıdakı xüsusatların nəzərə alınmamasını «İnzibati icraat haqqında» Qanunun 16, 17 və 24-cü maddələrinin tələblərinə riayət olunmaması kimi qiymətləndirir: - İddiaçının əmək kitabçasında əks olunmuş əmrlərin tarixləri üzrə 14 il 11 ay 18 gün (bir qayda olaraq, bütün dövrlərdə yanvar ayının 1-i və 2-i tarixləri iş günləri olmamışdır) iş stajı tələb olunan 15 illik müddətin təxminən 99,7%-dən çoxunu əhatə edir. 15 ilin qarşılığında qalan 12 günlük müddət əsasında imtina mütənasiblik prinsipini pozur; - İddiaçının 2007-ci ildən işlədiyi vəzifə 1997-ci ilədək işlədiyi vəzifə ilə, hansı ki mövcud qanunvericiliyə görə əvvəlki vəzifəsi dövlət qulluğu sayılır, eynilik təşkil edir. Yəni iddiaçı həmin vəzifədə fəaliyyətini sonradan da olsa davam etdirmişdir. İddiaçının xeyrinə olan bu halın nəzərə alınmaması inzibati icraatın “işin hallarının obyektiv araşdırılması” prinsipi ilə uzlaşmır; - Cavabdeh inzibati orqanın da inzibati icraatda qiymətləndirdiyi (“işə daxilolma əmri” hesab etmədiyi) 14 dekabr 1982-ci il tarixli bildiriş əmr sayılmasa da, onun məzmunundan aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırkı iddiaçıya 1982ci ilin təyinat bölgüsünə əsasən İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin sərəncamına göndərildiyi və 3 ildən az olmayaraq təyinat yerində işləməsinin zəruri olduğu bildirilmişdir. Həmin dövrün formalaşmış inzibati praktikası nəzərə alınmaqla o ərəfədə belə məzmunlu bildiriş ona ünvanlandıqdan sonra ali təhsilli həmin şəxsin başqa müəssisə və ya təşkilatda əmək fəaliyyəti ilə məşğul olması məntiqi və ağlabatan deyil. Belə halda, həmin şəxs işaxtaran statusunda olmasa da, aidiyyəti qurumun müvafiq əmrindən asılı şəkildə fəaliyyətə başlaya bilərdi. Bütün qeyd olunanlar nəzərə alınmaqla İddiaçı müvafiq dövlət qulluğu vəzifəsində əmək stajı həmin vəzifədə 15 il çalışmış şəxsin fəaliyyətinə bərabər qiymətləndirilməlidir. Belə olan halda, onun 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 7 iyun 2025-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı dövlət qulluğu stajı15 ildən az – 14 il 11 ay 9 gün (xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilən xx.xx.1982-ci il tarixli 26- 43İ/10K nömrəli bildirişə əsasən iddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixindən başladığını, dövlət qulluğu stajının xx.xx.1983-xx.xx.1997-ci il tarixləri arasındakı dövr kimi deyil, xx.xx.1982-xx.xx.1997-ci il tarixləri arasındakı dövr kimi hesablanmalı olduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianı təmin etmişdir. İddiaçı tərəfindən təqdim edilən ona məxsus 166158 nömrəli əmək kitabçasının 42- 43-cü səhifələrinin 1-ci qeydində xx.xx.1983-cü il tarixindən 2 nömrəli əmrlə X2 Birliyinin baş yerquruluşu üzrə mühəndis vəzifəsinə təyin edildiyi, həmin əmək kitabçasının 46-47-ci səhifələrinin 5-ci qeydində xx.xx.1997-ci il tarixindən 151 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən əmək kitabçasında qeyd edilən dövrlər əmrlərin tarixi nəzərə alınmaqla günə-gün hesablanaraq 14 il 11 ay 9 gün təşkil edir. Lakin məhkəmənin bu hissəyə münasibətdə mövqeyi anlaşılan deyildir. Məhkəmə iddiaçının dövlət qulluğu stajının 15 ildən az - 14 il 11 ay 18 gün olduğunu qəbul edərək iddiaçının iş stajı tələb olunan 15 illik müddətin təxminən 99,7%-dən çoxunu əhatə etdiyini, bununla da qeyd edilənlər əsasında imtina verilməsi mütənasiblik prinsipinin pozulduğunu qeyd etmişdir. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən mütənasiblik prinsipi fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçının subyektiv hüququ pozulmamışdır. İddiaçı tərəfindən təqdim edilən ona məxsus 166158 nömrəli əmək kitabçasının 46- 47-ci səhifələrinin 6-ci qeydində xx.xx.2007-ci il tarixindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ucar rayon Ərazi İdarəsinin Göyçay rayon şöbəsinə yerquruluşu üzrə mühəndis vəzifəsinə təyin edildiyi, həmin əmək kitabçasının 48-49-cu səhifələrinin 8-ci qeydində xx.xx.2009-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən dövrlərdə əmək qanunvericiliyinin normalarına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin məhkəmə iddiaçının 2007-ci ildən işlədiyi vəzifə ilə 1997-ci ilədək işlədiyi vəzifəni eyniləşdirərək həmin vəzifəni dövlət qulluğu stajı kimi nəzərə alınması qənaətində olmuş və bununla da bu halın nəzərə alınmaması inzibati icraatın “işin hallarının obyektiv araşdırılması” prinsipi ilə uzlaşmadığını qeyd etmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən işin hallarının obyektiv araşdırılması - inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İşin hallarından aydın görünür ki, inzibati orqan iddiaçı tərəfindən təqdim edilən əmək kitabçası əsasında araşdırma aparmış və həmin qeydləri əsas götürmüşdür. Hesab edirik ki, inzibati orqan tərəfindən işin hallarının obyektiv araşdırılması prinsipi pozulmamışdır. Lakin məhkəmənin “araşdırması”ndan məlumdur ki, sözügedən prinsip məhkəmənin özü tərəfindən pozulmuşdur. Həmçinin qeyd edirik ki, iddiaçının müxtəlif dövrlərdə eyni vəzifəni icra etməsi həmin vəzifələrin hər ikisinin dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmalı olduğu mənasına gəlmir. İddiaçı 1997-ci ilədək X2 Birliyində, 2007-ci ildən isə Ucar rayon Ərazi İdarəsinin Göyçay rayon şöbəsində işləmişdir. Əsas məsələ sözügedən idarələrin “dövlət orqanı” statusunda olubolmamasıdır. İddiaçı tərəfindən təqdim edilən xx.xx.1982-ci il tarixli məktubun məzmunundan (rus dilində tərtib olunmuşdur) görünür ki, həmin məktub iddiaçıya münasibətdə məlumat xarakterlidir. Yəni həmin bildirişlə iddiaçıya məlumat verilmişdir ki, o, təyin olunan yerə gəlməli, işə başlamalı və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə müəyyən olunmuş müddətdə işə qəbul olduğunu təsdiq edən sənədləri təqdim etməlidir. Sənədin məzmunundan aşkar görünür ki, bu bildiriş iddiaçının xx.xx.1982-ci il tarixində əmək fəaliyyətinə başlaması barədə “işə daxilolma əmri” deyildir. Bu barədə iddiaçı tərəfindən təqdim edilən ******* nömrəli əmək kitabçasında hər hansı qeyd aşkar edilməmişdir. Beləliklə, məhkəmənin hər üç hissədə qeyd edilən mövqeyini qanunsuz və əsassızdır və iddiaçının xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək işlədiyini iddia etdiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. Bununla da İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2- 1(116)-3598/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1. Dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət edir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 16.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona xx.xx.2025-ci il tarixdən dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması nail olmaqdır. İddiaçı, xx.xx.1960-cı ildə doğulmuşdur.
23. Hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının qanunla müəyyən edilmiş yaş həddinə çatması, tələb olunan stajla bağlı şərtlər birlikdə yoxlanılmaqla hüquqi qiymətləndirilmə aparılmalıdır.
24. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası yaşına xx.xx.2025-ci il tarixdə (65 yaş) çatmışdır. Həmin dövrdə qanunun qüvvədə olan mətninə görə 15 il qulluq stajı tələb olunurdu. İddiaçının isə hazırkı dövrə dövlət qulluğu stajı 15 ildən az, yəni 14 il 11 ay 9 gündür. Belə olan halda cavabdeh orqan iddiaçıya dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
25. Cavabdeh orqan iddiaçının xx.xx.1983-xx.xx.1997-ci illərdə İsmayıllı Rayon Aqrar Sənaye Birliyinə baş mühəndis-yerquruluşu mütəxəssisi, İsmayıllı Rayon Torpaq Şöbəsinin baş mütəxəssisi və rəisi vəzifəsində işlədiyi müddətləri onun xüsusi iş stajı kimi nəzərə almışdır. Lakin həmin müddətin başlanğıc və bitmə tarixləri nəzərə alınmaqla aparılmış hesablamadan görünür ki, sözügedən dövr 15 ildən azdır.
26. İddiaçının 2007-ci ildən sonrakı müddətdə DƏDRX-nin Ucar rayon Ərazi İdarəsinin Göyçay rayon şöbəsində yerquruluşu üzrə mühəndis və mühəndisinventarlaşdırıcı vəzifələrində işlədiyi müddət isə dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
27. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında əks olunmuş əmrlərin tarixləri üzrə hesablanmış iş stajı 14 il 11 ay 18 gün təşkil edir. Məhkəmənin mövqeyinə görə, bu müddət tələb olunan 15 illik qulluq stajının təxminən 99,7 faizindən çoxunu əhatə edir və (bir qayda olaraq, bütün dövrlərdə yanvar ayının 1-i və 2-i tarixlərinin iş günləri olmaması da nəzərə alınmaqla) cəmi 12 gün çatışmazlıq əsasında pensiya təyin edilməsindən imtina olunması mütənasiblik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8.1-ci maddəsinə əsasən əmək hüquqları və vəzifələri ilə bağlı müddətlər təqvim vaxtı ilə – illərlə, aylarla, həftələrlə və günlərlə müəyyən edilir. Həmin maddənin 8.3-cü bəndinə görə isə təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Bu qaydadan göründüyü kimi, müddətin hesablanması zamanı qeyri-iş günləri də müddətin tərkib hissəsi kimi nəzərə alınır. Buna görə də yanvar ayının 1-i və 2-si tarixlərinin iş günü olmaması stajın hesablanmasına hər hansı təsir göstərmir.
29. İddiaçının dövlət qulluqçusu kimi əmək fəaliyyətinə başlama tarixinin 14 dekabr 1982-ci il tarixli bildirişdən hesablanmasına münasibətdə kollegiya qeyd edir ki, tədqiq edilən bildirişə əsasən iddiaçı təyin olunan yerə vaxtında getməli, işə başlamalı və Kənd Təsərrüfatı Nazirliyinə müəyyən olunmuş müddətdə işə qəbul olunduğunu təsdiq edən sənədləri təqdim etməlidir. Həmçinin bildirişdə təyinat yerinə getməyəcəyi halda iddiaçı barəsində müvafiq tədbirlərin görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir.
30. Göründüyü kimi istinad olunan bildiriş iddiaçının faktiki olaraq əmək münasibətlərinə daxil olduğu tarixi təsdiq etmir. Bu sənəd işəgötürən orqan üçün iddiaçıya münasibətdə müvafiq əmək münasibətlərinin rəsmiləşdirilməsi baxımından hüquqi əsas olsa da, iddiaçının əmək münasibətlərinə daxil olduğu tarix - işəgötürənin əmri ilə əmək fəaliyyətinə başladığı tarixdir. Buna görə də, qulluq stajının hesablanmasında başlanğıc tarix bildirişin verildiyi tarixdən qəbul edilə bilməz.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının stajı bildirişin verildiyi tarixdən hesablansa belə ümumi staj 14 il 11 ay 28 gün olacaq və yenə də, 15 il tamamlanmayacaqdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, fevral ayının günləri 4 ildən bir 29 gün olmaqla hesablanacağı halda tələb olunan 15 il tamamlanacaqdır.
32. Məhkəmə kollegiyası iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 8.1-ci maddəsinə görə müddətlər təqvim vaxtı ilə – illərlə, aylarla, həftələrlə və günlərlə müəyyən edilir. Həmin maddənin 8.3-cü bəndinə əsasən isə illərlə, aylarla və həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın və həftənin sonuncu günündə başa çatmış hesab olunur. Bu o deməkdir ki, aylarla müəyyən edilən müddət günlərin faktiki sayına görə deyil, təqvim ayının tamamlanması ilə müəyyən olunur. Məlum olduğu kimi təqvim aylarının gün sayı eyni deyil - bəzi aylar 30, bəziləri 31 gün, fevral ayı isə 28 və ya 29 gündən ibarət ola bilər. Buna baxmayaraq, ayın tamamlanması həmin ayın sonuncu günü ilə müəyyən olunur.
33. Buna görə də ayın başa çatmasını hesablayarkən həmin ayın neçə gündən ibarət olmasının hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur. Məsələn, fevral ayı 28 gün olduqda da, 29 gün olduqda da ay bir ay kimi qəbul edilir. Eyni qayda digər aylar üçün də keçərlidir. Ayın 30 və ya 31 gün olması müddətin artırılması üçün əsas yaratmır. Başqa sözlə, təqvim aylarının günlərinin fərqli olması müddətin hesablanmasına təsir etmir və əlavə günlərin toplanaraq ayrıca hesablanması mümkün deyil.
34. İİHQ-nun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
35. Nəzərə alınmalıdır ki, mütənasiblik prinsipi dövlətin tabeçilik münasibətlərində iştirak etdiyi hallarda şəxslərin hüquq və qanunla qorunan maraqlarına müdaxilə edən tədbirlərin yalnız qanuni məqsədə nail olmaq üçün zəruri olan həddə həyata keçirilməsini nəzərdə tutur. Hər hansı tədbirin mütənasib olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə həmin tədbirin məqsədi müəyyən edilməlidir. Tədbirin məqsədi onun qanunla icazə verilmiş olub-olmadığını və həmin məqsədə çatmaq üçün seçilmiş vasitənin yararlı, zəruri və uyğun olub-olmadığını qiymətləndirmək üçün əsas meyardır.
36. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır və qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajının mövcudluğu tələb olunur (23.2-1-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla).
37. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici tərəfindən dövlət qulluğunda minimum 15 il qulluq stajı tələbinin müəyyən edilməsi dövlətin sosial təminat siyasətindən irəli gəlir. Bu tələbin məqsədi pensiya hüququnun yalnız dövlət xidmətində kifayət qədər müddət çalışmış şəxslərə şamil olunmasını təmin etmək, dövlət qulluğunun davamlılığını stimullaşdırmaq və pensiya hüququnun qısa müddətli xidmət nəticəsində əldə olunmasının qarşısını almaqdan ibarətdir.
38. Odur ki qanunvericiliklə müəyyən edilmiş minimum qulluq stajı pensiya hüququnun yaranmasının imperativ hüquqi şərti kimi çıxış etdiyindən, həmin müddətin cüzi fərqlə də olsa tamamlanmaması halında pensiyanın faktiki işlənmiş müddətin uzun olması və ya çatışmayan müddətin azlığı kimi mülahizələrə əsaslanaraq təyin edilməsi qanunvericiliyin tələblərinin inzibati orqan tərəfindən subyektiv mülahizələr əsasında tətbiqinə gətirib çıxara bilər.
39. Bu isə “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qanunçuluq prinsipinə (inzibati orqanların qanunun tələblərinə riayət etmək borcu) və 12-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipinə (hamının qanun və inzibati orqan qarşısında bərabər olması) zidd olmaqla, nəticə etibarilə eyni vəziyyətdə olan şəxslərə münasibətdə qeyri-bərabər yanaşmaya səbəb ola bilər.
40. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məcburi şərt – ən azı 15 il dövlət qulluğu stajının mövcud olmasıdır. Həmin şərtin yerinə yetirilməsi inzibati orqan tərəfindən qiymətləndirilməli olan diskresion məsələ deyil, birbaşa qanunla müəyyən edilmiş hüquqi şərtdir. Bu halda inzibati orqanın qarşısında müxtəlif tədbirlər arasında seçim etmək və daha mülayim vasitə tətbiq etmək imkanı mövcud olmur. İnzibati orqanın həmin müddəti azaltmaq və ya başqa qaydada dəyişmək səlahiyyəti yoxdur. İnzibati orqan yalnız qanunvericilikdə müəyyən olunmuş şərtin mövcud olub-olmadığını müəyyən etməli və nəticədən asılı olaraq müvafiq qərar qəbul etməlidir.
41. Qanunverici yalnız “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi halda bu qaydadan istisna müəyyən etmişdir. Bu istisna haldan başqa qanunvericilik 15 illik qulluq stajının tamamlanmamasına münasibətdə hər hansı güzəşt nəzərdə tutulmur. Faktiki olaraq cavabdeh orqan iddiaçıya İİHQ-nun 16-cı maddəsinin tələbi çərçivəsində xidməti vəzifəsindən irəli gələrək borclu olduğu normanı - “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsini tətbiq etmiş, həmin normanın tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmamışdır. Başqa sözlə, iddiaçıya hüququn tətbiqindən imtina olunmamış, əksinə normada nəzərdə tutulmuş şərtlərin mövcud olmaması səbəbindən hüququn yaranmaması müəyyən edilmişdir.
42. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, habelə maraqlı şəxsin xeyrinə olan halları da nəzərə almaq vəzifəsini müəyyən edir. Lakin həmin norma qanunvericilikdə nəzərdə tutulmayan hüququn tanınması, çatışmayan müddətə görə güzəşt tətbiq edilməsi və ya normada müəyyən olunmuş məcburi şərtin dəyişdirilməsi üçün hüquqi əsas sayıla bilməz. Belə ki, qanunvericilikdə 15 il qulluq stajını tamamlamayan şəxslərə çatışmayan günlərin nəzərə alınması və ya həmin müddətə güzəşt tətbiq edilməsi barədə hər hansı qayda müəyyən edilməmişdir.
43. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 15 il stajı tamamlanmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2-1(116)-3598/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.